YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Prezident İlham Əliyevin cəbhə bölgəsində təhlükəsizlik tədbirləri ilə baglı Sərəncamı siyasi və hərbi baxımdan böyük əhəmiyyət kəsb edir

Müsahibimiz Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli

- Əli müəllim, Azərbaycan Prezidenti cənab İlham Əliyev bir neçə gün öncə «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında» Sərəncam imzalayıb. Bu sərəncamın əhəmiyyəti ilə bağlı fikirlərinizi bilmək istərdik...

- Azərbaycan Prezidenti cənab İlham Əliyevin «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında» imzaladığı Sərəncam siyasi və hərbi baxımdan böyük əhəmiyyət kəsb edir. Bu sərəncam həm yerli, həm də beynəlxalq ictimaiyyət üçün ciddi mesajlar verir. Sənədin siyasi əhəmiyyəti ondan ibarətdir ki, Qarabağ məsələsində Azərbaycanın mövqeyi qətiyyətli və birmənalıdır. Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı sülh danışıqlarının getməsinə baxmayaraq, cəbhədəki son gərginlik problemin çox ciddi olduğunu bir daha göstərdi. Proseslər onu deməyə əsas verir ki, danışıqlar öz bəhrəsini verməsə, ölkəmizin ərazi bütövlüyü təmin olunmasa, Azərbaycan  beynəlxalq hüquqa söykənərək hərbi yolla torpaqlarını işğaldan azad edəcək. Hamı anlamalıdır ki, mövcud status-kvo davam edə bilməz. Azərbaycan iqtisadi imkanlarından hərbi gücünü və təhlükəsizliyini gücləndirmək məqsədilə istifadə etməkdədir. Bu,  indiki situasiyada işğalçı tərəf üçün ciddi mesajdır. Bütün beynəlxalq ictimaiyyət bunu bilməlidir.

Dövlət başçısının sərəncamının hərbi baxımdan əhəmiyyətinə gəlincə, qeyd edim ki, sənəddə mühüm məsələlər nəzərdə tutulur. Əhalinin cəbhə  bölgəsində sayıqlığını artırmaq üçün könüllülərdən ibarət patrul dəstələrinin formalaşdırılması çox əhəmiyyətlidir. Çünki bəzi hallarda erməni hərbi birləşmələri dinc əhalini hədəfə alır. Bunun nəticəsində öz təsərrüfatında çalışan insanlar, hətta uşaqlar da həlak olurlar. Bu hallar bütövlükdə Azərbaycan ictimaiyyətini narahat edir. Fikrimcə, sərəncamın bu hissəsi həmin problemlərin qarşısını almağa yönələcək. Çünki əhalinin özü artıq müdafiə prosesində könüllü iştirak edəcək. Eyni zamanda, bu vəziyyət müharibə şəraitində olan ölkənin əhalisinin bu şəraitə daha yaxşı  hazırlığını gücləndirəcək. Ona görə də, patrul dəstələrinin yaradılması vacib məsələdir.

1994-cü ildə qəbul olunmuş «Hərbi vəziyyət haqqında» qanunun yeni redaksiyada işlənməsinin nəzərdə tutulması da günün tələbidir. Qanunun qəbul olunmasından 20 il keçib. Nəzərə almalıyıq ki, həmin illərdə cəbhədə aktiv hərbi əməliyyatların getməsi ilə yanaşı, ölkədə ictimai-siyasi sabitlik də tam bərqərar edilməmişdi. Ötən 20 il ərzində Azərbaycanın müdafiə imkanları artıb, iqtisadiyyatımız güclənib, geopolitik durum çox dəyişib. Ona görə də, «Hərbi vəziyyət haqqında» qanunun yenilənməsi çox vacibdir. Ümumiyyətlə,  biz 1990-cı illərin əvvəlində qəbul olunmuş bir çox qanunlara yenidən baxmalıyıq. Dövlət başçısının sərəncamında  qanunvericiliyə dair  verilən tövsiyələr də aktualdır.

Cəbhə bölgəsi ilə əlaqədar kütləvi informasiya vasitələrində yayılan informasiyalar da  həssas məsələdir. Bununla əlaqədar ölkə Prezidentinin sərəncamında mühüm məqamlar əksini tapır. Hələ bir müddət öncə Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin yanında dövlət qurumlarının mətbuat xidmətinin rəhbərləri və KİV təmsilçiləri ilə keçirilən toplantıda  kütləvi informasiya vasitələrində,  sosial şəbəkələrdə cəbhə bölgəsi ilə bağlı qanunların imkan verdiyi çərçivədə məlumatların yayılması tövsiyə edilmişdi. Çünki bir sıra məlumatlar düşmən tərəfindən istifadə oluna bilər. Buna görə də, KİV-lərin, ümumilikdə vətəndaşların «Dövlət sirri haqqında»  qanunun tələblərinə riayət etməsi ilə bağlı sərəncamdakı müddəa böyük əhəmiyyət kəsb edir. Hesab edirəm ki, bu sərəncamda, eləcə də verilən tövsiyələrdə irəli sürülən məsələlərin yerinə yetirilməsi təkcə dövlət orqanları üçün deyil, bütün əhali üçün vacibdir. Biz millət vəkillərinin üzərinə düşən vəzifə isə bu sərəncamdan irəli gələn məsələlərdə, xüsusilə təbliğat işlərində öndə olmaqdan ibarətdir. Biz, xüsusilə cəbhə bölgəsinə yaxın olan dairələrdən seçilmiş  deputatlar dövlət başçısının bu sərəncamının ən fəal təbliğatçılarına çevrilməliyik.

- Azərbaycanın Dağlıq Qarabağ münaqişənin həlli, Ermənisanın işğalçı siyasətinə son qoyulması istiqamətində beynəlxalq ictimaiyyətdən qəti addımlar atmasını tələb etdiyi bir vaxtda  Avropa Parlamenti ölkəmizdə insan hüquqlarının vəziyyətinə dair qərəzli qətnamə qəbul edib. Sizcə, bu sənədin kökündə nə dayanır?

- Azərbaycanın həssas region olan Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olmasında rolu və əhəmiyyəti artmaqdadır. Regionun lider dövləti kimi Azərbaycan bu bölgənin siyasi, iqtisadi atmosferinin formalaşmasında həlledici təsirə malikdir. Məhz bu imkanlarından yararlanaraq ölkəmiz daxili sabitlik və çoxşaxəli xarici əlaqələr əsasında bölgədə sülh və sabitliyin təmin olunmasında öz mövqeyini konkret fəaliyyəti ilə ortaya qoyur. Azərbaycan başqa dövlətlərlə münasibətdə suveren hüquqlara hörmət və qarşılıqlı etimad prinsiplərini rəhbər tutur. Bu, həm də ölkəmizin müstəqil inkişafından və öz gücünə arxalanmasından irəli gələn bir məsələdir. Azərbaycanın kənar təsirlərə tabe olmadan müstəqil siyasət yeritməsi, öz yolu ilə irəliləməsi ölkənin siyasi nüfuzunu artırır. Məhz respublikamızın beynəlxalq siyasi nüfuzunun durmadan artmasının nəticəsidir ki, ölkəmizin dövlətlərarası və regional münasibətlərdə fəaliyyəti xarici ekspertlər və siyasi analitik mərkəzləri tərəfindən yüksək dəyərləndirilir. Bütün bunlar ölkənin milli mənafeyi ilə dövlətlərarası münasibətlərin etik və hüquqi cəhətlərinin keyfiyyətli uzlaşdırılması sayəsində mümkün olub. 
Mövcud vəziyyətə əsaslanaraq deyə bilərik ki, Azərbaycanın bölgədəki siyasəti regionun siyasi, iqtisadi gələcəyinə əhəmiyyətli dərəcədə təsir etmək gücündədir. Bu isə o deməkdir ki, Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsi və xarici əlaqələrinin genişlənməsi təkcə ölkəmiz üçün deyil, bütövlükdə regionun stabil inkişafı baxımından çox böyük önəm daşıyır. Avratlantik məkana sürətlə inteqrasiya edən respublikamızın regionun siyasi, iqtisadi həyatındakı əvəzedilməz rolu bölgənin inkişaf perspektivlərinin yüksəlməsinə yardım edir. 
Əlbəttə, bu siyasət normal əməkdaşlığa və tərəfdaşlığa əsaslansa da, bölgədə marağı olan bəzi xarici qüvvələr bütün bunlardan qıcıqlanır. Onlar Azərbaycana təzyiq etməyə çalışır, müstəqil siyasət yürütməsinin qarşısını almağa cəhd edirlər. Avropa Parlamentinin qəbul etdiyi son qətnamə məhz bu faktorla əlaqədardır.  
Hesab edirəm ki, bütün bunların hamısı Azərbaycanın artan imicinə zərbə endirmək cəhdləridir və erməni lobbisi tərəfindən dəstəklənən xarici qüvvələrin işidir. Amma buna baxmayaraq, Azərbaycanın müstəqilliyinə heç bir təhdid yoxdur, ölkəmiz, o cümlədən, iqtisadiyyatımız çox güclüdür. Bu qüvvələrin yalnız buna imkanı çatır ki, hansısa formada Azərbaycanın demokratik inkişafı, insan hüquqları sahəsində vəziyyətə, bir sözlə ölkəmizin təmiz imicinə zərər gətirməyə cəhd göstərsinlər.

- Belə hallara son qoyulması məqsədilə AVRONEST çərçivəsində Avropa Parlamentinin təmsilçiləri ilə  müzakirələrin aparılması müsbət nəticə verə bilərmi?

- Ölkəmiz nə Avropa Birliyinin, nə də Avropa Parlamentinin üzvü deyil. Buna baxmayaraq, Azərbaycan digər bir neçə ölkə ilə birlikdə Şərq tərəfdaşlığı prosesində aktiv iştirak edir. Bu qonşuluq siyasəti, Şərq tərəfdaşlığının elementlərindən biri də palament ölçüsüdür. Artıq xeyli müddətdir AVRONEST yaradılıb. Bu o deməkdir ki, Azərbaycanın da parlamentariləri Avropa Parlamentinin deputatları ilə vahid bir qurumda fəaliyyət göstərir. Eyni zamanda, biz bu quruma, Parlament Assambleyasına qatılanda bir sıra təkliflərimizi, iradlarımızı da bildirmişdik. Onlardan biri ondan ibarət idi ki, ölkələrlə bağlı hansısa məsələ müzakirə ediləndə, qərarlar qəbul olunanda rahat bir kommunikasiya olacaq, yəni milli parlament nümayəndələri Avropa Parlamenti ilə birbaşa əlaqədədir, katibliyimiz mövcuddur, hansısa mübahisəli məsələləri araşdırmaq mümkün olacaq. Amma görünən odur ki, müəyyən beynəlxalq güclər siyasi korrupsiyaya bulaşmış şəxslər vasitəsilə bu cür əsassız sənədlər qəbul etməkdə davam edirlər. Bu isə normal əməkdaşlıq prinsiplərinə ziddir.

Hesab edirəm ki, Avropa Parlamentinin bu qətnaməsi əvvəl qəbul olunan bu tipli sənədlərin davamı olaraq tamamilə həqiqətdən uzaqdır. Mən əvəllər də bildirmişəm ki,  Avropa Parlamenti Azərbaycanla bağlı, burada baş verən hadisələr,  insan haqları, demokratiya, iqtisadi proseslər, istənilən məsələ ilə bağlı hər hansı qərar qəbul etməmişdən öncə özünün yaratdığı AVRONEST-dəki bizim katibliklə, nümayəndə heyəti ilə hansısa diskussiyalar aparmalı, məlumatlar əldə etməli və əsaslandırılmış qərarlar qəbul etməlidir. Bu fikrimi avropalı parlamentariləri ilə də görüşlərimizdə bildirmişəm. Amma təəssüf ki, hələ də belə qeyri-obyektiv yanaşma davam edir.

- Əli müəllim, bəzi Qərb dairələri Azərbaycanda QHT-lərin fəaliyyəti üçün normal şəraitin olmadığını iddia edir. Hətta ABŞ prezidenti də bildirib ki, ölkəmizdəki qanunvericilik QHT-lərin fəaliyyətini məhdudlaşdırır. Bu iddialara münasibətiniz necədir?

- Bilirsiniz ki, Azərbaycan ABŞ-la birgə anti-terror koalisiyasında fəal əməkdaşlıq edir. Eləcə də, Qərb dövlətlərinin enerji təhlükəsizliyinin təmin olunmasında ölkəmiz mühüm rol oynayır. Yəni ölkələrimiz arasında bir çox sahələrdə fəal əməkdaşlıq mövcuddur. ABŞ rəsmiləri də hər zaman çıxışlarında dövlətlərimizin strateji tərəfdaş olduğunu vurğulayırlar. Bu baxımdan, prezident Barak Obamanın çıxışının ruhu Azərbaycan-ABŞ strateji münasibətlərinə adekvat deyil. Hesab edirəm ki, bu dövlət regionda Azərbaycanın tərəfdaşı olaraq dəyərləndirmə qabiliyyətinə malik deyil.  Yaxud bu məsələdə ABŞ administrasiyasının məmurlarının, ya da ölkəmizdəki  səfirliyinin yanlış, qərəzli mövqeyi var.

Qanunvericilik məsələsinə gəlincə, biz son illər «Qeyri-hökumət təşkilatları haqqında» və  «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» qanunlara bir sıra dəyişikliklər etmişik. Dəyişikliklər edərkən, bu sahədə beynəlxalq təcrübəni öyrənmişik, xüsusilə xarici hüquqi şəxslərin dövlət qeydiyyatı ilə bağlı təcrübəni. Və bu təcrübə elə ABŞ təcrübəsinə uyğundur. Necə ki, həmin dövlətdə QHT-lər qeydiyyata alınır, xarici hüquqi şəxslərin və milli QHT-lərin hansı azadlıqları var, həmin azadlıqlar Azərbaycanda da mövcuddur.

Bununla yanaşı, QHT-lərin maliyyələşdirilməsi məsələsində şəffaflıqla əlaqədar  biz yeni addımlar atmalıyıq. Çünki Azərbaycan Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik edir, biz korrupsiyaya qarşı mübarizənin, şəffaflığın artırılması ilə bağlı nümunələr göstərməliyik. Dövlətimizin  QHT-lərlə bağlı həyata keçirdiyi siyasətin əsas məqsədi şəffaflığın artırılmasıdır. Həm vətəndaş cəmiyyəti, həm dövlət, həm də QHT-lər maliyyənin necə xərclənməsi haqda məlumatlı olmalıdır. Atdığımız addımlar buna yönəlib. O ki, qaldı   bu addımların ABŞ və bəzi Qərb dairələrini qane etməməsinə, bu, başqa məsələdir. Çünki bir sıra hallarda, bəzi Qərb dairələrindən, beynəlxalq QHT-lərdən Azərbaycana qrant adı altında milli təhlükəsizliyimizə xələl gətirən fəaliyyətə yönəltmək üçün maliyyələr ayrılıb. Yəni həmin qrant layihələrinin adı insan haqları və demokratiya ilə əlaqədar olsa da, əsil məqsəd başqa olub. Təbii ki, hüquq-mühafizə orqanları bu məsələləri araşdırırlar və zaman gələndə bunlar geniş ictimaiyyət üçün də məlum olacaq. Bu dairələrin içərisində erməni lobbisinin də fəaliyyəti var ki, bu da bizim milli təhlükəsizliyimiz üçün təhlükə törədir və buna görə də müvafiq tədbirlər görülür.     Bundan da bəzi Qərb dairələri narahat olurlar, amma ictimaiyyətimiz bilməlidir ki, bu hadisələrin arxasında hansı qüvvələr dayanır. O qüvvələr ki, insan haqları, demokratiyadan danışırlar, amma onlar bu cür layihələr vasitəsilə Dağlıq Qarabağ probleminin ermənilərin xeyrinə həlli üçün cəhdlər edirlər. Təəssüf ki, Azərbaycanda bir sıra «hüquq müdafiəçiləri», «vəkillər» də bu işin icraçısına çevriliblər.

Yeri gəlmişkən,  qeyd etmək istəyirəm ki, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi qeyri-hökumət təşkilatları və qrant haqqında qanunvericiliyin daha da təkmilləşdirilməsi üçün təkliflər hazırlayır və bu məsələni bir müddət sonra müzakirəyə çıxaracaq. Əminəm ki, həmkarlamız bu təşəbbüsümüzü dəstəkləyəcəklər. Təklif etdiyimiz dəyişikliklər qanunvericiliyə daxil olandan sonra  isə qrantların verilməsi, eləcə də QHT-lərin fəaliyyəti ilə bağlı tam şəffaflıq təmin olunacaq.