YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Zərifə xanım Əliyevanın adı oftalmologiya tarixinə qızıl hərflərlə yazılıb

Müsahibimiz Müsahibimiz Akademik Zərifə xanım Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin baş həkimi, tibb üzrə fəlsəfə doktoru Səbinə Məcidovadır

- Səbinə xanım, söhbətimizə Azərbaycan səhiyyəsinin bu günü ilə  körpü salmaq istərdik…

Səhiyyənin  inkişafı dövlətimizin siyasətinin əsas istiqamətlərindəndir. Yeni tibb ocaqlarının yaradılması,  onların  müasir  avadanlıqlarla təhciz edilməsi, yerli tibb kadrlarının yetişdirilməsi,  bilik və  təcrübələrinin artırılması   üçün konfransların, seminarların və  treninqlərin  təşkili  qarşıya qoyulan əsas məqsədlərdən biridir.  Müasir müstəqil  Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra  iqtisadiyyatın  digər sahələri kimi,  səhiyyə  sistemində də təkmil islahatlar həyata keçirilmiş,    nöqsanların aradan qaldırılması istiqamətində  ciddi tədbirlər görülmüş və  gələcək layihələrin konturları müəyyənləşdirilmişdir.  Son 15 ildə  ümummilli lider Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz inkişaf, tərəqqi yolunda inamla addımlayır,  bütün bölgələrimizdə  yüzlərlə tibb ocağı tikilərək əhalinin istifadəsinə verilib,  tibb müəssisələrində  fəaliyyət göstərən kollektivin   əsasən yerli kadrlardan ibarət olması,  beynəlxalq tibbi  standartlara cavab verən yüksək keyfiyyətli  avadanlıqlarla təhcizatı  təmin edilib,   əhaliyə  göstərilən səhiyyə  xidmətlərinin keyfiyyəti daha da yaxşılaşdırılıb.  Tibb sahəsində   ən qabaqçıl  və  müasir müalicə  üsullarının tətbiqi  əvvəllər müalicəsi respublikamızda  mümkün olmayan xəstəliklərin də  qarşısını  almağa geniş  şərait yaradıb.  Prezident İlham Əliyev  tərəfindən dərman-əczaçılıq preparatlarının keyfiyyətinə və  qiymətləndirilməsinə nəzarətin gücləndirilməsi,  əhalinin rifahının yüksəldilməsi  və  keyfiyyətli tibb xidmətləri ilə təhciz olunması məqsədilə təsdiqlənən  "Əhalinin sağlamlığının qorunması haqqında" Qanun, "Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında", "Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında", "Dərman vasitələri haqqında"  və  s. kimi  müxtəlif Fərman və sərəncamlar,  həmçinin əczaçılıq zavodlarının tikintisinə start verilməsi   bir daha göstərir ki,  əhaliyə  yüksək keyfiyyətli səhiyyə xidmətinin göstərilməsi  prioritetdir.  

-  Adı  oftalmologiya tarixinə qızıl hərflərlə yazılan görkəmli  oftalmoloq alim Zərifə xanım Əliyevanın anadan olmasının  96 illiyi  ərəfəsindəyik.  Zərifə xanımı necə xarakterizə edərdiniz?

- Bu suala cavab vermək üçün akademik Zərifə xanım Əliyevanın özündən sitat gətirmək istəyirəm: “Əsl həkim yalnız o şəxsdir ki, xəstənin əzablarını öz əzabları bilir və onun üçün sağalıb evinə-eşiyinə qayıtmış insanın təbəssümü ən yüksək mükafatıdır. Buna görə də hər dəfə xəstələri qəbul edəndə, onlarla söhbət aparanda həkim həm xəstə qarşısında, həm də cəmiyyət qarşısında, ən başlıcası isə öz vicdanı  qarşısında mənəvi  məsuliyyət hiss edir. Vicdan əsas hakimimizdir.  Ən çətin məqamda və  ən xoş saatımızda o bizimlə üz-üzə dayanıb soruşacaq: “Sənin ağ xalat geyinməyə  haqqın varmı?” Onilliklər boyu təkcə biliklərini deyil, həm də ürəyinin hərarətini öz əllərinlə insanlara çatdırmalısan”.»

Zərifə xanım Əliyevanı həkim etikası və tibbi deontologiya məsələləri həmişə düşündürmüşdür. O, gənc həkimlərin tərbiyəsinə, onların peşə fəaliyyəti ilə bağlı problemlərinin öyrənilməsinə və həllinə xeyli zəhmət sərf etmişdir. Onun çoxsaylı məqalələri, çıxışları məhz bu məsələyə həsr olunmuş, «Yüksək etimad» kitabı isə cəmiyyətdə həkimin şəxsiyyət kimi formalaşması prosesinə dəyərli töhfə vermişdir. Zərifə Əliyeva səhiyyədə kadr hazırlığına və həkimlərin ixtisasının təkmilləşdirilməsinə gərgin əmək sərf etmişdir. Onun birbaşa rəhbərliyi altında gənc  alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmişdir. Zərifə xanım tələbələrinə zəngin həyat təcrübəsini öyrətmiş, onlara diqqət və qayğı ilə yanaşmışdır. O, heç zaman gərgin işdən usanmamış,  ilhamla çalışmışdır. Həkim kimi fədakarlığı, yüksək vətəndaşlıq məsuliyyəti, səmimiliyi və qayğıkeşliyi, insanlara və onların problemlərinə göstərdiyi diqqət, fəal həyat mövqeyi  bu böyük şəxsiyyətə həmkarlarının, yetirmələrinin və xəstələrinin dərin hörmətini qazandırmışdır.

Bütün bu elmi fəaliyyəti ilə yanaşı,  Zərifə xanım, eyni zamanda, qayğıkeş ana, gözəl, vəfalı ömür-gün yoldaşı olmuşdur. Bu ocaqda iki övlad böyüyüb: ata-anasına layiq, qəlblərində daim Azərbaycan sevgisi yaşadan, Vətənimizin qüruru sayılan övladlar.  Deyirlər, ana övladını özündən də çox istəyir. Tanrının bəxş etdiyi övladlarına qarşı Zərifə xanım məhz belə ana olub. Enişli-yoxuşlu ömür yollarında birgə addımladığı həyat yoldaşı, ümummilli liderimiz  Heydər Əliyev gərgin fəaliyyətlə məşğul olan, həyatını bütövlükdə Azərbaycana həsr edən böyük şəxsiyyət kimi yorulmadan müqəddəs amallar yolunda öz qüvvəsini əsirgəmədi. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, qüdrətli, güclü  Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəridir.

- Ulu öndər Heydər Əliyevin təbirincə desək, «Özünü həkimlik, təbiblik peşəsinə həsr edən insanlar xoşbəxtdirlər. Çünki cəmiyyətin onlara həmişə ehtiyacı var.» Amma bu məqamı da nəzərə alsaq ki, insan reallıqları hiss etməklə yanaşı, onu öz gözləri ilə  gördükdə həyata bağlılığı daha yüksək olur, bu halda   bu duyğuları yaşamalarına yardımçı olan gözlərə işıq verən həkimlərin zəhməti daha aydın görünür, daha yüksək dəyər tələb edir.   Zərifə xanım Əliyevanı  nura uzanan yolun  əbədi sakininə çevirən, ölməzliyini şərtləndirən hansı amillərdir?

- Qeyd etdiyimiz kimi, akademik Zərifə xanım   Əliyeva Azərbaycanda müasir oftalmologiya elminin yaradıcılarından və  banilərindən biridir.  İllərlə fəaliyyət göstərdiyi  sahə  üzrə  minlərlə xəstənin  sağalaraq göz xəstəliklərindən xilas olması  üçün çalışmışdır.  1947- ci  ildə  Azərbaycan Tibb Universitetini bitirdikdən sonra əmək fəaliyyətinə başlayan zaman Azərbaycanda traxoma infeksion xəstəliyi tüğyan edirdi.  Təəssüf ki, o zamanlarda bu xəstəliyin etiologiyası  və  yaranma səbəbləri  kifayət qədər öyrənilmədiyinə  və  müalicə  üsulu olmadığına görə  yüzlərlə xəstə dünya işığından məhrum olurdular.  Bu səbəbdən  Zərifə  xanım əmək fəaliyyətinin ilk illərindən etibarən  bu xəstəliklə mübarizəyə  başlamış, onun başvermə səbəblərinin dərindən öyrənilməsi  üçün Azərbaycanda traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, həkim-oftalmoloqlara məruzələr oxuyur, əhali arasında çoxlu söhbətlər aparırdı.  Bu infeksiya və onun ağır nəticələri ilə effektiv mübarizə təkcə oftalmologiya elmi üçün deyil, bütövlükdə respublikanın səhiyyəsi üçün mühüm əhəmiyyət daşıyırdı. Azərbaycanda traxomanın kökünün kəsilməsini qarşısına məqsəd qoyan Zərifə xanım bu problemin nə qədər çətin və mürəkkəb olduğunu çox yaxşı bilirdi. Bu səbəbdən  Zərifə  xanım təhsilini Moskva şəhərində Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda davam etdirmiş və ixtisaslaşdırma kursunu müvəffəqiyyətlə başa çatdırdıqdan sonra Vətənə qayıtmışdı. 1949-cu ildən başlayaraq Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayır. Uğurlu tədqiqatların nəticələri Zərifə Əliyevanın 1960-cı ildə müdafiə etdiyi «Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi» mövzusunda namizədlik dissertasiyanın əsasını təşkil etmişdir. Bu sahə üzrə ixtisaslaşaraq, elmlər namizədi dərəcəsinə yüksələn Zərifə xanımın təklif etdiyi müalicə metodu tezliklə bütün respublikada tətbiq edilir və ölkəmiz bu xəstəlikdən xilas olur. Buna görə də Azərbaycanda traxomanın sosial xəstəlik kimi ləğvi məhz Zərifə xanımın adı ilə bağlıdır. 

İlləri sistemli şəkildə nəzərdən keçirdikdə  Zərifə xanım Əliyevanın  oftalmologiya tarixində zəngin səhifələr yazdığını daha aydın görürük. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, Zərifə xanım Əliyevanın elmi maraqları yalnız görmə orqanının peşə patologiyası problemləri ilə məhdudlaşmırdı. Onun həkim-oftalmoloqlar üçün nəzərdə tutulmuş dərs vəsaitləri («Herpetik göz xəstəliyi», «Ağır virus konyiktivləri» və s.), bir çox elmi məqalələri və monoqrafiyaları – «Gözün hidrodinamik sisteminin anatomo-fizioloji xarakteristikası» və «Yaşla bağlı gözün əsəb yollarının dəyişməsi», «Göz sulanmasının fiziologiyası», «Göz sulanmasının müasir cərrahiyə üsulları ilə müalicəsi» monoqrafiyaları təkcə oftalmoloqların yox, həm də fizioloqların diqqətini cəlb edib. Zərifə xanım Əliyeva fundamental «Terapevtik oftalmologiya» və «İridodiaqnostikanın əsasları» kimi nadir elmi əsərlərin müəlliflərindən biridir. Bu əsərlər  indi də hər bir oftalmoloq üçün stolüstü kitabları olaraq qalır. Onun zəngin pedaqoji, elmi və əməli təcrübəsi «Oftalmologiyanın aktual məsələləri» monoqrafiyasında  öz əksini tapıb.

Zərifə xanım Əliyevanın xidmətləri daim yüksək dəyərləndirilib. Böyük xidmətlərinə, çoxillik elmi-tədqiqat işlərinə görə  1983-cü ildə Azərbaycan SSR Elmlər Akademiyasının akademiki seçilib. O, bütün fəaliyyəti  boyu böyük ictimai iş aparmış, keçmiş İttifaqın Sülhü Müdafiə Komitəsinin üzvü,  Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, «Bilik» Cəmiyyəti İdarə Heyətinin üzvü və keçmiş İttifaqın Oftalmoloqları Elmi Cəmiyyəti İdarə Heyətinin üzvü olmuşdur. O,  həm də «Oftalmologiya xəbərləri» jurnalının redaksiya heyətinin üzvü olub. Zərifə xanım Əliyeva bir sıra orden və medallarla təltif olunmuş, Azərbaycanın «Əməkdar elm xadimi» fəxri adına layiq görülmüşdür.

Təbii ki, bu qiymətləndirmələr sırasında   Zərifə xanım Əliyevaya milyonların sevgisi daha əsas yer tutur.  Bu sevgi onun yuxarıda qeyd etdiyimiz fikirlərinə istinadən ən böyük mükafatıdır.

Böyük  fəxarət hissi ilə bildirmək istərdim ki,  Azərbaycan  Tibb Universitetini bitirdikdən sonra əmək fəaliyyətimə məhz Milli Oftalmologiya Mərkəzində başlamış  və bu illər  ərzində  Zərifə  xanımın şərəfli  əmək fəaliyyəti mənim üçün  böyük  örnək olmuşdur.  Akademik Zərifə  Əliyevanın  adını daşıyan Milli Oftalmologiya Mərkəzində  bütün əmək fəaliyyətim  dövründə məhz onun kimi xalqıma yüksək keyfiyyətli tibbi  xidmət göstərməyə,   dövlətə, xalqa   layiqli bir vətəndaş olmağa çalışmışam və çalışacağam.

Səbinə xanım, təbii ki,  «Gözlərə nur verək» devizini fəaliyyətinin əsas prinsipi kimi qəbul edən Milli Oftalmologiya Mərkəzinin məsuliyyətini ikiqat artıran əsas amil məhz Zərifə xanım Əliyevanın adını daşımasıdır

Əlbəttə. Qeyd edək ki,  1946-cı ildən  fəaliyyətə başlamış   Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutu  2002-ci ildən  Akademik  Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi olaraq fəaliyyət göstərir. 22 may 2009-cu il tarixdə ölkə     Prezidenti İlham Əliyevin iştirakı ilə  Milli Oftalmologiya Mərkəzinin yeni binasının açılışı olub.   

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi beynəlxalq standartlara cavab verən müasir diaqnostik avadanlıqlarla təchiz olunub. Mərkəzdə oftalmologiyanın bütün sahələrini əhatə edən şöbələr və yüksək ixtisaslı  mütəxəssislər  fəaliyyət göstərir. Ən müasir texnologiyalar əsasında işləyən diaqnostik avadanlıq və üsulların istifadəsi görmə orqanlarının anatomik və funksional parametrlərini dəqiq müəyyən etmişdir ki, bu da göz xəstəliklərinin diaqnostikası və müalicəsinin keyfiyyətini, gözün müəyyən strukturunda aparılan cərrahi əməliyyatların funksional nəticələrini qat-qat yüksəltmişdir.
Mərkəzin aparıcı cərrahları dünyanın qabaqcıl oftalmoloji müəssisələrində aparılan unikal cərrahi əməliyyatları tətbiq edirlər.
10 ildir  Masallı rayonunda, 3 ildir  Gəncə şəhərində  Mərkəzin Regional şöbələri  fəaliyyət göstərir.  Bu filiallar ən müasir oftalmoloji avadanlıqlarla təhciz olunub.  Regional şöbələrdə  yerli əhaliyə yüksək ixtisaslı cərrahi  və konservativ yardım göstərilir.

Heydər Əliyev Fondu və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi arasında sıx əlaqələr yaradılıb. Mərkəzin əməkdaşları Fondun humanitar fəaliyyətini dəstəkləyərək  bu işdə  öz köməkliklərini əsirgəmirlər. Respublika əhalisinə humanitar yardımın göstərilməsinə Mərkəzin Səyyar Klinikasının da fəaliyyəti daxildir. Bu klinika ölkəmizin ən ucqar rayon və kəndlərinə müntəzəm şəkildə gedərək, əhaliyə yüksək ixtisaslı, müasir texnologiyalı cərrahi və terapevtik oftalmoloji yardım göstərir. Bakı şəhərinin müxtəlif ali tədris və digər müəssisələrində, məktəblərində və uşaq bağçalarında dispanserizasiya işini aparır. Bununla da akademik Zərifə xanım Əliyevanın arzularından biri də həyata keçir.

Ölkə Prezidenti İlham Əliyevin 2017-ci ildə imzaladığı Fərmana əsasən, gözün buynuz qişasının Azərbaycana idxalına və ölkəmizdə buynuz qişa transplantasiyası əməliyyatının aparılmasına icazə verilib. Keçən il oktyabr ayının 4-dən etibarən  Səhiyyə Nazirliyinin dəstəyi ilə  Mərkəmizdə artıq belə əməliyyatların həyata keçirilməsinə başlandı. Indiyədək buynuz qişa köçürülməsinə ehtiyacı olan xəstələr İrana, Rusiyaya, Türkiyəyə getmək məcburiyyətində qalırdılar. İndi isə Səhiyyə naziri Oqtay Şirəliyevin bu cərrahi əməliyyatın yenidən Azərbaycanda icra olunması üçün göstərdiyi dəstək nəticəsində artıq vətəndaşlarımız gözlərini əməliyyat etdirmək üçün başqa ölkələrə üz tutmayacaqlar. Ölkəmizdə gözün buynuz qişasının transplantasiyası əməliyyatlarının uzun fasilədən sonra yenidən həyata keçirilməsi Azərbaycanda tibb elminin inkişafı yolunda mühüm bir hadisədir.  

- Milli Oftalmologiya Mərkəzi  Zərifə xanım Əliyevanın anadan olmasının 96 illiyi ilə bağlı hansı tədbirləri nəzərdə tutub?

- 29 aprel 2019-cu il tarixində Mərkəzdə akademik Zərifə Əliyevanın 96 illiyinə həsr olunmuş “Oftalmologiyanın aktual məsələləri” mövzusunda elmi konfransın, 24 may 2019-cu il tarixində isə  Mərkəzimizin 10 illiyinə həsr edilmiş “Oftalmologiyanın bu günü və gələcəyi” adlı beynəlxalq elmi-praktik konfransın, iyun ayında isə Azərbaycan Retinoloqların IV konfransının keçirilməsi  planlaşdırılır.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin rəhbəri professor  Elmar Qasımovun təşəbüssü və dəstəyi ilə ölkəmizdə yüksək ixtisaslı gənc oftalmoloqlar hazırlanır və Oftalmologiya elmi uğurla inkişaf edir. Mərkəzin gənc mütəxəssisləri dünyanın ən nüfuzlu oftalmoloji ocaqlarda  təcrübə hazırlıq keçir, gözün müxtəlif  xarakterli patologiyası müalicəsinin ən müasir üsullarına  yiyələnir və bu təcrübəni öz işlərində müvəffəqiyyətlə tətbiq edirlər.

Bütün əməkdaşlarımız  belə bir Mərkəzdə  işlədikləri üçün  fəxr edir, adını daşıdığı akademik Zərifə xanımın həyat və fəaliyyətini özlərinə örnək bilib, onun adına layiq keyfiyyətli tibbi xidmət göstərməyə çalışırlar.

- Səbinə xanım,  sonda  bir Azərbaycan vətəndaşı kimi Azərbaycanımızın  inkişafına bir baxış keçirməyinizi istərdik…

-  Əvvəldə də qeyd etdiyimiz kimi, müasir müstəqil Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəridir. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə  qayıdışı ilə başlanan inkişaf yolu son 15 ildə möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir.  Bu yol inkişaf, tərəqqi yoludur. Bu gün Azərbaycanın  sabitlik diyarı kimi nüfuz qazanması, adının ən islahatçı, xoşbəxt ölkələr sırasında çəkilməsi düşünülmüş və gələcəyə hesablanmış siyasətin nəticəsidir.  Təbii ki, uğurlarımızın miqyası genişdir, onları  bir sual çərçivəsində əhatə etmək qeyri-mümkündür.  Reallıq budur ki, müstəqil Azərbaycanımız bütün sahələrdə tərəqqi edir, dünyanın inkişaf etmiş ölkələri sırasında addımlamaq istəyinə nail olmaq üçün zəruri olan bütün addımları gerçəkləşdirir.  Azərbaycan bu gün  dünyaya yeni iqtisadi və  sosial dövlət mödelini təqdim edir. Bütün bunlar  əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan  məqsədyönlü və düşünülmüş siyasətin  bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin, təkmil islahatların, idarəçilik sistemində yeniləşmənin  nəticəsidir.

Uğurlarımızda   Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun  prezidenti Mehriban xanım Əliyevanın xidmətləri böyükdür. Mehriban xanım Əliyevanın  təkcə tibb sahəsinə diqqət və qayğısından saatlarla  danışa bilərik.  Onun  bu sahəyə  göstərdiyi diqqətin və qayğının nəticəsində böyük əhəmiyyətli  layihələr həyata keçirilir  ki,  xalqımız tərəfindən bu addımlar təqdirəlayiq qiymətləndirilir.  Talassemiya Mərkəzinin yaradılmasını,  bir çox poliklinika,  xəstəxana,  məktəblər  və digər sosial əhəmiyyətli müəssisələrin tikilib  istifadəyə verilməsini xüsusi qeyd etməliyik. Xeyirxah əməlləri, nəcib təşəbbüsləri,  Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin  qorunub saxlanılması, inkişaf etdirilməsi sahəsində  yorulmaz fəaliyyəti  Mehriban xanım  Əliyevanın UNESCO-nun Xoşməramlı səfiri adına layiq görülməsini şərtləndirib.

Təbii ki, uğurlarımız  qarşıdakı illərə daha böyük inamla addımlamağımıza geniş imkanlar açır.  Xalqımız  11 aprel 2018-ci il prezident seçkilərində  yenidən möhtərəm Prezidentimiz İlham Əliyevi dəstəkləməklə növbəti  7 ilin hədəflərinin gerçəkləşməsini təmin etdi. Xalqımızın Prezidentinə  sevgisi böyükdür. Onun ətrafında sıx birləşərək gələcəyə inamla irəliləyir,  tam əmindirlər ki,  tezliklə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi  ədalətli həllini tapacaq, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaq, Azərbaycan daha möhtəşəm uğurları ilə müstəqillik tarixinin uğur səhifələrini zənginləşdirəcək.