YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

«Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyası Azərbaycanın sürətli inkişafının aydın proqnozlaşdırılmış mənzərəsidir

Müsahibimiz Milli Məclisin iqtisadi siyasət komitəsinin üzvü, iqtisad elmləri doktoru Ayaz Orucov

- Ayaz müəllim,  bu günlərdə  Nazirlər Kabinetinin  2014-cü ilin  doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə  həsr olunmuş müşavirəsi keçirildi. Dövlət başçısı İlham Əliyevin rəqəmlərə söykənərək diqqətə çatdırdığı uğurlar bir reallığı ortaya qoydu ki, cari il də ölkəmiz üçün uğurlu mərhələ  kimi tarixə düşəcək. Uğurlara yol açan amilləri necə şərh edərdiniz?

- Öncə inkarolunmaz bir faktı qeyd etmək istərdim ki,  Azərbaycan  əlverişli biznes mühiti olan  islahatlar ölkəsidir. Möhtərəm Prezidentimiz İlham Əliyev  Nazirlər Kabinetinin  2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirəsində də bu reallığı bir daha faktlar əsasında diqqətə çatdırdı.  Bildirildi ki,  doqquz ayın nəticələri onu göstərir ki,  bu il də tarixdə  uğurlu il kimi qalacaq. Bu da təbiidir. Çünki son illərdə aparılan islahatlar, irəli sürülən təşəbbüslər ölkəmizin dinamik inkişafını təmin etmişdir. Təkcə cari ilin doqquz ayının sosial-iqtisadi göstəricilərinə diqqət yetirək.  Ümumi daxili məhsul 2,5 faiz,  qeyri-neft sektoru 6 faiz artıb.  Ölkə iqtisadiyyatına 19 milyard dollar sərmayə qoyulub. Valyuta ehtiyatlarımız 53 milyard dollar təşkil edir. Cari ilin ötən dövründə yüz mindən artıq  yeni iş yeri açılıb ki,  onlardan 80 mini daimi iş yeridir. İşsizliyin səviyyəsi 5, yoxsulluğun səviyyəsi 5,3 faiz təşkil edir.  Əhalinin pul gəlirləri cari ilin ötən dövründə 5,4 faiz artıb.  
Dövlət Proqramlarının həyata keçirilməsi ilə  ölkədə  əsaslı islahatların aparılması,  ən mühüm infrastruktur layihələrinin tətbiqi nəticəsində özəl bölmənin formalaşdırılması və  təkmilləşdiriləsi istiqamətində kompleks tədbirlərin həlli ilə  əhəmiyyətli  uğurlar qazanılıb. On ildə ÜDM 3 dəfədən çox artan  ölkə iqtisadiyyatında  85 faiz paya sahib  qeyri-neft sektorunun cari ilin ötən dövründə 6 faiz  inkişafı yaradılan biznes mühinin, şəffaflığın təsdiqi, dövlətin iş adamlarına  dəstəyinin  ifadəsidir. Belə ki, ötən dövrlərdə   sahibkarlığın inkişafına  dövlət dəstəyi hər il   daha da gücləndirilmiş, iş adamlarının hüquqlarının qorunması üçün qanunvericilikdə  dəyişikliklər aparılmış,   bizneslə məşğul olanların sərbəst fəaliyyəti üçün qeyri-qanuni,  lüzumsuz yoxlamaların, müdaxilələrin qarşısı alınmışdır.   Digər sahələrdə olduğu kimi, aqrar sahənin inkişafı da diqqətdə saxlanılmış, fermer təsərrüfatlarının, taxılçılığın və heyvandarlığın inkişaf etdirilməsi prioritet vəzifəyə çevrilmişdir. «Son 10 il ərzində  sahibkarlığın inkişafına çox böyük diqqət  göstərmişik. Xüsusilə  sahibkarların ölkə iqtisadiyyatına  sərmayə qoyuluşunu təmin etmək üçün dövlət tərəfindən konkret proqramlar icra olunmuşdur, maliyyə resursları cəlb edilmişdir», söyləyən möhtərəm Prezident İlham Əliyevin vurğuladığı kimi, bu müddətdə   Sahibkarlığa Kömək Milli Fondu hesabına iş  adamlarına güzəştli şərtlərlə  kreditlər verilmişdir. Son 10 ildə  xüsusilə bölgələrdə  istifadəyə verilən 1200-dən artıq obyektin açılışında iştirak edən dövlət başçısının başlıca tələbi daxili bazarı  yerli məhsullar hesabına təmin etməklə Azərbaycan markası ilə məşhur olan məhsulların xarici ölkələrdə  tanıdılmasıdır. Hər il sahibkarlara verilən 300 milyon manat həcmində güzəştli kreditin 2018-ci ilədək  1,5 milyard manata çatdırılması nəzərdə tutulur. Bəllidir ki, yerli istehsalın gücləndirilməsi, idxaldan asılılığımızı azaltmaqla ixracyönümlü  məhsulların çeşidinin artırılmasını da şərtləndirir.
Qazanılan  uğurlar gələcək inkişafın təməli kimi dəyərləndirilir. Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında  açıqlanan rəqəmlər sevindirici olmaqla düşünülmüş siyasətin uğuru və təntənəsidir. İslahatların məntiqi nəticəsi kimi  dəyərləndirilən inkişafımızı statistik rəqəmlərlə açıqlayan cənab İlham Əliyevin  vurğuladığı kimi bu dövrü əhatə edən iqtisadi göstəricilərimiz çox müsbətdir. Hər ölkənin gələcəyə təminatının,  qüdrətinin, iqtisadi inkişafının və əhalinin sosial müdafiəsinin barometri olan inflyasiya Azərbaycanda  1,5 faiz təşkil edir.  Davamlı   diqqət yetirilən əməkhaqqı siyasətinə uyğun maaşlar, pensiyalar ildən-ilə artırılır, sovet vaxtından qalmış əmanətlər kompensasiya şəklində, MDB-də ən böyük əmsalla, ən qısa müddət ərzində insanlara qaytarılmışdır. Bütün bu amillərə baxmayaraq, inflyasiya cəmi 1,5 faizdir. Prezident İlham Əliyevin vurğuladığı kimi,  bu dinamika Azərbaycanın xarici ticarət əlaqələrinə də müsbət təsir edir.
Zamanın çağırışına  uyğun hədəflər davamlı inkişafa stimul verir. Uzunmüddətli məşğulluq konsepsiyasının hazırlanması,  sənayeləşmə və kənd təsərrüfatı, yüksək texnologiyalar və s. digər sahələrin sürətli inkişafı ilə işsizliyin aradan qaldırılması, 2018-ci ilədək infrastruktur və sosial layihələrin tam həllinə nail olmaq mühüm vəzifələr sırasındadır. Kredit reytinqlərinin artırılmasından da aydın olur ki, respublikamızda maliyyə vəziyyəti  sabitdir, zəngin maliyyə potensialı mövcuddur. Dünya miqyasında adambaşına düşən valyuta ehtiyatlarına görə Azərbaycan aparıcı, yəni, ən qabaqcıl yerlərdədir. Xarici iş adamları  Azərbaycanda yaranan əlverişli biznes mühitindən razılıq edirlər. 2020-ci ildə iqtisadi və siyasi cəhətdən inkişaf etmiş, bütün sahələrdə rəqabət qabiliyyətli ölkə olan Azərbaycanın ən ucqar kəndlərində belə, vətəndaşların rahat, gündəlik həyatı üçün lazımi bütün şərait yaradılacaq, səhiyyə və təhsil xidmətləri təmin ediləcəkdir. Azərbaycan əhalisinin gəlirlərinin davamlı artımı, işsizlik səviyyəsinin minimum həddə olduğu, yüksək dərəcədə inkişaf etmiş insan kapitalına, mühafizə edilmiş, sağlam ətraf mühitə və hər bir vətəndaşı üçün geniş imkanlara malik məkan olacaqdır. Adambaşına düşən ÜDM-in həcmi iki dəfədən çox artaraq 13000  dollara çatdırılacaq. 2020-ci ildə Azərbaycanın Dünya Bankının adambaşına düşən Ümumi Milli Gəlir təsnifatına görə «yuxarı orta gəlirli ölkələr» arasında və BMT İnkişaf Proqramının İnsan İnkişafı ilə bağlı təsnifatına əsasən “yüksək insan inkişafı” ölkələri qrupunda  ilk sıralarda yer almaq da niyyətlərdəndir.
Göstərilən məqsədə çatmaq üçün bazar iqtisadiyyatı şəraitində sağlam rəqabəti təmin edən səmərəli dövlət tənzimlənməsi, enerjidən səmərəli istifadə  və yüksək əlavə dəyər yaradan ixracyönümlü iqtisadiyyata transformasiya və sosial-iqtisadi sahələrin inkişafına kompleks yanaşma prinsipləri əsas götürüləcək. Konsepsiya çərçivəsində ölkədə məhsuldarlığa əsaslanan iqtisadiyyata nail olunacaq. İqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması makroiqtisadi sabitliyin qorunması,  biznes mühitinin yaxşılaşdırılması və özəl təşəbbüsün dəstəklənməsi, maliyyə xidmətləri bazarının inkişaf etdirilməsi, xarici ticarət və investisiya siyasətinin təkmilləşdirilməsi kimi istiqamətlərə diqqət artırılacaq. Gələcəkdə də  inflyasiyanın məqbul səviyyədə saxlanılması, daha çevik məzənnə rejiminə tədrici keçidin təmin olunması nəzərdə tutulur. Yəni qarşıdakı illərdə də  beynəlxalq reytinq agentliklərinin Azərbaycanla bağlı  rəyləri məqbul,  ürəkaçan olacaq. Bunun üçün etibarlı baza, zəngin potensial,  dövlət siyasətinin başlıca istiqaməti olan insan amilinə  diqqət və qayğı, iqtidar –xalq birliyi və  həmrəyliyi mövcuddur. Kosmik sənayeyə malik Azərbaycan  eyni zamanda  özünə məxsus brendi «ASAN xidmət»i ilə də  seçilir. Ölkəmizdə  həyata keçirilən bütün islahatların mərkəzində insan amili dayanır və bu istiqmətə yönəldilir. Nəticədə isə beynəlxalq sahədə artan nufuzumuza yeni  dəyərələr əlavə olunur.  

- Müşavirədə bu fikir xüsusi vurğulandı ki, iqtisadiyyatın şaxələndirilməsi qarşıdakı illərdə də prioritet məsələ olacaq...

- Təbii ki, dinamik inkişaf mərhələsində olan Azərbaycanın əsas hədəfi çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, şaxələndirilməsi, əhalinin rifahının  beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılmasıdır.  Planlı iqtisadiyyatı əvəz edən bazar iqtisadiyyatı institutlarının yaradılması və sahibkar təşəbbüskarlığına söykənən müasir modelin bərqərar olması,  sosial infrastrukturun təkmilləşdirilməsi ölkəmizin gələcək inkişafı üçün geniş imkanlar açıb. Aparılan düzgün siyasət nəticəsində  Azərbaycanda makroiqtisadi sabitliyə, dinamik iqtisadi artıma nail olunub, yoxsulluğun azaldılmasında və əhalinin sosial rifahının yüksəldilməsində ciddi uğurlar qazanılıb.  Qəbul edilən Dövlət Proqramları bu məqsədlərə yüksək səviyyədə nail olmağa yol açır. Regional inkişaf proqramlarının uğurlu nəticələri göz qabağındadır. Artıq regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramının icrasına başlanılıb. Möhtərəm Prezidentimiz İlham Əliyev bu əminliyi ifadə edir ki, üçüncü proqram da uğurlu başa çatacaq və həlli vacib  məsələlər öz həllini tapacaq. Uğurlu nəticələr  Azərbaycanın dünyaya özünün inkişaf modelini təqdim etdiyini deməyə əsas verir və qısa zaman kəsiyində ölkəmizdə sözün əsl mənasında inqlabi yeniləşməyə və tərəqiyyə nail olunub.
Prezident İlham Əliyevin vurğuladığı kimi 2013-2020-ci illəri əhatə edəcək bu mərhələdə Azərbaycanın hədəfi inkişaf etmiş ölkələrlə eyni sırada addımlamaq, qeyri-neft sektorunun hərtərəfli inkişafına nail olmaqdır. 
Regionda liderlik səviyyəsinə yüksələrək beynəlxalq mövqelərini daha da gücləndirən, enerji təhlükəsizliyi sahəsində həlledici söz sahibi olan, Asiya və Avropa arasında strateji nəqliyyat dəhlizinə çevrilən Azərbaycanda  aparılan islahatlar uğurla nəticələnir. Yaxın 10 il üçün müəyyən edilmiş prioritet isə Azərbaycanın  milli iqtisadiyyatını dünya iqtisadi sisteminin ayrılmaz tərkibinə çevirməkdir. Bunun üçün möhkəm təməl formalaşıb. 
Göründüyü kimi, bütün sahələr üzrə qəbul edilmiş proqramlar həyata keçirilir və Azərbaycanda artıq yeni mərhələdə kəmiyyət dəyişikliklərindən keyfiyyət dəyişikliklərinə keçid başlayıb. Dövlət Proqramları, «Azərbaycan 2020: gələcəyə baxış»  İnkişaf Konsepsiyası bu yeni mərhələnin aydın proqnozlaşdırılmış mənzərəsini ortaya qoyur. 
İqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun gücləndirilməsi hesabına davamlı və sabit iqtisadi inkişafa nail olunması, ÜDM-nin və dövlət  büdcəsinin formalaşmasında təbii ehtiyatlar amilinin azaldılması, bütün bölgələrin sosial-iqtisadi vəziyyətinin müasir tələblər səviyyəsinə çatdırılması, ölkə iqtisadiyyatının rəqabət qabiliyyətliliyinin yüksəldilməsi və milli məhsulların dünya bazarlarına ixrac imkanlarının artırılması, əhalinin etibarlı sosial müdafiəsinin təşkili və maddi-mənəvi rifah halının durmadan yaxşılaşdırılması, yoxsulluq səviyyəsinin və işsizliyin minimuma endirilməsi, orta təbəqənin hər vasitə ilə genişləndirilməsi və cəmiyyət həyatında rolunun artırılması başlıca perspektivlərdəndir. Dövlət başçısı cənab İlham Əliyev dəfələrlə öz çıxışında hökumətin sahibkarlıq subyektlərinə dəstək olduğunu bildirərək iş adamlarına üzləşdikləri problemlərlə bağlı müvafiq instansiyalara məlumat vermələrini tövsiyə edib: «Mən çox şadam ki, Azərbaycanda özəl sektor inkişaf edir. Yerli sahibkarlar Azərbaycan iqtisadiyyatına sərmayə qoyurlar. O sahələrə ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafında mühüm rol oynayır. O sahələrə ki, hələ biz idxaldan asılıyıq. Eyni zamanda, çox şadam ki, Azərbaycanda məhz müasir sənaye müəssisələri yaradılır. Bu müəssisələr bundan sonra uzun illər ərzində Azərbaycan iqtisadiyyatının inkişafına xidmət edəcək. Ümumilikdə isə biz iqtisadiyyatımızın şaxələndirilməsi işində müsbət nailiyyətlərə çatmışıq.» Qarşıya qoyulan məqsəd isə   gələcək illərdə bu müsbət meyilləri daha da gücləndirmək, ölkədə müasir sənaye komplekslərinin sayını  artırmaq, aqrar və emal  sahəsinin inkişafı ilə bağlı əlavə addımlar atmaqdır.
Yoxsulluğun azaldılması və əhəalinin məşğulluq səviyyəsinin artırılmasında başlıca amil olan özəl bölməyə, sahibkarlara dövlət  dəstəyinin davamlı olmasını siyasi, iqtisadi və  maliyyə baxımından əhəmiyyətli hesab edən Prezident İlham Əliyevin vurğuladığı kimi, sahibkarlar ölkəmizin iqtisadiyyatına sərmayə qoymaqla  öz imkanlarını genişləndirir, eyni zamanda, ümumi  inkişafımıza xidmət etmiş olurlar. Gələcək illərdə isə özəl bölməni əhatə edən çox güclü emal sənayesi sektoru yaradılacaq. Bununla bərabər, sağlam rəqabət ölkə əhalisini narahat edən, idxalda və yerli  istehsalda özünü göstərən inhisarçılıq hallarını aradan qaldıracaq. Sağlam rəqabət isə  biznes mühitinin şəffaflaşdırılması üçün ən vacib amillərdəndir. Tam məsuliyyətlə  demək olar ki, Azərbaycanda azad sahibkarlıq üçün kifayət qədər münbit şərait yaradılıb.
Bütün bunlar o deməkdir ki, dövlət sahibkarlığın inkişafında maraqlıdır və bu sahəyə böyük önəm verir.

- XXI əsrin çağırışı olan  bazar iqtisadiyyatı  sistemində sağlam rəqabətin  təmin edilməsi istiqamətində atılan  addımlara nəzər yetirmənizi istərdik...  

- Bu faktı qeyd etmək istərdim ki, 1993-cü ildən başlayaraq həyata keçirilən islahatlar  2000-ci illərdə daha da sürətləndi, istiqamətləri kimi  coğrafiyası da genişləndi. Sovet dövründən miras qalmış inzibati amirlik üsul-idarəsi yeni rəqabət münasibətləri- bazar iqtisadiyyatı ilə əvəz olundu. Azərbaycanın zəngin karbohidrogen ehtiyatlarının xalqın mənafeyi naminə  istifadəsi üçün imkanları artıran « Əsrin müqaviləsi»nin imzalanması ilə  investisiya mühitinin yaradılması istiqamətində önəmli addımlar atıldı. Dünyanın ən iri neft şirkətlərinin Azərbaycanla əməkdaşlıqda maraqlı olması, neft müqaviləsinin imzalanması ölkəmizin təbii resurslarının geniş şəkildə  hasilatına və ixracına imkan yaratmaqla  respublika iqtisadiyyatının strateji prioritetlərini müəyyənləşdirdi. Nəzərdə tutulduğu müddətdə başa çatdırılan Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin  istifadəyə verilməsi ilə artan neft gəlirlərin bazar iqtisadiyyatının əsas tələb və şərtlərindən olan qeyri-neft sektoruna yönəldilməsi ilə  özəl bölmənin inkişafı təmin olundu.  Azərbaycanın bütün alternativ enerji layihələrində iştirakını  ölkənin inkişafı, bölgədə sabitliyin təminatı, dövlətlərarası əməkdaşlığın  möhkəmlənməsi prizmasından dəyərləndirən Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan   BTC, BTƏ neft -qaz kəmərlərinin  Transanadolu, «Cənub qaz dəhlizi», AGRİ kimi ardıcıllarının reallaşmasını hər zaman dəstəkləyir. Avropanın enerji təhlükəsizliyinin təminatına diqqət yetirən qitə dövlətlərinin  enerjiyə tələbatının ödənilməsi üçün Xəzər bölgəsində hasilat, tranzit baxımından ən əlverişli coğrafi məkanda yerləşən Azərbaycanla əməkdaşlıqda maraqlı olması da təsadüfi deyil.  Enerji layihələrinin  ölkələrarası  əməkdaşlıqda mühüm vasitə olduğunu bütün enerji sammitlərində , zirvə toplantılarında  dəfələrlə  vurğulayan Prezident İlham Əliyev  bildirir ki, qarşılıqlı əməkdaşlığa, maraqlara xidmət edən bütün layihələrə inamla yanaşan  Azərbaycan  hər zaman etibarlı tərəfdaş statusunu əməli işi ilə doğruldur.  40-50 illik bir dövrü əhatə edəcək  Transanadolu kimi sazişin imzalanması, Türkiyədə «Star» neft emalı zavadunun inşası ARDNŞ-in sahiblik etdyi «Petkim» kimi nəhəng neft-kimya  müəssisəsinin  istehsal imkanlarının və gəlirlərinin artması,  Azərbaycan qazını Avropaya çıxaracaq marşrutların alternativ variantları ətrafında müzakirələrin aktuallaşması ölkəmizin dünya birliyində artan və möhkəmlənən mövqeyinin ifadəsidir. Bir mühüm addımı da qeyd etmək istərdim ki, «Əsrin müqaviləsi»nin 20 illiyində «Cənub» qaz dəhlizinin təməlinin qoyulması Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatında rolunu daha da artıracaq.   Etibarlı  tərəfdaş olan ölkəmiz neft-qaz sahəsində qlobal   əhəmiyyət daşıdığı üçün xarici bazarlara çıxış imkanları da  artır. Qlobal layihələrin həllində iqtisadi, siyasi gücü artan Azərbaycanın  maliyyə resursları çoxaldıqca  dünya maliyyə bazarında  iştirakı da aktuallaşır. Artıq  respublikamızda bütün istiqamətlər üzrə həlli vacib proqramlar   daxili imkanlar hesabına həyata keçirilir. Dövlət büdcəsi 25 milyard, valyuta ehtiyatları   53 milyard dolları ötən respublikamızda potensial və resurslardan səmərəli istifadəyə xüsusi diqqətlə yanaşılır. «Ümumiyyətlə gələcəkdə böyük valyuta ehtiyatlarımızın idarə edilməsi və ölkə maraqlarına daha çox diqqət göstərilməsi işində çevik siyasət aparılmalıdır», söyləyən Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycanın artıq donor ölkə kimi sərmayə yatırmaq imkanları istənilən səviyyədədir. 
Bu sadalanan uğurlar qazandığımız nailiyyətlərin yalnız kiçik bir hissəsidir. 
Qloballaşma dövründə Azərbaycanın qarşısında duran əsas vəzifə dünya ölkələrinin inkişaf prosesində  iştirak etmək, ənənəvi iqtisadiyyatdan «bilik iqtisadiyyatına» keçidin əsaslarını qoymaqdır. Azərbaycanlı gənclərin xarici ölkələrdə  təhsilini davam etdirməsi üçün həyata keçirilən Dövlət Proqramının tətbiqi ilə bu prosesisin təməli qoyulub. Azərbaycan  İKT tətbiqinə, geniş zolaqlı, azad internetin təşkilinə görə MDB-də lider ölkədir. 
Sənayeləşmə istiqamətində önəmli islahatların aparıldığı  ölkəmizdə  bütün proseslərin elektronlaşdırılması üçün əhəmiyyətli Dövlət Proqramı həyata keçirilir. İKT və rabitə  xidmətlərindən istifadə imkanlarının genişləndirilməsi,  İKT-nın inkişaf etdirilməsi  istiqamətində etibarlı  təhlükəsizlik sisteminin yaradılması, milli standartların formalaşdırılıması, ölkə daxilində rəqəmsal yayımın, «elektron hökumət» xidmətlərinin 100 faiz tətbiqi Azərbaycanın müasir dövlət kimi  formalaşmasının əsas prioritetləri kim diqqətdə saxlanılacaq.
Bəllidir ki, növbəti dövr dünya iqtisadiyatının əsas mərkəzləri arasında tarazlığın dəyişməsi və bununla əlaqədar yenidən qurulması, regional iqtisadi ittifaqların rolunun güclənməsi ilə səciyyələnənəcək. Azərbaycan inkişaf etməkdə olan ölkələr sırasına daxil olduğundan göstərilən məqsədə çatmaq üçün bazar iqtisadiyyatı şəraitində  sağlam rəqabəti təmin edən səmərəli dövlət tənzimlənməsi, enerjidən səmərəli istifadə və yüksək əlavə dəyər yaradan ixracyönümlü iqtisadiyyata,  trasformasiya və sosial iqtisadi sahələrin inkişafına  kompleks yanaşma prinsipləri ölkəmizdə də  əsas prinsiplər kimi  götürüləcək. Təcrübə göstərir ki, belə bir sistem yalnız sahibkar təşəbbüsünə və sərbəst rəqabətə  əsaslanan bazar münasibətləri şəraitində mümkündür.  Gələcəyə daim nikbin baxan dövlət başçımız eyni zamanda vurğulayır ki,  vəsaitlərdən qənaətlə istifadə etməli, büdcəmizi elə formalaşdırmalıyıq ki, Azərbaycanda valyuta ehtiyatları daim artsın. Çünki bu   iqtisadi və siyasi təhlükəsizlik baxımından daha önəmlidir: «Gələcək nəsillər üçün elə güclü iqtisadiyyat qurub qoymalıyıq ki, Azərbaycanın gələcək inkişafı ilə bağlı heç bir problemi olmasın. Ona görə maliyyə sahəsində düşünülmüş, ölçülüb-biçilmiş addımlar və vəsaitdən qənaətlə istifadə etməyimiz strateji xarakter daşıyır.»    İnkişaf Konsepsiyanın qəbulunda  əsas məqsəd bu göstəriciləri daha böyük rəqəmlərlə ifadə etmək,  sosial-iqtisadi sahədə  titanik inkişafı gerçəkləşdirməkdir. Qeyri-neft sənayesinin inkişaf etdirilməsi məqsədilə ölkənin malik olduğu təbii və  iqtisadi resursların təsərrüfat dövriyyəsinə cəlbinə diqqət artırılacaq.

- Ayaz müəllim, Azərbaycanın dünya iqtisadi birliyində nüfuzunun artmasını necə dəyərləndirirsiniz?

- İqtisadi inkişaf dinamikasına görə  Azərbaycanı dünya iqtisadiyyatının ayrılmaz parçası adlandıran Prezident İlham Əliyevin vurğuladığı kimi mötəbər beynəlxalq maliyyə qurumları öz proqnozlarını müəyyən edərkən, Azərbaycanın bundan sonrakı  uzun illər ərzində uğurlu inkişafını qeyd edirlər. Möhtərəm Prezidentimiz bildirir: «Bizim islahatlarımız, eyni zamanda, müxtəlif qurumların reytinqlərində də özünü göstərir. Dünyanın aparıcı reytinq agentlikləri bizim kredit reytinqlərimizi artırırlar. Bu gün xarici maliyyə bazarlarından kredit resurslarının cəlb edilməsi üçün bizdə heç bir problem yoxdur. Əksinə, biz bu məsələyə bir qədər təmkinlə yanaşırıq. Çünki hesab edirik ki, daha çox daxili imkanlardan istifadə etməliyik. 
Hesab edirəm ki, gənc müstəqil ölkə üçün bu, çox böyük göstəricidir.» Davos Dünya İqtisadi Forumunun növbəti  « Dünya ticarətinə cəlb  edilmə -2014» hesabatına görə  ölkəmizin irəliləyərək 138 dövlət arasında   77-ci pillədə yerləşməsi ölkəmizdə yaranan sağlam biznes mühitinin və  investisiya cəlbediciliyinin daha bir təsdiqi idi. «Daxili bazara çıxış», «Sərhəddə inzibati idarəetmə», «İşgüzar mühit», « Nəqliyyat və kommunal infrastruktur» kimi dörd əsasda tərtib olunan hesabatda qeyd olunduğu kimi Azərbaycan bir çox   nominasiyalar üzrə irəliləyib. «Standart & Poors»   kredit reytinqləri xidmətinin Azərbaycanın uzunmüdətli və qısamüddətli suveren kredit reytinqini   «Sabit»  proqnozla  təsdiqləməsi dövlətin  düşünülmüş siyasətinin, dinamik inkişafın nəticəsidir. «Standart & Poors»un qiymətləndirmə  prinsipində bu amil  ölkə iqtisadiyyatının ümumi mənzərəsinə təsir edən amil kimi dəyərləndirilir. Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan «Doing Business»” hesabatlarında Azərbaycan mövqeyini yaxşılaşdırmış, Dünya İqtisadi Forumunun «Qlobal Rəqabətlilik Hesabatı»”nda Müstəqil Dövlətlər Birliyi və region ölkələri arasında lider mövqeyinə yüksəlmişdir.
İllərdən bəridir ki,  dünya təcrübəsində analoqu olmayan  « bir pəncərə» sisteminin tətbiqi ilə ölkədə biznes mühitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən layihələrinin əhəmiyyətinə görə  islahatçı ölkə    kimi elan olunan Azərbaycan  beynəlxalq səviyyədə  daha bir uğur qazanmışdır. Azərbaycanda əlverişli investisiya və biznes  mühitinin olması beynəlxalq miqyasda da xüsusilə qeyd edilir və aparıcı dünya təşkilatlarının hazırladıqları hesabatlarda bu amil daim ön plana çəkilir.  Azərbaycan  bu günlərdə açıqlanan Dünya İqtisadi Forumunun   «Qlobal rəqabətqabiliyyətlik hesabatı 2014-2015”»  adlı hesabatında daha bir pillə irəliləyərək 144 ölkə arasında 38-ci yerə yüksəlib. Hesabata əsasən, biznesin qeydiyyatı üçün lazım olan prosedurların sayına görə Azərbaycan 10-cu, biznesin qeydiyyatı üçün tələb olunan vaxta görə 36-cıdır. ÜDM-in həcminə görə ölkəmiz 70-ci pillədə, inflyasiya səviyyəsinə görə birinci yerdədir. Hesabatda həmçinin qeyd edilir ki, Azərbaycan makroiqtisadi sabitlik göstəriciləri üzrə 9-cu, biznesə dəstək üzrə 80-ci, əmək  bazarının effektliyi üzrə 33-cü, infrastrukturun inkişafı üzrə 70-ci, ali təhsil üzrə 90-cı, maliyyə bazarının inkişafı üzrə 89-cudur. Habelə ölkəmiz avtomobil yollarının keyfiyyətinə görə  69-cu, dəmir yolu infrastrukturunun keyfiyyətinə görə 37-ci, hava yolları infrastrukturunun keyfiyyəti üzrə 44-cü yerdə qərarlaşıb. Rəqabətə davamlılılıq indeksinə görə  Azərbaycan artıq altı ildir ki,  MDB ölkələri arasında liderliyini qoruyur. Ümumdünya İqtisadi Forumunun açıqlanan yeni hesabatında da  ölkəmizin  inkşaf dinamikası başqa  respublikalarla müqayisədə aydın  görünür. Hesabatda  qeyd olundğu kimi  rəqabətə davamlılıq indeksinə görə  Qazxıstan 50-ci,  Rusiya 51-ci,  Gürcüstan 69-cu Ukrayna 76-cı, Ermənistan isə 85-ci yerdədirlər. 
Uğurlu sosial-iqtisadi islahatlar Azərbaycanın qarşıdakı illərdə də  öz liderliyini qoruyacağına əsas verir.