MÜSAHİBƏLƏR
Azərbaycanın sənaye məhsulları ixrac etmək imkanları ildən ilə daha da artacaq
- Mirzəcan müəllim, Azərbaycan son illər bütün sahələrdə mühüm uğurlar qazanıb, respublikamızın beynəlxalq nüfuzu daha da artıb. Ölkəmizdə ötən müddət ərzində həyata keçirilən uğurlu siyasət sayəsində əldə edilən nəticələr və nailiyyətlər barədə nə deyə bilərsiniz?
- Ümumiyyətlə, hazırda Azərbaycan beynəlxalq miqyasda həm demokratik dövlət, həm özünəməxsus inkişaf modelinə malik olan ölkə, həm də etibarlı tərəfdaş kimi tanınır. Şübhəsiz ki, bu, uğurlu, müasir çağırışlara cavab verən daxili və xarici siyasət sayəsində mümkün olub. Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan ötən müddət ərzində çox mühüm nailiyyətlər əldə edib, bütün sahələrin tərəqqisinə nail olub. Heç şübhəsiz, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın keçdiyi inkişaf yolunun ən mühüm keyfiyyətlərindən biri sabitlik və tərəqqinin paralel olmasıdır.
Bütövlükdə, Azərbaycan iqtisadiyyatının inkişafı davamlı və dinamik xarakter daşıyır. Son 15 ildə bütün dünya miqyasında iqtisadi baxımdan Azərbaycan qədər inkişaf edən ölkə olmayıb. Respublikada innovativ əsaslı, elm tutumlu iqtisadiyyat quruculuğu davamlı şəkildə diqqət mərkəzində saxlanılıb. Belə məqsədyönlü yanaşmanın nəticəsidir ki, 2004-cü ildən etibarən bütün dünya üzrə ÜDM istehsalının artımında ən yaxşı göstəricilərdən biri, 3 dəfədən çox olmaqla məhz Azərbaycanda qeydə alınıb. Təsadüfi deyil ki, beynəlxalq reytinq agentlikləri də Azərbaycanın sosial-iqtisadi inkişafını, bu istiqamətdə həyata keçirilən tədbirlərin nəticələrini olduqca yüksək qiymətləndirirlər. Bu yaxınlarda nüfuzlu reytinq agentlikləri öz hesabatlarında Azərbaycan iqtisadiyyatının 2018-2021-ci illərdə orta hesabla 3 faiz artacağına dair proqnozlar ifadə ediblər.
Ötən müddət ərzində qazanılmış nailiyyətlərin fonunda Azərbaycanın beynəlxalq nüfuzu da kifayət qədər artıb. Ölkəmiz beynəlxalq miqyasda müsbət imicə malikdir. Nüfuzlu, mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edən, tolerant Azərbaycan həm də multikulturalizm ideyalarını uğurla təbliğ və təşviq edir, sivilizasiyalararası dialoqa mühüm töhfələr verir. Bir sözlə, həyata keçirilən uğurlu daxili və xarici siyasətin real nəticəsi kimi, müstəqil Azərbaycan inkişaf yolunda inamla irəliləyir.
- Cənubi Qafqaz regionunun lideri olan Azərbaycanın təşəbbüsü və liderliyi ilə mühüm enerji layihələri reallaşdırılır, eyni zamanda, ölkəmiz Avrasiyanın nəqliyyat xəritəsinə öz dəyərli töhfəsini verir. Bu barədə nə deyə bilərsiniz?
- Həqiqətən də, bu gün Azərbaycanın iştirakı olmadan regionda hər hansı bir layihə gerçəkləşdirilə bilməz. Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın moderatorluğu ilə regionda strateji əhəmiyyətli layihələr reallaşdırılır, yeni əməkdaşlıq platformaları yaradılır. Hazırda respublikamızın təşəbbüsü ilə yaradılmiş Xəzər hövzəsini uzaq Adriatik dənizi, oradan isə Avropa ölkələri ilə əlaqələndirən Cənub Qaz Dəhlizinin investisiya dəyəri 40 milyard dollardan çoxdur və bu layihə 7 ölkəni birləşdirir. Cənub Qaz Dəhlizinin resurs mənbəyi rolunda Azərbaycanın zəngin “Şahdəniz” yatağı çıxış edir. “Şahdəniz” qaz yatağı üzrə kontrakt 1996-cı il iyulun əvvəlində imzalanıb. Ehtiyatları 1 trilyon kubmetrdən çox qiymətləndirilən “Şahdəniz” dünyanın ən böyük qaz yataqlarından biridir. Təsdiq olunmuş 2,6 trilyon kubmetr qaz ehtiyatına malik olan Azərbaycan qaz hasilatının artırılması ilə bağlı əlavə addımlar atmaq və ixrac coğrafiyasını daha da genişləndirmək fikrindədir. Bununla da Azərbaycan Avropanın enerji təhlükəsizliyinə növbəti töhfə veriləcək.
Bunlarla yanaşı, Azərbaycan Avrasiyanın nəqliyyat xəritəsinə də öz dəyərli töhfəsini verir. Ölkəmizin əlverişli coğrafi mövqeyi respublikamızın istər Şərq-Qərb, istərsə də Şimal-Cənub dəhlizlərində vacib rol oynamasını şərtləndirir. Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsinin işə düşməsi Azərbaycanın beynəlxalq səviyyəli tranzit və logistika mərkəzinə çevrildiyinin əyani sübutudur. BTQ Azərbaycan, Gürcüstan və Türkiyə arasında iqtisadi-nəqliyyat əlaqələrinin daha da genişlənməsinə müsbət təsir göstərməklə yanaşı, daha geniş coğrafiyada yerləşən ölkələr üçün də böyük əməkdaşlıq imkanları açır. Bütün bunlar onu göstərir ki, Azərbaycan regionun nəqliyyat-logistika mərkəzinə çevrilib.
- Diqqət çəkən məqamlardan biri də ölkəmizdə qeyri-neft sənayesinin inkişafıdır. Bu baxımdan, bır sıra regionlarda sənaye parklarının və məhəllələrinin yaradılmasının əhəmiyyəti nədən ibarətdir?
- Bəli, son illərdə ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət sayəsində Azərbaycanın qazandığı uğurlardan söhbət açarkən sənaye sektorunda istehsalın genişlənməsini xüsusi qeyd etmək lazımdır. Davamlı siyasi və maddi dəstək tədbirlərinin nəticəsi olaraq respublikamızda çoxlu sayda yeni müəssisələr açılıb və ölkənin sənaye xəritəsi əhəmiyyətli dərəcədə zənginləşib. Hazırda sənaye sektoru milli iqtisadiyyatımızın aparıcı istiqamətlərindən biri qismində çıxış edir. Xüsusilə ölkəmizdə qeyri-neft sənayesinin üstün inkişafının təmin edilməsi məmnunluq doğurur. Əlamətdar haldır ki, son illərdə bir sıra mühüm mövqelər üzrə daxili tələbat sırf yerli müəssisələrdə buraxılan yüksəkkeyfiyyətli məhsullar hesabına təmin edilir ki, bu da daha çox həcmdə valyutanın xaricə axınının qarşısının alınması deməkdir.
Son illər Azərbaycanda bir neçə sənaye parkı yaradılıb və hazırda onların genişləndirilməsi istiqamətində işlər davam etdirilir. Sənaye parklarının yaradılması ölkədə müasir sənaye quruculuğuna yeni təkan verib. Qeyd edim ki, ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq rezidentlərin sənaye parlarına investisiya yönəltmələri güclü şəkildə təşviq edilir. Sənaye parkları üçün infrastruktur təminatı bir qayda olaraq dövlət vəsaiti hesabına yaradılır. Bundan başqa, sənaye parklarının rezidentləri qeydiyyata alındığı gündən etibarən 7 il müddətinə mənfəət, əmlak və torpaq vergilərindən, eləcə də parka istehsal məqsədilə gətirilən texnika, texnoloji avadanlıqlar və qurğulara görə əlavə dəyər vergisindən, həmçinin gömrük rüsumundan azaddırlar. Sənaye parklarında rezidentlərin qeydiyyatı “bir pəncərə” sistemi ilə həyata keçirilir. İş adamları da yaradılan əlverişli şəraitdən, dövlət dəstəyindən maksimum dərəcədə bəhrələnməyə çalışırlar. Belə dövlət-özəl sektor əməkdaşlığının nəticəsidir ki, sənaye parklarının yaradılması artıq öz səmərəsini verir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində diqqəti ölkədə yaradılan sənaye parklarının səmərəliliyinə cəlb edərək vurğulayıb: “Sənaye parklarında rezidentlərin sayı 50-yə yaxınlaşır. Sənaye parklarının yaradılması da öz səmərəliliyini göstərmişdir. Əgər biz bu parkları yaratmasaydıq, orada investorlara yaxşı güzəştli şərtlər yaratmasaydıq, indi 50-yə yaxın rezident olmazdı. Bu gün bu parklarda icra edilmiş və icra ediləcək layihələrin ümumi dəyəri 3,6 milyard dollardır. Bax, investisiya təşviqi sənədi 2,5 milyard manat sərmayə gətirir, sənaye parklarına isə 3,6 milyard dollar sərmayə qoyuluşu nəzərdə tutulur. Ondan 2,6 milyard dolları artıq qoyulub”.
- Mirzəcan müəllim, yeni sənaye müəssisələrinin istifadəyə verilməsi Azərbaycanın ixrac imkanlarını nə dərəcədə genişləndirir?
- Təbii ki, Azərbaycanda istehsal olunan məhsulların xaricə ixrac edilməsi imkanlarının genişləndirilməsi diqqət mərkəzindədir. Bilirsiniz ki, cari ilin doqquz ayında ölkəmizin xarici ticarət dövriyyəsi 37 faiz artıb. İxrac da təxminən bir o qədər genişlənib. Bu dövrdə respublikadan qeyri-neft ixracı təxminən 14 faiz artıb.
Bu gün respublikamızın ixrac imkanlarının genişlənməsində ölkə üzrə yaradılan yeni sənaye müəssisələrinin də böyük rolu var. Bu müəssisələrdə buraxılan məhsulların bir hissəsi ölkə daxilində reallaşdırılır, digər bir hissəsi isə xarici bazarlara çıxarılır.
Bütövlükdə, Azərbaycanın sənaye məhsulları ixrac etmək imkanları ildən ilə daha da artacaq.