MÜSAHİBƏLƏR
Pandemiya şəraitində milli iqtisadiyyatımızın dəstəklənməsi məqsədilə reallaşdırılan tədbirlərin miqyası kifayət qədər genişdir
- Cavid müəllim, pandemiya şəraitinin davam etməsinə baxmayaraq, ölkəmizin iqtisadiyyatı öz dayanıqlılığını qoruyub saxlamaqdadır. Bu reallığı hansı amillərlə izah edərdiniz?
- Məlumdur ki, koronavirus pandemiyası dünya ölkələrinin sosial-iqtisadi həyatına çox ciddi təsir etməkdədir. Belə bir şəraitdə Azərbaycanın pandemiyanın yaratdığı çətinlikləri sırf daxili imkanlar hesabına qarşılaması təqdirəlayiq haldır. Bu da son 16 ildə ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan məqsədyönlü siyasətin məntiqi nəticəsidir. Ötən illər ərzində respublikamızın həyatı uğurla reallaşdırılan islahatlarla səciyyələnib. Aparılan islahatlar sayəsində ölkəmizdə iqtisadi inkişaf üçün bütün şərtlər təmin olunub. Bilirsiniz ki, Azərbaycan bəhs olunan dövrdə ümumi daxili məhsul istehsalını 3,4 dəfə genişləndirməklə dünya üzrə ən dinamik iqtisadi inkişaf templərinə malik olan ölkələr sırasında yer alıb. Paralel şəkildə, ölkəmizin strateji valyuta ehtiyatları artırılıb.
Vaxtında yaradılan güclü “təhlükəsizlik yastığı” indiki pandemiya şəraitində meydana çıxan çağırışları qarşılamağa imkan verir. Əlamətdar haldır ki, pandemiya şəraitində respublikamızda böyük həcmlərdə maliyyə vəsaiti ayrılaraq genişmiqyaslı səhiyyə tədbirləri həyata keçirilir. Respublikamızda pandemiya şəraitində heç bir sosial layihə ixtisara salınmayıb.
Ölkəmizdə pandemiyaya qarşı mübarizə çərçivəsində reallaşdırılan tədbirlərin böyük bir qismi iqtisadiyyatın müxtəlif istiqamətlərini əhatə edir. Respublikamız pandemiya şəraitində iqtisadi subyektlərin dəstəklənməsi, o cümlədən də əməkhaqlarının və iş yerlərinin qorunması proqramlarının icrasına böyük həcmlərdə maliyyə vəsaiti yönəldir. Prezident İlham Əliyev bildirib ki, biz qeyri-formal məşğulluqla mübarizə aparırıq və ciddi tədbirlər görmüşük. Təkcə bu il işçilərlə şirkətlər arasında 100 mindən çox müqavilə imzalanıb.
Hazırda ölkəmizdə iqtisadiyyatın pandemiyadan zərər çəkən sahələrində çalışan muzdlu işçilərə və mikrosahibkarlara dəstək proqramı uğurla reallaşdırılır. Bu proqram təxminən 600 min insanı əhatə edir. Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Planının iqtisadi artıma və sahibkarlığa dəstək istiqaməti üzrə bir neçə sahənin maliyyələşdirilməsi həyata keçirilir. O cümlədən, pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqlarının ödənilməsi üçün dövlət büdcəsindən 69 milyon 119 min manat, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi üçün 55 milyon 637 min manat vəsaitin ayrılması təmin edilib. Sahibkarlığın İnkişafı Fonduna sahibkarlıq subyektlərinə bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması məqsədilə 35 milyon manat ödənilib. Tədbirlər Planında nəzərdə tutulduğu kimi, iqtisadiyyatın həyati vacib sərnişindaşıma sahəsinə də maliyyə dəstəyi göstərilir.
Bütün bunlar göstərir ki, pandemiya şəraitində milli iqtisadiyyatımızın dəstəklənməsi məqsədilə reallaşdırılan tədbirlərin miqyası kifayət qədər genişdir. Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi ilə həyata keçirilən bütün bu dəstək tədbirləri pandemiya şəraitində milli iqtisadiyyatımızın sabitliyinin və funksionallığının qorunmasına, eyni zamanda, postpandemiya dövründə yeni iqtisadi modelin tətbiqinə real zəmin yaradılmasına hesablanıb.
- Ölkəmizdə qeyri-enerji sektorunun inkişafı istiqamətində atılan addımlar hansı səviyyədədir?
- Ötən illər ərzində respublikamızda iqtisadiyyatın neftdənkənar sahələrinin imkanlarının genişləndirilməsi dövlət siyasətinin prioritet istiqamətini təşkil edib. Təsadüfi deyil ki, cari ilin 4 ayında milli iqtisadiyyatımızda ən yaxşı inkişaf göstəricisi 16 faiz olmaqla məhz qeyri-neft sənayesində qeydə alınıb. Yeri gəlmişkən, Davosda region üzrə Dördüncü Sənaye İnqilabının regional habının yaradılması üzrə sənədin imzalanması Azərbaycanın sənaye inkişafı sahəsində səylərinin yaxşı qiymətləndirilməsinin təsdiqidir. Prezident İlham Əliyev də çıxışlarında müasir dövrdə Azərbaycanın texnoloji yeniliklərə əsaslanan fəal sənaye inkişafının zəruriliyini vurğulayıb.
Azərbaycanda iqtisadiyyatın neftdənkənar sahələrinin inkişafından danışarkən, son illərdə ölkəmizdə elektrik enerjisinin istehsalının əhəmiyyətli dərəcədə artmasının önəmini ayrıca qeyd etmək lazımdır. Qısa müddətdə respublikamızın elektrik enerjisini idxal edən ölkədən bu sahədə ixracatçı ölkəyə çevrilməsi qürurverici haldır. “Azərenerji” ASC minimum 600 meqavat səviyyəsində mövcud elektrik enerjisi stansiyalarının məhsuldarlığını artırmağa nail olub və bu proses davam edir. Qafqazda ən böyük olan Mingəçevir elektrik stansiyası tamamilə bərpa olunub. Azərbaycanda hazırda bərpa olunan enerji mənbələri üzərində fəal şəkildə iş aparılır. Bu sahədə ümumi enerji hasilatının həcmi 400 meqavata çatacaq.
Neftdənkənar iqtisadiyyatın inkişafına güclü siyasi iradə göstərən Azərbaycan həmçinin özünün nəqliyyat-tranzit imkanlarını genişləndirməyi hədəfləyib. Son illərdə reallaşdırılan önəmli layihələr sayəsində respublikamız regionun mühüm nəqliyyat qovşağına çevrilib.
Artıq Avropadan Asiyaya və əks istiqamətə gedən yüklər Azərbaycan üzərindən daşınır. Respublikamız özünün nəqliyyat infrastrukturunun imkanlarını daha da genişləndirmək niyyətindədir.
- Gündəmdə olan digər məsələ sosial şəbəkələrlə bağlıdır. Bu sahədə hüquqi tənzimləmə işlərinin həyata keçirilməsinin zəruriliyi cəmiyyətimizdə geniş müzakirə olunmaqdadır. Buna münasibətiniz necədir?
- Əlbəttə ki, bu reallıq qaçılmazdır. Ümumiyyətlə, sosial şəbəkələrin bu gün insan həyatının ayrılmaz bir hissəsinə çevrilməsi danılmaz faktdır. Bütün bunların fonunda sosial şəbəkələrin fəaliyyətinin hüquqi müstəvidə tənzimlənməsi məsələsi olduqca aktualdır. ABŞ Prezidentinin bu barədə verdiyi qərar bu aktuallığı daha da gücləndirir.
Bilirsiniz ki, istənilən ölkədə sosial şəbəkələr azaddır və bu azadlıqdan sui-istifadə halları da kifayət qədərdir. Əgər internet üzərindən terrora, müharibəyə, qarşıdurmaya, vətəndaşlara təhqir çağırışları varsa, eyni zamanda ictimaiyyətə başqa formada fikirlər çatdırılırsa və bu da çaşqınlıq yaradırsa, bunun qarşısı alınmalıdır.
Azərbaycanın müstəqil siyasət yürüdən güclü dövlət kimi beynəlxalq arenada nüfuzunun artması anti-Azərbaycan və ermənipərəst dairələri narahat edir, ölkəmizə qarşı qarayaxma kampaniyaları təşkil olunur. Antimilli ünsürlər məhz sosial şəbəkələrin yaratdığı belə qeyri-qanuni imkanlardan istifadə edərək Azərbaycana, dövlətçiliyə qarşı yalan, böhtan, təhqir dolu fikirlər səsləndirirlər. Azərbaycan dəfələrlə xarici anti-Azərbaycan qüvvələrinin sosial şəbəkələr, onlayn platformalar vasitəsilə qərəzli kampaniyalarına məruz qalıb, ölkəmizə qarşı ardıcıl terror çağırışları indi də davam edir. Sosial şəbəkələrlə bağlı beynəlxalq səviyyədə universal normativ hüquqi aktların hazırlanması və tətbiqi ilə bağlı müzakirələr getdiyi, ayrı-ayrı ölkələrdə qanunlara əlavələr olunduğu, yeni qanunların qəbuluna hazırlıqlar getdiyi bir vaxtda Azərbaycan da bu prosesdən kənarda qalmamalı və məsələ ilə bağlı müvafiq qanunvericilik bazası formalaşdırılmalıdır.