MÜSAHİBƏLƏR
Prezident İlham Əliyev uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edib
- Hicran xanım, bildiyimiz kimi, 1 iyun tarixi hər il dünyada Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunur. Azərbaycanda uşaq hüquqlarının müdafiəsi haqqında nə deyə bilərsiniz?
- Əvvəlcə, 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətlə bütün uşaqlarımızı təbrik edirəm. Uşaqlar Azərbaycanda əhalinin təxminən 30 faizini təşkil edir. Azərbaycanda uşaq problemləri daima diqqət mərkəzindədir. Ulu Öndər Heydər Əliyev uşaqlara dövlət səviyyəsində qayğını həmişə diqqətdə saxlayırdı. Ölkəmizdə indi də uşaqlara qayğı ildən-ilə artır. Cənab Prezident İlham Əliyev uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edib. Prezident İlham Əliyevin Sərəncamı ilə 2009-cu ilin “Uşaq ili” elan etməsi bu sahəyə diqqətdən xəbər verir. Bütün bunlar həm də onu göstərir ki, Azərbaycan dövləti uşaqların sabahının təminatı üçün böyük tədbirlər görür.
Bu, həm də Heydər Əliyev Fondunun fəaliyyətinin əsas prioritetlərindən biridir. Fondun prezidenti, Azərbaycanın Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva nəcib missiyası ilə bütün Azərbaycan uşaqlarının ən böyük dostu və ən böyük himayədarıdır. Heydər Əliyev Fondunun həyata keçirdiyi “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək”, “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talasemiyasız həyat naminə”, “Kor və zəif görən uşaqların İKT-yə çıxışının təmin edilməsi” kimi layihələrinin reallaşdırılması, xeyriyyəçilik tədbirləri, cərrahi əməliyyatları, peyvəndəşdirmə aksiyaları əsl şəfqət və mərhəmət, xeyirxahlıq nümunəsinə döndü. Xüsusilə də, "Uşaqlar Azərbaycanın sabahıdır, gəlin onların problemlərinə biganə qalmayaq" devizini irəli sürən Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva uşaqların hərtərəfli inkişafı, keyfiyyətli təhsil, yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin olunması istiqamətində önəmli layihələr həyata keçirir.
Ümumiyyətlə, hökumət daim uşaq və gənclər üçün yaradılan imkanları genişləndirir. Bu imkanların reallaşması üçün müasir tipli məktəblər, tibb ocaqları, idman kompleksləri tikilir, təmir edilir. Və əlbəttə ki, balalarımız da bu şəraitdən maksimum istifadə etməklə bilik və bacarıqlarını artırmalıdırlar. Çünki ancaq, müasir dövrün tələb etdiyi peşələri düzgün seçməklə, elm, texnologiya, idman, incəsənət və digər sahələrdə uğurlar qazanmaqla, Azərbaycanımızın gələcəkdə daha da güclü olmasını təmin etmək mümkündür.
Uşaq problemləri ilə məşğul olan və dövlət siyasətini bilavasitə tənzimləyən Dövlət Komitəsinin yaradılması da uşaq probleminin həllini dövlətin əsas prioritetlrəindən biri olduğunu sübut edir. Eyni zamanda, parlamentdə də Ailə, qadın və uşaq məsələləri komitəsinin olması dövlətin bu sahəyə göstərdiyi diqqət və qayğısının bariz nümunəsidir.
- Ölkəmizdə uşaq hüquqlarının qorunması ilə bağlı qanunvericilik bazası hansı səviyyədədir?
- Dövlət müstəqilliyi bərpa edildikdən sonra Azərbaycan Respublikası uşaq hüquqlarının qorunması üzrə demək olar ki, bütün mühüm beynəlxalq sənədlərə - Uşaq Hüquqları Bəyannaməsinə, Uşaq Hüquqlarına dair Konvensiyaya, “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasına qoşulmuşdur. Uşaq hüquqları ilə bağlı yaranan münasibətləri tənzimləmək və uşaqların hüqularının müdafiəsini təmin etmək məqsədilə “Uşaq hüquqları” haqqında Qanun, “Uşaqların zərərli informasiyadan qorunması” haqqında Qanun və digər qanunvericilik aktları qəbul edilmişdir.
Ümumiyyətlə, müvafiq sahələrdə görülmüş işlər sırasında ilk olaraq qanunvericilik bazasının yaradılması və təkmilləşdirilməsi çox vacibdir. Həmin qanunların qəbul edilməsi yeni düşüncə tərzinin formalaşmasına və müəyyən stereotiplərin aradan qaldırılmasına təkan vermişdir. Nikah yaşı 17-dən 18-ə qaldırılmış, erkən nikahların qarşısının alınması məqsədi ilə qanunvericilikdə valideyn məsuliyyəti müəyyənləşdirilmişdir. “Uşaqlıq dövrünə xas olan əlilliyin erkən profilaktikası və müalicəsi üzrə 2018-2020-ci illər üzrə Milli Fəaliyyət Planı”, “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə”, “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair” Dövlət Proqramları, eyni zamanda, tərəflərin nikahdan əvvəl məcburi tibbi müayinədən keçməsi ilə bağlı Ailə Məcəlləsinə edilən dəyişiklik isə həm ailələrimizin, həm də gələcək nəsillərin sağlamlığına xidmət edir. Uşaqların təhsildən yayınması, əməyə cəlb edilməsi və onların məruz qaldığı digər sosial-psixoloji problemlər valideyn məsuliyyətinin artırılmasını zəruri edir. Bütün bu və digər məsələlər nəzərə alınaraq, Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Qanunları qəbul edilmişdir.
Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və alternativ cəza tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə 2017-ci ildə ölkə başçısının Sərəncamı imzalanmışdır. Bu sənəd, eyni zamanda, yuvenal ədliyyə sisteminin formalaşmasına da imkan yarada bilər.
- Bu, bizə nə verəcək?
- İlk növbədə qanuna zidd hərəkət etmiş uşağa cinayətkar damğasının vurulmasının qarşısını alacaq. Hər kəs səhv və cinayət tərkibli hərəkət edə bilər. Biz onu özümüzdən uzaqlaşdırsaq, o daha da aqressivləşər, qatı cinayətkara çevrilə bilər. Uşaq məsələləri ilə əlaqədar dövlət qurumları arasında koordinasiya və nəzarət sisteminin təkmilləşdirilməsi çox vacibdir.
Məlumat üçün qeyd edim ki, 2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası” təsdiq edilmişdir. Dövlət müəssisələrində uşaqların qidalanma, nəzarət, təhlükəsizlik, zorakılığa məruz qalma və digər məsələlərlə bağlı monitorinqi aparılımışdır. Monitorinqin nəticəsində hazırlanmış tövsiyələr əsasında təlim-tərbiyə müəssisələrində şərait standartlara uyğunlaşdırılmış, mütəxəssislər üçün yeni təlimlər keçirilmişdir. Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankı yaradılmışdır. Bu uşaq problemlərinin dəqiq statistikasını müəyyən etməklə həmin sahədə daha effektiv qabaqlayıcı tədbirlərin həyata keçirilməsinə səbəb olacaq. Eyni zamanda, erkən nikah hallarının və uşaq əməyinin qarşısının alınması üçün maarifləndirmənin gücləndirilməsi, valideyin himayəsindən məhrum uşaqların internat və uşaq evlərini tərk etdikdən sonra onların məşğulluğunun təmin edilməsi, eləcə də, müxtəlif peşələrin öyrədilməsi, məişət zorakılığının və insan alverinin qurbanı olmuş uşaqların sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası istiqamətində tədbirlər keçirilir.
- Bəs uşaqlarının mövcud problemləri nədən ibarətdir?
- Uşaq problemlərinin həlli ilə bağlı görülən işlərlə yanaşı hazırda uşaqların mövcud problemləri də vardır. Bu gün bizi düşündürən əsas məsələlərdən biri valideyn məsuliyyətidir. Müasir dövrdə informasiya çoxluğu və qlobal proseslər valideyn-övlad münasibətlərinə yeni tendensiyalar gətirir. Bu gün ən mühüm məsələlərdən biri valideynlərin övladları ilə ünsiyyətində, xüsusilə də uşağın keçid yaş dövrlərində bir sıra çətinliklərin yaranmasıdır ki, bu da ağır fəsadlara səbəb olur. Eyni zamanda, əlilliyi olan uşaqlarla da münasibətin qurulmasında valideynlər problemlərlə üzləşir.
XX əsrin sonlarında iqtisadi keçid dövrünün ciddi problemləri, Ermənistanın Azərbaycana təcavüzü və torpaqlarımızın 20 faizini zəbt etməsi bir sıra xoşagəlməz, mənfi sosial hadisələrin baş verməsinə gətirib çıxarmışdır. Ölkədə bir milyon Azərbaycan vətəndaşı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür, onların üç yüz mindən çoxu uşaqlardır. Bu da təbii ki, uşaq problemlərini və onların hüquqlarının kobud surətdə pozulmasını yaradan amildir. Onu da qeyd edim ki, 1994-cü ildə atəşkəs rejiminin elan olunmasına baxmayaraq, ermənilərin Azərbaycanda uşaqları qətlə yetirilməsi faktları qeydə alınmaqda davam edir. Ötən dövr ərzində 34 uşaq erməni terrorunun qurbanı olub. Onlardan on dördü həlak olmuş, iyirmisi isə yaralanmışdır. Onlardan ən balacası bir yaş səkkiz aylıq Zəhra Quliyevadır. Ermənistan “Uşaq hüquqları haqqında” Konvensiyanı ratifikasiya edən dövlətdir, ancaq təəssüflər olsun ki, Konvensiya ilə öz üzərində götürdüyü öhdəlikləri kobud şəkildə pozur. Uşaqlar ailənin davamçısı olduğu kimi, həm də dövlətin gələcəyidir. Bu baxımdan, bütün beynəlxalq təşkilatlara səslənərək bildirmək istəyirəm ki, belə bir beynəlxalq gündə qaçqın, köçkün, terror və müharibə qurbanları olan uşaqları unutmasınlar!
Dünyanı, xüsusilə ən güclü və çoxəsrlik dövlətçilik ənənəsi olan dövlətlərin COVİD 19 virusu ilə mübarizə apardığı, iqtisadi böhranın bürüdüyü bir vaxtda, hətta dövlətlərin ən vacib sosial xərcləri ödəmək qabiliyyətini itirdiyi halda, respublikamız cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün hallarda vətəndaşlarının qayğısını çəkmək seçimi edib. Ölkə başçısı çıxışlarından birində demişdir: “Azərbaycanın güclü sosial siyasəti güclü iqtisadi bazaya əsaslanır. Biz iqtisadi sahədə əldə edilmiş nailiyyətləri insan kapitalına çeviririk”. Cənab Prezidentin bu fikirləri hesab edirəm ki, bizim hər birimiz üçün əsas məqsədi müəyyən edir. Əsas məqsəd Azərbaycan vətəndaşının layiqli həyat səviyyəsini, sağlamlığını təmin etməkdir. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi “Gələcək nəsil, ilk növbədə, vətənpərvər olmalıdır, sağlam olmalı, milli ruhda tərbiyə almalıdır, öz doğma Vətəninə bağlı olmalıdır, bizim qədim ənənələrə sadiq olmalıdır və bilikli, savadlı olmalıdır. Belə olan halda ölkəmizin gələcəyi də parlaq olacaqdır”.