MÜSAHİBƏLƏR
Azərbaycan öz torpaqlarının işğalı faktı ilə barışmayacaq
- Azay müəllim, məlum olduğu kimi, "Amnesty İnternational" təşkilatı öz hesabatlarında xüsusi olaraq bir sıra dövlətlərin insan hüquqlarının pozulması hallarına yol verdiyini bəyan edir. Məhz bu yaxınlarda açıqlanan hesabatda da bu məqamlar yer alıb. Amma nədənsə adı məhz hərbi cinayətlərlə assosiasiya olunan Ermənistanın törətdiyi çoxsaylı hüquq pozuntularına, eləcə də qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş 1 milyondan çox soydaşımızın hüquqlarının pozulmasına bu təşkilat tərəfindən laqeyd münasibət var. Bu barədə düşüncələrinizi bilmək istərdik?
- Bu gün “Amnesty İnternational”, “Human Rights Watch”, “Freedom House”, “Sərhədsiz Reportyorlar” və digər bu kimi təşkilatlar ayrı-ayrı ölkələrdə insan və vətəndaş hüquqları, söz azadlığı ilə bağlı müəyyən məsələləri araşdıraraq illik hesabatlar tərtib edirlər. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, insan hüquqları məfhumu olduqca geniş anlayışdır və insanların öz mülkiyyətindən istifadə etmək, öz torpaqlarında məskunlaşmaq, təhlükəsiz yaşamaq hüquqları da buraya daxildir. Ona görə də “Amnesty İnternational” kimi təşkilatlar öz hesabatlarında bə məsələyə ciddi diqqət yetirməlidirlər. Amma təəssüflər olsun ki, bu cür halların fonunda biz kifayət qədər ikili standart nümunələrinə rast gəlirik. Məlumdur ki, Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal etdiyi, qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş 1 milyon 200 min soydaşımızın hüquqları pozulduğu halda, “Amnesty İnternational” kimi beynəlxalq qeyri-hökumət təşkilatları daxil olmaqla dövlətlərarası qurumlar da Ermənistana qarşı müvafiq tədbirlər görmürlər. Ən azından, sözügedən təşkilat hər il Azərbaycanla bağlı hazırladığı hesabatlarda bu məsələni ayrıca blok kimi dünya ictimaiyyətinə təqdim etməlidir. Eyni zamanda, işğalçı ölkəyə qarşı müəyyən tədbirlərin görülməsi çağırışları səsləndirilməlidir. Lakin əfsuslar olsun ki, bu, hələ də müşahidə olunmur.
Əlbəttə, bütün bunların müəyyən səbəbləri var. Birincisi, “Amnesty İnternational” kimi təşkilatların hesabatları bəzi ölkələrin sifarişi ilə hazırlanır. Belə olan halda, hesabat və bəyanatlar onu sifariş edən ölkələrin maraqlarına uyğun olur. Görünən odur ki, Ermənistanın işğalçı siyasətini davam etdirməsinə, çoxsaylı cinayətlər törətməsinə baxmayaq, bu sifarişləri verən ölkələr hələ də işğalçı Ermənistanın cəzalandırılmasını istəmirlər. İkincisi, görünür, bu hesabatların hazırlanmasını sifariş edən ölkələrə erməni lobbisinin müəyyən təsirləri var. Çünki ola bilməz ki, bütün hesabatlarda “möcüzəvi” bir güc həmişə Ermənistanı müdafiə etsin. Erməni lobbisinin bu cür fəaliyyətinin iki məqsədi var. Bunlardan birincisi, Azərbaycan əleyhinə qara piar xarakterli təbliğatın davamlı olaraq aparılmasına nail olmaq, ölkəmizi mənfi obrazda təqdim etməkdir. Digər məqsəd isə işğalçı Ermənistanın timsalında “sivil”, “beynəlxalq hüquq normalarına əməl edən” ölkə təsviri yaratmaqdır.
Təbii ki, bütün bunlar bəhs etdiyimiz təşkilatların, o cümlədən “Amnesty İnternational”ın hesabatlarının nə qədər qərəzli, ədalətsiz və subyektiv olduğunu, ikili standartlara söykəndiyini göstərir.
- Yeri gəlmişkən, digər bir ikili standart nümunəsi Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə komissarı Ketrin Eşton və qurumun genişlənmə üzrə komissarı Ştefan Fülenin bəyanatlarında əks olunub. Onlar Azərbaycanda insan haqlarının pozulması iddiası ilə çıxış ediblər...
- Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə komissarı Ketrin Eşton və qurumun genişlənmə üzrə komissarı Ştefan Fülenin subyektiv xarakterli bəyanatları Azərbaycan ictimaiyyətində təəssüf və narazılıq yaratdı. Əminliklə deyə bilərik ki, onlar bu bəyanatı verərəkən məsələni araşdırmayıblar və qeyri-dəqiq, qərəzli mənbələrə söykəniblər. Özlərinin dəstəklədikləri hər hansı bir QHT-nin qərəzli, reallığı əks etdirməyən məlumatları əsasında hərəkət ediblər. Təəssüflər olsun ki, onlar özlərinin ruporu kimi çıxış edən QHT-lərin qeyri-qanuni əməllərinə qarşı hüquqi tədbirlər görülən zaman bu cür bəyanatlar verirlər.
Digər tərəfdən, bu cür nüfuzlu təşkilatların nümayəndələri nəzərə almalıdırlar ki, hər hansı bir ölkənin hüquq mühafizə orqanları konkret ittihamlarla çıxış edir, qanunazidd hallara yol vermiş şəxsləri hüquqi məsuliyyətə cəlb edirlərsə, bu ittihamın bütün aspektləri araşdırılmadan, məhkəmənin müvafiq qərar olmadan onlar prosesə bu cür hüquqi və siyasi qiymət verməməlidirlər. Bu, ən azından, qeyri-peşəkar yanaşmadır. Onlar hüququn aliliyi prinsipindən danışırlar, amma çoxsaylı qanun pozuntularına yol vermiş, adı cinayət əməllərində keçən şəxsləri müdafiə edirlər.
Əlbəttə, bu cür hallar yolverilməzdir. Çünki bu, ilk növbədə, qanunun aliliyi prinsipinin heçə sayılmasıdır. Beynəlxalq təşkilatlar qeyri-peşəkar mövqe sərgiləyərək bu cür qərəzli yanaşmalara yol verməməlidirlər. Şübhəsiz, bəzi dairələrin məqsədi hüquqi məsələləri siyasiləşdirərək Azərbaycana qarşı istifadə etməkdir...
- Azay müəllim, sirr deyil ki, məhz bu kontekstdə ayrı-ayrı ölkələrə qarşı selektiv yanaşma nümayiş etdirilir...
- Bəli, bu məsələlər ətrafında çox hallarda biz selektiv yanaşmaların şahidi oluruq. Məsələn, bu gün Qərb ölkələrində, Avropa məkanında qanun pozuntularına, insan hüquqlarının məhdudlaşdırılmasına dair çoxsaylı faktlar mövcuddur. Amma bəhs etdiyimiz qurumların nümayəndələri, eləcə də insan hüquqları, demokratiya kimi dəyərləri əsas götürdüklərini iddia edən hüquq-müdafiə təşkilatları bu faktlara dair hər hansı bir bəyanatla çıxış etmir, susqunluq nümayiş etdirirlər. Digər bir nümunəni nəzərinizə çatdırım: sözügedən təşkilatlar nədənsə Tiflis şəhər məhkəməsinin qiyabi olaraq Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili barəsində həbs hökmü çıxarması məsələsinə qətiyyən toxunmurlar.
Nəticə etibarilə, ikili standartlara söykənən bu cür selektiv yanaşmalar Azərbaycan cəmiyyətində haqlı narazılıq yaratmaqla yanaşı, adı çəkilən təşkilatların imicinə ciddi şəkildə mənfi təsir göstərir.
- Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Soçi şəhərində Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün nəticələri barədə nə düşünürsünüz?
- Əvvəla qeyd etmək istəyirəm ki, Soçi görüşü Ermənistanın təxribat-diversiya hərəkətləri nəticəsində cəbhə bölgəsində baş verənlərin, eləcə də düşmənin layiqli cavab alaraq geri çəkilməsi, onların çoxsaylı itkilərinin olması fonunda keçirildi. Əlbəttə ki, Soçi görüşünün müsbəti nəticələrlə yadda qalacağı barədə müəyyən ümidlər var idi. Çünki sirr deyil ki, bu gün Ermənistana ən çox təsir imkanları olan ölkə, eyni zamanda, ATƏT-in Minsk qrupunun həmsədri olan Rusiyadır. Məhz buna görə də ictimaiyyət görüşlə bağlı optimist qənaətdə idi. Həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu görüşə də əsaslı arqumentlərlə getmişdi. Məhz ictimaiyyət üçün açıqlanan məlumatlarda da əks olunduğu kimi, Prezident İlham Əliyev olduqca prinsipial mövqe sərgiləyərək Azərbaycan xalqının vahid mövqeyini qətiyyətlə ifadə etdi. Bir sözlə, Ermənistanın işğalçı ölkə olduğu, beynəlxalq hüquq normalarına məhəl qoymadığı, təcavüzkar və təxribatçı fəaliyyəti davam etdirdiyi konkret olaraq bir daha ifadə edildi. Azərbaycan Prezidenti münaqişənin həllinin yalnız beynəlxalq hüquq normaları əsasında – ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinin mümkünlüyünü diqqətə çatdırdı. Dünya ictimaiyyəti bir daha anladı ki, Azərbaycan öz torpaqlarının işğalı faktı ilə barışmayacaq və Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində qətiyyətli mövqe sərgiləyir.
Bütövlükdə, sadalananlar baxımından Soçi görüşünün nəticələri müsbət qiymətləndirilə bilər.
- Soçi görüşündən sonra Ermənistan prezidenti Serj Sarkisyan görüşdə müzakirə olunan məsələlərlə bağlı manipulyasiya xarakterli bəzi fikirlər səsləndirib…
- Bəli, Serj Sarkisyan bəhs olunan görüş çərçivəsində müzakirə olunan məsələləri təhrif edərək müəyyən açıqlamalar verib. Bu, ilk növbədə, daxili auditorayaya hesablanmış bir addım kimi səciyyələndirilir. Digər tərəfdən, bu mövqe Ermənistanın təxribatçı cəhdlərinin davam etdiyini nümayiş etdirir. Ən əsası, üçüncü məqam odur ki, bu, Sarkisyanın dövlət adamı olmadığını, səriştəsiz və dövlətçilik tərbiyəsinə malik olmayan bir şəxs olduğunu növbəti dəfə ortaya çıxarır. Tərəflərin qaldırdığı məsələlər barədə müəyyən məqamların təhrif olunmuş formada ictimaiyyətə açıqlanması onun siyasi təfəkkürünün hansı səviyyədə olmasını göstərir. Daxili auditoriyada ucuz dividendlər əldə etmək üçün belə addımların atılması yolverilməzdir. Bu, həm də bütövlükdə Ermənistan hakimiyyətinin cılız mahiyyətini əks etdirir.