MÜSAHİBƏLƏR
Prezident İlham Əliyevin inkişaf və quruculuq siyasəti ölkəmizə bundan sonra da böyük nailiyyətlər qazandıracaq
- Mübariz müəllim, 2018-ci il Azərbaycan üçün mühüm uğurlar və əlamətdar hadisələrlə yadda qaldı. Ötən ilin yekunlarını necə xarakterizə etmək olar?
- Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycan 2018-ci ildə iqtisadi, siyasi, mədəni, sosial və digər sahələrdə çox mühüm nailiyyətlər əldə etdi, ölkəmizin beynəlxalq mövqeyi daha da möhkəmləndi. Ötən ilin ən mühüm-əlamətdar hadisəsi prezident seçkilərinin keçirilməsi və cənab İlham Əliyevin növbəti dəfə möhtəşəm qələbə qazanması oldu. Azərbaycan xalqı növbəti dəfə cənab İlham Əliyevə yüksək etimad göstərdi və bir daha sabitliyə, inkişafa səs vermiş oldu. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi yolla irəliləyir. Bunun ən başlıca səbəbi Azərbaycanda həyata keçirilən siyasətin xalqın mənafeyini tam ifadə etməsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə, eyni zamanda, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması istiqamətində qəyiyyətli siyasət davam etdirilir. 2016-cı ildə aprel döyüşləri Azərbaycanın prinsipial mövqeyindən bir addım da geri çəkilməyəcəyini, öz ərazi bütövlüyünü bərpa etmək əzmində və gücündə olduğunu, düşmən üzərində hərbi, siyasi, iqtisadi və mənəvi-psixoloji üstünlüyünü bir daha sübuta yetirdi. Bu reallıqlar həmçinin Ermənistanda hərbi-xunta rejiminin çöküşündə mühüm rol oynadı. Azərbaycan Ermənistanı regionda təcrid vəziyyətə salıb, bunun nəticəsində işğalçı ölkə iqtisadi və siyasi böhrana sürüklənib.
Ümumiyyətlə müstəqilliyinin 28-ci ilinə qədəm qoyan Azərbaycan bu müddət ərzində çox mühüm nailiyyətlərə imza atıb. Azərbaycan bu gün həm regionda, həm də beynəlxalq müstəvidə öz yeri, rolu və xüsusi çəkisi olan ölkədir. Respublikamızın beynəlxalq təşkilatlarda da nüfuzu çox yüksəkdir, Azərbaycan bu ildən etibarən Qoşulmama Hərəkatına sədrlik edəcək, bu, ölkəmizin çox mühüm diplomatik nailiyyətidir. Azərbaycanın beynəlxalq müstəvidə əməkdaşlıq və təhlükəsizliyi verdiyi fundamental töhfələrdən bəhs edərkən ölkəmizin iqtisadi baxımdan bölgədə həlledici rola malik olduğunu xüsusi vutğulamaq lazımdır. Bunun əyani ifadəsi kimi ölkəmizin təşəbbüsü və liderliyi ilə reallaşdırılan qlobal xarakterli layihələrin nəticələrini göstərmək olar.
Azərbaycan müsəlman aləmində çox böyük hörmətə, nüfuza malikdir. qazanıb, İslam həmrəyliyinə müstəsna töhfələr verir. 2018-ci ildə də Azərbaycan bu istiqamətdə ardıcıl və məqsədyönlü fəaliyyətini uğurla davam etdirib. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında qeyd etdi ki, bizim İslam həmrəyliyi ilə bağlı atdığımız addımlar İslam Əməkdaşlıq Təşkilatı və eyni zamanda, bir çox müsəlman ölkələri tərəfindən çox yüksək qiymətləndirilir və bu sahədə verdiyimiz töhfə çox təsirlidir. “Yəni bizim apardığımız siyasət İslam aləmində həmrəyliyi, əməkdaşlığı möhkəmləndirir. Həm ölkə daxilində, həm xaricdə bu istiqamətdə keçirdiyimiz tədbirlər İslam birliyini daha da möhkəmləndirir”-deyə, dövlətimizin başçısı vurğulayıb.
2018-ci ildə Prezident İlham Əliyevin sosialyönümlü dövlət quruculuğunun təmin olunması istiqamətində apardığı uğurlu siyasət nəticəsində əhalinin sosial rifah halı yaxşılaşıb, işsizliyin və yoxsulluğun aradan qaldırılması istiqamətində mühüm addımlar atılıb. Cənab Prezidentin apardığı bu siyasət bir daha sübut edir ki, dövlətin yürütdüyü siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Əhalinin sosial baxımından aztəminatlı təbəqəsi daim dövlətin diqqət mərkəzindədir. Sosial sahədə büdcə vəsaitlərinin ildən-ilə artırılması bu sahəyə Azərbaycan Prezidentinin qayğısını bir daha təsdiq edir. Bütün bunlar göstərir ki, güclü iqtisadi və sosial siyasət Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Azərbaycan Respublikasında qeyri-neft sektorunun sürətli və rəqabətədavamlı inkişafının təmin olunması istiqamətində həyata keçirilən iqtisadi islahatlar nəticəsində bu sektorun potensial imkanları genişlənib, yeni istehsal sahələri yaradılıb, idxalı əvəz edən məhsulların yerli istehsalı hesabına qeyri-neft məhsulları ilə təminolunma səviyyəsi yüksəlib, ixrac qabiliyyəti artıb. İqtisadiyyatın neft sektorundan asılılığının azaldılması, qeyri-neft ixracının artırılması və dünya iqtisadiyyatına inteqrasiya istiqamətində həyata keçirilən siyasət növbəti 10 ildə qeyri-neft sektorunun əvvəlki onilliklə müqayisədə daha çox artacağını şərtləndirir.
Bütövlükdə, 2018-ci il Azərbaycan üçün çox mühüm nailiyyətlərlə yadda qaldı. Prezident İlham Əliyev yanvarın 11-də Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında 2018-ci ilin ölkəmiz üçün uğurlu il olduğunu, dünyada və bölgəmizdə gedən proseslərdən asılı olmayaraq, Azərbaycanın uğurla, sürətlə inkişaf etdiyini, keçən ilin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələrin icra olunduğunu, ölkəmizin hərtərəfli dinamik inkişafının təmin edildiyini diqqətə çatdırdı. Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan inkişaf , tərəqqi, sabitlik ölkəsidir. Dünyada və bölgədə gedən proseslərdən asılı olmayaraq Azərbaycan öz müstəqil yolu ilə, inkişaf yolu ilə uğurla gedir və gedəcək. Əlbəttə, bütün bu nailiyyətlər qarşıda duran vəzifələrin uğurla yerinə yetirilməsinə imkanlar yaradır. Azərbaycan Prezidenti İlham Əliyevin inkişaf və quruculuq siyasəti ölkəmizə bundan sonra da böyük nailiyyətlər qazandıracaq.
- Yeni Azərbaycan Partiyasının 2018-ci ildə fəaliyyəti nə ilə yadda qaldı?
- Azərbaycan Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində dinamik inkişaf edir, mütəmadi olaraq çox mühüm nailiyyətlər əldə edir. Ümummilli lider Heydər Əliyevin qurucusu olduğu, Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyası da Azərbaycanın inkişafına öz layiqli töhfəsini verir. Ümumiyyətlə, YAP öz fəaliyyətini Heydər Əliyev ideyaları əsasında davam etdirir, Heydər Əliyev yolu ilə irəliləyir. Prezidentin siyasətinin həyata keçirilməsi və təbliğində aparıcı - avanqard rol Yeni Azərbaycan Partiyasına məxsusdur.
2018-ci ilin ən mühüm və əlamətdar hadisələrindən biri Yeni Azərbaycan Partiyasının VI Qurultayının keçirilməsi oldu. Qurultay Prezident İlham Əliyevin şəxsində Azərbaycanın inkişaf perspektivlərinə etibarlı təminatı nəzərə alaraq cənab İlham Əliyevin prezident seçkilərində namizədliyinin irəli sürülməsi barədə qərar qəbul etdi. Aprelin 11-də keçirilən seçkilərdə isə partiyamızın Sədri cənab İlham Əliyev növbəti dəfə möhtəşəm qələbə qazandı. YAP-ın seçki təcrübəsini və xalq tərəfindən dəstəklənməsini nəzərə alaraq qeyd edə bilərik ki, Yeni Azərbaycan Partiyası bu il keçiriləcək bələdiyyə seçkilərində də yüksək nəticələr əldə edəcək.
YAP zamanın sınaqlarından uğurla çıxmış və əhəmiyyətli nailiyyətlərə imza atmış ümumxalq partiyasıdır. Yeni Azərbaycan Partiyasının qarşısında duran hədəflər milli maraqlara əsaslanan və dövlətin qarşısında duran hədəflərdir, partiyanın hər bir üzvü bu hədəflərin reallaşması üçün çalışır. Cənubi Qafqazın ən böyük və mütəşəkkil siyasi partiyası olan Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələri də yüksələn xətt üzrə inkişaf edir. YAP 51 ölkənin siyasi partiyalarının təmsil olunduğu “Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı” təşkilatının (İCAPP) Daimi Komitəsinin üzvüdür, partiyamızın Avropanın bir sıra nüfuzlu siyasi partiyalıarı ilə geniç əlaqələri mövcuddur.
YAP-ın üzvləri müxtəlif sahələrdə-elm, təhsil, mədəniyyət və digər sahələrdə, dövlət idarəçiliyində uğurla təmsil olunurlar, o cümlədən beynəlxalq müstəvidə ölkəmizi müvəffəqiyyətlə təmsil edirlər. YAP gəncləri bu gün sosial şəbəkələrdə Azərbaycanın milli maraqlarının qorunmasında ardıcıl və səmərəli fəaliyyət göstərirlər. Məlumdur ki, Azərbaycanın qazandığı uğurlar bəzi dairələr tərəfindən qısqanclıq və narahatlıqla qarşılanır. Onlar ölkəmizin müsbət beynəlxalq imicinin və uğurlarının üzərinə kölgə salmağa çalışırlar. Bu məqsədlə ayrı-ayrı media orqanlarında və sosial şəbəkələrdə Azərbaycana qarşı qarayaxma kampaniyası aparırlar. Əlbəttə bu cəhdlər əbəsdir. Azərbaycan müstəqil, milli maraqlara əsaslanan siyasət yeridir və ölkəmizin müstəqil siyasətinə, inkişaf yolunda irəliləməsinə təsir etmək mümkün deyil...
- Yeri gəlmişkən, son zamanlar sosial şəbəkələrdə anti-Azərbaycan dairələr və “beşinci kolon” tərəfindən ölkəmizə qarşı qarayaxma kampaniyasının aparılması ilə bağlı nə deyə bilərsiniz?
-Ölkəmizdə uğursuzluğa düçar olmuş və milli maraqlara zidd hərəkətləri ilə özlərini ifşa etmiş bəzi adamlar xaricə üz tutaraq Azərbaycan əleyhinə qarayaxma kampaniyasında iştirak edir, sosial media vasitəsilə həqiqətlərə uyğun olmayan, uydurma, böhtan xarakterli məlumatlar yayırlar. Əlbəttə Azərbaycan cəmiyyəti belələrini dəstəkləmir, onların öz uğursuzluqlarını ört-basdır etmək üçün yalan məlumatlar dövriyyəyə buraxdıqlarını, anti-milli çağırışlar səsləndirdiklərini bilir. Ümumiyyətlə bucür cəhdlər faydasız və nəticəsizdir, iflasa məhkumdur, çünki Azərbaycanda xalq-iqtidar birliyi mövcuddur, ölkəmizdə sabitlik və inkişaf hökm sürür. Azərbaycan xalqı reallıqları görür və yüksək qiymətləndirir. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük inkişaf yolu keçərək regionun lider dövlətinə çevrilib, paytaxt Bakının və regionların siması əhəmiyyətli dərəcədə dəyişilib, əhalinin sosial müdafiəsi daha da gücləndirilib və bütün bunlar Azərbaycanın qüdrətinin artmasını təmin edib. Bütün bu reallıqları görən hər bir vətəndaş Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasəti yüksək qiymətləndirir, bu siyasətin Azərbaycanın gələcək inkişafının əsası olduğunu anlayır və dövlətimizin başçısına, onun siyasətinə böyük inamını ifadə edir. Ona görə də Azərbaycan əleyhinə qarayaxma kampaniyası aparanlar, o cümlədən sosial şəbəkələrdə yalan məlumatlar yayanların "fəaliyyət"i xalq tərəfindən ciddi narazılıqla qarşılanır. Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvlərinin həbsdə olan blogger Mehman Hüseynovla görüşməsi məhz “beşinci kolon” nümayəndələri tərəfindən səsləndirilən iddiaların yalan və böhtan xarakterli məlumatlardan ibarət olduğunu bir daha sübuta yetirdi.
- Mübariz müəllim, Azərbaycanda dini durum yüksək qiymətləndirilir, din-dövlət münasibətləri mütərəqqi nümunə kimi dəyərləndirilir. Ölkəmiz dünyada multikulturalizmin ünvanlarından biri kimi tanınır. Bu barədə fikirləriniz nədən ibarətdir?
- Ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi, dini sahədə sabitliyə nail olunması, konfessiyalar arasında dözümlülük mühitinin qorunub saxlanılması Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin dövlət-din münasibətləri sahəsində qoyduğu bu nümunəvi siyasətin onun layiqli siyasi varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycandakı dini dözümlülük və tolerantlıq dinə münasibətdə dövlət siyasəti kimi səciyyələndirilir. Dövlətimizin başçısının sərəncamları ilə son illər tarixi dini abidələr, ziyarətgahlar bərpa edilir, milli-mənəvi dəyərlərə verilən yüksək qiymətin göstəricisi olaraq silsilə tədbirlər keçirilir. Mənəvi Dəyərlərin Təbliği Fondunun və Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasını bu diqqət və qayğının parlaq nümunəsidir.
Azərbaycanda din-dövlət münasibətləri nümunəvi xarakter daşıyır, tolerantlıq və multikultural mühit hökm sürür. Son hesablamalara görə, ölkə ərazisində 2250 məscid mövcuddur, eləcə də 14 kilsə, 7 sinaqoq fəaliyyət göstərir. Ölkə ərazisində 23 xristian dua evi, 1 bəhai, 1 krişna ibadətgahı mövcuddur. 2018-ci ildə dini icmaların dövlət qeydiyyatına alınması prosesi davam etdirilib, onların ümumi sayı 909-a çatıb. Onlardan 877-i İslam, 32-i qeyri-islam təmayüllüdür. Sonunculardan 21-i xristian, 8-i yəhudi, 2-si bəhai və 1-i krişna şüuru dini icmasıdır.
Biz ötən il də Prezident İlham Əliyevin siyasətində tolerant və multikultural dəyərlərin əhəmiyyətli yer tutduğuna bir daha şahid olduq. Ölkə rəhbərliyinin dəstəyi ilə 2018-ci ildə də müxtəlif xarici ölkələrdə Azərbaycanın multikultural dəyərlərinin təbliği və təşviqi ilə əlaqədar beynəlxalq konfranslar keçirilib ki, bu tədbirlər coğrafi olaraq çox geniş ərazini əhatə edib. İspaniya, Avropanın müxtəlif ölkələri, Almaniya və başqa ölkələrdə təşkil edilən tədbirlərdə Azərbaycanın multikultural dəyərləri ətraflı şəkildə insanlara çatdırılıb. Dövlətimizin başçısı İlham Əliyevin dəstəyi ilə reallaşan beynəlxalq tədbirlər insanların multikulturalizm və tolerantlıq ruhunda maarifləndirilməsinə, dünyada sülhün və əməkdaşlığın təşviqinə mühüm töhfə verib. Ölkə rəhbərinin bu istiqamətdə atdığı addımlar, söylədiyi fikirlər, verdiyi qərarlar bütün İslam dünyasında geniş əks-səda doğurmaqla bərabər, bizə gələcək fəaliyyətimizdə böyük stimul verir və verməkdədir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə Azərbaycan mədəniyyətinin inkişafı, milli-mənəvi dəyərlərimizin qorunması, İslam dininə hörmət və ehtiramın güclənməsi, başqa dinlərə qarşı dözümlülüyün daha da möhkəmləndirilməsi sahəsində xeyli iş görülüb. Dövlət başçımız İslam mədəniyyəti ilə bağlı tarixi-memarlıq abidələrinin, məscid və ziyarətgahların, müqəddəs dini ibadət və inanc yerlərinin təmiri və bərpası ilə bağlı bir sıra sərəncam və fərmanlar imzalayıb. Ölkəmizdə mövcud olan digər dinlərin nümayəndələri də dövlət başçımızın diqqət və qayğısından kənarda qalmırlar. Dövlətin tolerantlıq prinsiplərinə yanaşmasını dini konfessiyalara, müxtəlif dinlərin nümayəndələrinə münasibətində, din sahəsini ehtiva edən qanunvericilik bazasının möhkəmləndirilməsində də açıq şəkildə görmək mümkündür.
Azərbaycan dünyada öz mədəniyyəti, tarixi, adət-ənənələri ilə fəxr etməyə layiq olan az sayda dövlətlərdən biridir. Tolerantlığın dövlət strategiyası olaraq əsasını Ümummilli lider Heydər Əliyev qoymuş, bu zəngin ənənə hazırda möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik ənənələrinin layiqli davamçısı olduğunu əməli addımları ilə sübuta yetirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev milli-mənəvi dəyərlərimizin qorunmasına və inkişafına çox böyük diqqət və qayğı göstərir.
Prezident İlham Əliyevin xalqımızın dini dəyərlərinə, müxtəlif dinlərə və sivilizasiyalara hörmətlə yanaşması, milli-mənəvi dəyərlərə həssas münasibətin dövlət siyasətinin mühüm prioritetlərindən birinə çevrilməsi, ölkədə güclü tolerantlıq ənənələrinin getdikcə daha da möhkəmləndirilməsi Azərbaycanı dünyada multikulturalizmin əsas mərkəzinə çevirib. Bu gün öz nümunəvi dəyərlərini bütün dünyaya təqdim edən Azərbaycan əlverişli coğrafi mövqeyindən və çoxmədəniyyətlilik ənənələrindən istifadə edərək artıq dünyada ən mühüm dialoq mərkəzlərindən birinə çevrilib. Son illər həm lokal, həm də qlobal əhəmiyyətli çoxsaylı sammitlərin, forumların, konfrans və seminarların ölkəmizdə təşkil olunması tamamilə məntiqəuyğundur.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun gördüyü işlər – ibadət evlərinin təmiri və yenidən qurulması, Azərbaycanın tolerant və multikultural dəyərlərinin dünyaya çatdırılması istiqamətində həyata keçirilən tədbirlər müstəsna əhəmiyyətə malikdir.
- Dini maarifləndirmə istiqamətində hansı tədbirlər həyata keçirilir?
- Təcrübə göstərir ki, bu gün dini sahədə ortaya çıxan əksər problemlərin kökündə dini savadsızlıq, İslamın olduğu kimi təqdim edilməməsi dayanır. Məhz bu səbəbdən Azərbaycan dövləti milli-mənəvi dəyərlərimizin təbliği istiqamətində ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işinə xüsusi önəm verir. Çünki dini maarifləndirmə düzgün aparıldığı zaman dini təhlükəsizlik və ictimai-siyasi sabitlik təmin olunur, tolerantlıq ənənələrinin inkişafına təkan verilir, dini zəmindəki ziddiyyətlərin, dövlətlər və xalqlar arasındakı qarşıdurmaların qarşısı alınır.
Maarifləndirmə işi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əsas fəaliyyət istiqamətlərindən birini təşkil edir. Dövlət Komitəsi ölkədə dövlət-din münasibətlərinin, dini etiqad azadlığının yüksək səviyyədə təmin olunması, dini radikalizm meyillərinin qarşısının alınması, o cümlədən milli-mənəvi dəyərlərimizin, ölkədəki zəngin tolerantlıq və multikulturalizm mühitinin qorunub saxlanılması məqsədilə dini maarifləndirmə işi aparır. Bu məqsədlə komitənin "Dövlət və Din” ictimai fikir toplusu və "Cəmiyyət və Din” qəzeti nəşr olunur; dini radikalizm, ekstremizm, fanatizm və xurafat meyillərinin qarşısını almaq, eyni zamanda milli-mənəvi dəyərləri təbliğ etmək məqsədilə kitab, broşür və digər çap məhsulları hazırlanır; İctimai TV-də hər həftə "Din və Cəmiyyət” verilişi, Space TV-də "İnam” verilişi efirə gedir; ölkəmizin bütün regionlarında dini sahə ilə bağlı aktual olan mövzularda ictimaiyyətlə, dindarlarla silsilə konfranslar, seminar-treninqlər, "dəyirmi masa”lar təşkil edilir. Eyni zamanda, keçirilən əksər tədbirlərdə Dövlət Komitəsinin sifarişi ilə ərsəyə gəlmiş, dini radikalizmə qarşı mübarizənin psixoloji, hüquqi, siyasi və mənəvi aspektlərindən bəhs edən "Fitnə”, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinə həsr olunmuş "Şəhadət”, İslam dininin sülhsevərliyindən, tolerantlığından bəhs edən "Üfüqdəki gələcək” və bu günlərdə ictimaiyyətə təqdim olunmuş Azərbaycanda dinlər, məzhəblər arasında tarixən mövcud olmuş birlik və bərabərlik, xalqımızın tolerantlıq keyfiyyətləri işıqlandırılmış "Vəhdət qanımızdadır” sənədli filmləri nümayiş olunur. Ölkənin bütün regionlarında, o cümlədən ölkəmizdəki ali təhsil müəssisələrində, orta məktəblərdə, gənclər evlərində və s. müvafiq məkanlarda nümayiş etdirilən filmlər ictimaiyyət tərəfindən böyük maraqla qarşılanır.
Ümumilikdə idxalla bağlı 2018-ci ildə Dövlət Komitəsinə daxil olmuş müraciətlər əsasında 1704 adda dini məzmunlu ədəbiyyata baxılaraq, dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən 52 adda kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınmışdır. Ölkədə nəşr olunmaq məqsədilə təqdim edilmiş 192 adda dini ədəbiyyata baxılaraq, onlardan 26-sının çapı məqsədəuyğun sayılmamışdır. 2018-ci ildə Dövlət Komitəsi ayrıca və digər qurumlarla birgə ümumilikdə 600-ə yaxın tədbir həyata keçirmişdir. 50 mindən artıq insanın iştirak etdiyi bu tədbirlərdə rayon icra hakimiyyətləri, təhsil müəssisələri, Azərbaycan Prezidenti yanında Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, rayonlarda yerləşən Heydər Əliyev Mərkəzləri, Yeni Azərbaycan Partiyası (YAP) və YAP-ın Gənclər Birliyi, eləcə də Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları və silahlı qüvvələri ilə yaxından əməkdaşlıq edilmişdir.