MÜSAHİBƏLƏR
Azərbaycan milli maraqlara əsaslanan müstəqil siyasət həyata keçirir
- Sahibə xanım, ötən həftə Bakıda Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Tod Volters ilə növbəti görüşü keçirildi. Belə bir mühüm görüşə yenidən məhz Bakının evsahibliyi etməsi beynəlxalq mediada da yüksək qiymətləndirildi və bu faktın Azərbaycanın qloblal təhlükəsizlikdə oynadığı mühüm rolun göstəricisi olduğu vurğulandı. Sizin bu məsələ ilə bağlı fikirlərinizi bilmək maraqlı olardı...
- Bilirsiniz ki, Rusiya Silahlı Qüvvələrinin və NATO-nun rəsmiləri Bakıda əvvəllər də görüşüblər və müəyyən məsələlər ətrafında müzakirələr aparıblar. Bu, Azərbaycanın yüksək nüfuzunun göstəricisi olmaqla yanaşı, həm NATO, həm də Rusiyanın ölkəmizə etibar etdiyinin ifadəsidir. Dünyanın siyasi nəbzinin yenə paytaxt Bakıda vurması Azərbaycana çoxsaylı strateji dividendlər qazandırır. Ümumilikdə isə, sülh və dialoq məkanı kimi növbəti dəfə Bakının seçilməsi Azərbaycanın beynəlxalq miqyasda rolunu və nüfuzunu daha da artıran amildir. Belə mühüm görüşlərin Bakıda keçirilməsinin əsas səbəblərindən biri Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi nüfuzu və dövlətimizin regional və qlobal proseslərdə aktiv rol alması ilə bağlıdır. Çünki sabitlik və təhlükəsizlik adası kimi xarakterizə edilən Azərbaycan regional və beynəlxalq təhlükəsizliyə, əməkdaşlığa müstəsna töhfələr verir. Bakı həmçinin mühüm dialoq və əməkdaşlıq məkanı kimi beynəlxalq miqyasda ciddi nüfuza malikdir.
Azərbaycan tərəfindən irəli sürülən təşəbbüslər sivilizasiyalararası dialoqun inkişafına, multikultural dəyərlərin, tolerantlığın təbliğinə mühüm töhfələr verir. Azərbaycan Şərq ilə Qərb arasında körpü rolunu oynayır. Azərbaycan NATO-nun və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü deyil, amma ABŞ, Avropa və Rusiya ilə çox yaxşı münasibətləri olan, onların hörmət bəslədiyi ölkədir.
Azərbaycan milli maraqlara əsaslanan müstəqil siyasət yeridir, ölkəmizin beynəlxalq mövqeyi davamlı olaraq möhkəmlənir. Azərbaycan həm ikitərəfli və çoxtərəfli münasibətlərini uğurla inkişaf etdirir, həm də sivilizasiyalararası dialoqa, regional və beynəlxalq təhlükəsizliyə mühüm töhfələr verir. Başqa sözlə, Azərbaycan Cənubi Qafqazın lider dövləti kimi regionda və daha geniş coğrafiyada sabitləşdirici rol oynayır, ölkəmizin moderatorluğu, liderliyi ilə reallaşdırılan geostrateji əhəmiyyətli layihələr regional və qlobal təhlükəsizliyə, beynəlxalq əməkdaşlığın dərinləşməsinə əhəmiyyətli töhfədir. Bununla yanaşı, ölkəmiz dünyada sabitlik adası kimi tanınır, ölkəmizdə etibarlı təhlükəsizlik mühiti hökm sürür. Ona görə də paytaxt Bakı bir çox tədbirlər, görüşlər üçün məkan kimi seçilir. Xüsusilə də, qlobal güc mərkəzlərinin hərbi rəhbərliyinin görüşünün Bakıda keçirilməsi çox mühüm əhəmiyyətə malikdir.
- Bu qəbildən olan mühüm tədbirlərdən biri - UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası da Bakıda ən yüksək səviyyədə təşkil olundu. Bu tədbirin əhəmiyyəti və UNESKO ilə Azərbaycan arasında münasibətlərin mövcud vəziyyəti barədə nə deyə bilərsiniz?
- Azərbaycanın UNESKO ilə əlaqələri xüsusilə təqdirəlayiqdir. Respublikamızla bu təşkilat arasında münasibətlərin də əhatə dairəsi getdikcə genişlənir. Belə ki, Azərbaycan öz imkanlarını təqdim edərək UNESKO ideyalarının reallaşmasında daim fəal rol oynayır. Eyni zamanda, qurum Azərbaycan həqiqətlərinin, ələlxüsus da zəngin mədəniyyətimizin dünyada təbliğində kifayət qədər səmərəli platforma qismində çıxış edir.
Azərbaycanla UNESKO arasında uğurlu əməkdaşlıq nəticəsində İçərişəhər, Qız qalası və Şirvanşahlar Saray Kompleksi, Qobustan Qaya Sənəti Mədəni Landşaftı UNESKO-nun Ümumdünya İrs Siyahısında, həmçinin xalqımızın qeyri-maddi mədəni irsinin 13 nümunəsi UNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısında yer alır. Bu mühüm hadisələr Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə verdiyi töhfənin beynəlxalq miqyasda bir daha yüksək dəyərləndirildiyinin təsdiqidir. Musiqi xəzinəmizin inciləri olan muğam və aşıq sənəti, Novruz bayramı, tar ifaçılığı sənəti də Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil olunub. Bir sözlə, bu əməkdaşlıq Azərbaycanın sərvətlərinin beynəlxalq məkanda dəyərləndirilməsində əhəmiyyətli rol oynayır.
Azərbaycanla UNESKO arasında əməkdaşlığın möhkəmlənməsindən söhbət açarkən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın müstəsna rolunu xüsusi vurğulamaq lazımdır. Onun davamlı səyləri və məqsədyönlü fəaliyyəti sayəsində Azərbaycan-UNESKO əlaqələri keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Mehriban xanım Əliyeva Azərbaycanın zəngin mədəniyyətinin qorunması, öyrənilməsi və tədqiqində xidmətlərinə görə UNESKO tərəfindən 2004-cü ilin sentyabr ayında qurumun şifahi və musiqi ənənələri sahəsində xoşməramlı səfiri adına layiq görülüb. Mehriban xanım Əliyevanın səyləri nəticəsində Azərbaycanın maddi və qeyri-maddi mədəni irs nümunələri UNESKO-nun müvafiq siyahılarında yer almaqdadır.
İyulun 7-də Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında Azərbaycanın "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi" UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi isə Azərbaycanın UNESKO-da apardığı davamlı işin, həmçinin maddi mədəniyyət nümunələrinin qorunmasına göstərdiyi xüsusi diqqətin növbəti ifadəsidir. Bu fakt dünyanın mədəni-turistik xəritəsində Azərbaycanın mövqeyini əhəmiyyətli dərəcədə möhkəmləndirir. Bakıda keçirilən sessiyada çıxardılan qərar Azərbaycan xalqının dünya mədəniyyətinə xüsusi töhfəsinin beynəlxalq səviyyədə növbəti təsdiqidir.
- Sahibə xanım, bir çox mütəxəssislər Azərbaycanda həyata keçirilən gender siyasətini uğurlu bir model kimi yüksək qiymətləndirirlər. Belə bir fikir ifadə olunur ki, Azərbaycanda həyata keçirilən gender siyasəti nəticəsində ölkəmizdə qadınların cəmiyyət həyatının bütün sferalarında fəal iştirakına əlverişli şərait yaradılıb. Siz Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini kimi, Azərbaycanda gender mühitini, bu istiqamətdə görülən işləri necə qiymətləndirirsiniz?
- Bəli, Azərbaycan gender məsələlərinə böyük əhəmiyyət verən, qadın hüquqlarının qorunması istiqamətində mühüm tədbirlər həyata keçirən dövlətlərdən biridir. Azərbaycan Respublikasının qanunvericiliyi gender məsələlərinin uğurlu həllinə töfhə verir. Ölkəmizdə yaradılan əlverişli şəraitin nəticəsidir ki, bu gün müstəqil Azərbaycanın qadınları icra hakimiyyəti orqanlarında, bələdiyyələrdə, təhsil, səhiyyə sahələrində, biznes strukturlarında, kənd təsərrüfatında, orduda, idmanda, hüquq-mühafizə orqanlarında, İKT sahəsində kişilərlə bərabər vəzifələrdə təmsil olunurlar. Məişət zorakılığı, erkən nikah hallarının qarşısının alınması, qadınların sosial və iqtisadi həyatda fəal iştirakının təbliği sahələrində müvafiq dövlət orqanları, vətəndaş cəmiyyəti, bir sıra beynəlxalq təşkilatlarla, eləcə də BMT-nin bir çox qurumları ilə birgə layihələr həyata keçirilib. Bu layihələr beynəlxalq miqyasda da yüksək qiymətləndirilir və ölkəmizin gender sahəsində təcrübəsi müsbət bir təcrübə kimi təqdir olunur. Elə yeri gəlmişkən, qeyd etmək istərdim ki, iyunun 7-də Parisdə Milli Assambleyada Fransa-Azərbaycan parlamentlərarası dostluq qrupunun təşkilatçılığı ilə keçirilən Azərbaycanda qadınlara səsvermə hüququ verilməsinin 100 illiyinə həsr olunmuş “Qadın hüquqları: Şərq və Qərbin qovuşuğunda Azərbaycan nümunəsi” adlı konfransda ölkəmizin 100 il əvvəl dinindən, cinsindən, etnik mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlara eyni hüquqlar verən, qadınların səsvermə hüququnu təmin edən ilk dünyəvi müsəlman dövləti olduğu vurğulandı, qadın hüquqları sahəsində Azərbaycanın digər ölkələrə nümunə olduğu bir daha qeyd olundu.
Qeyd etməliyəm ki, gender məsələlərinin həlli, cinsi ayrı-seçkiliyin bütün formalarına qarşı mübarizənin gücləndirilməsi BMT-nin 2030-cu il Dayanıqlı İnkişaf Məqsədlərindın biridir. Qadınların ictimai həyata daha çox inteqrasiya olunduğu bir zamanda zərif cinsin nümayəndələrinə geniş hüquqların verilməsi, onların bütün sahələrdə bərabər təmsilçiliklərinin təmini, fəaliyyət sferalarının təhsil, səhiyyə kimi ənənəvi istiqamətlərdən daha da genişləndirilməsi, iqtisadi, sosial sahələrdə, hətta siyasi və dövlət idarəetməsində qadınların potensialından səmərəli faydalanması kimi hədəflər milli dövlətlərin inkişaf strategiyasında mühüm prioritetlər kimi çıxış edir.
- Yeri gəlmişkən, bir müddət əvvəl Yaponiyanın paytaxtı Tokioda Qadın Siyasi Liderlərin növbəti Sammiti keçirildi. Siz bu sammitdə ölkəmizi təmsil edirdiniz. Sammitdə əsasən müzakirə olunan mövzular sırasında "2030-cu il Dayanıqlı İnkişaf Məqsədləri"ndən biri kimi gender məsələlərinin uğurlu həlli olub. İstərdik, həm bu, həm də ümumiyyətlə sammit barədə məlumat verəsiniz.
- İyunun 25-27-də Yaponiyanın paytaxtı Tokioda Qadın Siyasi Liderlərin növbəti Sammiti keçirilib. Toplantıda qadınların ictimai-siyasi həyatda rolu, onların dünyada baş verən proseslərə təsir imkanları, sülhün, əmin-amanlığın, sabitliyin bərqərar olmasında fəallığının artırılması, qadın siyasi xadimlərin əməkdaşlığının genişləndirilməsi məsələləri müzakirə olunub. Tədbir Yaponiya Nümayəndələr Palatası və Qadın Siyasi Liderləri Təşkilatı tərəfindən keçirilib.
İyunun 26-da konfrans çərçivəsində qadın sahibkarlığının inkişafı, qadınların iqtisadi sahədə fəaliyyətinin genişləndirilməsi mövzusunda keçirilən panel çıxışlarının müzakirələrində çıxış edərək bildirdim ki, Azərbaycan qadınları ictimai-siyasi həyatda olduğu kimi, sahibkarlığın inkişafına da öz töhfələrini verir. Azərbaycan Hökuməti ölkəmizdə qadın sahibkarlığının inkişaf etdirilməsinə daim dəstək göstərir. Uşaq bağçalarının, istehsal müəssisələrinin və digər biznes təşkilatlarının sayı artırılır, qadınlara fəaliyyətlərini genişləndirmək üçün güzəştli şərtlərlə kreditlər verilir. Eyni zamanda, qadınların fəaliyyətinin təşviq edilməsi üçün genişmiqyaslı tədbirlər keçirilir, konfranslar təşkil olunur.
Tədbirdə müxtəlif ölkələri təmsil edən nümayəndələr də öz ölkələri barədə təqdimat ediblər. Mən də ölkəmizdə qadın hüquqlarının qorunması, gender məsələlərinin uğurlu həlli istiqamətində görülən tədbirlər barədə geniş məlumat verdim. Qeyd etdim ki, bu gün Azərbaycanın qadınları icra hakimiyyəti orqanlarında, bələdiyyələrdə, təhsil, səhiyyə sahələrində, biznes strukturlarında, kənd təsərrüfatında, orduda, idmanda, hüquq-mühafizə orqanlarında, İKT sahəsində kişilərlə bərabər vəzifələrdə təmsil olunurlar.
Beynəlxalq tədbirdə eyni zamanda, münaqişələrdən, onun yaratdığı miqrant probleminin nəticələri haqqında məlumat verdim. Bildirdim ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində minlərlə azərbaycanlı, eləcə də qadınlar və uşaqlarımız öldürülüb, bir milyondan çox vətəndaşımız öz doğma torpaqlarından və evlərindən didərgin salınıb, onlar qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olublar. Azərbaycan dövləti qaçqın və köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, onların həyat şəraitlərinin yaxşılaşdırılması istiqamətində çox genişmiqyaslı tədbirlər həyata keçirib. Ancaq buna baxmayaraq, bu insanlar qaçqın, köçkün həyatı yaşayırlar. Təəssüf ki, bu, onların evlərinə qayıtmaq və ləyaqətlə yaşamaq hüququ təmin olunana qədər davam edəcək. Mövcud problemlərdən biri reabilitasiya və inteqrasiya məsələləridir. Belə ki, qadın qaçqın və məcburi köçkünlərin münaqişə dövründə yaşadıqları zorakılıqların yaratdığı ciddi psixoloji travmalar sonrakı dövrdə onların həyatlarında mənfi fəsadlara yol açır. Bu, onların cəmiyyətə inteqrasiyasında da böyük çətinliklər yaradır.
Bu kimi problemlərin həlli, ilk növbədə, münaqişələrin və işğal faktının aradan qaldırılmasıdır. Azərbaycan bu məsələdə beynəlxalq ictimaiyyətin səylərini təqdir edir, bununla belə problemlərə ədalətli, beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində yanaşmanın vacibliyini vurğulayır.
Qeyd edim ki, məndən əvvəl tədbirdə Ermənistan təmsilçisi çıxış etdi. O, ölkəsinin işğalçılıq siyasətini ört basdır etmək üçün faktları təhrif etdi, Ermənistanla bağlı uydurma fikirlər səsləndirdi. Çıxışımda erməni siyasətçinin iddialarına da cavab verərək bu ölkənin bütün beynəlxalq hüququn prinsiplərini pozaraq işğalçılıq siyasətini davam etdirdiyini, işğal faktının aradan qaldırılması ilə bağlı beynəlxalq çağırışlara, BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının dərhal və qeyd–şərtsiz azad olunmasına dair 4 qətnaməsi və digər təşkilatlar tərəfindən qəbul olunan sənədlərə məhəl qoymadığını xatırladaraq bildirdim ki, Ermənistan regional təhlükəsizliyə ciddi təhdid yaradan monoetnik bir ölkədir.