YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Şuşa əməliyyatı: Qələbə strategiyasının parlaq təzahürü

Fərid Dünyamaliyev

YAP Gənclər Birliyinin üzvü

Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazanaraq xalqımızın 30 illik həsrətinə son qoyub. Bu Qələbə Prezident, Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti, ordumuzun rəşadəti və xalqın birliyi sayəsində əldə edilib. Bu Zəfərin tacı isə, şübhəsiz ki, Qarabağın incisi sayılan Şuşa şəhərinin işğaldan azad edilməsi əməliyyatıdır.

Şanlı Qələbə birbaşa olaraq Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyətli siyasi iradəsi və uzaqgörən strategiyasının nəticəsidir. Dövlətimizin başçısı uzun illər ərzində Azərbaycanın iqtisadi müstəqilliyini təmin edərək, ordu quruculuğuna yönəlik sistemli siyasət apardı; Ordumuz ən müasir texnologiyalar və silah-sursatla təchiz edildi, peşəkarlığı artırıldı və regionun ən güclü ordularından birinə çevrildi. 44 günlük müharibənin ilk saatlarından etibarən Ali Baş Komandanın "Dəmir yumruq" əməliyyatına start verməsi və beynəlxalq təzyiqlərə baxmayaraq, xalqın yeganə haqlı tələbi olan ərazi bütövlüyünü təmin etməkdə qətiyyətli olması Qələbənin əsas amili oldu. O, hərbi əməliyyatlar dövründə xarici mediaya verdiyi müsahibələrdə Azərbaycanın haqlı mövqeyini təkzibolunmaz faktlarla bütün dünyaya çatdırdı və informasiya cəbhəsində də böyük Zəfər qazandı.

2020-ci il sentyabrın 27-də Ermənistanın genişmiqyaslı təxribatına cavab olaraq başlayan əks-hücum əməliyyatı "Dəmir yumruq" adını aldı və Azərbaycan Ordusu sürətli irəliləyişlə tarixi ədaləti bərpa etməyə başladı. Əməliyyatların ilk günlərində Füzuli və Cəbrayıl rayonları istiqamətində düşmənin çoxpilləli müdafiə xətti yarıldı. Qısa müddət ərzində Cəbrayıl şəhəri (4 oktyabr), Füzuli şəhəri (17 oktyabr), strateji əhəmiyyətli Hadrut qəsəbəsi (9 oktyabr) azad edildi. Noyabrın əvvəllərinə qədər Zəngilan və Qubadlı şəhərlərinin azad edilməsi ilə Ermənistanla təmas xətti tamamilə sıradan çıxarıldı, yüzlərlə kənd və strateji yüksəkliklər geri qaytarıldı. Bu mərhələ Laçın dəhlizinin və Şuşa ətrafındakı təminat yollarının nəzarət altına alınması üçün həlledici zəmin yaratdı.

Vətən müharibəsinin kulminasiya nöqtəsi və həlledici məqamı Şuşa şəhərinin azad edilməsi oldu. Şuşa nəinki milli-mədəniyyət mərkəzi, həm də ətraf ərazilərə, o cümlədən Xankəndinə nəzarət etməyə imkan verən təbii istehkam idi. Azərbaycan Komandanlığı şəhərin tarixi və mədəni irsini qorumaq məqsədilə ağır artilleriya və zirehli texnikanın kütləvi bombardmanından imtina etdi. Şuşa şəhəri hərb tarixində bənzəri olmayan bir üsulla azad edildi. Xüsusi Təyinatlı Qüvvələr (XTQ) sıx meşələrdən, dərin dərələrdən və sıldırım qayalıqlardan yüngül silahlarla, piyada irəliləyərək düşmənin gözləmədiyi istiqamətlərdən şəhərə daxil oldular. Şəhərdə əsasən əlbəyaxa döyüşlər aparıldı. Bu unikal taktika Azərbaycan əsgərinin qəhrəmanlığını, döyüş ruhunu və yüksək peşəkarlığını nümayiş etdirdi. 8 Noyabr 2020-ci ildə Şuşanın işğaldan azad edilməsi Ali Baş Komandan tərəfindən rəsmən elan edildi. Bu tarixi hadisə Ermənistan ordusunun mənəvi-psixoloji ruhunu tamam sındırdı və faktiki olaraq müharibənin sonu demək idi.

Vətən müharibəsi Azərbaycanın yalnız hərbi deyil, həm də diplomatik və siyasi gücünün təntənəsi oldu. Azərbaycan hərbi yolla BMT Təhlükəsizlik Şurasının illərlə icra olunmayan qətnamələrinin tələblərini yerinə yetirdi və beynəlxalq hüququn ədalətli bərpasını təmin etdi. Prezident İlham Əliyevin beynəlxalq təzyiqlərə boyun əymədən sona qədər mübarizə aparması Azərbaycanın müstəqil xarici siyasətini nümayiş etdirdi. Güclü iqtisadiyyat və ordu ilə dəstəklənən balanslı siyasət ölkəmizin regiondakı və beynəlxalq arenadakı nüfuzunu kəskin şəkildə artırdı. Şuşa Zəfərindən dərhal sonra Ermənistan 10 noyabr 2020-ci ildə kapitulyasiya aktını imzalamağa məcbur oldu. Bu sənəd, Azərbaycanın hərbi üstünlüyünü rəsmiləşdirdi və Ağdam, Kəlbəcər və Laçın rayonlarının bir güllə atılmadan siyasi yolla geri qaytarılmasını təmin etdi.

44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan yeni tarixi dövrü qədəm qoyub. İşğaldan azad edilmiş ərazilərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə genişmiqyaslı quruculuq və bərpa işlərinə başlanılıb. Azərbaycanın qazandığı Zəfər, bölgədə sülh, əməkdaşlıq və inkişaf üçün yeni imkanlar yaratmışdır. Azərbaycan Cənubi Qafqazın əsas memarı kimi, regionda sülh və əməkdaşlıq gündəliyini irəli sürən lider ölkəyə çevrilmişdir. 8 Noyabr – Zəfər Günü isə hər bir azərbaycanlının qəlbində əbədi yaşayacaq milli birlik və qürur rəmzidir.