YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

İnsanların sağlamlığı dövlətimiz üçün prioritet məsələdir

Müsahibimiz Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov

- Kamaləddin müəllim,  bir çox qələbə və xoş hadisələrlə əlamətdar olan 2018-ci il başa çatmaqdadır. Bu ildə Azərbaycanın beynəlxalq və  milli səviyyədə əldə olunan uğurlarını necə xarakterizə edərdiniz?

- Hamıya yaxşı məlumdur ki, Azərbaycanın adı hazırda dünyanın inkişaf etmiş bir sıra dövlətləri ilə yanaşı çəkilir.  Ölkəmizin bey­nəl­xalq aləm­də  islahatçı ölkə kimi nüfuz qazanmasını bugünkü uğurlarımızın tən­tənəsi kimi dəyərləndirmək  olar.

Ümummilli liderimiz Heydər Əliyevin qlobal ideyalarının layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin rəhbərliyi altında ölkəmizin iqtisadi potensial güclənmiş, infrastruktur və investisiya la­yi­hə­ləri müxtəlif sahələri əhatə etmiş, əhalinin müxtəlif təbəqələri arasın­da fərq­lərin minimallaşdırılması təmin edilmışdır. Qeyri-neft sektorunun inkişafı ilə bağlı hədəflərin real­laş­maşı, son illərdə  görülən işlər, əldə olunan uğurlu  nəticələr Azərbaycanı bütün dün­ya­ya tanıtmışdır. İnkişafın Azərbaycan mo­delinin mövcudluğu uğurlu siyasətin göstəricisidir.  Qeyri-neft sektorunun  sü­rətlə  genişlənməsi, Azərbay­can­da sənayeləşmə prosesinin davam etməsi, iqti­sa­di zonaların yaradılması ölkənin inki­şafını daha da sürət­lən­dirir.  

Dünya iqtisadiyatının ayrılmaz tərkib hissəsi olan Azərbaycan iqtisadiy­ya­tı­nın inkişaf modeli barədə pozitiv açıqlama­lardan, xarici mətbuat səhi­fə­lə­rin­də  yer alan təhlil və araşdırmalardan da aydın olur ki, ölkəmiz iqtisadi böh­ran dövründə də  siyasi, iqtisadi sabitliyini qorumaq iqtidarındadır.

Təcrübə göstərir ki, belə bir sistem yalnız sahibkar təşəbbüsünə və sərbəst rəqa­bətə  əsaslanan bazar münasibətləri şəraitində mümkündür. Bu səbəbdəndir ki, xarici investorların maraq göstərdiyi  ölkəmizdə dünya təcrübəsindən istifa­də­yə diqqət artırılır.  İnvestisiya cəlbediciliyinə görə də fərqlənən Azərbaycana istə­ni­lən həcmdə xa­ri­ci maliyyə resursları yönəltmək üçün heç bir problem yoxdur. Öl­kə vətəndaşlarının məş­ğulluq səviyyəsinin yüksəlməsinə göstərilən diqqətin nəti­cə­sidir ki,  son 15 ildə   1 milyon 958 mindən artıq iş yeri yaradıl­mış­dır.  Sahibkarlığın inkişafı, özəl böl­məyə göstərilən dövlət dəstəyi sayəsində işsiz­li­yin 5 faizə düşməsi, yoxsulluğun da eyni  həddə saxlanılması aparılan  iqtisadi si­­ya­sətin  uğurudur.

- Bəs bu davamlı inkişaf Sizin təmsil olunduğunuz səhiyyə sektorunda özünü necə əks etdirir? Axı səhiyyəni özündə ehtiva edən sosial siyasət Azərbaycanın daxili siyasətində prioritet yerlərdən birini tutur...

- Azərbaycan Prezidenti möhtərəm İlham Əliyevin rəhbərliyi ilə son 15 il ərzində böyük uğur­lar qazanılan sahələrdən biri də səhiyyə sahəsidir. Qeyd etdiyiniz kimi, ölkəmizdə sə­hiy­yə sek­torunun inkişafı ilə bağlı islahatlar dövlətin həyata keçirdiyi sosial siya­sətin başlıca istiqamətlərindən birini təşkil edir. Təbii ki, bu da dövlətimizin  vətəndaş amilinə verdyi dəyərdən irəli gəlir.

Səhiyyə ilə bağlı mü­hüm dövlət proq­ramlarının hazırlanması, əha­linin sağ­lam­lı­ğının daha eti­barlı şəkildə qorunması, onların ən yüksək səviyyədə tibbi xidmətlərlə tə­min  olunması bu istiqamətdə həyata keçirilən siyasətin prio­ritet­lə­ridir. Səhiyyə müəs­sisələrinin təmiri və bərpası, ən müasir avalanlıqlarla təchiz edil­məsi, və­tən­daşların  pulsuz dərman preparatları ilə təmin olunması, müalicəsi, uşaq­la­rın bü­tün növ xidmətlərlə ən yüksək səviyyədə əhatə olunması bu sahədə isla­hat­ların əsa­sını təşkil edir.

2003-cü ildə səhiyyəyə dövlət büdcəsindən ayrılan xərclər 55, 3 milyon manat olduğu halda, 2017-ci ildə bu rəqəm 13,5 dəfə artaraq 746,7 millyon manata çatmışdır. Bu dövr ərzində  Bakı şəhərində və ölkənini regionlarında  635 tibb müəssisəsi tikilmiş və yaxud əsaslı təmir olunmuşdur.

Regionların sosial-iqtisadi inkişafına dair Döv­lət Proqram­ları çərçivəsində bir sıra bölgələrdə  diaqnostika mərkəzləri tikilib istifa­də­yə verilmişdir.  

Bir əsas məqamı da qeyd edək ki,  beynəlxalq təşkilatlar, o cümlədən Ümumdün­ya Səhiyyə Təşkilatı Azərbaycanda həyata keçirilən islahatları yüksək də­yər­ləndirir. Kompleks tədbirlər qarşıya qoyulan məqsədlərə lazımi səviyyədə nail olmağa əsas yaradır. Qeyd etdiyimiz kimi, hər sahə üzrə konkret Dövlət Proq­ramlarının qəbulu və icrasına xüsusi diqqətin göstərilməsi bir daha bu real­lığı təsdiqləyir ki, ölkənin hərtərəfli inkişafı dövlət siyasətinin əsasını təşkil edir. Azərbaycan təcrübəsinin hər sahədə nümu­nə olması qarşıya mühüm vəzifə kimi qoyulmuşdur.

İnsanların sağlamlığının keşi­yin­dən dayanmaq, onlara yüksək xid­mət göstərmək səhiyyə işçilərinin borcudur. Möhtərəm  İlham Əliyevin bu fikirləri  insan amilinə dəyəri bir daha təsdiqləyir: «İnsanların sağlamlığı dövlə­ti­miz üçün prioritet məsələdir. Mənim bölgələrə səfərlərim zamanı açılan xəstəxanalar, su xətləri, ekologiya ilə bağlı digər tədbirlər bir məqsədi güdür - Azərbaycanda insan sağlamlığı qorun­sun, keyfiyyətli müalicə almaq üçün imkan, şərait olsun.»

- Kamaləddin müəllim, onkoloji xəstəliklərin profilaktikası və müalicəsi, həmçinin icbari tibbi sığorta  sahəsində cari ildə hansı yeniliklər olub?

- Azərbay­can Minilliyin İnkişaf Məqsədləri üzrə bir çox hədəflərə nail olmuş və Birləşmiş Millətlər Təşkilatının 2016-2030-cu illər üçün təsdiqlənmiş Dayanıqlı İnkişaf Məq­sədlərinə qoşulmuşdur. Azərbaycanda daha dayanıqlı, əhatəli və şaxələndiril­miş iqtisadiyyatın inkişaf etdirilməsi, sosial sahələrin tarazlı inkişafının təmin olunması üçün səmərəli milli icra mexanizmi yaradılacaqdır.

Azərbaycanda əvvəlki illərlə müqayisədə onkoloji xəstəliklərin müalicəsi üçün yaradılan şərait müasir səviyyəyə çatdırılıb. Azərbaycan Milli Onkologiya Mərkəzi öz təchizatına görə Avropanın bir sıra qabaqcıl klinikalarından irəli­də­dir. Bu günədək əldə etdiyi böyük elmi potensial və müasir material texniki baza Milli Onkologiya Mər­kəzinin (MOM) təkcə onkologiya sahəsində deyil, onunla əlaqəli olan elmlər­də də çoxsahəli elmi tədqiqat problemlərinin öyrənilməsinə təminat verir. Hazırda MOM onkologiya sahəsində elmi metodik- praktik işin və eləcə də əhaliyə göstərilən ixtisas­laşmış onkoloji yardımın koordinasiyası ilə məşğul olan əsas mərkəz funk­siyasını daşıyır. Respublikanın bütün bölgələrin­dən, 8 rayonlararası onkoloji dis­pan­serdən (Naxçıvan, Xankəndi, Sum­qa­yıt,  Lən­kə­ran,  Şəki, Mingəçevir, Şirvan) və 100-ə yaxın onkoloji kabi­net­dən mər­kəzə res­pub­likada onkoloji xəstəliklərə mübtəla olmuş insanlar haqqında məlumatlar ve­rilir, onların diaqnostikası və müali­cə­si barədə informasiyalar toplanır.

İcbari tibbi sığortaya keçilməsi təmin ediləcək və onun əsasında tibbi yar­dı­mın key­fiyyətinə, pasiyentlərin hüquqlarının qorunmasına nəzarət mexa­nizm­lə­­rinin tək­mil­ləşdirilməsinə şərait yaradılacaqdır. Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına   dair 2013-2020-ci illəri əhatə edən Dövlət Proqramı  uşaq və ye­ni­yet­mə­lər arasında profilaktik müayinələr və dispanserləşdirmə aparılması işi güc­lən­­dirməkdədir.

Azərbaycan Prezidentinin Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: gə­ləcəyə baxış" İnkişaf Konsepsiyasında səhiyyə sahəsində qarşıda duran baş­lı­ca vəzifələrə xüsusi diqqət ayrılıb. Konsepsiyanın müvafiq bölümündə səhiy­yə­yə ayrılan vəsaitin ümumi daxili məhsulda payının dinamik şəkildə artırılması, hə­min vəsaitin səmərəli və məqsəd­yönlü istifadəsini təmin edən mexanizmlər yara­dılması nəzərdə tutulub. Səhiy­yə sisteminin islahatları nəticəsində, əsasən, stasionar yardıma istiqamətləndirilmiş təbabətdən ilkin tibbi-sanitariya yardımı­nın üstünlük təşkil etdiyi təbabətə keçilməsi reallaşdırılacaq, ailə həkimi prak­ti­ka­sının genişləndirilməsinə müvafiq şərait yara­dılacaqdır. Tibb işçilərinin əmə­yi­nin son nəticəyə görə qiymətlən­diril­məsi prinsi­pinin tətbiq olunması üçün təd­bir­lər görüləcəkdir.

Ölkədə səhiyyə sistemində həyata keçirilən mühüm islahatlar nəticəsində dövlət büdcəsində səhiyyənin inkişafına ayrılan vəsaitin məbləği ilbəil artırılır, ölkədə yeni müasir müalicə ocaqları inşa edilir və yenidən qurulur. Bu nəhəng quruculuq və yenidənqurma  işlərinin  reallaşmasında Azərbaycanın birinci Vitse-prezidenti, H.Əliyev Fondunun prezidenti çox hörmətli Mehriban xanım Əliyevanın da danılmaz xidmətləri vardır.

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 fevral tarixli 118 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq, ölkədə aparıcı texnologiyalarla, müasir tibbi avadanlıqlarla təchiz olunmuş veni tibbi mərkəzlərin yaradılması işi davam etdirilmişdir.

- Kamaləddin müəllim, bu yaxınlarda Milli Məclisdə Azərbaycanın 2019-cu il üçün Dövlət Büdcəsinin layihəsi təsdiq olundu. Gələn ilin büdcəsində səhiyyə sahəsində hansı tendensiyalar müəyyənləşib?

- Ümummilli liderimizin siyasi kursunu yeni dövrün tələblərinə uyğun uğurla davam etdirən Prezident İlham Əliyev digər sahələrlə yanaşı, səhiyyənin də inkişafına xüsusi diqqət və qayğı ilə yanaşır. Məhz bunun nəticəsində səhiyyəyə ayrılan büdcə vəsaiti ilbəil artır.

Bildiyimiz kimi, 2018-ci ilin dövlət büdcəsində səhiyyə xərcləri üçün 740,7 milyon manat vəsait ayrılıb, həmin xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 3,5 faiz təşkil edirdi.  

Belə ki, səhiyyə üçün ayrılan vəsaitin 348,7 milyon manatı və ya 47,1 faizi xəstəxanaların, 109,7 milyon manatı və ya 14,8 faizi poliklinikaların və ambulatoriyaların saxlanılması xərclərinə, 270,7 milyon manatı və ya 36,5 faizi səhiyyə sahəsində aid edilən digər xidmətlər üzrə xərclərə, 11, 7 milyon manatı və ya 1,6 faizi səhiyyə sahəsində tətbiqi tədqiqatlar və digər xidmətlər üzrə xərclərə yönəldilmişdi.

2019-cu il üçün isə səhiyyəyə rekord miqdarda - 1,048 milyard  manat vəsait ayrılmışdır. Bu vəsait əsasən, Azərbaycan hökuməti tərəfindən səhiyyə sisteminin inkişafı məqsədilə bir sıra perspektivlər istiqamətlərin reallaşmasına yönəldiləcəkdir: Bunlar aşağıdakılardır:
-    səhiyyəyə ayrılan vəsaitin ümumi daxili məhsulda payının dinamik şəkildə artırılması; 
-     səhiyyənin maddi-texniki bazasının gücləndirilməsi üçün tibb müəssisələrinin tikintisi, əsaslı təmiri və yenidən qurulması, onların müasir tibbi avadanlıqla təchiz edilməsi; 
-     əsasən stasionar yardıma istiqamətləndirilmiş təbabətdən ilkin tibbi-sanitariya yardımının üstünlük təşkil etdiyi təbabətə keçilməsi;
-     səhiyyə sahəsində kadr təminatının təkmilləşdirilməsi, tibb mütəxəssislərinin bilik və bacarıqlarının daim yüksəldilməsi üçün müvafiq mexanizmlərin yaradılması, o cümlədən xarici ölkələrdə təlimlərin təşkil edilməsi və s.

Azərbaycanda səhiyyə xərclərinə ayrnan vəsaitin artım tempi dünyanın əksər ölkələrindən yüksəkdir. Ölkə rəhbərliyinin diqqət və qayğısı nəticəsində mütəmadi olaraq həkimlərin, tibb işçilərinin əməkhaqlarının artırılması, səhiyyə ocaqlarının müasir avadanlıqla, yüksək keyfiyyətli dərman vasitələri ilə təchiz olunması və yeni tibb mərkəzlərinin yaradılması istiqamətində genişmiqyaslı işlərin həyata keçirilməsi bu sahənin sürətli inkişafından xəbər verir.

Azərbaycan hazırda davamlı inkişaf dövrünü yaşayır. İnanırıq ölkəmiz bundan sonra da möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında yeni-yeni zəfərlər qazanacaq və  Azərbaycan dünyada lider ölkələrdən birinə çevriləcəkdir!