YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında sərəncam idarəetmə sahəsində aparılacaq islahatların başlanğıcıdır

Müsahibimiz Azərbaycan Respublikasının Təhsil naziri Mikayıl Cabbarov

- Cənab nazir, artıq hər kəs - valideynlər, məktəblilər, tələbələr yeni tədris ilinə hazırlaşır. 2014-2015-ci dərs ili hansı yeniliklərlə əlamətdar olacaq?

- Yeni tədris ilinin başlanması münasibətilə bütün müəllim, şagird, tələbə və valideynlərimizi təbrik edir, onlara can sağlığı arzulayıram. Təhsilin inkişafı üzrə Dövlət Strategiyasında da göstərildiyi kimi, ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu möhkəm bünövrə  və onun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı genişmiqyaslı sosial-iqtisadi siyasət nəticəsində ölkəmiz hazırda özünün yüksək inkişaf dövrünü yaşayır. Məqsədyönlü islahatlar ölkəmizin müasir dünya standartlarına yaxınlaşmasını təmin etməklə bərabər, həm də gələcək üçün etibarlı zəmin yaradıb. Azərbaycan artıq modernləşdirmə dövrünə uyğun vəzifələri həyata keçirir. Bu vəzifələr sosial-iqtisadi həyatın müasir dünyaya uyğunlaşdırılması, bu istiqamətdə iqtisadi inkişafın davamlılığnın qorunması, vətəndaşlarımızın rifah halının daha da yaxşılaşdırılmasından ibarətdir. Güclü və inkişaf edən Azərbaycanda insan kapitalı müasir dövlətçilik fəlsəfəmizin əsas hədəfidir. Bu hədəflərin gerçəkləşməsi də xeyli dərəcədə təhsilin üzərinə düşür və onun daşıdığı missiya ilə bağlıdır. Yəqin ki, ölkəmizdə elə ailə yoxdur ki, birbaşa və ya dolayı yolla təhsillə, məktəblə əlaqəli olmasın. Ona görə də, hesab edirəm ki, 15 sentyabr - Bilik Günü ən geniş qeyd olunan, hamının bayram kimi keçirdiyi günlərdən biridir. Bu münasibətlə bir daha  bütün xalqımızı, xüsusilə də məktəbə ilk dəfə qədəm qoyan uşaqları təbrik edirəm. Ötən il olduğu kimi bu il də ümumtəhsil məktəblərində ilk dərs vətənpərvərlik mövzusuna, Vətənimizə həsr olunacaq. Ölkəmizin yeni cəmiyyət quruculuğunda vacib məsələlərdən biri gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi, onlarda təhsilə, elmə marağın daha da artırılması və dünyagörüşünün daim genişləndirilməsidir.

2014-2015-ci tədris ilini həm valideynlər, həm müəllimlər, həm də təhsilalanlar üçün əhəmiyyətli dərəcədə zəngin və maraqlı yeniliklərlə qarşılayırıq. Təhsil sahəsində keyfiyyət dəyişiklikləri yaratmaq üçün ilk növbədə biz hazırlıq işlərini yüksək səviyyədə apardıq və bundan sonra bütün sahələrdə tədricən dəyişikliklərə başladıq. Yeniliklər nədən ibarətdir. Şübhəsiz, ilk növbədə orta təhsil diqqət mərkəzindədir.

Təhsilin inkişafı üzrə Dövlət Strategiyasına uyğun olaraq, biz təhsilalanlar üçün maksimum münbit şərait yaratmağa başlamışıq. Bu, yaxşı müəllim, qüsursuz dərslik və düzgün tədris prosesi deməkdir. Müəllim nüfuzunun qaldırılması üçün “Müəllimlərin etik davranış qaydaları” qəbul olundu. Yeni qaydalara uyğun olaraq, müəllimlər fəaliyyətə başlamazdan əvvəl “müəllim andı” içirlər. Bununla müəllimlər təhsil müəssisələrində sağlam münasibətlərin formalaşmasına, vətəndaşların onlara etimadının artmasına məsuliyyət daşıdıqlarını öhdələrinə götürürlər. Andın imzalanmış mətni müəllimin şəxsi işində saxlanır. Nəzərə alsaq ki, müəllim gənc nəslin formalaşmasında, onların mədəni inkişaf prosesində birbaşa iştirak edir, onda nüfuzlu, ziyalı təbiətli müəllimin ölkəmizin gələcəyində nə qədər böyük rol oynadığı aydın olar.

Digər tərəfdən müəllimlərin işə qəbulunda, yerdəyişməsində də neqativ hallar aradan qaldırılıb. Artıq müəllimlər yeni qaydalara uyğun olaraq, müasir informasiya-kommunikasiya texnologiyaları tətbiq olunmaqla işə qəbul olunur. Vakansiyalar elan edilir, əvvəlcə yerlərini dəyişmək istəyən müəllimlərin müraciətlərinə baxılır, müsahibə əsasında onların istəyi yerinə yetirilir, daha sonra yeni müəllim fəaliyyətinə başlamaq istəyənlər üçün imtahanlar keçirilir. Bütün bunlar tam elektron qaydada, subyektiv müdaxilələr olmadan baş verir. Müəllim imtahan verib qurtaran kimi öz nəticəsini bilir və buna əsasən vakant yeri tutub-tutmadığını dərhal müəyyənləşdirir.

Müəllimlərdən danışarkən, məktəb direktorlarını da yada salaq. Bu il biz direktor olmaq istəyən gənc, enerjili kadrlar üçün xüsusi təlimlər təşkil etdik, müasir menecment prinsiplərini tədris etdik. Artıq 14 məktəbə yeni direktorlar təyin olunub. Bu proses davam edəcək.

Biz işləyən müəllimlərin savad və tədris bacarıqlarını artırmağı da qarşımıza məqsəd qoymuşuq. Bunun üçün ilk növbədə onların mövcud imkanlarını öyrənməliydik. Beləliklə, biz Bakı şəhəri üzrə müəllimlərin sınaq qiymətləndirilməsini keçirdik, paytaxtdakı müəllim heyətimizin real imkanlarını müəyyənləşdirdik. Sınaq qiymətləndirmənin nəticələri təhlil edilir və müəllimlərin əmək fəaliyyətinin optimallaşdırılması üzrə müvafiq təkliflər hazırlanır. Nəticələr müəllim hazırlığı proqramlarına da təsir edəcək.

- Orta təhsildə ən vacib məsələlərdən biri də dərsliklərlə bağlıdır. Bu tədris ilində şagirdlər dərsliklərlə necə təmin olunacaqlar?

- Dərslik məsələsində bizim əhəmiyyətli işlərimiz var. Müstəqillik tarixində ilk dəfə olaraq bu il biz maksimum tirajda – 7,8 milyon ədəd və maksimum adda – 271 adda dərslik çap etmişik, onları təyinatı üzrə yerlərə çatdırmışıq. Müqayisə üçün deyim ki, bu rəqəmlər ötən ildəkindən 2 dəfə çoxdur. Eyni zamanda dərsliklərin hazırlanmasında da dəyişikliklər var. Bütün dərsliklər təkmilləşdirilib, 7-ci sinif dərslikləri yenidən işlənib. Ümumiyyətlə, biz dərsliklərin hazırlanmasında yeni sistemin əsasını artıq qoymuşuq. Bundan sonra növbəti tədris ilinin yeni dərslikləri əvvəlcədən hazırlanacaq, pilot olaraq bəzi məktəblərə paylanacaq, ekspertlərə veriləcək. Həmin dərsliklər rəylərə uyğun olaraq yenidən işlənəcək və çap olunaraq yay tətilində dərs ili başlamamışdan məktəblərə çatdırılacaq. Bununla, dərsliklər mükəmməlləşdikdən sonra tam həcmdə çap edilərək şagirdlərə paylanacaq, eyni zamanda müəllimlər dərsliklərlə əvvəlcədən tanış olacaqlar.

Biz dərsliklərin hazırlanmasına daha çox mütəxəssis cəlb etməyə çalışırıq, dərslik hazırlanmasında rəqabət mühitinin formalaşmasına səy göstəririk. 

Dərsliyin ilk dəfə yaradılması çox çətin prosesdir. Dərsliklərimizin keyfiyyətini daim artırmağa çalışırıq. Bunun üçün prosesə fənn mütəxəssisləri də qoşulmalıdır. Ancaq onlar bu işlə əlaqədar müraciət etmirlər. Baxmayaraq ki, bizim ali təhsil müəssisələrində, Elmlər Akademiyasının institutlarında kifayət qədər mütəxəssislər fəaliyyət göstərir. Halbuki, dərslik hazırlanması prosesinə qoşulmaqla, həm ali təhsil müəssisələri, həm də elmi mərkəzlər pul qazana bilər. Dərsliklərin məzmununun hazırlanması üçün xərclənən vəsait universitetlərin iqtisadi vəziyyətini də yaxşılaşdıra bilər. Onlar bu vəsati həmin müəllimlərə əlavə qonorar kimi ödəyə bilərlər.

- Cənab nazir, maraq doğuran yeniliklərdən biri də dərs ilinin uzadılması ilə bağlı müzakirələrdir.

- Bu məsələyə dərs ilinin uzadılması yox, şagirdlərin üzərinə düşən dərs yükünün azaldılması prizmasından yanaşsaq, yeniliyin pozitiv aspektlərini görə bilərik. Siz nəyə üstünlük verərsiniz – uşaqları bütün tədris proqramını 9 ay ərzində mənimsəməyə məcbur etmək, yoxsa proqramı daha uzun müddətə bölməklə dərs yükünü azaltmaq və dərs ilini uzatmaq, həddindən artıq uzun olan fasilə dövrünü qısaltmaq? İnkişaf etmiş ölkələrdə illik tədris müddəti 38 həftə olduğu halda, bizdə 32 həftədir. Bizim əsas məqsədimiz gələcək nəslimizi yüksək keyfiyyətli təhsillə əhatə etmək və eyni zamanda, bu təhsilin tam mənimsənilməsinə nail olmaqdır. Dərs ilinin uzadılması da bu istiqamətdə həyata keçirilən islahatlardan biridir.  

- Təhsil prosesinin komponentlərindən biri də məktəbdənkənar müəssisələrlə bağlıdır. Bu sahədə necə, yeniliklər düşünülürmü?

- Təhsil Nazirliyi məktəbdənkənar müəssisələrin fəaliyyəti ilə bağlı İslahat Proqramı hazırlayıb. Biz tədris prosesində gənc nəslin hərtərəfli inkişaf etməsinə geniş baza hazrılayırıq. Bu işlərin nəticəsidir ki, 2013-2014-cü tədris ilində yaradıcılıq sarayları, klublar, bədii, estetik, texniki, ekoloji, turizm və diyarşünaslıq yönümlü mərkəzlərin, uşaq-gənclər idman və şahmat məktəblərinin yetirmələri yerli və beynəlxalq yarış, çempionat, müsabiqə və festivallarda yüksək yerlərə layiq görülüblər.

Uşaq, yeniyetmə və gənclərin maraq, meyl və bacarıqlarının, intellektual səviyyələrinin, yaradıcılıq qabiliyyətlərinin inkişafı, fiziki cəhətdən sağlam böyümələri, onların asudə vaxtlarının mənalı təşkili üçün məktəbdənkənar təhsilə dair bir sıra layihələr hazırlanmaqdadır.

- Ali təhsil sahəsində də əhəmiyyətli yenilikləri müşahidə edirik. Bunlardan biri SABAH qrupları ilə bağlıdır. Bu sahədə gözlənilən ilkin nəticələr əldə olunubmu?

- SABAH qrupları layihəsi bizim ali təhsil sahəsində həyata keçirdiyimiz mühüm layihələrdən biridir. Artıq sentyabrın 15-dən ölkəmizin 8 ali təhsil müəssisəsində SABAH qrupları tədris keçməyə başlayacaq. İlk SABAH qruplarında 700-ə yaxın tələbə təhsil alacaq. Onlar yüksək səviyyəli tədrislə əhatə olunacaq. Bununla biz, xaricdə təhsil proqramının elementlərini ölkəmizə gətirmək istəyirik. Başqa sözlə, SABAH qruplarının məzununun bilik və bacarıq səviyyəsi xaricdə təhsilini başa vurmuş məzunun bilik və bacarıq səviyyəsinə bərabər olacaq. Hesab edirəm ki, SABAH qrupları Azərbaycanın ali təhsil sistemində keyfiyyət dəyişikliklərinin pioneridir və bütün ali təhsil sistemini öz arxasınca irəli aparacaq.

- Təhsil sahəsində hamının marağına səbəb olan hadisələrdən biri ölkə başçısının Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında imzaladığı sərəncam oldu. Bu, təhsil sahəsində hansı dəyişikliklərə səbəb olacaq?

- Bu sərəncam idarəetmə sahəsində aparılacaq islahatların başlanğıcıdır. Dövlət başçısının dəstəyi ilə biz passiv müşahidəçi rolunda çıxış edən yerli təhsil şöbələrinin əvəzində məktəblərdə vəziyyətə tam nəzarət edən, kadrların yerləşdirilməsində şəffaflığı təmin edən, tədris prosesini optimallaşdırmağı bacaran yeni idarəetmə mexanizmi qururuq. Bununla, yerlərdə təhsil idarəedicilərinin imkanları artırılır, eyni zamanda onların məsuliyyəti çoxalır. Təhsil Nazirliyinin regional strukturlarının yaradılması, onlara geniş səlahiyyətlərin verilməsi ilə yanaşı məsuliyyətlərinin artırılması, təkcə ümumi təhsilin idarəetmə strukturunun optimallaşdırılması nöqteyi-nəzərdən deyil, həmçinin digər təhsil pillələrinin inkişafı üçün yerlərdə zəruri imkanların formalaşdırılmasında böyük əhəmiyyətə malik olacaq.