Xəbərlər
Müasir tariximizin şanlı səhifəsi
Fəsli Nəbiyev
YAP Gənclər Birliyinin sədr müavini
Azərbaycan xalqı 8 Noyabr Zəfər Gününü müasir tariximizin ən şanlı səhifəsi kimi qeyd edir. Bu gün dövlətimizin, ordumuzun və xalqımızın yenilməz iradəsinin, milli birliyinin və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli liderliyinin təntənəsidir. 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbə təkcə torpaqlarımızın azadlığı deyil, eyni zamanda milli qürurumuzun, ədalətin və beynəlxalq hüququn bərpası deməkdir.
Ermənistanın 30 ilə yaxın işğal siyasəti nəticəsində bir milyondan çox soydaşımız doğma yurd-yuvasından didərgin düşdü, şəhərlər və kəndlər viran qaldı. Lakin bu dövrdə Azərbaycanın dövlət siyasətinin mütləq prioriteti torpaqlarımızın azad olunması idi. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan məqsədyönlü siyasət, güclü ordu quruculuğu, artan hərbi büdcə və milli iqtisadi qüdrətin möhkəmlənməsi ölkəmizi qaçılmaz Qələbəyə apardı.
2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. “Dəmir yumruq” əməliyyatı ilə cəmi 44 gün ərzində düşmən darmadağın edildi, 5 şəhər, 4 qəsəbə və 286 kənd azad olundu. Qəhrəman əsgər və zabitlərimizin “öldü var, döndü yoxdur” şüarı ilə döyüşməsi, xalq-ordu birliyinin bərqərar olması Azərbaycanın tarixi Zəfərini təmin etdi. Noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatla Ermənistan kapitulyasiya etdi, ölkəmizin ərazi bütövlüyü bərpa olundu.
Vətən müharibəsi dövründə Prezident İlham Əliyevin 30-dan çox beynəlxalq media qurumuna verdiyi müsahibələr Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında mühüm rol oynadı. Prezidentin qətiyyətli və arqumentli çıxışları beynəlxalq ictimaiyyətin diqqətini gerçəkliyə yönəltdi, informasiya müharibəsində də ölkəmiz qələbə qazandı. Dövlət başçısının dediyi kimi: “Biz sülh istəyirik, amma ədalətli sülh.” Bu, Azərbaycanın prinsipial və beynəlxalq hüquqa əsaslanan mövqeyinin ifadəsidir.
İkinci Qarabağ müharibəsi Azərbaycanın qardaş Türkiyə ilə sarsılmaz birliyini daha da möhkəmləndirdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan tək deyil” bəyanatı iki qardaş dövlətin qəlb birliyinin təcəssümü idi. Şuşa Bəyannaməsinin imzalanması ilə Türkiyə və Azərbaycan münasibətləri müttəfiqlik zirvəsinə yüksəldi.
Prezident İlham Əliyevin təşəbbüsü ilə “Zəfər” və “Qarabağ” ordenləri, eləcə də onlarla medallar təsis edildi, Bakıda Vətən Müharibəsi memorial kompleksi və Zəfər muzeyi yaradıldı. 2020-ci il dekabrın 10-da keçirilmiş Zəfər Paradı və Hərbi Qənimətlər Parkı Azərbaycanın güc və iftixar rəmzinə çevrildi. Hər il 8 Noyabrda keçirilən Zəfər Günü mərasimləri bu qüruru xalqın yaddaşında əbədi yaşadır.
Zəfərdən sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə “Böyük Qayıdışa dair Dövlət Proqramı” həyata keçirilir. Azad olunmuş ərazilərdə şəhər və kəndlərin bərpası, infrastrukturun yenilənməsi, yeni yaşayış məntəqələrinin salınması, Qarabağ Universitetinin fəaliyyətə başlaması bu ərazilərin yenidən həyat qazanmasının göstəricisidir. 2025-ci ilin oktyabrına qədər 19 mindən çox vətəndaş doğma torpaqlarına qayıtmışdır.
Dövlət tərəfindən şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğı nümunəvidir. Bu məqsədlə “YAŞAT” Fondu yaradılmış, minlərlə şəxsə mənzil, avtomobil, protez və sosial xidmətlər təqdim edilmişdir.
2023-cü il sentyabrın 19–20-də həyata keçirilən lokal antiterror əməliyyatı nəticəsində separatçılığa son qoyuldu, Xankəndi şəhərində üçrəngli bayrağımız ucaldıldı. Bununla Azərbaycan dövlət suverenliyini tam bərpa etdi və 20 sentyabr “Dövlət Suverenliyi Günü” kimi tarixə düşdü.
Zəfər Günü Azərbaycan xalqının birliyinin, dövlətimizin gücünün və Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli liderliyinin təntənəsidir. Bu Qələbə ilə xalqımız təkcə torpaqlarını deyil, həm də tarixi ədaləti, milli ləyaqətini və gələcək nəsillərin qürurunu bərpa etdi. Zəfərimizin müəllifi xalqımızın birliyi, qəhrəman ordumuzun igidliyi və dövlətimizin uzaqgörən siyasətidir.
