YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

YAP-ın namizədlərinə verilən səslər Azərbaycanın qüdrətinin və əhalinin rifahının daha da artmasına xidmət edəcək

Müsahibimiz 45 saylı Abşeron seçki dairəsindən Milli Məclis üzvlüyünə namizəd Oqtay Əsədov

- Hörmətli Oqtay müəllim, bu gün müstəqil Azərbaycan ölkənin ictimai-siyasi həyatında əhəmiyyətli rol oynayacaq mühüm bir siyasi hadisə ərəfəsindədir. Qarşıdan növbədənkənar parlament seçkiləri gəlir. Bu məsələ ilə əlaqədar fikirlərinizi öyrənmək istərdik.

- Ölkənin Əsas sənədi - Konstitusiyasına əsasən Azərbaycan parlamenti hakimiyyətin mühüm qollarından biridir. Bu baxımdan ölkə parlamentinə seçkilər həmişə ictimaiyyətin diqqət mərkəzində olmuşdur. Prosesin özü haqlı olaraq cəmiyyətin hər bir üzvünü düşündürən siyasi bir aksiya kimi səciyyələndirilir. Dünyanın müasir dövlətlərində bu tipli kampaniyalar ərəfəsində cəmiyyətdə böyük bir aktivlik müşahidə olunur. Bu da təbiidir. Çünki xalq onun mənafeyini, fikirlərini müdafiə və ifadə edəcək öz millət vəkilini seçir.

Çağdaş müstəqillik tariximizdə milli qanunvericiliyin inkişaf prosesinə nəzər saldıqda görürük ki, 1995-ci ilədək Azərbaycan Sovet dövründən qalmış Konstitusiya və qanunlarla idarə olunurdu. Bu sənədlərə həyatın müxtəlif dönəmlərində dəyişikliklər edilsə də, onlar ictimai-siyasi həyatdakı mövcud reallıqları əks etdirmirdi.  Məhz bunları nəzərə alaraq, müstəqilliyimizin memarı ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə yeni Konstitusiya layihəsi hazırlandı.

1995-ci il noyabrın 12-də Azərbaycanın yeni Konstitusiyası referendum yolu ilə qəbul olundu və həmin gün yeni hazırlanmış seçki qanunvericiliyi əsasında müstəqil Azərbaycanın ilk parlamentinə - I çağırış Milli Məclisə seçkilər keçirildi. Yeni Konstitusiya və yeni parlament müstəqil Azərbaycanımızın yeni qanunvericilik sisteminin yaradılması üçün əsaslı zəmin yaratdı. Məhz bu addımlar nəticəsində həyatın bütün sahələrini əhatə edən yeni qanunvericilik aktları qəbul olundu. Ölkənin Əsas sənədində təsbit olunduğu kimi hüquqi, dünyəvi, demokratik dövlət quruculuğu istiqamətində məqsədyönlü əməli addımlar atıldı. Bu, əslində, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi hədəflərə çatmaq üçün yaxşı imkanlar demək idi. Tezliklə ölkənin iqtisadi qanunvericilik bazası möhkəmləndi,  islahatların aparılması üçün lazımi hüquqi baza yaradıldı. Azərbaycan Avropa məkanına daha da yaxınlaşdı. Avropa parlamentarizminin ən yaxşı cəhətlərindən istifadə edərək parlamentarizm ənənələrini daha da inkişaf etdirdi.

Təbii ki, vaxt, zaman ötdükcə, dünya miqyasında baş verən proseslər, meydana çıxan yeni çağırışlar yeni yanaşmalar tələb edir.  Bu gün ölkəmizin dünya miqyasındakı mövqelərini qoruyub saxlamaq, onun inkişaf tempini daha da sürətləndirmək naminə zəruri addımların atılması həyatın tələbidir.

Qloballaşan dünyamızda baş verən hadisələr elə sürətlə cərəyan edir ki, yeni dövrün tələblərinə cavab vermək məqsədi ilə ölkənin hakim aparıcı partiyası olan Yeni Azərbaycan Partiyası  müasir çağırışlara uyğun olaraq yeni hədəflərə çatmaq üçün müəyyən addımların atılmasını zəruri hesab etmişdir. Ümumilikdə, yaşadığımız  yeni dövr yeni baxış, yeni təfəkkür tərzi, kreativ düşüncə, praqmatik baxış kimi keyfiyyətləri zəruri edir. Partiyamız məhz bu mövqedən çıxış edərək, növbədənkənar parlament seçkilərinin keçirilməsini zəruri hesab etmişdir. Bu addım daha güclü Azərbaycan naminə atılmış düşünülmüş bir addım idi. 

Bu fikrin daha geniş izharı üçün ölkəmizdə 2019-cu ildə reallaşdırılan siyasi məzmunlu islahatların önəmini xüsusi qeyd etmək lazımdır. Dünya təcrübəsi də göstərir ki, siyasi sistemi təkmilləşdirmədən digər istiqamətlərdə mütərəqqi dəyişiklikləri reallaşdırmaq mümkün deyil. Siyasi sistem dəyişən çağırışlarla daim ayaqlaşmalıdır, əks halda o, digər sahələrdə inkişafı əngəlləyə bilər. Bu baxımdan ötən il Azərbaycanın Milli Məclisinə seçkilərin keçirilməsinə dair qəbul edilən qərar vaxtında verilmiş bir qərardır.

Məlum olduğu kimi, Milli Məclisdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının (YAP) üzvləri Milli Məclisin Sədrinə müraciət edərək yaranmış vəziyyətdə parlament fəaliyyətinin həyata keçirilməsinin mümkün olmayacağı qənaətinə gəldiklərini və növbədənkənar seçkilər keçirilməsinin zəruri olduğunu bildiriblər.  Parlamentin plenar iclaslarında digər partiyaları təmsil edən deputatlar da hakim partiyadan olan həmkarlarının mövqeyini dəstəkləyiblər. Bundan sonra Milli Məclis 2 dekabr 2019-cu il tarixində müvafiq qərar qəbul edib. Qərarda vurğulanır ki, ölkədə həyata keçirilən köklü islahatlar son dövrdə keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur.  Nazirlər Kabinetində, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, məhkəmə-hüquq sistemində, regional idarəetmə orqanlarında, ümumiyyətlə, dövlət və cəmiyyət həyatının bütün sahələrində aparılan struktur və kadr islahatları ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmaqdadır.

Qeyd edək ki, Milli Məclisə seçkilər təyin olunarkən qanunvericiliyin bütün tələbləri gözlənilib. Belə ki, dekabrın 4-də Konstitusiya Məhkəməsinin iclasında Azərbaycan Prezidentinin Milli Məclisin yuxarıda bəhs olunan Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair sorğusuna baxılıb. Konstitusiya Məhkəməsi qəbul etdiyi Qərarda Milli Məclisin Azərbaycan Prezidenti tərəfindən buraxılmasını Konstitusiyaya uyğun hesab edib. Bundan sonra Prezident İlham Əliyev 5 dekabr 2019-cu il tarixində “Beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” Sərəncam imzalayıb.

Şübhə yoxdur ki, fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilər ölkəmizdə demokratiyanın dərinləşməsi yolunda növbəti uğurlu addım olacaq və formalaşacaq yeni parlament Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlara daha geniş miqyasda öz dəstəyini göstərəcək.

- Siz ölkənin üç çağırış Milli Məclisinə rəhbərlik etmisiniz.  Sədrliyiniz dövründə ölkənin ictimai-siyasi həyatında parlamentin oynadığı rol barədə nə deyə bilərsiniz?

- Məlum olduğu kimi, parlamentdə qəbul olunan qanun və qərarlar ölkənin ictimai-siyasi həyatına birbaşa təsir göstərir. Milli Məclis öz səlahiyyətləri çərçivəsində beynəlxalq arenada baş verən proseslərə də lazım gəldikdə münasibət bildirir. Ölkənin beynəlxalq əlaqələrinin inkişafına parlament diplomatiyası vasitəsilə  töhfələr verir.

Heç şübhəsiz ki, ölkəmizdə müasir cəmiyyətin formalaşması, siyasi sistemin dünya standartları səviyyəsinə yüksəlməsi, demokratik proseslərin dərinləşməsi, ölkə həyatının bütün sahələrini bürümüş  islahatların hüquqi bazasının yaradılması və təkmilləşdirilməsi parlamentin diqqət mərkəzində saxladığı ən ümdə məsələlərdən olub.

Əsası ulu öndər tərəfindən qoyulmuş Azərbaycanın milli inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun uğurla davam etdirilir. Azərbaycanı nümunəvi dövlət kimi fərqləndirən mühüm amillərdən biri ondan ibarətdir ki, ölkəmiz özünün praqmatik siyasətini, bir qayda olaraq, zamanın dəyişən tələblərinə, yeni trendlərə uyğun qurur. Bu baxımdan Azərbaycanda Prezident İlham Əliyevin siyasi iradəsi ilə reallaşdırılan islahatlar mühüm əhəmiyyət kəsb edir.

Dərin konseptual əsaslarla hazırlanan islahatlar kompleks səciyyə daşıyır və konkret hədəflərə hesablanır. Genişmiqyaslı islahatların aparılması baxımından artıq tarixə dönən 2019-cu il də istisna təşkil etməyib. Ölkə başçısının təbirincə desək:  “Dünya Bankı Azərbaycanı 20 ən islahatçı ölkə siyahısına salmışdır, bu, böyük nailiyyətdir. Bu, onu göstərir ki, ölkəmizdə aparılan köklü islahatlar aparıcı beynəlxalq qurumlar tərəfindən də təqdirlə qəbul edilir”.

İctimai və dövlət nəzarətinin gücləndirilməsi, iqtisadi fəallığın yüksəldilməsi ölkə başçısı tərəfindən Azərbaycanın hərtərəfli tərəqqisi üçün başlıca şərt kimi qarşıya qoyulmuşdur. Həyata keçirilən islahatlar daha çox sosial sahəni əhatə edir. Prezident İlham Əliyevin dəfələrlə səsləndirdiyi “Bizim siyasətin mərkəzində Azərbaycan vətəndaşının mənafeyi dayanır” bəyanatı keçən il də öz təsdiqini tapmışdır.

Ölkəmizin imza atdığı, fəal iştirakçısı və təşəbbüskarı olduğu neft  və qaz layihələri təkcə bölgənin deyil, həm də Avropanın enerji təhlükəsizliyinə də mühüm töhfə verir. Yeni kommunikasiya qovşaqlarının yaranması ölkəmizi regionun mühüm nəqliyyat mərkəzinə çevirəcəkdir. Məhz aparılan məqsədyönlü siyasətin nəticəsində Bakı bu gün mədəniyyətlərin və sivilizasiyaların qovuşduğu bir məkana çevrilmişdir. Mötəbər beynəlxalq tədbirlərin Bakıda keçirilməsi dünya ictimaiyyəti tərəfindən artıq adi hal kimi qarşılanır. Nüfuzlu beynəlxalq idman yarışlarına paytaxtımızın ev sahibliyi etməsi Azərbaycanımızın iqtisadi qüdrətinin və onun inkişafının nəticəsidir.

Bu uğurların əldə edilməsində şübhəsiz ki, Azərbaycan parlamenti də öz töhfəsini vermişdir. Ötən illərdə Milli Məclis qanunvericilik sisteminin daha da təkmilləşdirilməsi istiqamətində əməli addımlar atmışdır. 2005-2015-ci illər ərzində parlamentin 266 iclası keçirilmiş, 2516 qanun və qərar qəbul olunmuşdur. Onlardan 6-sı Konstitusiya qanunu, 23-ü Konstitusiya qanununa dəyişikliklər, 263-ü qanun, 1363-ü qanuna dəyişikliklər və əlavələr, 301-i isə qərardır. Bu dövrdə 560 beynəlxalq müqavilə və konvensiyanı qanunla təsdiq etmişdir.

Ötən V çağırış dövründə Milli Məclisin 115 iclası keçirilmiş, 1732 qanun və qərar qəbul olunmuşdur. Onlardan 245-i qanun, 1350-si qanunlara dəyişikliklər, 137-si qərarlardır.  Qəbul olunmuş Konstitusiya qanunları, məcəllələr, qanunlar, təsdiq edilmiş konvensiyalar, sazişlər cəmiyyət və dövlət həyatında yaranan münasibətləri tənzimləməyə xidmət edir.

Parlamentdə qəbul olunmuş sənədlərin mühüm bir hissəsi ölkə Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisin müzakirəsinə təqdim edilmişdir. İlham Əliyev hələ 1995-2003-cü illərdə Azərbaycan parlamentinin deputatı olduğu dövrdə Milli Məclisin qanunyaratma fəaliyyətində iştirak etmiş, qanunvericiliyimizin müasir standartlar səviyyəsinə yüksəlməsinə, parlamentin beynəlxalq əlaqələrinin  genişlənməsinə dəyərli töhfələr vermişdir.

Azərbaycan Prezidenti Milli Məclisdə deputat köməkçisi  institutunun təsis edilməsinə böyük dəstək vermişdir. Dövlət  başçısının təşəbbüsü və qayğısı ilə Milli Məclisin siması tamamilə yenilənmişdir. Parlamentin yeni korpusu tikilib istifadəyə verilmiş, maddi-texniki bazası yenidən qurulmuşdur. Burada müasir iclas salonları, ümummilli lider Heydər Əliyevə həsr olunmuş Xatirə zalı, zəngin kitabxana yaradılmışdır.

Milli Məclisin beynəlxalq ikitərəfli və çoxtərəfli əlaqələrinin inkişafına xüsusi diqqət yetirilir. Bu məqsədlə parlamentlərarası əməkdaşlığın müxtəlif formalarından istifadə olunur. İndiyədək xarici ölkələrin qanunvericilik orqanları ilə əməkdaşlıq və qarşılıqlı əlaqə haqqında çoxsaylı sazişlər bağlanmışdır. Milli Məclisdə 82 ölkənin parlamentləri ilə əlaqələr üzrə işçi qrupları yaradılmışdır.

Milli Məclis ölkəmizin üzv olduğu beynəlxalq təşkilatların parlament məclislərinin, o cümlədən ATƏT-in Parlament Assambleyasının, Avropa Şurası Parlament Assambleyasının, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin, MDB Parlamentlərarası Assambleyasının, İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqının, Türkdilli Ölkələrin Parlament Assambleyasının, İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin, Avronest Parlament Assambleyasının və digər nüfuzlu təşkilatların üzvüdür, bir neçə parlament təşkilatı, o cümlədən Avropa Parlamenti, NATO-nun Parlament Assambleyası, Baltik Parlament Assambleyası ilə yaxından əməkdaşlıq edir. Milli Məclisin nümayəndə heyətləri beynəlxalq təşkilatların toplantılarında müntəzəm iştirak edir, dövlətimizin müxtəlif məsələlərə dair mövqeyini beynəlxalq aləmə çatdırmaq üçün bu vasitədən də səmərəli istifadə edirlər.

V çağırış müddətində Milli Məclis Sədrinin rəhbərliyi ilə parlament nümayəndə heyəti 38 dəfə xarici səfərlərdə olmuşdur. Bu səfərlər zamanı aparılan danışıqlar və görüşlər parlamentlərarası əlaqələrin inkişafına layiqli töhfə vermişdir.  Heç də təsadüfi deyildir ki, Azərbaycan parlamentinin 100 illik yubileyi tədbirində 9 beynəlxalq təşkilatdan və 44 ölkədən 280 iştirakçı olub, onlardan 14 sədr, 20 sədr müavini, 16 ölkə isə digər səviyyədə təmsil olunub. Ümumiyyətlə, V çağırış müddətində Milli Məclis 24 beynəlxalq tədbirə ev sahibliyi etmişdir. Təkcə ötən il parlamentin xətti ilə 7 beynəlxalq tədbir keçirilmişdir.

- Hörmətli Oqtay müəllim, Cənubi Qafqazın ən böyük siyasi partiyası, iqtidar partiyası olan Yeni Azərbaycan Partiyası növbədənkənar parlament seçkilərinə “Daha güclü Azərbaycan naminə” şüarı ilə gedir. Bu barədə Sizin fikirlərinizi bilmək istərdik.

- Yeni Azərbaycan Partiyasının müstəqil Azərbaycanın siyasi sistemində özünəməxsus və aparıcı rolu var. Yeni Azərbaycan Partiyası cari ilin fevralın 9-da keçiriləcək parlament seçkilərinə ruh yüksəkliyi və qələbə əzmi ilə baxır.

Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş bu partiya bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında daha güclü Azərbaycan naminə yeni məqsədlərə doğru inamla addımlayır. Müasir Azərbaycan artıq dünya birliyində özünü  təsdiqləməklə yanaşı, bütöv bir bölgənin iqtisadi tərəqqisinə təkan verə biləcək bir gücdədir.

Dərin iqtisadi, sosial, hüquqi, struktur-institusional və kadr  islahatları ölkəmizdə iqtisadi fəallığın artmasını, yeni sosial-iqtisadi və mənəvi mühitin formalaşmasını, Azərbaycanın regionun ən aparıcı ölkələrindən birinə çevrilməsini təmin edib.

Biz bütün bunlara partiyamızın lideri və dövlətimizin başçısı Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasət sayəsində nail olmuşuq. Məhz İlham Əliyevin prezidentliyi dövründə inkişafın Azərbaycan modeli dünyanın nüfuzlu maliyyə qurumları tərəfindən də  təqdir olunmuşdur. Ölkədə hüquqi, dünyəvi, demokratik dövlət quruculuğu sürətlə davam etdirilir.  Siyasi sistemin inkişaf etdirilməsi, hərtərəfli islahatların həyata keçirilməsi üçün vacib olan qanunlar qəbul olunmuş, mövcud qanunlar daha da təkmilləşdirilmişdir. Bütün  bunlar parlament tərəfindən Prezidentin yürütdüyü siyasətə dəstəyin ifadəsidir.

Ölkə başçısı cənab İlham Əliyevin vurğuladığı kimi, parlament xalqın mənafelərinin həqiqi təmsilçisi olmalı, millət vəkili isə onu seçmiş insanların qayğıları ilə yaşamalıdır.

Hazırkı tarixi mərhələdə qarşımızda mühüm vəzifələr durur. Biz Azərbaycanın inkişafını yeni mərhələyə çatdırmaq, dövlətimizi daha qüdrətli etmək, Azərbaycan vətəndaşlarını daha yüksək rifaha qovuşdurmaq, sabitliyi və inkişafı qorumaq niyyətindəyik. Yeni Azərbaycan Partiyasının seçki proqramının məğzini də məhz bu amallar təşkil edir.

Yeni Azərbaycan Partiyasının proqramında təqdim olunanlar, sadəcə, vədlər deyil, onlar Azərbaycanın dinamik inkişafının gətirdiyi reallıqlara əsaslanan, dayanıqlı tərəqqini təmin etmək üçün yeni şərtlər formalaşdıran gerçəkliklərdir. Bu sənəddə nəzərdə tutulmuş məqsədləri həyata keçirmək üçün milli maraqlara söykənən fəaliyyətimizi davam etdirmək dövlətimiz üçün müstəsna əhəmiyyətə malikdir.

Heç şübhə etmirəm ki, Yeni Azərbaycan Partiyasının namizədlərinə verilən səslər Azərbaycanın qüdrətinin və əhalinin rifahının daha da artmasına xidmət edəcəkdir!