MÜSAHİBƏLƏR
Azərbaycan xalqı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti birmənalı şəkildə dəstəkləyir
- Mirzəcan müəllim, məlum olduğu kimi Azərbaycan inkişaf baxımından dünyada aparıcı yerlərdən birini tutur. Sizcə, bu inkişafın əsasında hansı amillər dayanır?
- Bu gün Azərbaycan dünyada güclü və nüfuzlu dövlət, ictimai-siyasi sabitliyin və davamlı inkişafın təmin olunduğu ölkə kimi tanınır. Ölkəmizin inkişafının, əldə etdiyi nailiyyətlərin əsasında dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən uğurla, uzaqgörənliklə reallaşdırılan daxili və xarici siyasət kursu dayanır. Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü, prinsipial, milli maraqlara əsaslanan siyasət nəticəsində Azərbaycan güclü, dinamik inkişaf edən, yüksək beynəlxalq nüfuza malik dövlətə çevrilib.
Bütün bunların nəticəsidir ki, Azərbaycan xalqı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti birmənalı şəkildə dəstəkləyir, bu siyasətə alternativ görmür, əldə olunan uğurları yüksək qiymətləndirir. Təsadüfi deyil ki, ictimai rəyin öyrənilməsi üzrə müxtəlif sosioloji tədqiqat mərkəzlərinin Azərbaycan əhalisi arasında keçirdiyi sorğular da ölkəmizdə vətəndaşların Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətə mütləq inam və etimad bəslədiklərini, xalq-iqtidar birliyinin sarsılmaz təməllərə söykəndiyini göstərir.
Son 16 ildə ölkənin ümumi inkişafının təmin edilməsi üçün iki sahəyə xüsusi diqqət yetirildi. Birincisi, neftdən əldə edilən gəlirdən digər sahələrin inkişafı üçün istifadə edilməsi, ikincisi, bu məqsədə çatmaq üçün dərin islahatların aparılmasıdır. Paralel həyata keçirilən bu iqtisadi siyasət qısa müddətdə yüksək nəticələr verdi. Çox yaxşı haldır ki, son illər qeyri-neft sektorunun inkişafında dinamika var. Bu ilin 6 ayında da qeyri-neft sektorunda yüksək artım qeydə alınıb. Sözsüz ki, bu da aparılan uğurlu sosial-iqtisadi siyasətin nəticəsidir. Prezident İlham Əliyev iyul ayında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə cari ilin birinci yarısında ölkədə qazanılan uğurların yüksək olduğunu vurğulayaraq bildirib: “İqtisadiyyatımız bu ilin altı ayında 2,4 faiz, qeyri-neft sektorumuz 3,2 faiz artmışdır. Ən sevindirici göstərici qeyri-neft sənayesindədir. Burada artım 15,7 faizdir. Bu, onu göstərir ki, son illərdə sənayeləşmə siyasətimiz gözəl nəticələr verir. Sənayemizin qeyri-neft sektoru rekord addımlarla irəliləyir”.
- Son illər ölkəmizdə qeyri-neft sektorunun inkişafı böyük vüsət alıb. Bu sahənin perspektivləri haqqında nə deyə bilərsiniz?
- Azərbaycanda aparılan iqtisadi islahatların əsas məqsədlərindən biri də qeyri-neft sektorunu əhəmiyyətli dərəcədə inkişaf etdirmək və qeyri-neft ixracını artırmaqdır. Odur ki, qeyri-neft sənayesinin inkişafına xüsusi önəm verilir. Bu məqsədlə 9 sənaye park və məhəllələrinin fəaliyyətə başlaması planlaşdırılıb. İndi onların bir çoxunda yüksək keyfiyyətli məhsul istehsal olunur, daxili bazarın tələbatı ödənilməklə bərabər, xarici bazara da ixrac edilir. Həmin sənaye parkları və məhəllələrində 78 rezident qeydiyyatdan keçib, 45 rezident fəaliyyətə başlayıb. Nəzərdə tutulan 6,4 milyard manat sərmayədən 5,7 milyard manatı faktiki olaraq qoyulub. Həmin layihələrin yerinə yetirilməsi nəticəsində 11 mindən çox yeni iş yeri açılıb. Həmin layihələrin icrası sayəsində 1,5 milyard manatlıq məhsul istehsal olunaraq 300 milyon manatlığı ixrac edilib.
Millət vəkili kimi təmsil etdiyim Sumqayıt şəhərində də son illər yeni sənaye müəssisələri yaradılır. Bu sənaye müəssisələri müxtəlif məhsullar istehsal edir ki, həm daxili tələbatın təmin olunmasına xidmət edir, həm də xarici ölkələrə ixrac edilir. Hazırda bu sahədə işlər uğurla davam edir. Təbii ki, bu amil iqtisadiyyatımızı gücləndirir, ölkəmizə xarici valyutanın daxil olmasını artırır, bütövlükdə, qeyri-neft sənayesinin inkişafında mühüm rol oynayır. Bütün bunlar Sumqayıtın sənaye mərkəzi kimi rolunu daha da gücləndirir.
- Azərbaycan eyni zamanda, mühüm nəqliyyat-tranzit qovşaqlarından biridir. Bu amil ölkəmizə nə kimi dividentlər qazandırır?
- Əlverişli coğrafi mövqedə yerləşən, mühüm nəqliyyat-tranzit qovşaqlarından birinə çevrilən Azərbaycan Cənubi Qafqazın geoiqtisadi, logistik mərkəzi kimi tanınır. İpək yolu üzərində geniş iqtisadi zolağın yaradılmasının fəal dəstəkçisi olan ölkəmiz müxtəlif istiqamətlərə tranzit daşımalarının səmərəli təşkilinə etibarlı təminat verir. Əlbəttə ki, müxtəlif ölkələri birləşdirən nəqliyyat layihəsinin təməlində geosiyasət dayanır və bu layihələr siyasi vəziyyətə təsir edir, sabitliyin təminatına töhfə verir. Şərqdən Qərbə və Şimaldan Cənuba uzanan yolun üzərində yerləşən Azərbaycan bu imkanından istifadə etməklə qitələri və ölkələri birləşdirir.
Bütün bunlar onu deməyə əsas verir ki, artıq nəqliyyat-logistika aspektlərində Azərbaycan regionun mərkəzi qovşağına çevrilib. Ölkəmizin ərazisindən keçən "Şərq-Qərb”, "Şimal-Cənub” və "Cənub-Qərb” beynəlxalq nəqliyyat dəhlizləri Azərbaycanın logistik mərkəzə çevrilməsi üçün real imkanlar yaradır.
Bu layihələr sırasında "Şimal-Cənub” dəhlizi də mühüm əhəmiyyət kəsb edir. Bu nəqliyyat dəhlizi bütün Avrasiya regionu üçün yeni imkanlar açacaq. Layihə Hindistandan gələn yüklərin gəmi vasitəsilə Süveyş kanalından keçib, Ümid burnunu dolanaraq İranın Bəndər Abbas limanına çatdırılmasını, buradan da onların dəmir yolu vasitəsilə Azərbaycan ərazisindən keçməklə Rusiya və digər ölkələrə ötürülməsini nəzərdə tutur. Azərbaycan bu layihədə də fəal iştirak edərək onu milli maraqların təmin edilməsi baxımından əlverişli hesab edir.
Bu nəqliyyat dəhlizinin fəaliyyəti nəticəsində Avrasiya məkanında ölkələrin bir-biri ilə qarşılıqlı əlaqələri genişlənəcək. Layihə qonşu ölkələrin iqtisadi, siyasi sahədə əməkdaşlığını gücləndirəcək və onları dəmir halqalar kimi bir-birinə bağlayacaq. Belə ki, nəqliyyat dəhlizinin istifadəyə verilməsi möhkəm sistem yaradaraq Avrasiya ölkələrinin qarşılıqlı əlaqələrinin genişlənməsində mühüm rol oynayacaq. Bunun nəticəsində Azərbaycanın Fars körfəzinə, Oman dənizinə, Hind okeanına, Afrika ölkələrinə çıxışı asanlaşacaq, Rusiya və Mərkəzi Avropa ilə əməkdaşlıq imkanları xeyli artacaq. Azərbaycan tranzit ölkə kimi böyük iqtisadi səmərə ilə yanaşı, həm də böyük siyasi dividendlər əldə edəcək. Ölkəmiz regionda və dünyada aparıcı mövqeyini daha da möhkəmləndirəcək.
- Bu gün ölkəmizdə uğurlu sosial siyasət həyata keçirilir. Bu siyasət əhalinin rifah halının daha da yüksəlməsi ilə müşaiyət olunur…
- Ümumiyyətlə, ölkəmiz dinamik inkişaf yolunda inamla irəliləyir. Neftdən gələn gəlirlərdən səmərəli istifadə olunması nəticəsində ölkəmizdə geniş abadlıq-quruculuq işləri aparılıb, paytaxt Bakının və regionlarımızın siması müasirləşib, əhəmiyyətli dərəcədə dəyişilib, yüksək infrastruktur təminatı yaradılıb, ölkənin maliyyə imkanları və valyuta ehtiyatları artıb və Azərbaycan qüdrətli dövlətə çevrilib. Davos Dünya İqtisadi Forumunun hesablamalarına əsasən, bu gün Azərbaycan yolları keyfiyyətinə görə dünya miqyasında 34-cü yerdədir. Əhalinin təbii qazla təmin olunması 96 faizdir, əhalinin 75 faizi isə daimi içməli su ilə təmin edilir və bu proses davam etdirilir. Sosial infrastruktur tamamilə yenidən qurulub, 3200-dən çox məktəb, 640-dan çox xəstəxana tikilib və təmir olunub.
Azərbaycanda güclü sosial siyasət həyata keçirilir, vətəndaşlar dövlətin yüksək diqqət və qayğısı ilə əhatə olunur. Ölkəmizdə inqilabi xarakterli sosial islahatlar həyata keçirilir. Prezident İlham Əliyevin ölkə əhalisinin sosial rifahının yaxşılaşması üçün həyata keçirdiyi işlərin miqyası getdikcə genişlənir. Yüz minlərlə məcburi köçkünə yeni evlər, şəhid ailələrinə, müharibə veteranlarına isə güzəştlər, müavinətlər, mənzillər, minik avtomobilləri verilib.
Aztəminatlı ailələrin sosial müdafiəsi daim gücləndirilir. Bu il ərzində müxtəlif kateqoriyadan olan insanların maaşlarının artırılması, minimum əməkhaqqının və pensiyanın artırılması buna nümunədir. Dövlətimizin başçısının vurğuladığı kimi bu proses davamlı olacaq. Bütövlükdə, dövlət başçısının rəhbərliyi altında aparılan islahatlar ölkəmizin “Doing Business 2019” hesabatında yeni rekorda imza artmasına imkan yaradıb. Azərbaycan 10 ən islahatçı ölkə siyahısında qərarlaşıb və MDB ölkələri arasında lider mövqe tutur. Bu da çox mühüm göstəricidir.
- Mirzəcan müəllim, Azərbaycanın nailiyyətlərinə, sosial sahədə atılan mühüm addımlara rəğmən müəyyən dairələr ölkəmizə qarşı qarayaxma kampaniyası aparır. Buna münasibətiniz necədir?
- Çox təəssüf ki, belə hallar mövcuddur. Azərbaycan inkişaf etdikcə, gücləndikcə bundan qıcıqlanan dairələr ölkəmizə qarşı müxtəlif qarayaxma kampaniyasına başlayırlar. Xarici dairələr bu prosesdəki daxildəki radikal müxalifətdən, eləcə də “mühacir” müxalifətindən alət kimi istifadə edirlər.
Bu müxalifət bəzi xarici qurumların, eyni zamanda erməni lobbisinin vəsaiti hesabına ölkəni anarxiyaya, xaosa aparmaq istəyir. Onların missiyası yalnız bundan ibarətdir. Amma buna Azərbaycan dövləti və xalqı heç zaman izin verməyəcək. Ölkəmizdə sabitlik, əmin-amanlıq hökm sürür. Mən millət vəkili kimi seçicilərimlə görüşürəm. İnsanlar ölkəmizin inkişafından, həyata keçirilən sosial addımlardan çox razıdırlar və dövlətimizin başçısının siyasətini birmənalı şəkildə dəstəkləyirlər. Ona görə də, Azərbaycanda qarışılıqlıq yaratmaq istəyənlər anlamalıdırlar ki, ölkəmizdə sabitlik, inkişaf və vətəndaş həmrəyliyi möhkəm əsaslar üzərində qurulub. Bu səbəbdən də onların niyyətləri iflasa uğrayacaq.