YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Türkdilli dövlətlərin birliyinin böyük gələcəyi var

Müsahibimiz Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov

- Nizami müəllim, oktyabrın 15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü keçirildi. Eyni zamanda, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılmasının 10 ili tamam oldu. Sizcə, Türk Şurası ötən dövr ərzində qarşıya qoyduğu hədəflərə nə dərəcədə çata bilib?

- Ümumiyyətlə, türk xalqlarının birliyi hər zaman aktual olub. XIX əsrin sonu XX əsrin əvvəllərindən etibarən türk dünyası anlayışı siyasi anlayışa çevrildi. Yəni həm türk xalqları ziyaylıların timsalında bir türk dünyasının mövcudluğunu və özlərinin də bu dünyanın tərkibində olduğunu anladılar, həm də müstəqillik uğrunda mübarizə aparmağa başladılar. Bu mənada, Azərbaycan öz müstəqilliyi üçün geniş düşüncə imkanı qazandı. Onun ardınca isə  Türküstanda özbəklərin, qazaxlarin, qırğızların və s.müstəqillik uğrunda mübarizəsi artıq hərəkata çevrildi. Bunun da məntiqi bir tərəfdən ümumi türk dünyası və  onun vəhdəti, başqa bir tərəfdən ayrı-ayrı türk xalqlarının dövlət müstəqilliyindən ibarət idi . Bu proses XX əsrin sonlarına qədər gəlib çıxdı.

Beləliklə, XX əsrin sonlarında Azərbaycan və Mərkəzi Asiyanın türkdilli xalqları öz müstəqilliyinə qovuşdular. Bundan sonra proseslər belə oldu ki, türkdilli dövlətlər öz müstəqilliklərini qorumaq şərtilə ümumi türk dünyasına qovuşmaq üçün bir biriləri ilə fəal şəkildə əməkdaşlığa başladılar. Bu gün də həmin tendensiyanın davamını müşahidə edirik.

Müstəqilliyin ilk illərində bu dövlətlərin qarşılıqlı əməkdaşlığı elə də güclü deyildi. Çünki onlar ilk növbədə, özlərini müstəqil dövlət kimi təsdiq etməli idilər. Amma bütün hallarda türk dünyasının birliyi ideyası həmişə mövcud olub. Bu ideya əvvəllər daha çox emosional formada mövcud olmuşdu. Sonra isə xeyli dərəcədə siyasi məzmun kəsb etdi. Ümummilli Liderimiz Heydər Əliyev deyirdi ki, türk dünyasının mədəni, mənəvi birliyini onun siyasi-ideoloji birliyi tamamlamalıdır. Qazaxıstanın birinci Prezidenti  Nursultan Nazarbayevin də  bu tipli ideyaları var idi.

Türkdilli dövlətlərin qarşılıqlı inteqrasiyası üçün ilkin olaraq mədəni birlik yaradıldı. 1990-cı illərin əvvəlində yaradılan TÜRKSOY türk xalqlarının mədəni birliyini müdafiə edən və onun inkişafını təmin edən təşkilatdır. Onun ardınca isə  Türkdilli Ölkələrin Parlament Assambleyası (TÜRKPA) yaradıldı ki, bu da çox mühüm məsələ idi. Çünki parlamentlər bütün dünyada dövlətlərin ən demokratik qurumudur və burda deputatların simasında xalq təmsil olunur. Daha sonra isə 10 il əvvəl  Naxçıvanda Türkdilli Dövlətlərin Əməkdaşlıq  Şurası yaradıldı. Artıq bu o demək idi ki, konkret olaraq türkdilli dövlətlərin birliyini koordinasiya edən işlək bir mexanizm, struktur yaradılır. Bu qurumun ən üst qatı isə  dövlət başçılarının zirvə görüşləridir.

Ötən 10 il ərzində Türk Şurası səmərəli fəaliyyət göstərib və böyük nailiyyətlər qazanıb. Türk dövlətlərinin bir birinə siyasi, strateji yaxınlaşmaları və türk dünyasının maraqlarının beynəlxalq səviyyədə təmin olunması, eləcə də türk dövlətləri arasında hər hansı bir kiçik münaqişəyə imkan verməyəcək qədər bir vəhdətin təmin olunması baxımından ciddi uğurlar qazanılıb. Bütün  bunlar nəticə etibarilə Türk Şurasının əsaslandığı prinsiplərdir və Türk Şurasının mövcud olmasının ən böyük üstünlüyündən biri  odur ki, həm əvvəl yaranmış TÜRKSOY, həm də TÜRKPA ilk növbədə dövlət başçılarının verdikləri qərarların fonunda öz fəaliyyətlərini gücləndirirlər. Yəni bu qərarlar nə qədər miqyaslı olarsa, o da həmin qurumlara təsir edir, görülən işlər müsbət olur. Onu da qeyd edim ki, türk xalqlarının birliyinə xidmət edən layihələrdən biri də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun yaradılmasıdır. Fond türk dünyası mədəniyyətini, zəngin tarixini, milli mənəvi dəyərlərini bütün dünyada təbliğ edir. Gələcəkdə bu istiqamətdə başqa qurumlar da yarana bilər.

Beləliklə, türkdilli dövlərlərin birliyi üçün mükəmməl bir model yaradılıb ki, bu platforma qarşıdakı dövrlərdə  daha da inkişaf edə bilər. Amma yenə də əsas məsələ odur ki, müstəqil türk dövlətlərinin ayrı ayrılıqda inkişafı təmin olunsun və eyni zamanda türk dövlətlərinin qarşılıqlı əlaqləri o qədər geniş olsun ki, mədəniyyətdən başlamış bütün sahələrə qədər  strateji əməkdaşlıq təmin edilsin. Yəni, türk dövlətləri hər bir məsələdə yekdil mövqe bildirməli, bütün məsələlərdə bir birilərini dəstəkləməlidir. Onların müstəqil dövlət kimi güclənmələri bütövlükdə türk dünyası birliyini gücləndirməlidir və belə də olacaq.

Bütövlükdə  10 ildir ki, Türk Şurası bütün keyfiyyəti, strukturunun mükəmməlliyi ilə fəaliyyət göstərir və gələcəyə böyük vədlər verir. Bakıda keçirilən VII Zirvə Görüşü də bu baxımdan böyük əhəmiyyət kəsb edir. Zirvə görüşündə dövlət başçılarının çıxışı, müzakirə olunan məsələlər,  irəli sürülən təkliflər və gələcəkdə həmin təkliflərin reallaşması türk birliyini daha da  gücləndirəcək. Hesab edirəm ki, türkdilli dövlətlərin birliyinin böyük gələcəyi var.

- Özbəkistanın Türk Şurasına rəsmi olaraq üzv olmasının, Macarıstanın da bu qurumun işində iştirak etməsinin əhəmiyyəti nədən ibarətdir?

- Bəli, müəyyən müddət idi ki, Özbəkistan Türk Şurasına üzv deyildi. Təbii ki, türk dünyasının özünün müəyyən daxili problemləri ola bilər. Biz bunu bilirik. Artıq Özbəkistan təşkilata rəsmi şəkildə üzv qəbul olundu və bu, çox təqdirəlayiq haldır.  

Macarıstanın Türk Şurasının işində iştirak etməsi isə bizim üçün çox mühüm perspektivdir. Çünki Avropa ölkəsi olan Macarıstan özünü türk dünyasının tərkib hissəsi hesab edir. Bu fakt türk dünyasının daxili miqyasının genişlənməsinin göstəricisidir. Macarlar türk deyil, amma türklərin də daxil olduğu altay birliyinə aiddir. Odur ki, bu cür genişlənmə bizim bir sıra digər problemlərimizi də həll edəcək.

Qeyd edim ki, türk birliyində millətçilik əhval ruhiyyəsi, başqa millətlərə qarşı aqressiya yoxdur. Türkçülükdə bu hallar heç vaxt olmayıb. Türkçülük yalnız türk dünyasını beynəlxalq aləmin  müstəqil bir hadisəsi kimi görmək, başqalarından aşağı olmamaq, irəli getmək, dünya ilə ayaqlaşmaq və s. məqamları özündə ehtiva edir. Əgər Macarıstan da Türk Şurasının işinə qoşulursa, bu, dünyanın bizim humanist addımlarımıza qiymətinin ifadəsidir.

- Türkmənistan Türk Şurasına hələ də rəsmi şəkildə qoşulmayıb. Necə hesab edirsiniz, yaxın gələcəkdə bu dövlət də təşkilata üzv olacaqmı?

- Türkmənistan Türk Şurasının VII Zirvə Görüşündə Baş nazirin müavini səviyyəsində təmsil olunsa da, təşkilata hələ rəsmi üzv deyil. Fikrimcə, zaman keçdikcə Türkmənistan da Türk Şurasına qoşulacaq. Çünki burada onların mənafeyinə toxunan nəinki heç bir məsələ yoxdur, əksinə türk dünyasında, həm də beynəlxalq müstəvidə bu ölkənin maraqlarını ifadə edəcək çoxlu istinadlar var.

Bütün bunlarla yanaşı, qeyd etmək istəyirəm ki, yarımmüstəqil türk  xalqları da bu prosesdə iştirak etməlidir. Tatarlar, başqırdlar, çuvaşlar, yaqutlar və s. xalqların  böyük mədəniyyəti, dövlətçilik tarixi var. Məsələn, tatarların dövlətçilik tarixi türk xalqlarının çoxunun dövlətçilik tarixindən əvvələ gedib çıxır. Hesab edirəm ki, bu xalqlar da müxtəlif səviyyələrdə türk briliklərində təmsil olunmalıdır. Doğrudur, onlar  TÜRKSOY-da təmsil olunur, amma fikrimcə, həmin yarımmüstəqil dövlətlərin parlamentləri olduğuna görə TÜRKPA-nın işində də iştirak edə bilərlər.

Yəni proses elə gedir ki, türk birliyini istəməyən dairələr bizim birliyimizdən sui-istifadə edib “türk qorxusu” yaymasınlar. Yaymağa çalışsalar belə, türk dövlətlərinin fəaliyyəti nəticəsində dünya görəcək ki, burada normal, mədəni,ümumbəşəri dəyərlərə, müasir sivilizasiyaya uyğun bir proses gedir. Dünya xalqlarının bir birilə münasibətləri hansısa birinin hüquqlarının pozulması şəklində yox, hüquq bərabərliyi əsasında olmalıdır. Başqa bir mədəni birlik dünyada mümkün deyil. Qloballaşmanın şərti də budur. Türk dünyası da Azərbaycanın timsalında multikulturalizmin zirvəsini dünyaya təqdim edir.

Bütövlükdə, türk dövlətlərinin birliyi üçün çox ciddi əsaslar var və bu birlik dünyaya mədəniyyət, humanizm, insanlıq, böyük dəyərlər  gətirir.