Xəbərlər
Yasamalda Dövlət Bayrağı Günü qeyd olunub
Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə tədbir təşkil edilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Sonra müasir müstəqil Azərbaycan dövlətinin banisi Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxışında 8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib. O, bayrağın hər bir millətin və dövlətin mühüm atributlarından biri olduğunu vurğulayıb. Dövlət Bayrağı Günü xalqımızın azadlıq ruhunu, milli birliyini və müstəqil dövlətçiliyimizin ucalığını təcəssüm etdirən əlamətdar günlərdən biridir. Üçrəngli Bayraq Azərbaycan xalqının tarixi yaddaşının, milli kimliyinin və dövlət müstəqilliyinin rəmzidir.
Bəxtiyar Nəbiyev qeyd edib ki, Ulu Öndər Heydər Əliyev bu bayrağı xalqımıza əbədi dövlət rəmzi kimi qaytararaq Azərbaycanın müstəqillik yolunda dönüş nöqtəsi yaratdı. Dövlət başçısı Prezident İlham Əliyev 2009-cu il noyabrın 17-də “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” sərəncam imzalayaraq hər il noyabrın 9-u tarixinin Dövlət Bayrağı Günü kimi qeyd olunmasını təmin edib.
Şəhid mayor Əkrəm Şadmanovun həyat yoldaşı Gülşən Rəhimova qeyd edib ki, şəhidlərin qanı bahasına azad olunmuş torpaqlarda üçrəngli bayraq qürurla dalğalanır. “Hər dəfə bayrağa baxanda şəhidlərin ruhunun rahatlıq tapdığını və xalqımızın birliyinin daha da möhkəmləndiyini hiss edirəm”.
Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova çıxışında bayrağın xalqın şərəf və ləyaqətinin ifadəsi olduğunu vurğulayıb. Qeyd edib ki, üçrəngli bayraq Azərbaycan xalqının milli mövcudluq nişanəsi, milli dəyərlərimizin, mübarizə iradəsinin və dövlətçilik ənənələrinin parlaq ifadəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın azad edilmiş torpaqlarında dalğalanan bayraq müstəqilliyimizin dönməzliyini nümayiş etdirir.
Çıxışlardan sonra YAP Yasamal rayon təşkilatı, Yasamal Rayon İcra Hakimiyyəti və Bakı Şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə Gənclər və İdman sektorunun birgə təşkilatçılığı ilə Vətən müharibəsində qazanılmış Zəfərin 5-ci ildönümünə həsr olunmuş VIII və IX sinif şagirdləri arasında “44 günlük zəfər tariximiz” adlı esse yazı müsabiqəsinin qaliblərinə diplom və hədiyyələr təqdim edilib.
