YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Dövlət Bayrağı Günü ölkəmiz üçün ən tarixi günlərdən biridir

Müsahibimiz Milli Məclisin deputatı Fəzail İbrahimli

- Fəzail müəllim, məlum olduğu kimi 9 noyabr tarixi Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur. Hər bir dövlətin müstəqilliyi və suverenliyi onun dövlət rəmzlərində ifadə olunur. Bu mənada, hər bir xalq, dövlət üçün bayraq hansı məna kəsb edir? 

- Dövlətimizin üçrəngli  bayrağı Azərbaycan suverenliyinin və müstəqilliyinin rəmzidir. Bayraq tarixən hər bir xalq üçün müqəddəs olub. İnsanlar öz dövlətlərinin bayraqlarına həmişə ehtiramla yanaşıblar.  Ona görə də, bayraq insanlar, xalqlar üçün həmişə müqəddəs hesab edilib. Bu mənada ölkəmizdə Dövlət Bayrağı Gününün qeyd olunması  həm dövlətimiz, həm də xalqımız üçün olduqca əlamətdar bir hadisədir, eyni zamanda keçib gəldiyimiz yola, tarixə qısa bir nəzər salmaq imkanıdır. Bayraq bizim müstəqilliyimizi dərk etməyimiz, onun qədrini – qiymətini bilməyimiz baxımından tapındığımız, kölgəsinə sığındığımız müqəddəs bir varlıqdır. 
Müstəqil Azərbaycanın ilk müstəqil bayrağı bildiyiniz kimi 1918 – ci ildə Gəncə şəhərində qəbul olunub. O zaman Şərqdə ilk demokratik respublika olan müstəqil Azərbaycanın Nazirlər Şurası Bakı şəhəri daşnak – bolşevik qüvvələri tərəfindən işğal olunduğuna görə Gəncə şəhərində yerləşirdi. İlk bayraq kimi 24 iyun 1918 – ci il tarixində qırmızı rəngli ay və səkkizguşəli ulduzdan ibarət bayraq qəbul olunmuşdu və qeyd edilmişdi ki, bu bayraq müvəqqətidir. Daha sonra 9 noyabr 1918 – ci il tarixində müqəddəs üçrəngli bayrağımız qəbul olundu və dalğalanmağa başladı. Təbii ki, bu məqamda üçrəngli bayrağımızın ideologiyasının yaradıcısı Əli bəy Hüseynzadəni xatırlamaq lazımdır. Əli bəy Hüseynzadənin türkçülük, müasirlik, islamlaşmaq ideyaları üçrəngli bayrağımızda öz əksini tapıb. Bu bayraq həm də,  Azərbaycan dövlətinin öz inanclarına, öz dəyərlərinə sadiqliyindən xəbər verirdi. Amma təəssüflər olsun ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı, bu bayrağımız zirvələrdə dalğalanmadı.
 Amma görünür, Tanrının lütfü bizdən ötrü imiş ki, üzərindən uzun illər keçəndən sonra Azərbaycan yenidən öz müstəqilliyinə qovuşdu, yenidən üçrəngli bayrağımız dalğalanmağa başladı. Biz yenidən bayrağımızla fəxr etmək, onunla qürur duymaq imkanı əldə etdik. 
Belə ki, 17 noyabr 1990 – cı il tarixində Ümummilli lider Heydər Əliyevin təklifi ilə üçrəngli bayrağımız  Naxçıvan Ali Məclisinin qərarı ilə  Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olundu. Daha sonra üçrəngli bayraq bütövlükdə Azərbaycanın dövlət bayrağı kimi qəbul olundu. 

- Sizcə, 9 noyabrın təqvimə Dövlət Bayrağı Günü kimi daxil  edilməsinin siyasi əhəmiyyəti nədən ibarətdir?

- Bilirsiniz ki, 2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Həmin il dekabrın 4-də isə Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib. Həmin gün Əmək Məcəlləsinin 105-ci maddəsinə edilən əlavəyə əsasən, bu bayram qeyri-iş günü olan bayramların siyahısına daxil edilib.   Həmin gün kimliyindən, düşüncəsindən, iqtisadi – sosial səviyyəsindən asılı olmayaraq, bütün vətəndaşlar bir anlığına düşünəcəklər ki, bu istirahət hüququnu mənə nə verib? Bu kimi sualları özünə verdikdən sonra o, öz ailə üzvlərinə, ətrafına, yaxınlarına üçrəngli bayrağımız haqqında məlumat verəcək.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə Sərəncam imzalayıb. Onu da qeyd edim ki, Dövlət Bayrağı Meydanı hər dövlətdə yoxdur. Dövlət Bayrağı Meydanının yaradılmasının özü bayrağa xüsusi bir münasibətin ifadəsidir. Yəni, meydanda insanlar gəzir, öz asudə vaxtlarını keçirir, qonaqlar gələndə həmin meydanı ziyarət edirlər və bu da insanların yaddaşına bayrağın əbədi həkk olunmasına, insanlara milli dövlətçilik şüurunun aşılanmasına xüsusi stimul verir. Yəni, ölkə paytaxtında olan, yaşayan, qonaq gələn hər kəsdə bu Meydan haqqında dolğun təəssüratlar yaranacaq. Bayraq Meydanının yaradılması haqqında verilən qərar Azərbaycan dövlətçilik tarixində verilən ən önəmli qərarlardan biridir. Biz bu Dövlət Bayrağı Meydanı vasitəsi ilə dünyaya “Biz varıq!” mesajını verdik. Artıq imzamızın millətlərin imzaları içində olmasını sübut etdik.

Təbii ki,  müstəqilliyimiz asanlıqla əldə olunmayıb. Bu bayrağın dalğalanması üçün nə qədər qanlar tökülüb, nə qədər insanlar şəhid olub. Dünya ictimaiyyəti də xalqımızın öz bayrağına, öz atributlarına bu qədər sayğılı olduğunu görür. Ulu Öndər Heydər Əliyevin bəyan etdiyi kimi Azərbaycan müstəqilliyi əbədidir, daimidir, dönməzdir və üçrəngli bayrağımız da daim zirvələrdə dalğalanacaq. Bu baxımdan, mən düşünürəm ki, Dövlət Bayrağı Günü ölkəmiz üçün ən tarixi günlərdən biridir. Bu münasibətlə mən bütün xalqımızı təbrik edirəm. Qeyd etmək istəyirəm ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəmizə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət bayrağı milli müstəqilliyimizin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Bizim də borcumuzdur ki, bu bayrağın əbədi dalğalanması üçün əlimizdən gələni edək, Vətənin müstəqilliyinin əbədi olması üçün çalışaq.

- Dövlət atributlarının bərpası, o cümlədən müstəqillik illərində Azərbaycan dövləti tərəfindən bu atributlara göstərilən hörmət və ehtiram barədə fikirlərinizi bilmək istərdik...

- Əvvəla onu deyim ki, Azərbaycan 70 ilə yaxın bir dövrdə SSRİ-nin tərkibində olsa da, xalqımız müəyyən bir yol keçdi. İmperiyanın çöküşü ərəfəsində vəziyyət dəyişdi. Qeyd etdiyim  kimi 1990-cı il noyabr ayının 17-də isə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Ulu Öndər Heydər Əliyevin Sədrliyi ilə keçirilən sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı ilk dəfə olaraq salona gətirildi və Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı elan olundu. 1991-ci ildə Ali Sovet “Dövlət bayrağı haqqında” qanun qəbul etdi və üçrəngli bayrağımıza Azərbaycan Respublikasının Dövlət bayrağı statusunu verdi. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsadətinə baxaraq bayrağın Azərbaycan Respublikasının Dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar çıxardı. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa etdi. Ulu Öndər Heydər Əliyev 1998-ci il 13 mart tarixində “Azərbaycan Respublikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında” Sərəncam imzaladı. Bu Sərəncam çox böyük əhəmiyyətə malik idi. Hər şeydən əvvəl, bu Sərəncamın dövlət atributlarının təbliği baxımından əhəmiyyətini xüsusi qeyd etmək lazımdır.
Bu ənənə hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün  Azərbaycan dövləti tərəfindən dövlət atributlarına yüksək hörmət və ehtiram göstərilməkdədir. Eyni zamanda, azərbaycan cəmiyyəti müstəqilliyimizin rəmzi olan üçrəngli bayrağına hər zaman böyük ehtiramla yanaşır.

- Bu gün Azərbaycan dünyada nüfuzlu dövlətdir və üçrəngli bayrağımız mötəbər beynəlxalq təşkilatların qarşısında əzəmətlə  dalğalanır. Bu barədə nə deyə bilərsiniz?

- Əlbəttə ki, bu fakt bizim üçün sonsuz iftixar mənbəyidir. Təkcə dövlət tədbirlərində deyil, mötəbər idman yarışlarında da, humanitar, mədəni tədbirlərdə də Dövlət bayrağımız zirvələrə yüksəldilir, himnimiz səslənir. Avropa Şurasında 47 ölkənin bayrağı dalğalanır. Bir nüansı diqqətinizə çatdırım. Məhəmməd Hadi “Yox millətimin imzası imzalar içində” deyib fəryad edərək dünyasını dəyişdi. Mən bunu xatırlayaraq Avropa Şurasında bayrağımız altında durdum və qürur hissi ilə Hadiyə xitabən “ruhun şad olsun” dedim. Sevindirici haldır ki, bu gün Azərbaycan bayrağı BMT-də, Avropa Şurasında dalğalanır və hər bir vətəndaşımız iftixarla deyə bilər ki, var millətimin imzası imzalar içində. Qoy bu iftixarımız əbədi olsun! İnanıram ki, belə də olacaq və Azərbaycanın torpaqları işğaldan azad olunacaq və üçrəngli bayrağımız doğma Qarabağımızda dalğalanacaq!