YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Zirvə görüşü göstərdi ki, Azərbaycan qlobal miqyasda koronavirus pandemiyasına qarşı həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə özünün mühüm töhfəsini verir

Müsahibimiz Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva

- Sevinc xanım, bildiyimiz kimi mayın 4-də Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə Zirvə görüşü keçirildi. Sizcə, Zirvə görüşünün əhəmiyyəti nədən ibarətdir?

- Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü keçirilməsi ilk növbədə dövlətimizin başçısının dünyada böyük nüfuza malik lider olmasının göstəricisidr.  Bilirsiniz ki, 2019-cu il oktyabr ayının 25-26-da Qoşulmama Hərəkatının Bakıda XVIII Zirvə görüşü zamanı təşkilata sədrlik Azərbaycana keçdi. Sədrliyi öz üzərinə götürərkən cənab Prezident İlham Əliyev bəyan etdi ki, Azərbaycan beynəlxalq arenada üzv ölkələrin maraqlarının müdafiə edilməsi üçün əməli addımlar atacaq, həmrəyliyin gücləndirilməsini və qarşılıqlı dəstəyi rəhbər tutacaq. Bu Zirvə görüşü də bir daha göstərdi ki, Azərbaycan Prezidentinin  sözü ilə əməli birdir. Azərbaycan Qoşulmama Hərəkatında sədrliyinə dair əhatəli Tədbirlər Planı hazırlayıb və praktiki fəaliyyətə başlayıb.

Prezident İlham Əliyev Zirvə görüşündə çıxışı zamanı bildirdi ki, koronavirus pandemiyası dünyada vəziyyəti tamamilə dəyişmiş və nəticədə yeni reallıqlar meydana çıxmışdır. Azərbaycan yeni vəziyyətə çevik və adekvat reaksiya verir. Azərbaycanın təşəbbüsü ilə keçirilən Qoşulmama Hərəkatının koronavirusa qarşı Təmas Qrupunun Zirvə görüşü bunu göstərir. Zirvə görüşündə Prezident İlham Əliyev əhatəli çıxış etdi və ölkəmizdə koronavirus pandemiyasına qarşı aparılan tədbirlər haqqında ətraflı məlumat verdi. Cənab Prezidentin qeyd etdiyi kimi, pandemiyanın dünyanı bürüdüyü indiki şəraitdə dünyanın əməkdaşlığa böyük ehtiyac var:  “COVID-19 qlobal pandemiyası bütün dünya dövlətlərinə mənfi təsir göstərir. Heç bir ölkə bundan sığortalanmayıb. Qarşılıqlı dəstək, özünə qapanmama və yalnız birgə səylərlə COVID-19-a qalib gələ bilərik”.

Dövlətimizin başçısı çox vacib bir təkliflə də çıxış etdi ki, qlobal həmrəyliyin nümunəsi kimi Qoşulmama Hərəkatının üzv ölkələri olaraq BMT Nizamnaməsində nəzərdə tutulan Baş Assambleyanın COVID-19 pandemiyasına həsr olunmuş dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyası keçirilsin. Bu çox mühüm məsələdir və Azərbaycan Prezidentinin qlobal çağırışlara çox çevik bir reaksiya verməsinin göstəricidir.

Onu da qeyd edim ki, Zirvə görüşündə BMT-nin Baş katibi Antonio Quterreş və Avropa İttifaqının ali nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti Cozef Borel videomüraciətlə çıxış etdilər. Hər iki şəxs pandemiya ilə mübarizədə Azərbaycan Prezidentinin bu təşəbbüsünü yüksək qiymətləndirdilər. Zirvə görüşündə həmçinin, BMT Baş Assambleyasının 74-cü sessiyasının prezidenti Ticani Məhəmməd-Bande, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru cənab Tedros Adhanom Qebreyesus, Afrika İttifaqı Komissiyasının sədri Musa Faki Mahamat və təşkilata üzv olan bir çox ölkələrin dövlət və hökumət başçıları çıxış edərək koronavirus pandemiyası ilə mübarizə yolları haqqında fikirlərini bildirdilər, bu mübarizədə əməkdaşlığın əhəmiyyətini vurğuladılar. Demək olar ki, bütün çıxışlarda Azərbaycan Prezidentinin təşəbbüsləri  yüksək qiymətləndirildi. Bu, bizim üçün qürurverici haldır.

Bütövlükdə, coğrafi təmsilçilik prinsipi əsasında Avropa, Asiya, Afrika və Latın Amerikasında yerləşən ölkələrin iştirakı ilə Təmas Qrupu formatında keçirilən Zirvə görüşü göstərdi ki, Azərbaycan nəinki milli səviyyədə COVID-19-la mübarizədə səmərəli tədbirlər görür, eyni zamanda, regional və qlobal miqyasda da koronavirusa qarşı həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə özünün mühüm  töhfəsini verir.

- Zirvə görüşünün yekununda birgə Bəyannamə qəbul olundu. Bəyannamədə əksini tapan məsələlərlə bağlı fikirlərinizi bilmək istərdik...

- Əlbəttə ki, birgə Bəyannamədə çox vacib məsələlər əksini tapır. Sənəddə bəşəriyyət üçün ciddi problem olan və birlik, həmrəylik və yenilənmiş çoxtərəfli əməkdaşlığa əsaslanmaqla qlobal reaksiya tələb edən COVID-19-un sürətlə yayılmasından ciddi narahatlıq ifadə edilir. Bu sənəd vasitəsilə Qoşulmama Hərəkatına üzv ölkələr pandemiyanın misli görünməmiş təsirlərini, o cümlədən cəmiyyətlərə və iqtisadiyyatlara, eləcə də qlobal səyahətə və ticarətə ciddi zərər verdiyini və insanların yaşayışına dağıdıcı təsirini tanıdıqlarını vurğulayıblar.

Bəyannamədə o da qeyd olunur ki, sədrlik tərəfindən mümkün dəstək və köməklik üçün bütün donor ölkələrə, beynəlxalq humanitar təşkilatlara, beynəlxalq maliyyə institutlarına,sosial məsuliyyət layihələri həyata keçirən transmilli özəl təsisatlara və başqalarına təqdim olunacaq Qoşulmama Hərəkatına  üzv dövlətlərin əsas humanitar, tibbi ehtiyac və tələbatlarını ehtiva edən məlumat bazasının işlənməsi məqsədilə Qoşulmama Hərəkatının İşçi Qrupunun yaradılması qərara alınıb.

Yeri gəlmişkən, qeyd edim ki, pandemiyaya qarşı mübarizədə ən çox yardıma ehtiyacı olan Qoşulmama Hərəkatı üzv dövlətlərini dəstəkləmək üçün Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına əlavə olaraq 5 milyon dollar ianə ayırır. Bu vəsait ölkəmizlə razılaşdırılmaqla ən çox yardıma ehtiyacı olan Afrika, Asiya və Latın Amerikası regional qruplarından olan üzv ölkələr üçün nəzərdə tutulur.

- Ümumiyyətlə, Qoşulmama Hərəkatının beynəlxalq müstəvidə rolu, eləcə də təşkilat çərçivəsində Azərbaycanın həyata keçirdiyi diplomatiyanın önəmi haqqında nə deyə bilərsiniz?

- Bilirsiniz ki, Qoşulmama Hərəkatı dünyada BMT-dən sonra ən böyük siyasi təsisatdır. Hazırda təşkilata 120 ölkə üzvdür və onlar heç bir hərbi və siyasi bloklarda iştirak etməyən, öz prioritetləri və gündəlikləri olan ölkələrdir.

Fəaliyyəti dövründə təşkilat mühüm qərarlar qəbul edib. Azərbaycan da bu quruma üzv olduqdan sonra onun işində fəal iştirak edir. Ölkəmiz üçün ən əlamətdar hadisələrdən biri ötən ilin oktyabr ayında Qoşulmama Hərəkatının XVIII Zirvə görüşünün Bakıda keçirilməsi və həmin tədbirdə Azərbaycanın üç il müddətində təşkilata sədr seçilməsidir. 

Dünya əhalisinin 55 faizdən çoxu bu hərəkata üzv olan ölkələrin vətəndaşlarıdır. Miqyas son dərəcə cəlbedicidir. Bu səbəbdən, Azərbaycanın bu cür nüfuzlu bir təsisatın sədri seçilməsi ikiqat qürurverici və məsuliyyətlidir. Azərbaycanın 3 il müddətinə bu təşkilata sədr seçilməsi, şübhəsiz ki, diplomatiyamızın növbəti qələbəsi oldu.

Qoşulmama Hərəkatı bizim üçün mövcud beynəlxalq əlaqələrimizin möhkəmləndirilməsi, habelə yeni ikitərəfli münasibətlərin qurulması və təbii ki, ilk növbədə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin reallıqlarının dünya ictimaiyyətinə çatdırılması baxımından bir növ siyasi arenadır. Qoşulmama Hərəkatının əsaslandığı, dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörməti, bir-birinin daxili işlərinə qarışmamağı ehtiva edən Bandunq prinsipləri Azərbaycanın xarici siyasət prinsipləri ilə üst-üstə düşür. Bakıda keçirilən Zirvə görüşünün Yekun Sənədinə  ilk dəfə olaraq çox mühüm yeni bənd daxil edildi. Bu bənddə dövlət və hökumət başçıları güc yolu ilə ərazilərin zəbt edilməsinin yolverilməzliyini vurğulayır və təsdiq edirlər ki, heç bir dövlət Azərbaycan Respublikasının ərazilərinin işğal edilməsi nəticəsində yaranmış vəziyyətin qanuniliyini tanımayacaq, bu ərazilərdə iqtisadi fəaliyyətlər də daxil olmaqla, bu cür vəziyyətin saxlanması üçün hər hansı kömək göstərməyəcək. Burada bilavasitə işğalçı ifadəsindən istifadə olunur. Bu, Ermənistanın 120 dünya dövləti tərəfindən işğalçı kimi tanınması deməkdir.

Göründüyü kimi, dünyada ikinci ən böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatı çərçivəsində Azərbaycan fəal siyasət həyaat keçirir. Bu, həm dövlət maraqlarımızın qorunması, həm də Azərbaycanın beynəlxalq miqyasda nüfuzunun daha da güclənməsi baxımından əhəmiyyətlidir.

- Sevinc xanım, hazırda ciddi müzakirə mövzularından biri də  postpandemiya dövrü ilə əlaqədardır. Dünya, o cümlədən ölkəmiz nə dərəcədə buna hazırdır?

- Bu məsələ dünya ictimaiyyətini düşündürür, bir çox ekspertlər müxtəlif fikirlər səsləndirirlər. O cümlədən, Azərbaycanda da postpandemiya dövrü ilə bağlı müəyyən düşüncələr var.

Həqiqətən də, koronavirus pandemiyası bütün dünya üçün bir sınaqdır. Bu sınaqdan uğurla çıxmaq və ondan sonrakı mərhələdə görüləcək işlər dövlətlərin və xalqların qarşısında dayanan bir çağırışdır.

Hesab edirəm ki, Azərbaycan hər zaman olduğu kimi bu sınaqdan da şərəflə çıxacaq. Prezident İlham Əliyevin həyata keçirdiyi genişmiqyaslı islahatlar Azərbaycanın postpandemiya dövrünə hazır olduğunu deməyə əsas verir.