YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Təhsil sahəsində aparılan islahatlar Azərbaycanın parlaq gələcəyinə hesablanıb

Müsahibimiz Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Kamilə Əliyeva

- Kamilə xanım, ölkəmizdə artıq yeni tədris ili başlamaq üzrədir. Bildiyimiz kimi təhsil sahəsinin inkişafı Azərbaycan dövləti üçün prioritet istiqamətlərdən biridir. Dövlətin təhsil sahəsində həyata keçirdiyi islahatları necə qiymətləndirirsiniz? 

- Azərbaycanda hər bir sahədə müşahidə olunan inkişaf tendensiyası təhsil sektorunda da nəzərə çarpmaqdadır. Bu inkişafın əsasında isə, şübhəsiz, Ulu öndər Heydər Əliyevin ideyaları və həmin ideyaların işığında həyata keçirilən siyasi-strateji kurs dayanır. Bu gün isə məhz Ulu öndər Heydər Əliyevin miras qoyduğu, özündə yüksək norma və dəyərlər sistemini ehtiva edən ənənələr Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının yüksək diqqəti və effektiv göstərişləri əsasında atılan addımlar, icra edilən dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin əldə edilməsinə, yüksək nəticələrin qazanılmasına xidmət edir. Bu da, şübhəsiz, ölkəmizin milli kadr potensialının kəmiyyət və keyfiyyət baxımından yetişdirilməsi və təkmilləşdirilməsi işinə mühüm töhfə verir.

Təhsilin inkişafı hər bir ölkədə inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindədir. Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı onu təsdiqləyir ki, bu mühüm amil dövlət siyasətinin mühüm strateji istiqamətlərindən biri və bəlkə də ən başlıcasıdır.

Bu gün Azərbaycanda həyata keçirilən dövlət proqramları və islahatlar çərçivəsində təhsilin bütün sahələri inkişaf edir. Təhsildə idarəetmə, müəllim hazırlığı və digər sahələrin inkişafına xüsusi diqqət yetirilir. Eyni zamanda, təhsilin inkişafı ilə bağlı dövlət başçısının təsdiq etdiyi müvafiq dövlət proqramları hazırda Azərbaycan hökuməti tərəfindən uğurla icra edilir. Bu proqramlar orta məktəblərdə kurikulum, təhsil sisteminin informasiyalaşdırılması, texniki peşə təhsili, Azərbaycanın ali təhsil sisteminin Avropa təhsil məkanına inteqrasiyasını və s. sahələri əhatə edir.

Məktəblərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də mühüm işlər görülüb. Bu proses təkcə paytaxt ilə məhdudlaşmır, ən ucqar bölgələri də əhatə edir. Təsadüfi deyil ki, son bir neçə ildə respublika ərazisində heç bir dövrdə müşahidə olunmadığı qədər məktəb binası tikilib, bir çox məktəb binaları üçün yeni korpuslar inşa olunub, köhnə tədriz müəəssisələri bərpa və əsaslı təmir ediliblər. Bu işdə Heydər Əliyev Fondunun fəaliyyəti də xüsusilə qeyd olunmalıdır. Fondun atdığı addımlar, «Yeniləşən Azərbaycana yeni məktəb» layihəsi Azərbaycanın təhsil sisteminin inkişafı üzrə mühüm töhfələr verir. Yeni məktəb binalarının tikilib istifadəyə verilməsi, məktəbəqədər müəssisələrin və məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi, təhsil müəssisələrinin müasir avadanlıqlarla təchiz edilməsi, əsaslı təmir və bərpa işlərinin aparılması kimi istiqamətlərdə Heydər Əliyev Fondunun göstərdiyi müstəsna xidmətlər misilsizdir. Bu da ona dəlalət edir ki, qlobal missiyalı Heydər Əliyev Fondu bu istiqamətdə Azərbaycan təhsilinin perspektiv inkişafına təkan verən başlıca funksiyanı yerinə yetirir.

Beləliklə, bu gün Azərbaycanda təhsilə qayğı ən yüksək səviyyədədir. Bu sahədə həyata keçirilən hər islahat, baş verən hər bir hadisə ilk növbədə Azərbaycanın parlaq gələcəyinə hesablanıb.

- Təhsilin inkişafı ilə bağlı Dövlət proqramları həyata keçirilir. Sizcə, bu proqramların əhəmiyyəti nədən ibarətdir?

- Təhsil sahəsində aparılan islahatlar, qəbul olunan Dövlət proqramları, həmçinin, 2011-2021-ci illərdə Azərbaycanda təhsilin inkişafı üzrə Milli Strategiyanın hazırlanması, müsabiqələrin keçirilməsi bir daha təhsilin dövlət başçısının diqqət mərkəzində olduğunun göstəricisidir.
Qəbul olunmuş Dövlət proqramlarında təhsil müəssisələrinin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsini də əsas istiqamətlərdən biri kimi qeyd etmək lazımdır. Məktəblərdə əsaslı təmir-tikinti işlərinin aparılması, müasir tipli yeni təhsil ocaqlarının tikilib istifadəyə verilməsi Azərbaycan Respublikası regionlarının sosial iqtisadi inkişafı Dövlət proqramlarında öz əksini tapdı. Eyni zamanda, “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin avadanlıqlarla təmin olunmasına dair İnkişaf Proqramı” bu sahədə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini təmin etmiş oldu. Cənab Prezidentin ölkəyə rəhbərlik etdiyi son 10 ildə rəqabət qabiliyyətli iqtisadi sistemin formalaşdırılması və davamlı inkişafın təmin edilməsi baxımından ölkənin müasir tələblərə cavab verən kadrlara ehtiyacını ödəmək üçün gənclərin xaricdə təhsil alması dövlət siyasətinin əsas prioritetlərindən olmuşdur. Gənclərin ölkə üçün zəruri ixtisaslar üzrə xaricdə təhsil almalarını və ölkənin inkişafının mühüm amilinə çevrilmələrini təmin etmək məqsədilə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə Sərəncam da imzalanıb.

Nəhayət onu da vurğulamaq yerinə düşər ki, 24 oktyabr 2013-cü il tarixdə ölkə Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nı təsdiq etmişdir. Bu sənədin əsas məqsədi keyfiyyət səviyyəsinə görə dünyada qabaqcıl mövqe tutan təhsil sistemi formalaşdırmaqdır. Güclü və dinamik inkişaf edən Azərbaycana yüksək intellektli kadrlar lazımdır. Bu cür kadrların hazırlanması üçün güclü təhsil olmalıdır və Dövlət Strategiyasında göstərildiyi kimi islahatların aparılması daha da yetkin vətəndaşların yetişdirilməsinə zəmin yaradacaq. Strategiyanın reallaşdırılması təhsilin məzmununun, kadr hazırlığının, təhsildə idarəetmənin yenidən qurulmasına imkan verəcək, davamlı inkişafı təmin edəcək.

- Bu baxımdan, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın nə kimi üstünlükləri var? Sizcə, xaricdə təhsil ölkəmizə hansı dividentlər gətirir?

- Əlbəttə ki, bu proqramın başlıca məqsədi Azərbaycan üçün güclü mütəxəssislərin hazırlanmasıdır. Dövlətimiz bu proqram vasitəsilə gənclərimizi nüfuzlu ali məktəblərə göndərir və onlar zəruri olan ixtisaslar üzrə təhsil alırlar. Bu amil ölkəmizdə insan kapitalının inkişafı baxımından çox mühüm faktordur. Azərbaycan Prezidenti İlham Əliyev ölkə gənclərinin dünyanın aparıcı universitetlərində təhsilinə çox böyük diqqət və önəm verir. Bu ölkəmizin inkişaf prioritetlərindən biridir, bu siyasətin daha dərin kökləri, ənənələri var. Bu gün ölkəmizin inkişafında, dünyada tanınmasında xaricdə təhsil alan gənclərin əməyi böyükdür. Hesab edirəm ki, xaricdə təhsil alan gənclərimiz yüksək biliklərə yiyələnməklə yanaşı ölkəmizin fəal təbliğatçısı funkisyasını da yerinə yetirirlər. Hesab edirəm ki, bu gənclər gələcəkdə Azərbaycanın inkişafına böyük töhfələr verəcəklər. 

- Kamilə xanım, bəs təhsil  sahəsində qanunvericilik bazasını necə dəyərləndirmək olar? 

- Təhsil sahəsində müvafiq qanunumuz var. Bildiyiniz kimi, 2010-cu ildə Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanunu qəbul edilib. Hesab edirəm ki, bu qanun mükəmməl bir hüquqi sənəddir və təhsilimizin konstitusiyasıdır. Qanuna günün tələblərinə uyğun olaraq çoxsaylı əlavə və dəyişiklik edilib və zərurət yarandıqca yenə də ediləcək. Bu da normaldır. Qanunvericilik fəaliyyətinin mahiyyəti də elə məhz bundan ibarətdir ki, hər sahədə günün tələblərinə uyğun olaraq ictimai münasibətləri tənzim edən hüquq normaları yaradılsın. Təhsil elə bir sahədir ki, orada daim dəyişikliklərin olması qaçılmazdır. Buna müvafiq olaraq da yeni normativ-hüquqi aktlar qəbul edilə bilər.

- «Elm siyasəti haqqında» qanun layihəsinin parlamentin müzakirəsinə çıxarılması gündəmdədir. Sizcə, bu sənəd  elmin inkişafına hansı töhfələr verəcək?

- "Elm siyasəti haqqında" qanun layihəsinin əhəmiyyəti böyükdür. Çünki qanun dövlətin elm siyasətinin tənzimlənməsində ciddi hüquqi baza olacaq. "Elm siyasəti haqqında" qanun elmi fəaliyyət sahəsində dövlət siyasətinin məqsəd və prinsiplərini, elmi fəaliyyətin subyektlərinin və iştirakçılarının hüquq və vəzifələrini, elmi fəaliyyətin təşkilati, hüquqi əsaslarını müəyyənləşdirəcək. Qanun, eyni zamanda, vətəndaşların əqli potensialının reallaşması və elmi nailiyyətlərdən istifadə edilməsində məqsədyönlü fəaliyyətin həyata keçirilməsi üçün hüquqi zəmin yaradacaq. 

Son illər elmdə aparılan islahatlar müsbət nəticələr verir. Bunun nəticəsində də Azərbaycan elmi və elm adamları beynəlxalq səviyyədə daha diqqətlə qarşılanır. Bu baxımdan, qanun elmin inkişafına, bu sahədə aparılan islahatlara təkan verəcək. Layihədə elmi işçinin hüquq və vəzifələri, elmi işçilərin sosial müdafiəsi, onların mükafatlandırılması, beynəlxalq elmi əməkdaşlıq və digər məsələlər də əksini tapacaq. Bütövlükdə, qanun elmin inkişafına böyük töhfələr verəcək.