YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Sağlam ailə cəmiyyətin əsasını təşkil edir

Müsahibimiz Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva

- Aynur xanım, bu gün dünyada ailə institutu bir böhran yaşayır. Ölkəmizdə bu vəziyyəti müqayisə etsək, hansı mənzərəni müşahidə edə bilərik?

- İlk növbədə onu demək istəyirəm ki, ailə hər bir cəmiyyətin, dövlətin özəyi olmaqla yanaşı, həm də milli-mənəvi dəyərlərin daşıyıcısıdır. Hazırda qloballaşma şəraitində ailənin sosial statusu haqqında bir çox müxtəlif fikirlər yaranmışdır. Belə ki, ailə lazımdırmı, ailənin mahiyyəti nədən ibarətdir, ailə şəxsiyyətin və cəmiyyətin inkişafına necə təsir göstərir və bu təsir nədən ibarətdir, bu və digər suallar ən çox müzakirə edilən məsələlərdəndir. Əgər biz Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə istinad etsək, görərik ki, bu bəyannamə hər bir insanın eyni hüquqlara sahib olması fikrinə əsaslanan ilk beynəlxalq sənədlərdən biridir. Və bu sənədin əsas məqsədi dünyada sülhə nail olmaqdır ki, buna hazırda bütün bəşəriyyətin ehtiyacı var. Sülh isə ailədən başlayır. Əgər ailə sağlam təməl, qarşılıqlı hörmət və məhəbbət üzərində qurulursa, hər bir ailə üzvünün hüququna anlayışla yanaşılırsa, əlbəttə ki, bu ailədə doğulan, təlim-tərbiyə alan insan əxlaqlı, savadlı, mədəni, qurucu olacaqdır. Belə insan ailəsinə və dövlətinə layiqli şəxsiyyət və vətəndaş olacaqdır. Lakin əgər ailə başqa məqsədlər əsasında qurulursa, davamlı olaraq qarşılıqlı ittihamlar, zorakılıqlar baş verərsə, əlbəttə ki, burada böyüyən insan da qurucu deyil, dağıdıcı olacaqdır, o nə özü, nə ailəsi, nə də dövləti üçün fayda verməyən varlığa çevriləcəkdir. Bu fikirləri qeyd etməkdə məqsədim bir daha ailənin insan üçün, cəmiyyət üçün nə qədər önəmli olduğunu vurğulamaqdır.

Bu gün dünyaya nəzər salsaq görərik ki, ənənəvi ölkələrdə ailə dəyərləri daha davamlı və möhkəmdir. Digər ölkələrdə isə məsələn Qərb ölkələrində bu gün boşanmaların sayının artması, təkvalideynli ailələr, övladsız ailələr, artıq bir çox ölkələrdə hüquqi razılıq verilən həmcinsli "ailələr” cəmiyyətin gələcəyini böyük sual altına qoyur və ailə dəyərlərinin mənəvi aşınmasına səbəb olur. Artıq demoqraflar bir sıra Avropa ölkələri üçün həyacan təbili çalırlar. Əfsuslar olsun ki, bəzən bütün dünyada bu mənfi tendensiyaların genişləndirilməsinə səy göstərilir və bu tendensiyadan yan qaçmaq istəyən və alternativ yollar axtaran ölkələrə təzyiqlər edilir. Bu təhlükələri daha geniş və tam dərinliyi ilə görən cənab Prezident İlham Əliyev BDU-nun 100 illik yubileyi mərasimində bu məsələni xüsusi olaraq vurğulamışdır. Ölkə başçısı proqram xarakterli çıxışında qeyd etmişdir ki, “Biz ənənəvi dəyərlər üzərində dövlət qururuq, böyük-kiçik var. Bunu biz qorumalıyıq, gənclər də məni eşitsinlər, daim böyük-kiçik məsələsinə fikir versinlər. İndi bəzi ölkələrdə buna fikir verilmir. Qadınlarla kişilər arasında artıq fərq qoyulmur. Amma biz ənənəvi cəmiyyətdə yaşayırıq və yaşamalıyıq. Qadınlara hörmət etməliyik, biz onları qorumalıyıq, onları müdafiə eləməliyik. Onlar bizi yox, biz onları. Gender bərabərliyi var, biz də bunu qəbul edirik. Amma biz ənənəvi düşüncədən kənarda yaşaya bilmərik və gənc nəsil də bunu bilsin. Yaşlılara hörmət olunmalıdır, yaşına görə. İndi bəziləri istəyirlər ki, bizim lüğətimizdən “ağsaqqal”, “ağbirçək” sözlər çıxsın, necə ki, bəzi ölkələrdə. Onlara baxanda adam dəhşətə gəlir. Sonra da bizə deyirlər ki, gəlin bizə inteqrasiya edin. Mən bir dəfə demişəm, hələ Avropada o iqtisadi böhran baş alıb gedəndə dedim ki, biz haraya inteqrasiya etməliyik, böhrana? Haraya inteqrasiya etməliyik, “Stop İslam!” deyənlərə? Haraya inteqrasiya etməliyik, qadınla kişi arasında fərq görməyənə? Mən artıq daha dərinə getmək istəmirəm. Biz qətiyyən oraya inteqrasiya etməyəcəyik. Ona görə Azərbaycanda yaşlı nəsil, gənc nəsil bir yerdə olmalıdır...” Bu vətəndaşlarımıza bir çağırışdır, bu bir müraciətdir ki, biz öz dəyərlərimizə sahib çıxmalıyıq, qorumalıyıq.

- Dövlətin ailə siyasəti ailələrimizin uzunömürlü və uğurlu olmasında nə kimi rol oynayır?

- Ailə məsələləri ilə bağlı dövlət siyasətinin əsas prinsipləri Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyən olunmuşdur. Bu siyasət bu gün də uğurla davam etdirilir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın milli dəyərləri və müasirliyi özündə birləşdirən ailə modelinin yorulmaz təbliğatçısı kimi bu sahədə fəaliyyəti örnəkdir.

Azərbaycan dövləti ailə institutunun qorunması istiqamətində güclü qanunvericilik bazasına malikdir. Azərbaycanın iqtisadi imkanlarının artması isə ailələrin rihah halının yüksəlməsi istiqamətində mühüm dövlət proqramları, sosial layihələrin həyata keçirilməsinə şərait yaratmışdır. İmzalanan fərman və sərəncamlar əsasında reallaşdırılan böyük sosial tədbirlər paketi bütün kateqoriyalardan, xüsusən də həssas kateqoriyalardan ailələrdən olan vətəndaşlarımızın rifah halının yaxşılaşmasına səbəb olmuşdur. Sosial infrastrukturun inkişafı göz önündədir. Nə qədər məktəb, tibb müəssisəsi, idman və gənclər mərkəzləri əsaslı təmir edilib və ya yenidən tikilib. Azərbaycanın inkişafını beynəlxalq reytinq təşkilatları da təsdiq edirlər. Ən mötəbər hesabatlarda Azərbaycanı islahatçı ölkə olaraq irəliləməsi dediklərimizin əyani sübutudur. Açılan iş yerləri, yaradılan müasir infrastruktur, həyata keçirilən sosial islahatlar, vətəndaşların rifah halının yaxşılaşdırırlması ailələrin daha da güclənməsinə gətirib çıxarmışdır. Ana və uşaq ölümünün, küçə uşaqları, erkən nikah və uşaqlara qarşı zorakılıq faktlarının azalması dövlətin apardığı uğurlu siyasətin nəticəsidir.

Hazırda hər bir dövlət COVİD-19 pandemiyası ilə mübarizə aparır və çalışır ki, öz vətəndaşını maksimim ağır vəziyyətdən minimum itkilərlə çıxarsın. Prezident İlham Əliyevin rəhbərliyi ilə hökumətimiz koronavirus infeksiyasının yayılmasının qarşısını almaq, onun iqtisadiyyata və insanların sosial vəziyyətinə vurduğu zərəri qarşılamaq üçün vaxtında çevik və uğurlu tədbirlər hazırlayaraq həyata keçirir. Elə bu layihələrin də əsasında insan, onun rihafı, sosial cəhətdən müdafiəsi dayanır. Cənab Prezident Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradaraq özü və Birinci vitse-prezident bir illk maaşını həmin Fonda köçürdülər. Ümumiyyətlə, cənab İlham Əliyev həm ölkə rəhbəri kimi, həm də bir vətəndaş kimi bu mübarizənin önündə dayanaraq digər ölkə rəhbərlərinə də bir nümünədir.

Dövlət başçısının 19 mart 2020-ci il tarixli sərəncamı ilə büdcədən dəstək tədbirlərinin icrasına 1 milyard manat, aprelin 17-də isə 2,5 milyon vətəndaşı əhatə edən məşğulluq və sosial rifah istiqamətinə 600 milyon manat vəsait ayrılıb. Dövlət sərt karantin tədbirləri nəticəsində qeyri-formal iş yerini itirən və əvvəlcədən işsiz olan şəxslərin sosial rifah halının yaxşılaşdırılması sahəsində də tədbirlər həyata keçirir. Belə ki, hökumət tərəfindən hazırlanmış sosial proqramın bir istiqaməti bu şəxslərə ölkə üzrə yaşayış minimumu səviyyəsində (190 manat) aylıq ödəmənin verildi. Əvəlcə belə ödəmənin 200 min nəfərə verilməsi nəzərdə tutulsa da, Prezident İlham Əliyevin verdiyi tapşırıqla bu say 3 dəfə artırılaraq 600 minə, ödəmələrin sayı isə 2 dəfəyə qaldırıldı. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, bu il həssas qruplarla bağlı nəzərdə tutulmuş bütün sosial proqramlar, eləcə də sosial müdafiə və aktiv məşğulluq proqramlarının genişləndirilməsi ilə bağlı planlar tam icra olunacaq. Xüsusi karantin rejimi bitdikdən sonra şəhid ailələrinə və müharibə əlillərinə yeni mənzillərin verilməsinə başlanacaq, bu il onlara 1500 mənzil verilməsi davam edəcək. Həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqının dövlət tərəfindən ödənilməsi qərara alınıb. Elektrik enerjisindən istifadədə limit artırılıb. Həmçinin,ünvanlı dövlət sosial yardımı proqramının genişləndirilməsi işləri davam edir. Təkcə aprel ayında əlavə olaraq 10 min ailə bu proqramla əhatə olunub, ünvanlı yardım alan ailələrin sayı 80,5 minə (335 min ailə üzvü) çatıb və bu artım dinamikası davam edir. Bununla bərabər, ünvanlı yardımın təyinatı şərtlərinin yumşaldılması, sosial yardımın alınması ilə bağlı müraciət prosedurunun aztəminatlı ailələr üçün daha rahat və sadə olması üçün qanunvericiliyə dəyişiklik layihələri də artıq aidiyyəti üzrə təqdim edilib. Dövlət başçısının tapşırığı ilə ödənişli ictimai işlər proqramı da genişləndirilir - bu işlərə cəlb edilənlərin sayının 2,4 dəfə artırılaraq 37 mindən 90 minə çatdırılması təmin edilir. Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən siyasəti və Onun komandasının çevik hərəkətə keçməsi nəticəsində vaxtında verilən qərarlar və ölkəmizin virus təhlükəsindən izolyasiyası ilə bağlı atılan addımlar nəticəsində ölkəmiz bu gün bizə “demokratiya”, “insan hüquqları” dərsi keçməyə çalışan dövlətlərə də nümunə oldu. Təbii ki, bütün bunların arxasında Azərbaycan Prezidentinin Öz xalqına sevgisi və siyasi iradəsi dayanır. Bu danılmaz böyük bir həqiqətdir və bunu da dünya bir daha gördü.

- Aynur xanım, böhranlı dövr demişkən, xüsusi karantin rejimində görülən işlər həqiqətən dövlətin apardığı siyasətin mərkəzində Azərbaycan vətəndaşının olduğunu nümayiş etdirdi. Bəs təmsil olunduğunuz Dövlət Komitəsi ailələrə bu çətin dövrdə necə dəstək oldu?

- Bu virus və elan olunmuş pandemiya sanki bütövlükdə Yer planetinin əhalisinin bir anlıq dayanaraq ətrafda baş verənlərə nəzər salmaq üçün bir fürsətdir. Əfsuslar olsun ki, sürətli və tepmli həyat bizi ailəmizdən, doğmalarımızdan, hətta özümüzdən uzaqlaşdırdığının fərqində deyilik. Xüsusilə də, vaxt çatışmamazlığı, işlərin çoxluğu səbəbindən bəzən vaildeynlər övladlarına, eləcə də ər-arvad bir-birinə zaman ayıra bilmirlər. Bu günlərdə ənənələrimizin, ailə dəyərlərimizin əsasını təşkil edən saglam ailədaxili münasibətlərin, böyüklərə ehtiram, kiçiklərə qayğı, qarşılıqlı hörmət, ailəyə, adətlərimizə bağlılıq, sevgi, paylaşmaq kimi yüksək dəyərlərin, eyni zamanda, ailə üzvləri ilə birgə vaxt keçirməyin nə qədər önəmli, vacib olduğu bir daha özünü qabarıq şəkildə göstərdi.

Bu çətin günlərdə milli - mənəvi dəyərlərimizin qoruyub saxlanması, yaşadılması olduqca mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan, hazırkı durumu həmçinin pozitiv nöqteyi-nəzərdən qiymətləndirərək, insanların evdə keçirəcəyi boş vaxtı da səmərəli dəyərləndirmək mümkündür. Karantin müddətində ailə üzvləri ilə səmərəli ünsiyyət qurmaq, asudə vaxt keçirmək üçün yeni imkanlar yaranır. Biz bu dövrdə sosial təcrid qaydalarına əməl etməklə ailələrə yönəlik, uşaq hüquqlarına aid müxtəlif layihələrə start verdik. Ailənin psixoloji iqliminə, yeniyetmə və gənclərin ailədə şəxsiyyət kimi formalaşmasına təsir edən amillərin müzakirəsi məqsədi ilə “Onlayn psixoloq xidməti” adlı layihəyə start verilib. İlk webinar “Pandemiya dövründə ailələrdə yaranan psixoloji problemlər və onların həlli yolları” mövzusunda keçirilmişdir. Digər layihəmiz isə “Ailələrimizi tanıyaq” adlanır. Layihə çərçivəsində cəmiyyətdə hörmət qazanan, nümunəvi ailələrlə görüşlər keçiriləcək. Layihə çərçivəsində faşizm üzərində qələbənin 75 illik yubileyi ərəfəsində Böyük Vətən Müharibəsi iştirakçısı, Laçın rayonundan məcburi köçkün və hazırda Şəkidə məskunlaşan 108 yaşlı Əhmədov Şahverdi Behbud oğlunun ailəsi ilə keçirilmiş webinar görüşün videoyazısı Komitənin facebook səhifəsinə yerləşdirilmişdir. Dövlət Komitəsi tərəfindən aprelin 6-dan daha bir layihəyə-“Ailəm” müsabiqəsinə start verilmişdir. Müsabiqənin keçirilməsində əsas məqsəd ölkə Prezidenti cənab İlham Əliyevin COVID-19 infeksiyası ilə mübarizə çərçivəsində elan etdiyi “Biz birlikdə güclüyük!” şüarına dəstək olmaq, həmçinin xüsusi karantin rejimi ilə əlaqədar ailələri ev şəraitində asudə vaxtını səmərəli və faydalı keçirməyə stimullaşdırmaqdır.

Həmçinin "Həyati bacarıqlara yiyələn!" , “Uşaqların asudə vaxtının səmərəli təşkili”, “Uşaqların internet təhlükəsizliyi və onun təmin olunması yolları”, “Uşaq və gənclərin uğurlu ixtisas və peşə seçimi”, “Pandemiya dövründə ailələrdə yaranan psixoloji problemlər və onların həlli yolları”, “Karantin vəziyyətində sağlamlıq imkanları məhdud uşaqların psixoloji reabilitasiyası”, “Uşaqların inkişafında oyunun vacibliyi”, “Ailədə uşaqlarla uğurlu ünsiyyət və birgə fəaliyyətin vacibliyi” mövzularda rəsmi “Facebook” səhifəmizdə Komitənin əməkdaşları və dəvət olmuş ekspertlər tərəfindən canlı yayım formasında təlimlərlər keçirilmişdir. Koronavirusla mübarizə kampaniyası çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “ailələrə zəng” kapmaniyası aparılmış, məlumat vərəqələri paylanılmış, ərzaq yardımı edilmiş, psixoloji yardım edilmiş, tibbi maska paylanılmış, uşaqlar onlayn məşğələ keçirilmişdir.

Komitə tərəfindən keçirilən "Ailədən ailəyə" dəstək aksiyası çərçivəsinsə 75 ailə tərəfindən həssas təbəqədən olan 594 ailəyə yardım göstərilmişdir. COVİD-19 pandemiyası ilə bağlı ölkədə keçirilən sosial izolayasiya tədbirləri və xüsusi karatin rejiminin tətbiqi nəticəsində ailələrdə yaranmış vəziyyəti ölçmək və qiymətləndirmək üçün həm onlayn, həm də telefon vasitəsilə sorğu keçirilmişdir. Hazırda məlumatların emalı aparılır və yaxın günlərdə təhlil yekunlaşdırılacaqdır. Fikrimizcə, aparılan bu tədbirlər, aşkarladığımız hallar, təhlillərimiz bizə həm də post pandemiya dövrü üçün yeni istiqamətləri müəyyələşdirir.“Ailələrə zəng” kampaniyası zaman bir daha müşahidə olundu ki, böhranlı vəziyyətlərdə insanların, ailələrin psixoloji dəstəyə böyük ehtiyacı var. Bu baxımdan ailə psixoloqu məsələsi bir daha aktuallıq kəsb edir. Regionlarda və Bakıda fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək və Qadın Resurs Mərkəzləri tərəfindən həssas və risk qrupundan olan ailələr və onların üzvlərinə psixoloji, hüquqi xidmətlər göstərilir, vətəndaşlar adiyyatı dövlət qurumlara yönəldilir.

 Eyni zamanda, sosial təcrid dövründə məişət zorakılığına və ya gender əsaslı zorakılığa məruz qalmış insanların hüquqlarının müdafiəsi ilə bağlı iş aparılır. Davamlı olaraq icra hakimiyyətləri yanında fəaliyyət göstərən Monitorinq Qrupları, müvafiq hüquq-mühafizə orqanları, zorakılığa məruz qalan qadın və uşaqlara sığnacaq verən qeyri-hökumət təşkilatları ilə əlaqəli şəkildə fəaliyyət davam etdirilir və faktlar üzrə operativ iş aparılır.

Komitənin 2017- ci ildə BMT-nin Əhali Fondu ilə birgə keçirdiyi “Kişilərin gender bərabərliyinə münasibətinə dair Tədqiqat” (IMAGES)-ın nəticələrinə əsasən kişilər tərəfindən zorakılığın istənilən formasının törədilməsini ardıcıl qaydada bir neçə amillə əlaqələndirmək olar: öz analarına qarşı zorakılığın şahidi olma və uşaqlıqda fiziki zorakılığa məruz qalma halları ilə rəsmi və ya qeyri-rəsmi nikahda olduğu şəxs tərəfindən törədilən zorakılıq arasında bağlılıq müşahidə olunur və bu nəticə dünyanın müxtəlif yerlərində zorakılığın nəsillərarası zərərli təsiri ilə bağlı aparılmış tədqiqatların nəticələri ilə üst-üstə düşür. Gender bərabərliyini daha az dəstəkləyən və xüsusilə də qadınlara qarşı zorakılıq barədə bəzi stereotiplərin tərəfdarı olan kişilər rəsmi və ya qeyri-rəsmi nikahda olduğu şəxslərə qarşı daha çox zorakılıq törədən şəxslərdir. Qeyd etmək lazımdır ki, bu tədqiqat kişi və qadınların gender normaları ilə bağlı təcrübəsi və bu məsələlərə dair yanaşma tərzi, gender bərabərliyi siyasətinə münasibət, qayğı göstərmə və kişilərin ata qismində iştirakı da daxil olmaqla ev təsərrüfatındakı dinamika, ailə daxili zorakılıq, sağlamlıq və iqtisadi təzyiq kimi məsələləri əhatə edən ən müfəssəl araşdırma hesab olunur. Belə bir təhlil 16 ölkədə keçirilmiş və verilən tövsiyələr həmin ölkələrin siyasətində öz əksini tapmışdır. Qadınlara qarşı zorakılıq qadınlar və onların ailələri, habelə icmalar və cəmiyyətlər üçün əhəmiyyətli miqyasda iqtisadi yük yaradır. Beynəlxalq tədqiqatlar göstərir ki, qadınlara qarşı zorakılığın iqtisadi dəyəri qlobal ÜDM-in 2 faizinə yaxın ola bilər. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin BMT-nin Əhali Fondu ilə birgə apardığı təhlil əsasında məlum olmuşdur ki, Azərbaycanda qadınlara qarşı zorakılığın doğurduğu iqtisadi xərclərin təqribi məbləği ümumiləşdirildikdə (latentlik səviyyələrinə görə korrektə edilmiş simulyasiya modeli ilə), 2017-ci ildə qadınlara qarşı zorakılıq cəmiyyətə ümumilikdə təqribən 764 milyon ABŞ dollarına başa gəlmişdir. Bu baxımdan qadınların iqtisadi cəhətdən gücləndirilməsi, onların iş həyatına qoşulması, təhsillərini artırmaq üçün imkanların daha da genişləndirilməsi zəruri məsələlərdən biridir. Erkən nikah və təhsildən yayınma hallarının aradan qaldırılması sahəsində maarifləndirmə işləri aparılıb və müsbət nəticələr də var. 15-17 yaşlı qadınlar tərəfindən doğulan uşaqların sayı da 2011-ci ildə 4392 idisə, 2018-ci ildə bu rəqəm azalaraq 2129 olub. Göstəricilərdə azalma müşahidə olunsa da, statistikanın daha da azalması üçün bu sahədə işlər davam etdirilir.

- 15 may “ Beynəlxalq Ailə Günü” ərəfəsində Komitə tərəfindən ailələrə yönəlmiş müxtəlif maraqlı layihələr, tədbirlər həyata keçirilirdi. Hazırki şəraitdə karantin rejimi həmin layihələrə necə təsir göstərib?

- İlk öncə qeyd edim ki, biz bütün layihələrimizi onlayn formatda həyata keçiririk və bu layihələri mütləq şəkildə davam etdiririk. Çünki,dövlət ailə siyasətinin həyata keçirilməsi istiqamətində milli-mənəvi dəyərlərə söykənən ailə institutunun qorunub saxlanılması və möhkəmləndirilməsi üçün kompleks tədbirlərin görülməsi mühüm əhəmiyyət kəsb edir. Bu gün dünyada ailə dəyərlərinin aşınması fonunda ölkəmizdə ailə institutu özünün sosial təyinatı və milli-mənəvi missiyasını daha tam və dolğun şəkildə qoruyub saxlandığını görürük. Buna görə də məqsədimiz bu sahədə görülən işləri sistemli və ardıcıl şəkildə davam etdirməklə yanaşı, eyni zamanda, ailələrimizi qorumaq, ailədə rahat psixoloji iqlim şəraiti yaratmaqdır. Bunun həll yollarından biri günahkarın məsuliyyətə cəlb olunması, qurbanın hüquqlarının qorunmasıdırsa, digər mühüm yol isə maarifləndirmədir. Ancaq gəlin razılaşaq ki, bu çətin bir prosesdir. Çünki qatı stereotiplərə malik bir insanın düşüncəsinə, onun təfəkkürünə təsir etmək o qədər də asan deyil. Buna görə də rayon və kənd əhalisi arasında, məktəblərdə, ali təhsil müəssisələrində, hərbi hissələrdə ailə münasibətlərinin formalaşması, yeni keyfiyyətlərin müsbət və mənfi təsiri haqqında seminarlar keçirir, yaşlı nəsllə gənc nəslin dialoqunu təşkil edirik. “Ailə Akademiyası”, “Ailəlikcə kitabxanaya”, “Azərbaycan ailəsi” adlı filmlər festivalı keçirilir.

Azərbaycan 2008-ci ildən başlayaraq “Ailə bayramı” keçirilir. Bu bayramlarda hər bir rayonu təmsil edən nümunəvi ailə iştirak edir. Ölkəmizin əksər rayonlarından bu tədbirə toplaşmış nümunəvi ailələr müasir Azərbaycan cəmiyyətinin yüksək inkişaf səviyyəsinin təcəssümüdür. 2009-cu ildən etibarən Komitə, Heydər Əliyev Fondu və BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə “Azərbaycan ailəsi” film festivalını keçirir. Festivalın və 2014-cü ildən festival çərçivəsində “Həyatdan şəklə” adlı foto-müsabiqənin əsas məqsədi kinematoqrafiya və fotoqrafiya sənəti vasitəsilə ailə və milli-mənəvi dəyərlərin təbliği, onların qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, cəmiyyətdə mövcud olan ailə problemlərin işıqlandırılması, gənclərdə yaradıcılıq qabiliyyətinin aşkarlanması, eləcə də ailə məsələlərini əks etdirən video və foto materiallardan ibarət fondun zənginləşdirilməsi və filmlərin maarifləndirmə məqsədilə nümayiş olunmasıdır. Ötən 11 il ərzində müsabiqədə 345 rejissor tərəfindən 386 film iştirak edib, o cümlədən 42 xarici film (Türkiyə, Rusiya, Belarusiya, Ukrayna, İran, Bolqarıstan, Özbəkistan, Almaniya, Macarıstan, İsveç, Qırğızıstan, Mərakeş və Fransa) və 144 fotoqraf tərəfindən 527 foto-şəkil təqdim olunub. Bu layihə müxtəlif ölkələrin, o cümlədən Azərbaycan ailə mədəniyyətinin təbligi, ümumi və fərqli cəhətlərinin araşdırılması baxımından da xüsusi əhəmiyyət kəsb edir.

Festivalın beynəlxalq nüfuz qazanması bir daha göstərir ki, bu gün dünyada ailə institutunun möhkəmləndirilməsi artıq qlobal məqsədlərdən birinə çevrilmişdir. Azərbaycanda mənəvi dəyərlərə söykənən uzunömürlü ailələr, onların uğurlu ailə təcrübələri haqqında məlumatların toplanması və təşviq olunması da ailələrimizin güclü təməl üzərində qurulmasına dəstəkdir. Bununla bağlı Komitə tərəfindən “Azərbaycan ailəsi (sosial-mədəni baxış)” kitabı çap olunmuşdur. Eyni zamanda, 65 ildən çox birgə ömür sürən ailələrin kartotekası hazırlanmışdır və mütəmadi olaraq bu ailələr təbliğ edilir. Milli, maddi və mənəvi dəyərlərimizi gənc nəsillərə təbliğ etmək və ötürmək, xalqımızın gələcəyini qorumaq qədər dəyərlidir.

- Aynur xanım, sonda ailələrlə hansı fikirlərinizi bölüşmək istərdiniz?

- Ailə bir sistem olaraq özündə çoxtərəfli münasibətləri ehtiva edir. Bu, ayrı-ayrılıqda həm valideynlər, həm də övladlar arasındakı münasibətləri, həmçinin valideyn-övlad münasibətlərini ifadə edən, nənə və babaların, müxtəlif nəslin nümayəndələrinin, qohumların da daxil olduğu geniş bir sistemdir. Müasir dünyada ailə institutu sosial, mədəni və siyasi dəyişiklikləri əks etdirən dinamik sosial təsisat kimi çıxış edir. Bu səbəbdən zamanın çağırışlarına uyğun olaraq ailə institutunun funksiyalarına mütəmadi olaraq yeni elementlər daxil olur. Son dövrlərdə qloballaşma şəraitində baş verən bir sıra proseslər, o cümlədən,mədəni dəyərlərin inteqrasiyasının güclənməsi, informasiya texnologiyalarının sürətli inkişafı nəticə etibarı ilə cəmiyyətdə bir sıra ənənəvi dəyərlərin itirilməsinə, klassik ailə modelinin aşınmasına və ailələrin cəmiyyətdəki sosial statusunun zəifləməsinə səbəb olur. Bu isə ailəyə, ailədaxili münasibətlər sisteminə yeni baxış, mövcud müsbət ailə təcrübəsinin yeni formatda təqdim edilməsinə zəmin yaradır.

Bu gün qloballaşma və modernləşmə dövründə valideynlərin üzərinə çox böyük məsuliyyət düşür. Ailələr texnoloji və iqtisadi inkişaflar və xüsusilə qloballaşmanın gətirdiyi yeniliklər və təhlükələrlə üz-üzədir. Milli və mənəvi dəyərlərimizi qurban verməməliyik. Yad təsirlər sevgini, hörməti, etibarı, ümumi mənafeni qısqanclığa, ikiüzlülüyə, xəyanətə, eqoizmə çevirir. Sədaqət, ədalət, məhəbbət və mərhəmət hissləri azaldıqca, insanların bir yerdə sakit, sülh, əmin-amanlıq və hörmət içində yaşamaları da problemə çevrilir. Bu isə boşanmaların sayının artmasına, ailə daxilində məişət və gender əsaslı zorakılığın artmasına, təkvalideynli ailələrin artmasına və digər ağır fəsadlara gətirib çıxarır. Bütün bunların fonunda Azərbaycanda da ailə institutunun möhkəmləndirilməsi, ailədaxili münasibətlərin tənzimlənməsi, daha da inkişaf etdirilməsi, qorunub saxlanılması gündəmdə dayanan əsas məsələlərdəndir. Bu gün cəmiyyətimiz layiqli, sosial-mənəvi inkişafını təmin edən, həyat strategiyasını gerçəkləşdirə bilən, fəal, güclü ailələrin formalaşmasında maraqlıdır.

Mən bu bayram ərəfəsində bir daha ailələrimizi təbrik edir, onların hər bir üzvünə möhkəm can sağlığı, firavanlıq, xoşbəxtlik, səadət dolu günlər, illər arzulayıram.