MÜSAHİBƏLƏR
Azərbaycan iqtisadi potensialı kifayət qədər böyük olan ölkədir
- Kamilə xanım, məlum olduğu kimi ölkəmizdə uğurlu sosial siyasət həyata keçirilir. Bu siyasətin üstünlükləri barədə nə deyə bilərsiniz?
- Ümumiyyətlə, Azərbaycan sosial dövlətdir. Prezident İlham Əliyev qarşıya respublikamızda sosial sferanı dünyanın qabaqcıl ölkələrindəki səviyyəyə çatdırmaqla bağlı mühüm vəzifə qoyub. Bu hədəfə çatmaq üçün ölkəmizdə bilavasitə insanların həyat şəraitinin daha da yaxşılaşmasına, onların gəlir imkanlarının mütəmadi qaydada artırılmasına, müxtəlif xidmətlərin əlçatanlığının təmin olunmasına hesablanan islahatlar aparılır, hüquqi baza möhkəmləndirilir, eyni zamanda, praktiki müstəvidə çoxsaylı tədbirlər reallaşdırılır. Həyata keçirilən ardıcıl və məqsədyönlü siyasətin nəticəsidir ki, son 16 ildə Azərbaycan insan inkişafı indeksini əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa nail olub və MDB-də lider mövqeyə yüksəlib. BMT-nin bəyan etdiyi Minilliyin İnkişaf Məqsədlərinə qoşulan respublikamızda hazırda işsizlik və yoxsulluq 5 faiz səviyyəsindədir ki, bu da bütün dünya üzrə ən yaxşı göstəricilərdən biri hesab olunur. Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında keçirilən iqtisadi müşavirədəki nitqində dövlət başçımız respublikamızda reallaşdırılan sosial siyasətin birmənalı olduğunu xüsusi olaraq nəzərə çatdırıb. Bu xüsusda fikirlərini ifadə edən dövlət başçısı deyib: “Bizim sosial siyasətimiz birmənalıdır. Dəfələrlə demişəm ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Hesab edirəm ki, Azərbaycan sosial müdafiə sahəsində dünya miqyasında nümunəvi ölkədir”.
Bilirsiniz ki, Azərbaycan Prezidenti İlham Əliyev hələ 2018-ci ilin sonlarında bəyan etmişdi ki, qarşıdan gələn dövrdə əhalinin sosial durumunun daha da yüksəldilməsi prioritet təşkil edəcək. Praqmatik siyasətçi olan Prezident İlham Əliyevin verdiyi vədlər yüksək səviyyədə yerinə yetirilir. Belə ki, Azərbaycanın dövlət başçısı 2019-cu ilin arxada qalan dövrü ərzində iki böyük sosial islahat paketi təsdiqləyib.
Respublikamızda cari ilin əvvəlindən reallaşdırılan sosial islahatlar bir tərəfdən Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasətin effektivliyini, yüksək praktiki nəticələr verdiyini təsdiqləyirsə, digər tərəfdən də dövlətimizin gücünü nümayiş etdirir. Elan olunan və iki mərhələdə həyata keçirilən sosial islahatların maliyyə yükü kifayət qədər böyükdür. Ümumilikdə, hər iki sosial paketin dəyəri cari il üçün 2,3 milyard manat, növbəti il üçün isə 3 milyard manatdır. Bu il ərzində əməkhaqları, pensiyalar, sosial müavinətlər və digər sosial ödənişlər əhəmiyyətli dərəcədə artıb. Bütün bunlar isə əhalinin rifah halının yüksəlməsinə xidmət edir.
- Bu gün cəmiyyətdə əsas müzakirə mövzusu ölkə Prezidenti tərəfindən həyata keçirilən islahatlardır. Sizcə, bu islahatların əhəmiyyəti nədən ibarətdir?
- Zaman dəyişir və hər dövr qarşıya yeni tələblər, yeni çağırışlar qoyur. Müasirləşməni strateji hədəf kimi müəyyənləşdirən Azərbaycan dövləti də öz siyasətini məhz zamanın dəyişən tələblərinə uyğun qurur. Dövlətimizin başçısı ölkəmizin bundan sonrakı inkişaf perspektivləri ilə bağlı qarşıda yeni mühüm vəzifələr durduğunu bildirib. Respublikamızın indiyə qədərki inkişafından, qazanılan uğurlardan məmnunluğunu ifadə edən Prezident İlham Əliyev, eyni zamanda, imkanların daha geniş olduğunu nəzərə çatdırıb. Dövlət başçısı bütün sahələrdə şəffaflığın təmin edilməsi, neqativ halların aradan qaldırılması, rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizənin daha da gücləndirilməsi, kadr islahatlarının davam etdirilməsi, gənclərin yüksək vəzifələrə irəli çəkilməsi ilə bağlı verdiyi tapşırıqlar xüsusilə aktualdır. “Çox güclü siyasi iradə ortaya qoyulub. Biz Azərbaycanı müasir, sürətlə inkişaf edən, şəffaflığı öz siyasətində bayraq edən ölkə kimi görmək istəyirik və buna nail olacağıq. Heç kim bu işdə bizə mane ola bilməz”, - deyə Prezident İlham Əliyev qətiyyətlə bildirib.
Azərbaycan iqtisadi potensialı kifayət qədər böyük olan ölkədir. Ancaq yalnız iqtisadi potensiala arxayın olmaqla respublikanın perspektiv inkişafını təmin etmək mümkün deyil. İnkişafın ardıcıllığının təmin olunması böyük dərəcədə idarəetmə mexanizminin optimal qurulmasından, kadrların düzgün seçilib yerləşdirilməsindən asılıdır. Respublikamızda cari ilin əvvəlindən daha aktiv fazaya daxil olan institusional islahatlar da məhz idarəetmədə səmərəliliyi və çevikliyi artırmağa hesablanıb. Qeyd etmək yerinə düşər ki, 2019-cu ilin əvvəlindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən struktur islahatları ilə bağlı mühüm qərarlar qəbul edilib. Və bu istiqamətdə işlər daha aktiv fazaya daxil olub. Ardıcıllıqla aparılan struktur islahatları dövlət idarəetməsini iqtisadi inkişafın yeni mərhələsinə uyğunlaşdırır. İdarəetmə və iqtisadi inkişaf arasında tarazlıq, qarşılıqlı əlaqə və bir-birini tamamlama kimi prinsiplər qorunur.
- Hər bir sahədə həyata keçirilən tədbirlərə ictimai nəzarət məsələsi də aktual olaraq qalır…
- Prezident İlham Əliyev həmişə ölkə vətəndaşlarına müraciət edərək onları fəal olmağa, Azərbaycanın inkişafı naminə reallaşdırılan siyasətə dəstək verməyə çağırıb. Dövlət başçısının mövqeyi belədir ki, güclü ictimai nəzarətin təmin olunması ölkənin qarşısında duran məsələlərin həllində çox mühüm amildir. Dövlət başçısının ölkəmizi yeni inkişaf mərhələsinə çıxartmağı hədəfləyən çağırışları da həm icra hakimiyyəti qurumlarına, həm də bütün cəmiyyətə ünvanlanıb. Bu xüsusda fikirlərini ifadə edən Prezident İlham Əliyev deyib: “Biz xoşagəlməz hallara qarşı mübarizə aparmalıyıq və təkcə hüquq-mühafizə orqanları yox, bütün aidiyyəti qurumlar, o cümlədən vətəndaşlar. Mən dəfələrlə demişəm ki, ictimai nəzarət daha da güclü olmalıdır. Hər bir yerdə, hər bir bölgədə, Bakının hər bir yerində əgər hansısa qanunsuzluq baş verirsə, aidiyyəti orqanlar bunu aşkarlamalı və bu qanunsuzluğa yol açan vətəndaşları, insanları məsuliyyətə cəlb etməlidirlər. Vətəndaşlar da öz növbəsində məlumat verməlidirlər, ictimai nəzarət baxımından daha da fəal olmalıdırlar ki, biz islahatları aparaq və ölkəmizin qüdrətini artıraq”.
Qeyd edim ki, son 16 ildə Azərbaycanın yüksək inkişaf dinamikasına nail olmasında cəmiyyətin fəallığının müstəsna rolu olub. Yüksək vətəndaş fəallığı olmadan Azərbaycandakı möhkəm daxili sabitliyi və dinamik inkişafı heç təsəvvür etmək belə mümkün deyil. Biz xatırlaya bilərik: Ən həssas, ən zəruri məqamlarda vətəndaşlar öz mövqelərini açıq, qətiyyətli şəkildə ortaya qoyublar, dövlətə, Prezident İlham Əliyevə dəstək nümayiş etdiriblər, aparılan siyasətə “hə” deyiblər. Eyni zamanda, dövlət də öz siyasətini müəyyənləşdirərkən daim sosiumun mövqeyini, cəmiyyətdən gələn sosial sifarişləri nəzərə alıb və bu vəhdət də uğurlarımızı təmin edib.
Son illərdə könüllülər hərəkatının geniş vüsət alması ölkəmizdə vətəndaş fəallığının artmasına yaxşı nümunədir. Bu gün könüllülər hərəkatında on minlərlə gənc birləşir. Könüllü gənclər son illərdə ölkəmizin ev sahibliyi etdiyi mötəbər beynəlxalq tədbirlərin təşkilində və keçirilməsində böyük fəallıq və idarəçilik keyfiyyətləri nümayiş etdiriblər. Könüllülər həmçinin “ASAN xidmət”, “DOST” mərkəzlərində, aqrar sektorda, hüquq-mühafizə orqanlarında geniş şəkildə təmsil olunurlar.
- Kamilə xanım, bu gün respublikamızın regionları da dinamik şəkildə inkişaf edir. Prezident İlham Əlıiyev mütəmadi olaraq bölgələrə səfər edərək görülən işlərlə şəxsən tanış olur. Bu amil bölgələrimin sosial-iqtisadi inkişafında nə dərəcədə rol oynayır?
- Son 16 ildə ölkənin bütün regionlarının tarazlı inkişafının təmin olunması Azərbaycanın daxili siyasətinin prioritetlərindən birini təşkil edib. Bu istiqamətdə qarşıya qoyulan hədəflərə çatmaq üçün 2004-cü ildən bəri Prezident İlham Əliyevin müvafiq fərmanları ilə təsdiqlənən regionların sosial-iqtisadi inkişafına dair üç Dövlət Proqramı uğurla reallaşdırılıb. Prezident İlham Əliyevin 29 yanvar 2019-cu il tarixində imzaladığı növbəti Fərmanla “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiqlənib və hazırda bu proqramın da icrası yüksək səviyyədə təmin edilir.
Regionların inkişafının davamlı olaraq diqqət mərkəzində saxlanılması və bəhs olunan Dövlət proqramlarının icrasının yüksək səviyyədə təmin edilməsi ölkənin bütün bölgələrində müsbət reallıqların yaranması ilə nəticələnib. İnkişafın, quruculuq-abadlıq işlərinin, müasir infrastruktur yaradılmasının, əhalinin kommunal rahatlıqlarla yüksək səviyyədə təmin edilməsinin paytaxt Bakı ilə məhdudlaşmaması, bütün regionları əhatə etməsi ölkənin hər bir vətəndaşında iftixar və böyük məmnunluq hissi yaradır.
Bu yaxınlarda Prezident İlham Əliyev Qəbələ və Ağdaş rayonlarında səfərdə olub. Dövlət başçısı bu səfəri çərçivəsində hər iki rayonda son vaxtlarda görülən işlərlə tanış olub, bir sıra infrastruktur və istehsal təyinatlı obyektlərin açılışına qatılıb və Özünün dəyərli tövsiyələrini verib. Prezident İlham Əliyevin regionlara səfərləri zamanı diqqəti çəkən əsas məqamlardan biri də dövlət başçısının ictimaiyyətin nümayəndələri, əmək kollektivləri ilə sıx təmaslar qurmasıdır. Bu kontekstdə dövlət başçısının yuxarıda bəhs olunan rayonlara növbəti səfəri də respublikamızda uğurla reallaşdırılan dövlət siyasətinin identikliyini - bu siyasətin bilavasitə cəmiyyətdən gələn sosial sifarişlər əsasında formalaşdığını və onun əsas qayəsinin vətəndaşların arzu və istəklərinin həyata keçirilməsi olduğunu bir daha nümayiş etdirir. Praqmatik siyasətçi olan Prezident İlham Əliyev ölkə rəhbəri kimi Özünün və dövlətin sosial dayağı qismində Azərbaycan cəmiyyətini görür, məhz xalqa güvənir. Dövlət başçısı dəfələrlə bəyan edib ki, bütün məmurların ən ümdə vəzifəsi xalqa xidmət etməkdir, eyni zamanda, vətəndaşlar da milli dövlətimizin möhkəmlənməsinə, təhdidlərdən qorunmasına öz töhfələrini verməlidirlər. Beləliklə, respublikamızda sarsılmaz xalq-iqtidar birliyi formalaşıb.
Son 16 ilin təcrübəsi deyilənləri əyani şəkildə təsdiqləyir. Prezident İlham Əliyev mütəmadi qaydada ictimaiyyətin nümayəndələri ilə görüşür, tez-tez bölgələrə səfərlərə gedir. Bu görüşlər və səfərlər isə izsiz ötüşmür. Dövlət başçısı insanları narahat edən məsələlərlə yerindəcə tanış olur, həmçinin əvvəllər verilən tapşırıqların müvafiq qurumlar tərəfindən necə icra edildiyi ilə maraqlanır. Beləliklə, bir tərəfdən nəzarət möhkəmlənir, məmurların məsuliyyəti artır, digər tərəfdən isə dövlət siyasətinin prioritetləri müəyyənləşdirilərkən yerlərdə insanların qaldırdıqları məsələlər mütləq nəzərə alınır.
Biz dövlət başçımızın fəaliyyəti üçün səciyyəvi olan bu cəhəti həmçinin Onun Qəbələ və Ağdaş rayonlarına səfəri zamanı da müşahidə etdik. Səfər çərçivəsində keçirilən görüşlərdə Prezident İlham Əliyevin səmimiyyətinin, vətəndaşların arzu və istəklərinə, müraciətlərinə böyük həssaslıqla yanaşdığının bir daha şahidi olduq. Elə Ağdaş şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin istismara verilməsindən sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdəki çıxışı zamanı da Prezident İlham Əliyev vurğulayıb ki, O, problemlərin həllinə nail olmaq üçün regionlara müntəzəm səfərlər edir, bu barədə məhz vətəndaşların dilindən eşitmək istəyir.
Bütövlükdə, Prezident İlham Əliyevin fəaliyyətini məhz milli maraqlar üzərində qurması, daim insanların arzu və istəklərini yerinə yetirməyə çalışması öz növbəsində cəmiyyətdə dövlət başçısına, Onun reallaşdırdığı siyasətə böyük inamı daha da gücləndirir.