MÜSAHİBƏLƏR
Əminəm ki, yeni formalaşacaq parlamentdə qarşıda duran strateji məsələlərin həllinə tutarlı münasibət bildirən şəxslər təmsil olunacaq
- 9 Fevral 2020-ci ildə keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı proseslər hələ də davam etməkdədir. Bu prosesləri necə qiymətləndirirsiniz?
- Bu seçkilər digərlərindən kifayət qədər fərqli idi. Birinci dəfə idi ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilirdi. Seçki prosesi dedikdə, burada həm iştirakçıların sayı, həm ictimai-siyasi mühit, həm qanunvericilik hər bir vətəndaşın öz namizədliyini irəli sürməsi üçün yaradılan demokratik şərait bütövlükdə ehtiva olunur. Şərtlər yüngül formada idi. Belə ki, əvvəllər namizədlərdən qeydiyyata düşmək üçün 2000 imza tələb olunurdusa, bu dəfə bu say 450-ə endirilmiş, partiyaların namizədlər irəli sürə bilməsi və onların təbliğat-təşviqatı ilə məşğul olması, azad, ədalətli, demokratik seçkilərin keçirilməsi üçün tam münbit şərait yaradılmışdı. Eyni zamanda bu, referendumdan sonra Azərbaycanda ilk parlament seçkiləri idi. Burada yaş həddində də fərq var idi. Əvvəllər sadəcə 25 yaşı tamam olan şəxslər namizədliyini irəli sürə bilirdisə, burada artəq yaş həddi aradan götürülmüşdü. Çoxpartiyalı sistem daha da inkişaf etmiş, 20-yə yaxın siyasi partiyanın nümayəndəsi namizəd kimi təmsil olunmuşdur. Ümumilikdə, seçkidə iştirak edən namizədlərin sayı 2000-i ötmüşdü. Qeydiyyat prosesindən istər siyasi partiyalar, istərsə də namizədlər tərəfindən hər hansı şikayət yox idi. Kim müraciət etmişdisə, o insanlara imza vərəqələri verildi, imza vərəqələrini doldurub müvafiq sənədlərlə birgə təqdim edən şəxslər də qeydiyyata alındı. Azad və hər bir şəxs üçün bərabər şəraitdə mübarizə aparmaq üçün şərait yaradıldı. Hər bir şəxs qanunla icazə verilən məkanlarda istənilən sayda seçici ilə görüşmək, eyni zamanda qapı-qapı təşviqat aparmaq hüququna malik idi. İndiyə qədər seçicilərlə görüşlərə kiminsə müdaxilə olması ilə bağlı narazılığa rast gəlmədim. Azərbaycan İKT səviyyəsi baxımından həm dünyanın, həm də Avropanın inkişaf etmiş ölkələrindən biridir. Ölkəmizdə hər bir vətəndaş internet resurslarından istifadə etməyi bacarır. Əvvəlcə irad tutulurdu ki, namizədlərə televiziyada vaxt verilsin. İndi isə televiziyaya ehtiyac yoxdur. Kifayət qədər internet televiziyaları və internet resursları vasitəsilə öz platformasını insanlara təqdim edə bilərdi. Azərbaycanın hər bir ucqar kəndində intermet var. Bu baxımdan da namizədlərin öz təbliğatını aparmaq üçün həm zaman, həm də resurslar baxımından geniş imkanları var idi. Nəticədə də namizədlər arasındakı gərgin mübarizənin hamımız şahidi olduq.
- Növbədənkənar parlament seçkilərinin keçirilməsi hansı zərurətdən irəli gəldi?
- Bununla bağlı YAP Siyasi Şurasının qərarı var və bu qərar parlament üzvləri tərəfindən də dəstəkləndi. Partiyanın 68 nəfər deputatı fəaliyyət göstərirdi. Onların təşəbbüsünə Milli Məclisin digər üzvləri də səs verdilər. Seçki zərurətinin əsas motivi ondan ibarətdir ki, ölkədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən xüsusilə də, 2018-ci ildə keçirilən prezident seçkilərindən sonra demək olar ki, bütün strukturlarda çox ciddi və çoxşaxəli islahatlar gedir. İstər Nazirlər Kabinetində, istər nazirliklərdə, istər Prezident Aparatında və məhkəmə hakimiyyətində, istərsə də ayrı-ayrı strukturlarda bu islahatların şahidi olduq. Bu islahatların daha da sürətlənməsi və geniş vüsət alması üçün parlament də bu prosesə öz töhfəsini verməli idi. Seçkinin yekun nəticələri Mərkəzi Seçki komissiyası tərəfindən hələlik təsdiq olunmasa da, indidən demək olar ki, lider namizədlər arasında kifayət qədər istedadlı, bacarıqlı, təhsilli, Azərbaycanı təmsil edə biləcək şəxslər var. Azərbaycanı təkcə ölkənin daxilində deyil, eyni zamanda beynəlxalq platformalarda da təmsilçilik məsələsinə geniş önəm verilir. Çünki Azərbaycana qarşı beynəlxalq təşkilatlar tərəfindən çox böyük ədalətsiz addımlar atılır. Artıq hər dəfə bunun şahidi oluruq. Azərbaycanın inkişafını gözü götürməyən qüvvələr, sapı özümüzdən olan baltalar və digərləri Azərbaycan əleyhinə təbliğat aparmaqla məşğuldurlar. Bu baxımdan istər Avropa Şurası, istər ATƏT, istər NATO, istərsə də Qara Dəniz Parlament Assembleyasında kifayət qədər bacarıqlı, qabiliyyətli, Azərbaycan xalqını təmsil edə biləcək insanlar tələb olunur ki, həmin şəxslər yeni düşüncə, baxış və proseslərə müasir yanaşma tərzi ilə fərqlənərək qarşıda duran strateji məsələlərə tutarlı münasibət bildirsinlər. əminəm ki, yeni formalaşacaq parlamentdə də bu cür şəxslər təmsil olunacaq.
- Bəziləri buraxılmış parlamentlə yeni formalaşacaq parlament arasında fərq olmayacağını düşünür. Sizin bu məsələyə münasibətiniz necədir? Yeni formalaşacaq parlament bundan öncəki parlamentdən nə ilə fərqlənəcək?
- Bu səhv fikirdir. Götürək Yeni Azərbaycan Partiyasını. YAP tərəfindən 20-dən artıq keçmiş deputat olmuş şəxslərin namizədliyi irəli sürülmədi və onlar seçkidə iştirak etmədi. Bundan başqa icra strukturlarında vəzifəyə təyin olunanlar və s. şəxslər var idi ki, onların da yeri boş idi. Boş olan yerlərin sayı 12 idi. Eyni zamanda digər siyasi partiyalardan olan, bitərəf deputatlardan da bəziləri bu seçkilərdə namizədliyini irəli sürmədi. Səhhəti və yaşı ilə bağlı namizədliyini irəli sürməyənlər də oldu. Təxminən keçmiş parlamentdən 45 nəfərin namizədliyi bu dəfə irəli sürülmədi. Bu artıq parlamentin 30%-dən çox hissəsi deməkdir. Parlament o vaxt tam dəyişir ki, katakilizmlər, üsyanlar, çevrililşlər baş verir. Onda da belə keçmiş deputatlardan yeni parlamentdə təmsil olunanlar olur. Özünü doğruldan insanların yenidən namizədliyini irəli sürülməsi siyasi partiya tərəfindən məsləhət bilinirsə, həmin şəxslər bir daha namizədliyini irəli sürə bilərdi.
- YAP-ın siyahısından kənar öz namizədliyini irəli sürən YAP üzvləri olmuşdu. Bu şəxslərdən neçəsi sonradan namizədliyini geri götürdü, neçəsi partiya sıralarından uzaqlaşdırıldı?
- Bunu əzbər deyə bilərəm. 123 nəfər YAP tərəfindən irəli sürülmüş namizədimiz var idi. 236 nəfər isə partiyanın qərarı olmadan öz hüquqlarından istifadə edərək, namizədliyini irəli sürmüş şəxslər var idi. Onlardan 101 nəfəri partiya tərəfindən namizədlər irəli sürüldükdən sonra öz namizədliyini geri götürdülər. 135 nəfərlə isə söhbət aparıldı. Partiyanın nizamnaməsində göstərilir ki, partiyanın qərarına hörmətlə yanaşılmalıdır. Partiyanın rəhbər orqanlarının çıxardığı qərarlar partiyanın üzvləri tərəfindən qəbul olunmalıdır. Eyni qaydada üzvlər üçün də bizim nizamnamədə qeyd olunub ki, hər zaman partiyanın dəstəyindən istifadə edə bilər. Həmin şəxslər isə bizim öz namizədlərimizə alternativ yaradırdılar. Partiya uzun illər ölçüb-biçir, tədqiqat işləri aparır ki, hansı dairədən hansı şəxsin namizədliyi irəli sürülsə, qələbə çala bilər. Bunlar hamısı hesablanır. Bütün bunlarla bağlı tədqiqat aparıldıqdan sonra namizədlər irəlio sürülür. Lakin 135 nəfər bu tələblə razılaşmadığı üçün partiyanın təşkilatlarından xaric edildi. Özü də həmin şəxslər Bakıda hansısa təşkilatdan idilər və müxtəlif rayonlarda namizədliyini irəli sürmüşdü. Həmin şəxslərə izah edildi ki, partiyanın bütün qüvvəsi partiyanın irəli sürdüyü namizədi dəstəkləmək üçün səfərbər olunub. Bir partiyadan iki namizəd çıxaranda seçicilər arasında çaşqınlıq yaranır. Bu baxımdan həmin şəxslər partiya sıralarından çıxarıldı. Hazırda onların böyük əksəriyyəti peşmanlıq keçirərək, bizə müraciətlər edirlər. Bu isə təşkilatların və Nəzarət-Təftiş komitəsinin işidir ki, həmin şəxslərlə bağlı qərar verəcək.
- Bəs seçki prosesində YAP sıralarına yeni üzvlər qoşuldumu?
- YAP sıralarına çoxlu sayda insanlar qoşulur. Ölkə başçısı bu ili “Könüllülər ili” elan edib. Artıq YAP-ın könüllüləri formalaşıb. Həm seçki, həm sosial, həm humanitar, həm də ekoloji layihələr üzrə könüllülər ordusu formalaşıb. Bir il öncədən biz bu prosesləri həyata keçirirdik. Amma bilmirdik ki, ölkə başçısı bu ili “könüllülər il”i elan edəcək. YAP hər zaman könüllülərin qüvvəsindən istifadə edib. Partiyada kifayət qədər gənc könüllülər var. Demək olar ki, hər bir namizədin əhatəsində 100-dən artıq partiya fəalı iştirak edirdi. 11000 nəfər könüllü isə seçki qərargahlarında təmsil olunurdu. Bunların böyük əksəryyəti gənclər idi. Bu könüllülər hamısı seçki prosesində aktiv şəkildə iştirak edirdi. Xatırladım ki, biz bundan qabaq bələdiyyə seçkilərini yeni qutarmışdıq. Bələdiyyə seçkilərində də bizim xeyli sayda gənclərimiz bələdiyyə üzvü seçiliblər. Bizim namizədlərin bütün proseslərini partiya həyata keçirib.
- Mərkəzi Seçki Komissiyası 4 dairədə səsvermənin nəticələrin etibarsız sayıb və həmin dairələrdə səsvermənin nəticələrini etibarsız sayılıb. Bu dairələrdən ikisində YAP-ın irəli sürdüyü şəxslər lider namizəd idi. 33 saylı Xətai Birinci Seçki dairəsində Hüseynbala Mirələmov və 74 saylı Lənkəran Kənd Seçki Dairəsindən Hadı Rəcəbli. Buna partiyanın münasibəti necədir? Sizcə həımin dairələrdə səsvermənin nəticələri niyə ləğv edildi?
- Şikayətlər daxil oldu və MSK şikayətlər əsasında bu məsələni həll etdi. Şikayətlər obyektiv olanda dairə üzrə səsvermənin nəticələri ləğv edildi. Həmin dairələrdə maraqlı tərəflər çox idi. Bunlar da çalışırdılar ki, orda təxribat yaratsınlar. Buna da nail oldular. Araşdırmalar aparıldı və nəticə etibarı ilə dairələr ləğv olundu. Buna baxmayaraq, həmin şəxslərdən biri bizim rayon təşkilatının sədri, digər namizəd isə YAP Siyasi Şurasının üzvüdür. Onlar yenə də partiya fəaliyyətlərini davam etdirirlər.
- Bəs həmin dairələr üzrə YAP yenidən namizəd irəli sürəcəkmi? Bu dairələr üzrə YAP nə etməyi düşünür?
- MSK və Konstitusiya Məhkəməsi tərəfindən birinci nəticələr elan olunandan sonra ikinci nəticələrlə bağlı partiyanın rəhbər strukturu hansı qərarı verəcəksə, bu qərara uyğun hərəkət ediləcək.
- Milli Məclisə düşən YAP namizədləri arasında təsadüfi şəxslərin olması da iddia edilir. Məsələn, ən gənc lider namizəd olan Səbinə Xasıyeva. Bu şəxslərin parlamentə düşməsini siz necə qiymətləndirirsiniz?
- Həmin şəxslərə səs verənlər onların mənsub olduğu partiyanın siyasətini əsas götürürlər. baxmayaraq ki, mən özüm 4 çağırış Milli Məclisin deputatı olmuşam. Mənə səs verənlər də mənə səs vermir, Heydər Əliyev siyasi xəttinə, Prezident İlham Əliyevin yürütdüyü siyasətə, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gördüyü işlərə, sosial layihələrin həyata keçirilməsinə, bu siyasətin davamlılığına səs verirlər. İnsanlar ayrı-ayrı şəxslərə yox, davamlı siyasətə səs verirlər.
- Yəni burada partiyanın rolu namizədlərin özündən üstün tutulur?
- Təbii ki.
- Bəs həmin şəxslər insanların partiyaya olan inamını doğrulda biləcəklərmi?
- Heç kim anadan deputat doğulmayıb. Mərhələ- mərhələ onlar öyrənməlidir. Müəyyən dövr keçməlidir. YAP olaraq bizim fərqimiz, əsas resursumuz Azərbaycanda görülən işlər, müstəqilliyimizin qorunması, ictimai-siyasi sabitlik, social layihələrin həyata keçirilməsi və s. işlər idi. Bu siyasəti də həyata keçirən partiyanın sədridir. Ona görə də insanlar partiyanın sədrinə, qurucusuna səs verirlər.
- Neftçala Rayon İcra Hakimiyyətində Dövlət Təhlükəsizlik Xidməti əməliyyat keçirdi. Keçirilən əməliyyat nəticəsində saxlanılanlar arasında 61 saylı Neftçala Seçki Dairəsindən YAP-ın namizədi Gültəkin Sadıqovanın da adı çəkilirdi. Ümumiyyətlə, namizədlərin toxunulmazlığı məsələsinə görə, G. Sadıqovanın saxlanılması qanunauyğu idimi?
- Bu kimi istənilən məsələdə məhkəmənin qərarı olmalıdır. Bu məsələ ilə bağlı da məhkəmə qərarı var idi. Yalnız Milli Məclisin üzvlərinin toxunulmazlığının aradan götürülməsi üçün parlamentdə məsələ qaldırılır. Milli Məclis razılıq verdikdən sonra həmin şəxslər məsuliyyətə cəlb olunur. Bundan sonrası isə aydın prosesdir. Yerdə qalan şəxslər istər bələdiyyə üzvü, istər digərləri ilə bağlı məhkəmənin qərarı olarsa, bu qərar əsasında proseslər həyata keçirilir.
- Partiya olaraq, bu məsələ ilə bağlı araşdırma aparmısınızmı?
- Neftçalanın icra başçısı yeganə icra başçısıdır ki, YAP üzvü deyil. Orada saxlanılanlar şəxslərlə bağlı istintaq gedir. İstintaq nəticəsində aşkarlanacaq ki, onlar hansı qanunsuz əməllər törədiblər. Ümumiyyətlə, son dövrlərdə Prezident İlham Əliyev hər çıxışında bir daha xatırladır ki, məmurların əhali ilə rəftarı dəyişməlidir. Xatırladım ki, korrupsiyaya qarşı elə Ümumilli lider Heydər Əliyev hələ 1969-cu ildə Azərbaycan SSR-nin tərkibində olduğu zaman ilk dəfə hakimiyyətə gəldiyi gündən mübarizə aparıb və bu gün də həmin siyasət uğurla davam edir. Bütün dünyada olduğu kimi, Azərbaycanda korrupsiya hər zaman olub. Lakin əsas olan bu ictimai bəla ilə mübarizə aparmaq və siyasi ortaya qoymaqdır. Bu baxımdan, qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasında Baş prokurorluq yanında korrupsiyaya qarşı mübarizə idarəsi var və bu quruma geniş səlahiyyətlər verilib. Bilirsinizmi, vəzifəli şəxsin borcu vətəndaşa xidmət göstərməkdir. Vəzifəli şəxslərin başqa adlar altında vətəndaşlardan rüşvət alması yolverilməz və qabuledilməzdir. Artıq digərləri də bu məsələlərdən dərs götürməlidir.
- Yəni bundan sonra da bu kimi əməliyyatların şahidi olacağıqmı?
- Prezident İlham Əliyevin bir fikrini xatırladım. Prezident bildirib ki, bu cür qanunsuz əməl edənləri nəinki işdən çıxaracaq, hətta onları cəzalandıracaq.
- Seçkinin nəticələrindən narazı qalan şəxslərin keçirdiyi aksiyalara, mitinqlərə münasibətiniz necədir?
- Xalqın arasına çıxa bilməyənlər MSK-nın qarşısında mitinq keçirmək istəyirlər. Mandatı seçici verir, MSK yaxud Məzahir Pənahov vermir. Etiraz etmək hüququ Azərbaycanda qanunla təsbit olunur. Hər kəsin etiraz etmək hüququ var və bunun da yolları var. Ancaq bu insanların seçkidə iştirakının əsas mahiyyəti beynəlxalq təşkilatların Azərbaycana təzyiq göstərməsinə nail olmaqdır. Onsuz da biz Azərbaycanda nə cür seçki keçirsək də, onların ölkəmizə qarşı olan qərəzli mövqeyi dəyişməyəcək. Onların özlərinin bildikləri qərar qovluqlarında hazırdır. Beynəlxalq təşkilatların Azərbaycanda göstərdiyi fəaliyyət sadəcə şoudur. Mən ATƏT-in də, DHİBT-nin də, AŞPA-nın da nümayəndələri ilə kifayət qədər görüşlər keçirmişəm. Parlamentdə siyasi partiyaların nümayəndəri də bu görüşdə iştirak edirdi. Həmin görüşdə iqtidar partiyasını sadəcə mən təmsil edirdim. Görüşdə iştirak edən digər deputatlar Azərbaycan Xalq Cəbhəsi Partiyasinin ya sədr müavini, ya nazir olmuş şəxsləri idi. Xalq Cəbhəsinə sonradan gələn 2-3 nəfər bu görüşdə iştirak etmirdi. Elçibəyin müavinlərinin hamısı bir neçə dəfə parlamentdə deputat kimi təmsil olunublar. Amma beynəlxalq təşkilatlar üçün onların fikri əsas deyil. Məsələn, Asim Mollazadə, Əli Məsimli, Fazil Mustafa, Fərəc Quliyev Elçibəyin müavini olub, Tahir Kərimli Ali Məhkəmənin sədri, Fəzail Ağamalı Sosial-Təminat naziri, Fərəc Quliyev İcraiyyə Komitəsinin sədri, Qüdrət Həsənquliyev müşavir, Əli Məsimli Baş nazirin müavini olub. Bunlar hamısı AXCP-dən gələnlər olsa da, beynəlxalq təşkilatlar sadəcə Əli Kərimlinin və Cəmil Həsənlinin fikirlərini əsas götürürlər. Amma Əli Kərimli və Cəmil Həsənli də 2 dəfə parlamentdə təmsil olunublar. Təhlillər aparanda görürsən ki, beynəlxalq təşkilatların ölkəmizə yanaşması tamamilə ədalətsiz yanaşmadır. Yəni müxalifətdə olan şəxslər seçilibsə, deməli müxalifət deyil, seçilməsə, yaxud seçkiyə getməsə deməli müxalifətdir. Mitinq keçirmək istəyən şəxslər sadəcə olaraq, bilirdilər ki, onlara heç 3 adam səs verməyib. Amma onlar beynəlxalq təşkilatların əlinə sənəd vermək üçün prosesdə iştirak etməyə cəhd göstərirlər.
- Yeni formalaşacaq parlament bundan öncəkilərdən nə ilə fərqlənəcək? “Lal deputat” tendensiyasına son qoyulacaqmı?
- Yanaşma tərzi bu formada olmamalıdır. Ali məktəbə sənəd verib qəbul olmayan şəxslər yazır ki, “lal deputatlar, “kar deputatlar”. Burada müxtəlif kateqoriyalar var. İnsanlar var ki, sadəcə seçici ilə işləyir, insanlar var ki, beynəlxalq təşkilatlarla çalışır, insanlar da var ki, bilavasitə qanunvericilik fəaliyyəti ilə məşğul olur. Məsələn, Böyük Britaniyanın parlamentində hər kəs danışmır ki… Orada hər fraksiyadan 1-2 nəfər danışır. Mən ABŞ Konqresində 3 dəfə 1 ay müddətində kursda olmuşam. Həmçinin Böyük Britaniya Parlamentində. Orada zalda 450 deputatdan sadəcə 30-40 nəfər iştirak edir. Orada əsas səsvermədir. Deputatın fəaliyyətinə sadəcə seçici qiymət verə bilər. Kənardan oturan şəxslər bunu edə bilməz və bu qiymət də seçkidə verilir.