MÜSAHİBƏLƏR
Azərbaycanda peşə təhsilini inkişaf etdirmək günün tələbidir
- Rauf müəllim, Azərbaycanda təhsil sahəsində davamlı islahatlar həyata keçirilir. Bu mənada peşə təhsili sahəsində mövcud vəziyyət haqqında fikirlərinizi bilmək istərdik...
- Bir neçə gün öncə, Azərbaycanda yeni tədris ili başladı. Bu ərəfədə ölkəmizdə xeyli sayda yeni məktəb binaları tikilib istifadəyə verildi. Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva bir sıra məktəblərin açılışında iştirak etdilər. Bu məktəblər ən müasir standartlara cavab verir. Bütün bunların hamısı təhsilimizin inkişafının əyani göstəricisidir. Eyni zamanda, təhsilin bütün pillələrinin, istiqamətlərinin daha yüksək səviyyəyə qaldırılması üçün islahatlar həyata keçirilir. Bu mənada ali, orta, orta ixtisas təhsili üzrə görülən işlər ciddi nəticələr verməkdədir, təhsilimiz Avropa təhsil sisteminə inteqrasiya edir.
Peşə təhsilinə gəlincə, bu sahədə də müvafiq addımlar atılır. Amma görülən işləri sürətləndirmək, peşə təhsili ixtisasına diqqəti daha da yüksəltmək lazımdır. Çünki peşə ixtisas təhsilinin inkişafı günün tələbidir. Bilirsiniz ki, bu gün Azərbaycan sosial-iqtisadi cəhətdən sürətlə inkişaf edir. Ona görə də, bizə müxtəlif peşələr üzrə ixtisaslı kadrlar lazımdır. Ölkəmizin hər yerində tikinti-quruculuq işləri gedir, neft sənayesi inkişaf edir, turizm sahəsində yeni-yeni nailiyyətlər qazanılır, regionlarda müasir standartlara cavab verən müəssisələr açılır və s. Bütün bunlar üçün təbii ki, ixtisaslı kadrlara ehtiyac duyulur.
Sovetlər dönəmində texniki peşə məktəblərində müxtəlif sahələr üzrə kadrlar hazırlanırdı. Eyni zamanda, böyük müəssisələr var idi ki, onların nəzdində peşə məktəbləri fəaliyyət göstərərək kadrlar hazırlayırdılar. Həmin məktəblərin böyük emalatxanaları var idi. Eyni zamanda, Bakı şəhərində o dövrlərdə «Gənc fəhlə» maqazini var idi ki, orada peşə məktəblərinin istehsalı olan məhsullar satılırdı.
Bu gün də texniki peşə məktəbləri ölkə üzrə fəaliyyət göstərir. Amma onlar müasir standartlara cavab verməlidir, emalatxanalar yaradılmalıdır ki, ən müasir avadanlıqlarla təhciz edilməlidir. Belə emalatxanalar olmasa, yüksək ixtisaslı kadrların hazırlanması mümkün deyil.
- Hazırda peşə təhsilinin inkişafı istiqamətində görülən işlər günün tələblərinə cavab verirmi?
- Əlbəttə ki, Azərbaycanda texniki peşə təhsilinin inkişafı ilə əlaqədar tədbirlər görülür. Təhsili Nazirliyinin məlumatına görə, ölkə üzrə 100-ə qədər peşə təhsili məktəbləri var. Həmçinin, ARDNŞ-in, Mədəniyyət və Turizm Nazirliyinin bu tipli məktəbləri fəaliyyət göstərir.
Bilirsiniz ki, 3 iyul 2007-ci ildə Azərbaycan Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş «Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012 -ci illər» icra edildi. Bu proqramın məqsədi Azərbaycan Respubilkasında dinamik inkişaf edən iqtisadiyyatın peşə-ixtisas kadrlarına tələbatının daha dolğun odənilməsi, əhaliyə gostərilən texniki peşə təhsili xidmətlərinin gunun tələbləri səviyyəsində qurulmasının təmin edilməsindən ibarət idi. Təbii ki, proqram müvafiq strukturlar tərəfindən yerinə yetirildi.
Eyni zamanda, bu yöndə Təhsil Nazirliyinin də layihələri var. Nəzərə alsaq ki, peşə məktəblərinin böyük əksəriyyəti bu nazirliyin tabeliyindədir, onda görülən işlərə dəstək verməliyik. Mən təhsil nazirimizin peşə təhsilinin inkişafı ilə bağlı fikirləri ilə tanışam və bunu alqışlayıram. Sadəcə, bütün ictimaiyyət bu məsələyə diqqət göstərməli və bu sahənin inkişafına dəstək verilməlidir. Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət sayəsində ilk peşə-ixtisas təhsilinin statusunun artırılması istiqamətində son illər bir sıra mühüm qərarlar qəbul edilib. Ölkə iqtisadiyyatının sürətli inkişafı prosesinin uğurla davam etdirilməsi ixtisaslı kadrlara olan tələbatı daha da artırıb. Peşə təhsili sisteminin əhatə dairəsinin genişləndirilməsi və kadr hazırlığı prosesinin keyfiyyətinin yüksəldilməsi məqsədilə Təhsil Nazirliyi Müasir Azərbaycan Peşəkarları Layihəsinin icrasına başlayıb. Bu layihə çərçivəsində müasir tipli pilot peşə təhsili komplekslərinin yaradılır. Bu yöndə pilot layihələri də həyata keçirilir. Eyni zamanda, Azərbaycan Prezidentinin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda ilk peşə-ixtisas təhsili sahəsində cəmiyyətin tələblərinə uyğun səriştə əsaslı ilk peşə-ixtisas təhsili standartları və kurikulumlarının hazırlanması, müasir təminatlı peşə tədris mərkəzlərinin və komplekslərinin yaradılması nəzərdə tutulub. Bu istiqamətdə aparılan islahatlar nəticəsində peşə məktəblərinin müasir tələblər səviyyəsində inkişafına nail olmaq lazımdır.
- Peşə təhsilinin inkişafı gənclərə nə verəcək? Gənclər üçün bu təhsilin üstünlükləri nədən ibarətdir?
- Təbii ki, bu məktəblərdə təhsil almaqla gənclər ilk növbədə peşə qazanırlar, sənət sahibi olurlar. Belə bir deyim var: pis sənət yoxdur, pis sənətkar var. Düşünürəm ki, gənclərin peşə təhsilinə marağını daha da artırmaq lazımdır. Bunun üçün ilk növbədə, bütün peşə məktəblərində müasir avadanlıqlarla təhciz olunmuş emalatxanalar olmalıdır. Əgər bu olmasa, təkcə nəzəriyyəni öyrənməklə ciddi nəticələr qazanmaq olmaz. Bu gün müasir avadanlıqlarla, texnologiyalarla işləməyi bacaran peşə sahibləri yetişməlidir. Əgər belə olarsa, xaricdən işçi qüvvəsinə də ehtiyac qalmayacaq. Eyni zamanda, yaradılan böyük müəssisələr peşə məktəblərinə kadr sifarişləri verməlidir.
Bilirsiniz, hamı ali təhsil ala bilmir. Ona görə də, bu sistemi inkişaf etdirmək lazımdır ki, gənclərimiz müxtəlif peşələrin kamil bilicisi olsunlar. Yuxarıda qeyd etdiyim kimi ölkəmizin sürətli inkişafı fonunda savadlı peşə sahiblərinrə ehtiyac var. Kimlərsə peşə təhsilini prestijli hesab etmir. Amma yanılırlar. Çünki əsl sənətkarlara hamının ehtiyacı olur. Hamının işini yaxşı bacaran dülgərə, bənnaya, qaynaqçıya və s. peşə sahiblərinə ehtiyacı var və bir iş görəndə peşəkarları axtarırıq. Elə götürək, nəqliyyat sahəsini. Bizə peşəkar avtobus sürücüləri də lazımdır. Bunların hamısı isə peşə məktəblərində hazırlanmalıdır. Mən demirəm ki, belə peşəkarlar bu gün yoxdur və heç kimi də tənqid etmək fikrində deyiləm. Sadəcə demək istədiym oldur ki, bu sahəni daha da inkişaf etdirmək lazımdır. Bu məsələ hamının marağında olmalıdır, çünki bütün ailələr təhsilə bağlıdır. Əgər gənclərimiz yaxşı peşə təhsili alsa və bu iş sistemli təşkil olunsa, o, özünə iş tapacaq, ailəsini dolandıracaq. Eyni zamanda, gənclər seçim etmək imkanı qazanacaqlar. Bununla yanaşı qeyd etmək istəyirəm ki, yaxşı ustaları peşə məktəblərinə cəlb etmək lazımdlır ki, gəncləri öyrətsinlər. Onları da bu işə həvəsləndirmək lazımdır.
- Milli Məclis bu prosesə necə dəstək verə bilər? Bu barədə hanısa təkliflərlə çıxış etməyi düşünürsünüzmü?
- Bəli, mən üzv olduğum Sosial siyasət komitəsində bu məsələ ilə əlaqədar öz təkliflərimi verəcəyəm. Bilirsiniz ki, təhsil haqqında qanunda da peşə təhsili ilə bağlı müddəalar var. Bu müddəların tələblərindən irəli gələrək bizim üzərimizə nə düşürsə, onu icra etməyə, dəstək göstərməyə hazırıq. Hesab edirəm ki, qanunverici orqan da lazım gələrsə bu sahənin inkişafına öz səlahiyyətləri çərçivəsində hər cür kömək göstərməyə hazırdır. Çünki peşə təhsilinin inkişafı və bunun nəticəsində də gənclərin müxtəlif ixtisaslara yiyələnib fəaliyyət göstərmələri bilavasitə sosial məsələdir. Ona görə də, Sosial siyasət komtəsində bu haqda fikirlərimi bildirəcəyəm.
- Rauf müəllim, bu sahənin inkişafı ilə əlaqədar dünya ölkələrinin təcrübəsini öyrənmək və tətbiq etmək nə dərəcədə zəruridir?
- Əlbəttə ki, beynəlxalq təcrübənin öyrənilməsi vacibdir. Bəzi Avropa ölkələrində gəncləri ali məktəbə peşə məktəblərindən də götürürlər. Çünki həmin gənc özü üçün ixtisas alır, peşə məktəbi vasitəsilə müəyyən peşəyə yiyələnir. Ali məktəbdə isə hüquqşünas təhsili alır. Amma nə qazanır? Əgər hüquq sistemində çalışa bilməsə də, onun peşə ixtisası var. Və ixtisası üzrə çalışacaq.
Mənim bildiyimə görə, Almaniyadakı sistem ən yaxşı sistemdir. Bu ölkədə peşə təhsili ikipilləlidir. Həm nəzəriyyə, həm də praktika. Orada gənclər vaxtının çoxunu emalatxanada keçirir. Çünki təcrübə olmasa, təkcə kitab oxumağın mənası yoxdur. Hesab edirəm ki, Almaniyanın peşə təhsili sistemi bizim üçün də model ola bilər.
Bir faktı da xatırladım. Bu yaxınlarda Rusiya mətbuatından oxudum ki, Çelyabinskdə fəaliyyət göstərən bir peşə məktəbi İsveçrədən öz emalatxanaları üçün müasir avadanlıqlar alıb və qaynaqçı hazırlayır. Və məktəbdə müxtəlif sifarişlər qəbul edib iş görürlər. Həmin yeni texnologiyanın tətbiqi nəticəsində də məktəbə qəbul 6-7 dəfə artıb. Yəni bu faktları göstərməklə, demək istəyirəm ki, dünya ölkələrinin qabaqcıl təcrübəsindən istifadə etməklə biz bu sahəni inkişaf etdirə bilərik. Hesab edirəm ki, biz tədricən ölkəmizə bu sahənin inkişafını da arzuladığımız səviyyəyə çatdıra biləcəyik.