YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Yeni Azərbaycan Partiyası bələdiyyə seçkilərindən qalib çıxacaq

Müsahibimiz Milli Məclisin sədr müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova

- Bahar xanım, Milli Məclisin payız sessiyasında hansı məsələlərin müzakirəsi nəzərdə tutulur? 

- Bildiyiniz kimi sentyabrın 30-da Milli Məclisin payız sessiyasının ilk iclası keçirildi. İclasda sessiyanın qanunvericilik işləri planı təsdiq olundu. İş planına  kifayət qədər maraqlı və vacib məsələlər daxil edilib. Parlamentin bütün komitələri də əvvəlcədən bu məsələləri müzakirə edib müvafiq qərar vermişdilər. 
Qeyd edim ki, iş planına «Silahlı qüvvələr və başqa silahlı birləşmələr haqqında», «Hərbi qulluqçuların statusu haqqında», «Kənd təsərrüfatı kooperasiyası haqqında», «Kənd təsərrüfatında informasiya - məsləhət vermə xidməti haqqında», «Elm haqqında» və  Azərbaycan Respublikasının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında qanun layihələri daxildir. Adətən, payız sessiyası əsasən büdcə paketinə daxil olan qanunların müzakirəsi ilə yadda qalır. Ona görə də, bizi bu dövrdə məhsuldar bir fəaliyyət gözləyir. Bundan başqa, qanunvericilik təşəbbüsü qaydasında parlamentə təqdim olunan qanun layihələri idə bu dövrdə müzakirəyə çıxarılacaq. 
Milli Məclisin gündəliyində dəyişilməyən bir məsələ də Azərbaycanın mövcud qanunlarına əlavə və dəyişikliklərin edilməsidir, bu daimi bir prosesdir və bütün sessiya boyu bu məsələ müzakirə ediləcək. Qanunvericilik işləri planına o qədər də geniş sayda qanun layihələrinin daxil edilməməsinin əsas səbəbi ondan ibarətdir ki, artıq Azərbaycan parlamenti bütün sahələr, istiqamətlər üzrə əsas qanunları qəbul edib və ona görə də yeni qanun layihələri bizim gündəliyimizdə azdır. Amma cəmiyyətin  dinamik  inkişafı fonunda müvafiq qanunlara dəyişikiklərin edilməsi zərurəti ortaya çıxır. 
Sentyabrın 30-da sessiyanın ilk iclasında da xeyli məsələ müzakirə olundu. Gündəlikdəki məsələlərdən əlavə, xüsusilə Avropa Parlamentinin ölkəmizlə bağlı qəbul etdiyi qeyri-obyektiv qətnaməyə kəskin etiraz bildirildi. Həmçinin, bir sıra dövlətlərarası müqavilələr, sazişlər ratifikasiyası edildi, bəzi qanunlara dəyişikliklər olundu. Qeyd etdiyim kimi payız sessiyasında bizi məhsuldar fəaliyyət gözləyir.

- Bahar xanım, 2014-cü  il həm də ölkəmizdə seçki ilidir. Qarşıdan bələdiyyə seçkiləri gəlir. Yeni Azərbaycan Partiyasının seçkilərə hazırlığı hansı səviyyədə gedir? Eyni zamanda, bu seçkilərdə qadınların fəallığını necə qiymətləndirirsiniz?

- Partiyamız seçkilərə yüksək səviyyədə hazırlaşır. Son vaxtlar bu istiqamətdə keçirilən tədbirlər bütün ictimaiyyətə məlumdur. Hesab edirəm ki, bu prosesdə qadınlarımız da fəaldır. Qadınların fəallığına ötən bələdiyyə seçkilərində çox yaxşı təkan verdik. Ötən bələdiyyə seçkiləri ərəfəsində Yeni Azərbaycan Partiyasının fəal işinin nəticəsi idi ki, bələdiyyə üzvləri içərisində 4 faizədək olan qadınların iştirakı 27 faizə qədər  yüksəldi. Bu, çox böyük uğurdur və bilavasitə Yeni Azərbaycan Partiyasının təşkilatçılığı sayəsində əldə olunub. Eyni fəaliyyəti bu dəfə də davam etdirmək əzmindəyik. Bildiyimiz kimi, artıq YAP Qadınlar Şurasının  rayon və şəhər təşkilatlarının rəhbərlərinin iştirakı ilə bələdiyyə seçkilərinə hazırlıqla əlaqədar müşavirə keçirilib və konkret tapşırıqlar yerlərdə icra olunmaqdadır. Yeni Azərbaycan Partiyasının seçkilərdə iştirak təcrübəsi, əldə etdiyi uğurlar və daim yeniliyə meyli imkan verir ki, biz istənilən vaxt bütün fəaliyyətimizi seçki relsi üzərinə keçirək. Ona görə də, bu seçkilərdə  hər hansı çətinliyin və ya problemin olacağını düşünmürəm. Seçkiyə hazırlığın müvafiq mərhələsinə uyğun vəzifələr zamanında yerinə yetirilir. 
Əlbəttə ki, bizim ümumi işimizdə yerli özünüidarə orqanlarında YAP üzvlərinin həm çəkisinin, həm də iş keyfiyyətinin artırılması əsas hədəfimizdir. Bu prosesdə  qadınların, gənclərin iştirakı da prioritet məsələlərdən biridir. Biz bu dəfə də prosesi irəliyə aparmaq üçün daha geniş fəaliyyət sərgiləməkdəyik. Bununla əlaqədar həm gənclərlə, həm də qadınlarla bağlı işlərin təşkili üçün müvafiq tapşırıqlar verilib. Bu günlərdə YAP Qadınlar Şurasının rayon və şəhər təşkilatlarının sədrlərinin iştirakı ilə keçirilən toplantıda Qadınlar Şurasının ötən konfransından sonrakı fəaliyyətinin qurulması istiqamətində fikir mübdiləsi aparıldı, iş planının tərtibi və oraya daxil ediləcək məsələlər ətrafında çox geniş müzakirə oldu. Eləcə də, bələdiyyə seçkilərinə hazırlıq və bu seçkilərdə qadınların istər aktiv, istər passiv seçki hüququnun reallaşdırılması işində yaxından iştirakı və onların partiya daxilində, eləcə də ictimai-siyasi həyatda proseslərə geniş cəlb olunması müzakirə olundu. Hesab edirəm ki, toplantıda kifayət qədər sanballı və faydalı müzakirələr oldu və qadınların da çox yüksək əhval-ruhiyyə ilə seçki  prosesində iştirak edəcəyi qənaətinə gəldik. 
Bildiyiniz kimi, bütün dünyada olduğu kimi, Azərbaycanda da seçki təşkilatçılığının əsas yükü qadınların çiyinlərinə düşür. İstər komissiyalardakı işin reallaşdırılması, istər təbliğat-təşviqat işində, istərsə də ayrı-ayrı namizədlərin işinin təşkil olunmasında, seçki kampaniyalarında qadınların böyük rolu var. Sadəcə, biz bu rolun düzgün və sistemli şəkildə əlaqələndirilməsinə və nəticələrin elə qadınların özləri üçün uğurlu olmasına çalışırıq. Hesab edirəm ki, bu dəfə də namizədlərimizin sayı kifayət qədər çox olacaq. Çünki ötən 5 ildə seçilmiş namizədlərimizin uğurlu fəaliyyəti bizə digər qadın namizədlərin də özlərini bu posta layiq və güclü bilmələri üçün müvafiq qərar qəbul etmələrinə imkan verir. Qadınlar hər hansı vəzifəni qəbul etmək üçün çox düşünürlər, ancaq onu qəbul edəndən sonra çox yüksək səviyyədə yerinə yetirirlər. Ona görə də, hesab edirəm ki, seçkili orqanlarımızda təmsil olunan qadınların rolu və fəaliyyəti digər qadınları da bu işə ruhlandırır və biz çoxsaylı namizədlərin iştirakının şahidi olacağıq. Əlbəttə ki, nə qədər çox namizədimiz olacaqsa, onların içərisindən daha çoxlarının seçilmək şansı var. Bu səbəbdən, kişiləri də bu məsələdə qadınların işinə dəstək verməyə çağırırıq. Çünki qadınların bələdiyyələrdə iştirakı bütün mənalarda bu işin daha səmərəli, faydalı və müsbət nəticələrlə yadda qalmasına şərait yaradır. 

- Azərbaycanda bələdiyyə institutunun yaradılmasının 15 ili tamam olur. Bu illər ərzində yerli özünüidarəetmə orqanlarının fəaliyyəti ilə bağlı fikirlər birmənalı olmayıb. Siz bu təsisatın fəaliyyətini necə dəyərləndirirsiniz?

- Bələdiyyə institutu Azərbaycanda yenidir. 15 ildə üç seçki keçirilib və bu dövr bir institutun özünə tam yer tutması, ictimai-siyasi həyatın aparıcı institutlarından birinə çevrilməsi üçün o qədər də uzun dövr deyil. Lakin müsbət beynəlxalq təcrübə imkan verir ki, biz bu prosesi daha sürətlə keçək. Hesab edirəm ki, ötən 15 ildə Azərbaycanda bələdiyyə institutu özünə kifayət qədər möhkəm yer tuta bilib. Ən əsası insanların şüurunda, baxışında vacib bir institut kimi özünü təsdiqləyib. Bu gün kimsə "bələdiyyə nəyə lazımdır" fikrini söyləmir, olsa da belə hallara xeyli az rast gəlinə bilər. Bu fikrin söylənməsinə əsas olaraq bələdiyyələrin səlahiyyətlərinin guya az olması, onların iqtisadi imkanlar əldə etmək üçün rıçaqlarının məhdud olması, cəmiyyətə və ictimai-siyasi həayata təsirinin az olması kimi arqumentlər gətirilir. Əlbəttə ki, bunlar da nisbi yanaşmalardır. Hesab edirəm ki, hər bir kəsin bu məsələ ilə bağlı öz mövqeyi ola bilər. 
Təbii ki, Yeni Azrbaycan Partiyasının üzvləri Milli Məclisdə vaxtaşırı olaraq  bələdiyyələrin statusunun genişlənməsi, səlahiyyətlərinin artırılması ilə bağlı təkliflərlə, eyni zamanda, tənqidlərlə də çıxış edirlər. Tənqidlər də bu işin daha yaxşı təşkil olunmasına və bələdiyyə institutunun nüfuzunun artmasına yönəlir. Əlbəttə ki, bu prosesin daha yaxşı olması üçün qarşıdan gələn seçkilərin nəticələrindən də çox şey asılıdır. İnsanların bələdiyyələrə obyektiv yanaşmasının hansı səviyyədə olduğu bu seçkilərdə də özünü göstərəcək. Namizədlərin seçiminə də ciddi diqqət yetirmək lazımdır. Azərbaycanda çoxpartiyalı sistem mövcuddur və digər siyasi partiyaların nümayəndələri də bu prosesdə iştirak edəcəklər. Sağlam atmosferdə keçən rəqabət əlbəttə daha güclü namizədlərin seçilməsinə şərait yaradacaq. Ancaq əgər hər kəs yenə də bir birinin namizədlərini gözdən salmağa çalışacaqsa, milli maraqlar bir kənarda qalıb partiya mənafeyi güdüləcəksə bu bələdiyyə institutunun gözdən salınmasına "töhfəsini" verə bilər. Lakin YAP hər zaman olduğu kimi, bu məsələdə də əsas söz sahibi olduğuna görə düşünürəm ki, onun münasibəti üstünlük təşkil edəcək və seçicilərə öz seçimlərini etmək üçün şərait yaradılacaq. YAP budəfəki seçkilərə də güclü daxil olacaq və güclü, qalib çıxacaq. Fikrimcə, həm seçilən nümayəndələrimzin sayı artacaq, həm onların içərisində qadınların və gənclərin nümayəndələri çox olacaq. Əlbəttə, əsas hədəflərimizdən biri də bələdiyyə qurumlarında daha çox sayda gənclərin və qadınların rəhbər seçkilərində qalib gəlməsinə nail olmaqdır.

- Bahar xanım, parlamentin payız sessiyasında müzakirə olunacaq qanun layihələri içərisində bələdiyyələrlə bağlı da bir neçəsinin adını çəkdiniz. Gözləmək olarmı ki, bələdiyyə institutunun təkmilləşdirilməsi istiqamətində yeni islahatlar aparılsın?

- Əslində, islahatlar bir prosesdir və daim davam edir. Əvvəllər Azərbaycanda bələdiyyələrin sayı həddən artıq çox idi. Bu çoxluq bəzi hallarda "hər qəsəbənin, kəndin öz bələdiyyəsi olmalıdır" fikrinə əsaslansa da, özlüyündə bir pərakəndəlik yaranmışdı. Sayı çox, lakin imkanları məhdud bələdiyyələr bu prosesdə tədricən sıradan çıxmağa başladı. Bildiyimiz kimi, bələdiyyə qurumlarının təmərküzləşməsi, birləşdirilməsi, daha güclü birləşmiş bələdiyyələrin yaradılması üçün Milli Məclisdə dəfələrlə bu məsələyə baxdıq. Artıq bələdiyyələrin sayı 1600-dək azalıb. Bu da onların işinə müsbət təsirini göstərib. Üstəlik, yeni bələdiyyələr də yaradılıb. Onlar da öz işlərini yerli və beynəlxalq təcrübəyə əsaslanaraq qururlar. Bu prosesin özündə bələdiyyə qurumlarının özlərindən gələn dəyişikliklər təklifləri olur. Onlar iş prosesində üzləşdikləri problemləri müvafiq qurumlara müraciətlərində və hesabatlarında göstərirlər. 
Bildiyimiz kimi, hər il Azərbaycan parlamentində bələdiyyələrin işinə inzibati nəzarət edən dövlət qurumu tərəfindən illik hesabat təqdim olunur. Bu istiqamətdə ciddi müzakirələr gedir və bələdiyyə institunun təkmilləşdirilməsi üçün sanballı təkliflər irəli sürülür. Hesab edirəm ki, ötən illər ərzində həm qanunvericilik, həm də təcrübə cəhətdən bələdiyyələrin işi kifayət qədər təkmilləşib. Bu islahatlar bundan sonra da davam etdiriləcək. Bildiyimiz kimi, Azərbaycan hazırda Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edir və bu çərçivədə yerli özünüidarəetmə orqanlarının işinin təşkilinə dair beynəlxalq konfranslar keçirilib. Avropa Şurasına üzv ölkələrin Ədliyyə nazirliklərinin təşkil etdiyi belə bir konfransda iştirak etmişəm və deyə bilərəm ki, orada Azərbaycanın təcrübəsi yüksək qiymətləndirildi, qısa müddətdə çox ciddi yol keçildiyi vurğulandı. Əlbəttə, müəyyən problemlərin olduğu da söylənildi. Qarşıdakı müddətdə mövcud problemlərin aradan qaldırılması üçün kifayət qədər ciddi iradə ortaya qoyulacaq. Azərbaycanın siyasi iradəsi ondan ibarətdir ki, bələdiyyə qurumları idarəetmə şəbəkəsində özünün layiqli yerini tutmalıdır.