YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

“Əsrin müqaviləsi” siyasi xarakteri etibarilə müstəqil Azərbaycanın qurtuluş və davamlı inkişaf doktrinası idi

Müsahibimiz ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev

- “Əsrin müqaviləsi”nin imzalanmasından 20 il ötür. Azərbaycan xalqının ümummilli lideri Heydər Əlyevin banisi olduğu bu möhtəşəm strategiyanın ölkəmizin tarixində tutduğu yeri necə qiymətləndirirsiniz? 

- 1994-cü il sentyabrın 20-də Bakıda,  “Gülüstan” sarayında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə dünyanın 11 tanınmış neft şirkəti arasında “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və  hasilatın pay bölgüsü haqqında” Saziş imzalandı və həmin sənəd, sonradan tariximizə “Əsrin müqaviləsi” kimi əbədilik həkk olundu. Bu saziş ümummilli lider Heydər Əliyevin qalibiyyətli enerji strategiyasının əzəmətli təntənəsinin başlanğıcı oldu. Ötən əsrin 90-cı illərində Azərbaycan dövlət müstəqilliyini  bərpa etməsinə baxmayaraq, hədsiz dərəcədə mürəkkəb bir   siyasi reallıqla üzləşmişdi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi,  elan olunmamış işğalçı müharibə, arasıkəsilməyən xarici təzyiqlər, daxili başıpozuqluq, siyasi çəkişmələr fonunda hakimiyyət böhranı yaranmış, iqtisadiyyat iflic vəziyyətinə düşmüşdü. Tarixi boyunca bəlkə də ən ağır sınağa məruz qalmış Azərbaycan xalqının ümummilli lider Heydər Əliyevin ətrafında sıx birləşməsi həmin dövrdə ən düzgün addım, ən doğru seçim oldu. Bu möhtəşəm qayıdış Azərbaycanın milli nicatına təminat yaratdı,  ölkəni dünya xəritəsindən silinməkdən xilas etdi. Siyasi, sosial və iqtisadi xarakter daşıyan dərin və sistemli böhranın dəf edilməsi,  müstəqilliyin qorunub saxlanılması, dövlətin  təsisatlandırılması, uzunmüddətli, etibarlı iqtisadi-siyasi sabitlik yaradılması kimi kardinal məsələlərin həlli yollarını araşdıran Ulu öndər ölkəmizin zəngin karbohidrogen resurslarının işlənilməsi məqsədi ilə transmilli xarici neft şirkətləri ilə milli maraqlara söykənən əməkdaşlığın qurulmasına qərar verdi. Bu, dərin kataklizmlərlə müşaiyət olunan həmin tarixi dövrün sosial-iqtisadi şərtləri daxilində müstəsna siyasi iradə və mətinlik, ardıcıl səylər və yorulmaz fəaliyyət tələb edən, lakin ümummilli mənafelər baxımından ən uyğun konseptual yanaşma idi. Ulu öndər bu qərarının reallaşması yolunda bütün maneələrə mətanətlə sinə gərərək tez bir zamanda Qərbin aparıcı neft şirkətləri ilə danışıqlara başladı. Gərgin bir atmosferdə keçən danışıqlar Heydər Əliyev siyasətinin dərin bilicisi möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə aparılırdı. Beynəlxalq iqtisadiyyatın, maliyyə-kredit sisteminin, biznes mühitinin qanunlarını, milli təbii ehtiyatların kəşfiyyatı və işlənilməsində xarici şirkətlərin cəlb edilməsinin hüquqi, idarəetmə əsaslarını mükəmməl bilən, yüksək iqtisadi menecment səriştəsinə, zəngin diplomatik bilik və bacarığa malik İlham Əliyev əsl Qərb siyasi təfəkkürü üslubunda formalaşdırdığı təkzibolunmaz arqumentləri ilə danışıqlar prosesindəki çətinlikləri ustalıqla aradan qaldırdı və tərəf-müqabilləri Azərbaycanın milli maraqlarına uyğun sərmayə layihəsi imzalamağa razı saldı. Bütün etirazlara, fikir və mövqe ayrılıqlarına baxmayaraq, Heydər Əliyevin siyasi qətiyyəti, İlham Əliyevin diplomatik əzmkarlığı sayəsində son dərəcə sərt geosiyasi reallıqlara rəğmən, “Əsrin müqaviləsi” imzalandı. Kontrakt XX əsrin ən möhtəşəm qlobal enerji layihələrindən birini rəsmiləşdirməklə, Azərbaycanın zəngin neft salnaməsinin ən parlaq və əlamətdar  səhifəsini, ölkəmizin uzunmüddətli enerji strategiyasının ana xəttini təşkil edən epoxal bir sənəd idi. Bu, ilk növbədə,  siyasi xarakteristikası etibarilə müstəqil Azərbaycanın qurtuluş və davamlı inkişaf doktrinası idi. İkinci bir tərəfdən, Azərbaycan keçmiş Sovet məkanında Qərb şirkətləri ilə iri neft müqaviləsi imzalayan ilk dövlət olmaqla, Xəzər dənizi regionunda beynəlxalq əməkdaşlığın bünövrəsini qoymuş oldu. Bu mənada «Əsrin müqaviləsi» təkcə Azərbaycan üçün deyil, Qərb dövlətləri, habelə Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üçün strateji əhəmiyyət daşıyırdı. Ümumdünya neft sənayesi tarixində yeni bir mərhələ başlanırdı. Ulu öndər Heydər Əliyev strategiyanı belə səciyyələndirirdi: “Ölkə iqtisadiyyatını inkişaf etdirmək üçün biz xarici ölkələrlə, dünyanın tanınmış şirkətləri ilə sıx əməkdaşlıq etməyi, müştərək iş görməyi əsas prioritet hesab edirik. Dünya iqtisadiyyatının inteqrasiyası, iqtisadi sahədə ölkələrin bir-biri ilə əməkdaşlığı hər bir dövlət üçün mənfəətdir və bu, yüksəlmək, müasirləşmək üçün yeganə yoldur.”

- Yeni neft strategiyası Azərbaycanın dövlət müstəqilliyinin təminatıdır desək, yəqin ki, yanılmarıq. Bu strategiyanın dövlətimizin iqtisadi müstəqilliyində oynadığı rolu  son 20 ildə qazanılmış nailiyyətlər fonunda necə xarakterizə edirsiniz? 

-  Azərbaycanın müstəqil dövlət kimi təbii sərvətlərinə sahib çıxmaq, milli mənafeyini, iqtisadi və strateji maraqlarını müdafiə etmək əzmində olduğunu təsdiqləmiş, suverenliyinin mühüm təminatına çevrilmiş bu kontrakt çərçivəsində qazanılmış nailiyyətlər göz qabağındadır. İqtisadiyyatı sürətli templərlə inkişaf edən respublikamız dünyanın neft-qaz ixrac edən aparıcı dövlətlərindən birinə çevrilmək istiqamətində iti addımlarla irəliləyir. Ölkəmizin geosiyasi əhəmiyyəti və nüfuzu yüksəlmiş, Qərb dünyası ilə münasibətləri strateji müstəvi üzərinə keçmişdir. Bu gün artıq Azərbaycan regionun lider dövləti kimi beynəlxalq birliyin əsas partnyorudur. Enerji müstəqilliyimiz tam təmin olunmuş, Azərbaycan təbii qaz idxal edən ölkədən beynəlxalq miqyasda mühüm qaz ixracatçısına çevrilmişdir. Hazırda Xəzər dənizinin Azərbaycan sektorunda hasil edilən təbii qaz həcmləri Gürcüstan, Türkiyə, Rusiya, İran və Yunanıstana ixrac olunur. Xarici partnyorlarla uğurlu əməkdaşlıq modeli qurulmuş, bu əməkdaşlığın rəngarəng formaları tapılmışdır. Bu gün ARDNŞ və onun törəmə şirkətləri 18 Hasilatın Pay Bölgüsü sazişi üzrə 15 ölkəni təmsil edən 25 şirkətlə əməkdaşlıq edir. Əməliyyat Şirkətlərinin iştirakçıları tərəfindən ölkənin neft-qaz sektoruna 54,4 milyard ABŞ dolları məbləğində sərmayə qoyulmuşdur. Xarici şirkətlərlə ARDNŞ və onun struktur bölmələri tərəfindən təsis edilmiş 37 Birgə Müəssisə və 7 Alyans neft və qaz sənayesinin, demək olar, bütün sahələrində uğurla fəaliyyət göstərir. “Əsrin müqaviləsi” Azərbaycan iqtisadiyyatının lokomotivi rolunu oynamış, ona yeni nəfəs vermişdir. Ötən 20 il ərzində AÇG layihəsinə 3000-dən artıq yerli müəssisə və şirkət cəlb olunmuşdur. Neft sektoru ilə bərabər qeyri-neft sektoru da güclənmiş, ümumi daxili məhsulda onun xüsusi çəkisi artmışdır. Qısa müddətdə Azərbaycan nefti və qazının xarici bazarlara çıxarılması məqsədi ilə Bakı-Novorossiysk, Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kəmərləri istifadəyə verilmiş, şaxələndirilmiş ixrac-nəql kəmərləri sistemi yaradılmışdır. BTC artıq beynəlxalq dairələrdə həm də Mərkəzi Asiya mənşəli neft həcmlərinin dünya bazarlarına etibarlı nəqlinə imkan verən mühüm texniki-iqtisadi infrastruktur kimi önəm kəsb etməkdədir.

- Azərbaycan neftinin Qərbə nəqlində əsas arteriya rolunu oynayan  Bakı-Tbilisi-Ceyhan boru kəmərinin fəaliyyətini, ümumiyyətlə “Əsrin müqaviləsi” çərçivsəində görülən işləri   konkret rəqəmlərlə ifadə edə bilərsinizmi? 

-     Rəqəmlərlə ifadə olunan iqtisadi göstəriciləri Azərbaycan neftini birbaşa Aralıq dənizinə çıxaran BTC əsas ixrac boru kəmərinin nə qədər səmərəli və unikal bir qurğu olduğunu təsdiq edir. Kəmərin ötürücülük qabiliyyəti ildə 50 mln ton təşkil edir ki, bunu da gələcəkdə 60 mln tona çatdırmaq mümkündür. 2014-cü il sentyabrın 1-dək Azərbaycanın ixrac neft kəmərləri sistemi ilə dünya bazarlarına 384 mln. tona yaxın, o cümlədən BTC ilə 254,9 mln. ton, Bakı-Supsa kəməri ilə 69,1 mln. ton, Bakı-Novorossiysk kəməri ilə 39,1 mln. ton və dəmir yolu ilə 20,5 mln. ton neft ixrac edilmişdir. Eyni dövrdə BTC kəməri ilə 11,6 mln. ton Türkmənistan, 4,3 mln. tondan artıq Qazaxıstan nefti də nəql edilmişdir.

Ümumiyyətlə, ötən 20 il ərzində aparılan intensiv tədbirlər ölkə üzrə neft və qaz hasilatının dinamik artımına zəmin yaratmış, neft hasilatı neftçıxarma tariximizdə ən aşağı səviyyədən – 1997-ci ildəki 9 mln. tondan 5,6 dəfə artaraq 2010-cu ildə 51 mln. tona çatmışdır. Xatırladaq ki, buna qədər Azərbaycanda neft hasilatının ən yüksək göstəricisi (23 mln. 482 min ton) 1941-ci ildə qeydə alınmışdı. Hazırda “Çıraq”, “Azəri” yataqlarında və “Günəşli” yatağının dərinsulu hissəsində 80 hasilat quyusundan ayda orta hesabla 2,7 mln. tona qədər neft və 1,5 mlrd. kubmetr səmt qazı hasil olunur. Daha bir mühüm fakt isə budur ki, 90-cı illərin sonu ilə müqayisədə Azərbaycanın  dünya bazarlarına xam neft ixracı 10 dəfədən də çox artmış, ARDNŞ ölkənin ən böyük neft ixracatçısına çevrilmişdir: bu gün Azərbaycandan ixrac olunan xam neftin təqribən 70%-i milli neft şirkətimizin payına düşür.

“Əsrin müqaviləsi” üzrə işlənmənin gedişində AÇG yataqlar blokunun karbohidrogen ehtiyatları iki dəfəyədək artırılmışdır. Xatırladaq ki, saziş imzalanan ərəfədə buradakı ehtiyatların ümumi həcmi 511 mln. ton neft, 160 mlrd. kubmetr qaz səviyyəsində hesablanmışdı. Hazırda isə blokun çıxarıla bilən ehtiyatları 1 mlrd. ton neft və 350 mlrd. kubmetr qaz həcmində qiymətləndirilir. İşlənmənin əvvəlindən indiyədək  yataqlar blokundan 345 mln. ton neft və 100  mlrd. kubmetr qaz hasil edilmişdir. Qarşıdakı dövrdə isə hər il neft hasilatının orta hesabla 34-35 mln. ton olacağı nəzərdə tutulur. AÇG-də 2050-ci il və sonrakı dövrlər üzrə gələcək işlənmə proqramı hazırlanmışdır ki, burada da hasilatın sabit saxlanılması və artırılması prioritet məsələ kimi nəzərdə tutulur.

“Əsrin müqaviləsi” çərçivəsində görülən işlər həqiqətən də miqyas etibarilə olduqca geniş və çoxşaxəlidir. Burada dünya səviyyəli Səngəçal, Supsa və Kulevi neft terminallarının, Xəzər dənizində indiyədək quraşdırılmış ən böyük qurğular sayılan 8 platformanın inşası, üzən qazma qurğularının, tikinti-quraşdırma sahələrinin modernləşdirilməsi, onlarla gəminin tikintisi və əsaslı təmiri, minlərlə kilometr uzunluğunda boru kəmərlərinin çəkilməsi, eləcə də müstəsna əhəmiyyət kəsb edən başqa böyük tədbirləri qeyd etməmək düzgün olmazdı. Yataqlarının tammiqyaslı  istismara daxil edilməsi, yeni quyuların qazılması, eləcə də “Çıraq Neft Layihəsi”nin uğurla həyata keçirilməsi daha nikbin proqnozlar üçün əsas verir. İşlənilməsinə 2010-cu ildə sanksiya verilmiş və bu ilin əvvəlində uğurla başa çatdırılmış “Çıraq Neft Layihəsi” Xəzərdə tətbiq etdiyimiz ən müasir texnologiyaların əyani təcəssümüdür. Layihə çərçivəsində Azərbaycanın tikinti-quraşdırma sahələrində əsasən yerli mütəxəssislər tərəfindən qabaqcıl dünya standartlarına tam uyğun şəkildə inşa olunmuş “Qərbi Çıraq” platforması dənizin 170 metr dərinliyində quraşdırılmış və istismara buraxılmışdır. Platformanın sutkalıq gücü 25 min ton neft, 8 mln. kubmetr qaz təşkil edir. “Dədə Qorqud” üzən qazma qurğusu vasitəsi ilə burada 17 öncədən qazma quyusu qazılmışdır, hazırda quyular ardıcıl olaraq platformaya birləşdirilərək layihə dərinliyinə çatdırılır. “Çıraq Neft Layihəsi” çərçivəsində müqavilə dövrünün sonuna qədər 48,6 mln. ton əlavə neftin çıxarılması nəzərdə tutulur ki, bu da gündəlik neft hasilatının hazırki 7-8 min tondan 24,5 min tona qədər artacağı deməkdir.

- Enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizliyinin ayrılmaz hissəsidir. Məlumdur ki, ölkəmizin enerji təhlükəsizliyinin təminatında qaz hasilatının da müstəsna rolu vardır. Azərbaycanın dünya qaz istehsalçıları sırasında yerini necə görürsünüz?

- “Əsrin müqaviləsi” həyata vəsiqə qazandıqdan sonra görülmüş möhtəşəm tədbirlərin nəticəsidir ki, ölkədə qaz hasilatı dinamik şəkildə yüksəlmiş, 2004-cü ildəki 5,6 mlrd. kubmetrdən ötən ilki 29,5 mlrd. kubmetrə çatdırılmışdır. Xalqımızın ümummilli lideri Heydər Əliyevin zərgər dəqiqliyi ilə işləyib hazırladığı enerji strategiyası çərçivəsində “Şahdəniz” yatağının istismara buraxılması ilə Azərbaycan etibarlı neft ixracatçısı olmaqla yanaşı,  aparıcı qaz ixracatçıları sırasında da özünə layiqli yer tutmuşdur. Yataq istismara verilən gündən indiyədək oradan 54,4 mlrd. kubmetr qaz və 14 mln. ton kondensat hasil edilmişdir.

Bu gün Azərbaycanın zəngin neft və qaz sənayesi tarixində yeni eranın başlanğıcı qoyulur. Ötən ilin dekabrında “Şahdəniz” layihənin 2-ci mərhələsi ilə bağlı yekun investisiya qərarı imzalandı. Bununla da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının rəhbərliyi altında aparılmış beş illik gərgin danışıqlar  məntiqi sonluğuna çatdı. Dünyanın bir çox ölkələrinin dövlət və hökumət rəhbərlərinin iştirakı ilə möhtəşəm Heydər Əliyev Mərkəzində keçirilən təntənəli imzalanma mərasimində etdiyi dərin məzmunlu nitqində Prezident İlham Əliyev  bu sənədi “21-ci əsrin müqaviləsi” kimi səciyyələndirmişdir. Bu, hazırda Avropa Birliyi ölkələri üçün həyata keçirilən ən böyük infrastruktur layihəsidir. Azərbaycan isə belə bir tarixi layihənin həyata keçirilməsində lider rolunu oynayır. Layihənin inkişaf konsepsiyasına uyğun olaraq, 2-ci mərhələdə hasilat həcmi təxminən 2 dəfə artırılacaq, “Faza-1” üzrə hazırda çıxarılan 9 mlrd. kubmetr qaza minimum hesablamalara əsasən, daha 16 mlrd. kubmetr qaz hasilatı əlavə olunacaqdır. Çıxarılacaq əlavə qaz həcmlərinin ildə 10 mlrd. kubmetri Avropa ölkələrinə, 6 mlrd. kubmetri isə Türkiyəyə tədarük ediləcək. İlk qaz  həcmlərinin 2018-ci ildə Türkiyəyə çatdırılması  planlaşdırılır. İnamla söyləyə bilərik ki, 2025-ci ilədək Azərbaycanın ümumi ixrac potensialının 40 mlrd. kubmetr qaz həcminə çatdırılması tamamilə realdır. Belə böyük həcmlərin nəql edilməsi üçün təhlükəsiz daşınmanı təmin etmək iqtidarında olan və ötürücülük qabiliyyətinin artırılması potensialına malik müvafiq qaz-nəql infrastrukturu lazımdır. 3 mühüm seqmentdən ibarət Cənub qaz dəhlizi, düşünürük ki, məhz belə bir sistem olacaqdır.  Seqmentlərdən 1-cisi hazırda “Şahdəniz” qazının Bakı-Tbilisi-Ərzurum marşrutu üzrə Gürcüstan və Türkiyəyə nəqlini həyata keçirən və regionda enerji təhlükəsizliyinin mühüm amilinə çevrilən Cənubi Qafqaz Qaz Boru Kəməridir (CQBK). Ötürmə qabiliyyəti ildə 20 mlrd. kubmetr təşkil edən kəmər işləkliyini artıq sübuta yetirmişdir.  CQBK-nin “Şahdəniz-2” layihəsinin tərkib hissəsi kimi yekun investisiya qərarında nəzərdə tutulmuş genişləndirilməsi layihəsi indiyədək kəmərin ötürücülük qabiliyyətinin  artırılması istiqamətində aparılmış işlərin davamı olacaqdır. 2-ci mühüm və birləşdirici seqment kimi TANAP – Trans-Anadolu boru kəməri nəzərdə tutulur. Artıq ARDNŞ-nin (58%) operatorluğu ilə BOTAŞ (30%) və BP (12%) şirkətlərindən ibarət konsorsium kəmərin inşası üçün ərazidə hazırlıq işlərini tamamlamaq üzrədir. TANAP-ın illik ötürücülük qabiliyyəti ilk mərhələdə 16 mlrd.  kubmetr təşkil edəcək. Sonradan bu göstəricinin 30 mlrd. kubmetrədək artırılması imkanları da nəzərə alınmışdır. Belə ki, uzunmüddətli perspektivdə bu kəmər həm  Azərbaycan yataqlarından hasil ediləcək “ikinci dalğa” qazını, həm də Mərkəzi Asiya, habelə Yaxın Şərq və Şərqi Aralıq dənizi hövzəsində hasil ediləcək qaz həcmlərini tranzit yolu ilə Cənub qaz dəhlizinə ötürmək, Avropaya daşımaq potensialına malik olacaqdır. Cənub qaz dəhlizinin 3-cü seqmentini isə Trans-Adriatik  qaz boru kəməri (TAP) təşkil edəcəkdir. Uzunluğu 870 km olacaq TAP kəməri Türkiyə-Yunanıstan sərhədində TANAP-la birləşəcək, sonra isə Yunanıstan və Albaniya ərazilərindən, Adriatik dənizinin altından keçməklə İtaliyanın cənub sahillərinədək uzanacaqdır. Cənub-Şərqi Avropanı təbii qazla təmin edəcək TAP gələcəkdə Xəzər hövzəsində hasil olunan təbii qazın qitənin digər böyük qaz istehlakçılarına – Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriyaya ötürülməsi üçün də geniş imkanlar açacaqdır. Kəmərin ilkin ötürücülük qabiliyyəti ildə 10 mlrd. kubmetrdir. Konsorsium kəmərin inşasını iri diametrli borularla həyata keçirməklə  gələcəkdə bu həcmin 2 dəfəyədək artırılması imkanını nəzərdə saxlayır.

Ümummilli liderimiz Heydər Əliyev hələ 1997-ci ildə “Şahdəniz” yatağı üzrə müqavilə layihəsinin idarəetmə komitəsi üzvləri ilə görüşündə demişdi: “Şahdəniz” yatağında gördüyümüz işlər və əldə etdiyimiz nəticələr bizə bundan da dərin yerlərdə, bundan da mürəkkəb işlər görməyə imkan yaradacaqdır”. Ulu öndərin uzaqgörənliklə verdiyi proqnozlar reallığa çevrilmişdir. Artıq 20 illik fasilədən sonra “Ümid” və “Abşeron” perspektiv strukturlarında aparılmış axtarış-kəşfiyyat işləri uğurla başa çatmışdır. 2010-cu ildə kəşf olunmuş “Ümid” yatağının çıxarıla bilən karbohidrogen ehtiyatları 200 mlrd. kubmetr qaz, 40 mln ton kondensat həcmində qiymətləndirilir. Yataqda işlənmənin əvvəlindən indiyədək 490 mln. kubmetr qaz və 84 min tona yaxın kondensat hasil edilmişdir. Bu il sınaq hasilat quyularının qazılması işləri davam etdirilmişdir. Hazırda “Ümid” yatağında aparılmış 3D seysmik tədqiqatların nəticələri yekunlaşdırılır.  2011-ci ildə Fransanın TOTAL və “Gaz de France Suez E&P” şirkətləri ilə birlikdə açılmış “Abşeron” yatağında ilkin  hesablamalara görə, 350 mlrd. kubmetr qaz, 45 mln. ton kondensat ehtiyatları mövcuddur. Yatağın ilkin fazasının işlənilməsi layihəsi hazırlanır. İlk qazın əldə edilməsi 2021-ci ilə planlaşdırılır. “Azəri”, “Çıraq” yataqlarında və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsində olan sərbəst qazın işlənilməsi layihəsi üzrə ARDNŞ və digər tərəfdaşlar arasında razılaşdırılmış prinsiplər əsasında Risk Xidmət Sazişinin hazırlanması istiqamətində danışıqlar davam edir. Bundan əlavə “Naxçıvan”, “Şəfəq-Asiman”, “Babək”, “Zəfər-Məşəl” və başqa perspektivli strukturlarda aparılmış ilkin kəşfiyyat-axtarış işləri zamanı ümidverici nəticələr alınmışdır. Yaxın vaxtlarda bu strukturlarda da əsaslı işlərə başlamaq niyyətindəyik.

- Ölkənin qazlaşdırılmasında hansı irəliləyişlərə nail olunmuşdur?

- Ölkədə qazlaşdırmanın ümumi səviyyəsi 2004-2008 və 2009-2013-cü illər üzrə həyata keçirilmiş “Azərbaycan Respublikasında regionların sosial-iqtisadi inkişafı” Dövlət Proqramları çərçivəsində tarixdə görünməmiş həddə çatmışdır. 2009-2014-cü illər ərzində ölkənin 691 yaşayış məntəqəsi ilk dəfə olaraq təbii qazla təmin edilmiş, müxtəlif səbəblərdən uzun illər qaz almayan daha yüzlərlə məntəqəyə qaz verilmişdir. 2009-cu ilin sonuna respublika üzrə ümumi qazlaşma səviyyəsi 62,3% təşkil edirdisə, hazırda 90,4%-ə çatmışdır. Bu göstərici Bakı şəhəri üzrə 99,1%, regionlar üzrə 84,3% təşkil edir. Bu gün ölkədə əhali kateqoriyasından olan qeydiyyata alınmış qaz abunəçilərinin sayı 1 milyon 704 min nəfərə yaxındır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkə iqtisadiyyatı və əhalinin mavi yanacaqla təminatını yaxşılaşdırmaq istiqamətində göstəriş və tövsiyələrinə vaxtında və yüksək keyfiyyətlə əməl etmək üçün artıq neçə ildir, davamlı şəkildə həyata keçirdiyimiz kompleks tədbirlər planı  çərçivəsində quyuların yerləşmə şəbəkəsi təkmilləşdirilmiş, əlavə quyular qazılıb istismara daxil edilmiş, yığım-nəql infrastrukturu təkmilləşdirilmiş, mövcud kommunikasiyalar yenidən qurulmuş, ümumilikdə 700 km-ə qədər sualtı və magistral boru xətləri çəkilmiş, əlavə neft-mədən obyektləri tikilmiş, yeni tələblərə cavab verən mükəmməl texniki sistem yaradılması nəticəsində hasil edilən qazın gündəlik texnoloji sərf və itkiləri azaldılmış, səmərəli texnika-texnologiyalar geniş tətbiq olunmuşdur. Şərti olaraq “ARDNŞ-nin qaz proqramı” adlandırdığımız həmin tədbirlər planında uzun müddət istismar olunmasına baxmayaraq potensialı hələ də yüksək qiymətləndirilən “Bahar”, “8 Mart”, “Günəşli” (dayazsulu hissə) və “Bulla-dəniz” qaz-kondensat yataqlarında rentabelliyin artırılmasına xüsusi yer ayrılmışdır. Görülən işlər, əsasən, həmin yataqlarda yeni horizont və layların açılmasına yönəlmişdir. “Bulla-dəniz” yatağında artıq ciddi uğur əldə etmişik. Yeni açılan layda 20 mlrd. kubmetrə yaxın qaz ehtiyatı aşkarlanmışdır. Bu il yataqda işləri genişləndirmək məqsədi ilə 122 saylı stasionar dəniz özülünü tikib istifadəyə verdik.  6 saylı özülün tikintisi davam etdirilir, “Günəşli” yatağı üçün inşa olunan 7 saylı özülünə ilin sonunadək tam istifadəyə verilməsi nəzərdə tutulur.

Əhalinin və sənayenin qaz təminatının yaxşılaşdırılması istiqamətində görülən işlər ölkənin qaz təsərrüfatının dinamik inkişafına yol açır. Sayğaclaşma səviyyəsi 100 faizə çatmışdır. Hazırda “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” və “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası üzrə  qazlaşdırma işləri uğurla davam etdirilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən ölkənin təbii qaza olan tələbatının davamlı təminatı və ixrac imkanlarının genişləndirilməsi məqsədi ilə ARDNŞ qarşısında yeraltı qaz anbarlarının aktiv tutumunun artırılmasına dair qoyulmuş vəzifə operativ şəkildə yerinə yetirilmişdir və bu istiqamətdə fəaliyyət ardıcıl olaraq davam etdirilir. Qısa bir müddətdə Qaradağ və Qalmazdakı yeraltı qaz anbarlarının aktiv tutumu genişləndirilmiş və ötən il laylara 3,5  mlrd. kubmetr həcmində qaz vurulmuşdur. Blokada şəraitində yaşayan Naxçıvan MR-nın qaz təchizatının daha etibarlı təminatı aktual məsələlərdən biridir. Bu məqsədlə Nehrəm duz yatağı bazasında, Tumbul sahəsində qazsaxlama anbarının yaradılmasına başlanmışdır.

- Azərbaycan Respublikası Dövlət Neft Şirkətini neft-qaz sənayemizin lokomotivi adlandırırlar. Bu illər  ərzində şirkətin müasirləşməsi, keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymasını necə səciyyələndirirsiniz?

- ARDNŞ bu illərdə tamamilə dəyişərək, insan resurslarına, maddi və intellektual-elmi potensialına, istehsalat bacarığına görə tamamilə başqa bir şirkət olmuşdur,- desək, yanılmarıq. O, ölkə üzrə həyata keçirilən bütün HPBS-də Azərbaycan Respublikası Hökumətini layiqincə təmsil edir, genişmiqyaslı təşkilati-koordinasiya işləri aparır, eyni zamanda müstəqil olaraq samballı neft-qaz əməliyyatlarını icra edir. “Azərbaycan Respublikasının yanacaq-energetika kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı”nda ARDNŞ qarşısında işlənmədə olan yataqlarda istismarın intensivləşdirilməsi, yeni quyuların qazılması, lazımi təmir-bərpa işləri aparmaqla köhnə quyuların istismar fonduna daxil edilməsi və s. məsələlər  başlıca vəzifələr kimi qoyulmuşdur. Proqrama uyğun olaraq, neftçilər dəniz və quru yataqlarında hasilatın artırılması üçün bütün imkanları tam səfərbər edir, səylərini əsirgəmirlər. Ötən ilin hasilat göstəriciləri də bunu təsdiq edir. Görülmüş geoloji-texniki, qazma, tikinti işlərinin nəticəsidir ki, 2013-cü ildə şirkət üzrə neft hasilatı tapşırığına 100,8 %, qaz hasilatı tapşırığına isə 105,9 % əməl olunmuş, tapşırıqdan əlavə 64,9 min ton neft, 395,1 mln. kubmetr qaz hasil edilmişdir. Cari ilin 8 aylıq göstəriciləri də sevindiricidir. 2014-cü ildə ölkə üzrə 41,2 mln. ton neft, 28,8 mlrd. kubmetr qaz hasil edilməsi nəzərdə tutulur. Sentyabr ayınadək 28,6 mln. ton neft, 20,4 mlrd. kubmetr qaz çıxarılmışdır. Hasil olunmuş neftin 5,6 mln. tonu, qazın isə 5 mlrd. kubmetri ARDNŞ-nin payına düşmüşdür.    

ARDNŞ-nin strateji əhəmiyyətə malik neft-qaz emalı və neft-kimya kompleksi də yüksək templərlə inkişaf edir. Emal və kimya müəssələrində ölkənin mühərrik yanacaqlarına, sürtkü yağlarına, neft-kimya məhsullarına tələbatı ödənilir, ixrac öhdəlikləri yerinə yetirilir. Lakin ölkədə gedən sürətli sosial-iqtisadi yüksəliş prosesləri bu kompleksdə radikal dəyişikliklər aparılmasını zərurətə çevirmişdir. Daxili bazarda avtomobil yanacaqlarının keyfiyyətinin daha da yüksəldilməsi üçün ölkənin neft emalı məhsullarına olan tələbatının əsas hissəsinin təmin olunduğu Heydər Əliyev adına BNEZ-də əsaslı rekonstruksiya işlərinin aparılmasına başlanılmışdır. Eyni zamanda müasir standartlara cavab verən məhsullar istehsal edə biləcək, yeni nəsil rəqabətə davamlı Neft-Qaz Emalı və Neft-Kimya Kompleksinin (NQNK) inşa edilməsi istiqamətində işlər də sürətləndirilmişdir. Qarşıdakı illər üçün Azərbaycan iqtisadiyyatının ən vacib, böyük və uzunmüddətli layihəsi olan NQNK ölkənin yanacaq-enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, ixrac potensialının gücləndirilməsinə və ekoloji vəziyyətin əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasına imkan yaradacaqdır.

-  Neft sənayemizin uğurları xalqımızın maddi rifah halının yüksəldilməsinə xidmət edir. Dövlətimizin bu siyasətinin həyata keçirilməsində danılmaz rolu olan ARDNŞ-nin ölkədə reallaşdırılan sosial layihələrdə iştirakı barədə məlumat vermənizi xahiş edirəm.

- ARDNŞ-nin sosial sahədə gördüyü tikinti-quruculuq işlərinə respublikanın, demək olar, bütün bölgələrində rast gəlmək mümkündür. Şirkət yerinə yetirdiyi sosial layihələrdə yeni, daha müasir standartların tətbiqinə xüsusi diqqətlə yanaşır. Lənkəran, Şirvan, Naxçıvan, Bərdə, Gəncə, Qazax, Qəbələ, Zaqatala, Quba, Şamaxı, Cəlilabad və Xızıda tikilib istifadəyə verilmiş regional müalicə-diaqnostika mərkəzləri buna bariz nümunədir. Avropa, Amerika və Yaponiya şirkətlərinin istehsalı olan ən müasir tibbi avadanlıqlarla təchiz edilmiş, Azərbaycan səhiyyəsinin inkişafında bütöv bir mərhələ açmış, bölgələrimizə yeni səhiyyə xidməti mədəniyyəti gətirmiş bu mərkəzlər qısa bir zamanda  əhalinin etimadını qazanmışdır. Şirkət eyni zamanda ölkədə təhsil sisteminin inkişafını diqqət mərkəzində saxlayır, gənc neftçi mütəxəssislərin hazırlanması məqsədi ilə müxtəlif təqaüd proqramları həyata keçirir. Biz möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının “neft kapitalını insan kapitalına çevirək!” çağırışına böyük məsuliyyətlə yanaşırıq. Bakı Ali Neft Məktəbi, Bakı İstedadlar Təhsil Kompleksi kimi yeni tipli tədris mərkəzlərinin yaradılması, AMEA ilə birgə Elm Fondunun təsis olunması bu istiqamətdə həyata keçirilən mühüm layihələr sırasındadır. Heydər Əliyev Fondunun prezidenti, millət vəkili, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və bilavasitə rəhbərliyi ilə reallaşdırılan “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində Balakən, Zaqatala, Lerik, Qusar, Goranboy, Ağsu, Göygöl rayonlarında və Bakı şəhərində onlarla  məktəb binası inşa edilmiş, yüksək səviyyədə komplektləşdirilmişdir. Əminliklə deyə bilərik ki, şirkət  Azərbaycanın sosial-iqtisadi inkişaf proseslərində fəallığını artıracaq, təhsilin, səhiyyənin, elmin, mədəniyyətin, idmanın yüksəlişinə töhfələr verməkdə davam edəcəkdir. Çünki bu fəaliyyətin hədəfi Azərbaycanın daha işıqlı gələcəyi, xalqımızın maddi rifahının durmadan yüksəlməsidir.

Neftçilərin əmək şəraitinin yaxşılaşdırılması, sağlamlığı, istirahəti, sosial-məişət məsələləri də daim diqqət mərkəzindədir. 2007-ci ildən indiyədək ev növbəsinə dayanmış 2000-dən artıq neftçi şirkətimizin inşa etdiyi yeni mənzillərlə təmin edilmişdir. Növbədə olan əməkdaşların yaşayış sahəsi ilə təminatını yaxşılaşdırmaq məqsədi ilə “Neftçi” Mənzil Tikinti Kooperativi yaradılmış, qısa müddətdə 3 bina inşa edilərək istifadəyə verilmişdir. Daha 3 binada isə tikinti işləri davam etdirilir. Yaxın vaxtlarda Bibiheybət ərazisində 600-dən çox ailənin mənzillə təmin olunması üçün bütöv bir yaşayış kompleksinin inşa edilməsinə hazırlaşırıq. Bundan başqa mənzil uçotunda olanlara fərdi mənzil tikintisi üçün də şərait yaradılır. 

2012-ci ildən ARDNŞ-də könüllü tibbi sığorta proqramının tətbiqinə başlanılmışdır. Hazırda şirkətin bütün əməkdaşları ölkənin ən müasir xəstəxana və tibb müəssisələrində təcili yardım, ambulator və stasionar xidmət, profilaktik müayinə ilə təmin edilirlər. Proqramda neftçilərin ailə üzvlərinin tibbi xidmətlə təminatında da güzəştlər nəzərdə tutulmuşdur. Bütün bunlar fədakar neftçi əməyinə müstəqil dövlətimiz və onun müdrik rəhbəri, möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən verilən yüksək qiymətin parlaq təzahürüdür. Neftçilərimiz əmindirlər ki, insan amili bundan sonra da diqqət mərkəzində olacaqdır.         

Sonda Azərbaycanın bütün neft sənayesi işçilərini, o cümlədən ötən illərdə yeni neft strategiyasının gerçəkləşməsi uğrunda bizimlə çiyin-çiyinə çalışmış xarici tərəfdaşlarımızı şanlı bayram- “Əsrin kontraktı”nın imzalanmasının 20-ci ildönümü münasibəti ilə təbrik edirəm. İllər keçəcək, nəsillər bir-birini əvəz edəcək, lakin bu illərdə qazanılmış nailiyyətlər xalqımızın yaddaşında əbədilik yaşayacaqdır!