Xəbərlər
Ağstafada yunan-roma güləşi üzrə rayon turniri keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatının və “Gənclər və İdman İdarəsi” ərazi partiya təşkilatının birgə təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Günü münasibətilə yeniyetmələr arasında yunan-roma güləşi üzrə rayon turniri keçirilib.
Turnirdə ümumilikdə 65 nəfər yeniyetmə güləşçi iştirak edib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev və “Gənclər və İdman İdarəsi” ərazi partiya təşkilatının sədri Turan Hüseynov çıxış edərək bildiriblər ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 44 günlük Vətən müharibəsində Ordumuzun gücü və xalqımızın birliyi sayəsində tarix yazıb. Azərbaycan dövləti özünün ən qüdrətli dövrünə qədəm qoyub, xalqımız milli hədəflərinə çatıb. Qazanılan bu Zəfər Ali Baş Komandan ətrafında birləşərək “Dəmir yumruq” yaradan xalqın qələbəsidir. Bu, həm döyüş meydanında, həm də diplomatik müstəvidə Azərbaycanın tarixi uğuru, xalqımızın qəhrəmanlıq salnaməsidir.
Daha sonra turnirə start verilib.
Gərgin idman mübarizəsi şəraitində keçən yunan-roma güləşi üzrə rayon turnirində fərqlənən güləşçilərə diplom və medallar təqdim olunub.
