MÜSAHİBƏLƏR
Azərbaycanda təhsilin inkişafı istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir
- Dilarə xanım, noyabrın 28-də Bakı Konqres Mərkəzində Azərbaycan müəllimlərinin XV qurultayı keçirildi. Qurultayın iştirakçısı kimi bu mötəbər tədbirin əhəmiyyətini və müzakirə edilən məsələlərin təhsil sahəsinin inkişafı kontekstində önəmini necə qiymətləndirirsiniz?
- Noyabrın 28-də Bakıda keçirilən Azərbaycan müəllimlərinin XV qurultayı təhsilin inkişafı istiqamətində bir çox fundamental əhəmiyyətli məsələlər, o cümlədən "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda müəyyənləşdirilmiş hədəflərə nail olunması istiqamətində əldə edilmiş uğurlar, XIV qurultaydan sonrakı müddətdə təhsil sistemində reallaşdırılmış tədbirlər və islahatlar müzakirə olundu, qarşıda duran yeni vəzifələr müəyyənləşdirildi. Ümumi təhsil, orta ixtisas və peşə təhsili müəssisələrindən 1400-ə yaxın, ali təhsil müəssisələrindən isə 200-dən çox nümayəndənin iştirakı ilə keçirilən Azərbaycan müəllimlərinin XV qurultayının ölkəmizdə təhsil sisteminin inkişafına mühüm töhfələr verəcəyinə əminlik ifadə olundu, Azərbaycan təhsilinin dünya təhsil sisteminə inteqrasiyası, müəllimin nüfuzunun daha da artırılması ilə bağlı konkret təkliflər irəli sürüldü. Diqqətə çatdırıldı ki, ölkədə davamlı olaraq aparılan məktəb tikintisi, məktəblərin maddi-texniki bazasının gücləndirilməsi, müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi nəticəsində əməkhaqqı artımı, işə qəbulun şəffaf təşkili bu peşəyə marağı ilbəil artırır.
Digər tərəfdən, qurultay çərçivəsində panel sessiyalarda çox mühüm və aktual məsələlər müzakirə predmetinə çevrildi. Bu istiqamətdə bir sıra məqamlara nəzər salmaq istərdim. Peşəyönümü işinin təşkili və peşə təhsilinin təbliği mövzusunda keçirilmiş sessiya ölkəmizdə peşə təhsili sisteminin inkişafının müzakirəsi və gələcək hədəflərin müəyyənləşdirilməsi baxımından olduqca əhəmiyyətli idi. Məlumdur ki, peşə təhsilinin maddi-texniki bazasının gücləndirilməsi və genişləndirilməsi istiqamətində dövlət tərəfindən davamlı olaraq məqsədyönlü addımlar atılır, həyata keçirilən tədbirlər səmərəli nəticələr verir. Prezident İlham Əliyevin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda peşə təhsili ilə bağlı xüsusi müddəalar öz əksini tapıb. Eyni zamanda, 2016-cı ildə Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması bu istiqamətdə qarşıya qoyulan hədəflərin gerçəkləşdirilməsi baxımından çox əhəmiyyətlidir. Çünki bu sahənin inkişafı ölkənin ixtisaslı kadrlara olan tələbatının ödənilməsi baxımından önəmlidir. Biz cəmiyyətdə bu sahəyə marağın davamlı olaraq artdığını müşahidə edirik. Peşə təhsili müəssisələri peşəyönümü işinin təşkilində və təbliğində yaxından iştirak edirlər.
Qurultayda "Ümumi təhsil: bu günə və gələcəyə baxış. Ümumi təhsilin məzmunu", "Ümumi təhsil: bu günə və gələcəyə baxış. Şagird nailiyyətlərinin qiymətləndirilməsi", "Ümumi təhsil: bu günə və gələcəyə baxış. Müəllim və cəmiyyət", "Ümumi təhsil: bu günə və gələcəyə baxış. Ümumi təhsilin idarə olunması", "Ali təhsil: mövcud vəziyyət, perspektivlər", "Təhsildə innovasiyalar" mövzularında panel sessiyalarında da ölkəmizdə müvafiq sahələrin inkişafı istiqamətində görülən işlərdən danışıldı, qarşıda duran vəzifələr müəyyənləşdirildi. Düşünürəm ki, bəhs olunan istiqamətlərdə müzakirələr olduqca səmərəlidir və gələcəkyönümlü xarakter daşıyır.
- Ümumiyyətlə, təhsil sahəsinin inkişafı Azərbaycan dövləti üçün prioritet məsələlərdən biridir. Dövlət tərəfindən bu istiqamətdə görülən işlər və aparılan islahatlarla bağlı nə deyə bilərsiniz?
- Azərbaycanda mühüm prioritetlərdən biri kimi müəyyənləşdirilmiş təhsilin inkişafı istiqamətində davamlı işlər görülür, həyata keçirilən islahat xarakterli tədbirlər müsbət göstəricilərin əldə olunmasını təmin edir. Yəni Azərbaycanda hər bir sahədə müşahidə olunan dinamik inkişaf təhsil sektorunda da aşkar şəkildə nəzərə çarpır. Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində, eləcə də müvafiq göstərişləri əsasında atılan addımlar, icra edilən Dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin meydana çıxmasını, yüksək nəticələrin qazanılmasını şərtləndirib.
Bu gün təhsilin bütün pillələrində - uşaq bağçalarında, məktəbdənkənar müəssisələrdə, orta məktəblərdə, kolleclərdə, peşə təhsilində, ali təhsil sahəsində, ali təhsildən sonrakı təhsil, əlavə təhsil sahəsində yeni layihələrin reallaşdırılması istiqamətində mühüm addımlar atılır. Təhsil sahəsində həyata keçirilən islahatlar - təhsildə infrastrukturun yenilənməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi, ümumtəhsil məktəblərinin kadr potensialının və tədrisin keyfiyyətinin yüksəldilməsi xüsusi qeyd edilməlidir. Təsadüfi deyil ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbulundan ötən 5 il ərzində ölkəmizdə təhsil sahəsində müsbət dinamika müşahidə olunub.
- Təhsil infrastrukturunun yenilənməsi istiqamətində həyata keçirilən işlərin əhəmiyyəti və nəticələri barədə fikirləriniz nədən ibarətdir?
- Təhsil infrastrukturunun yenilənməsi daim dövlətin diqqət mərkəzindədir və bu istiqamətdə görülən məqsədyönlü işlər ardıcıl xarakter daşıyır. Təsadüfi deyil ki, son 5 ildə ölkədə 500-dən çox, 2003-2018-ci illər ərzində isə 3500-dək məktəb binasının tikilib və ya əsaslı təmir olunub ki, bunun da nəticəsində 1 milyondan çox şagirdin təlim şəraiti əhəmiyyətli şəkildə yaxşılaşıb.
Ümumiyyətlə, son 15 ildə məktəb tikintisinə dair bir neçə Dövlət Proqramı qəbul edilib, eyni zamanda, digər sahələri əhatə edən Dövlət proqramlarında da məktəb tikintisinə böyük diqqət yetirilib. Regionların, Bakı şəhərinin və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı, eləcə də yoxsulluğun azaldılması, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması ilə bağlı Dövlət proqramlarında məktəb tikintisinə dair geniş müddəalar öz əksini tapıb. Eyni zamanda, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda da təhsil müəssisələrinin infrastrukturunun yenilənməsinə geniş yer ayrılıb. Sözügedən Dövlət proqramları çərçivəsində son 15 il ərzində Bakıda və şəhərətrafı qəsəbələrdə, həmçinin regionlarda 3 mindən çox məktəbin tikilməsi və ya əsaslı təmir edilməsi ayrıca qeyd edilməlidir.
Təhsil infrastrukturunun yenilənməsi istiqamətində Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun həyata keçirdiyi işləri xüsusi qeyd etmək lazımdır. Ümumiyyətlə, Heydər Əliyev Fondu bir çox sahələrdə səmərəli layihələr həyata keçirməklə yanaşı, təhsilin inkişafı istiqamətində də mühüm təşəbbüslərlə çıxış etmiş, bu sahədə genişmiqyaslı işlər reallaşdırmışdır. Bu baxımdan, “Yeniləşən Azərbaycana yeni məktəb” proqramını diqqətə çatdırmaq gərəkdir. Bu proqramda respublikamızın rayon və şəhərlərində yeni məktəb binalarının tikilib istifadəyə verilməsi, təhsil ocaqlarının əsaslı təmiri, maddi-texniki bazasının yaxşılaşdırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi kimi məsələlər öz əksini tapıb və qarşıya qoyulan məqsədlərə müvafiq olaraq həyata keçirilən tədbirlər səmərəli nəticələr verib.
- Dilarə xanım, Azərbaycan təhsilinin dünya təhsil sisteminə inteqrasiyasını və bu istiqamətdə əldə edilən nailiyyətləri necə dəyərləndirirsiniz?
- Azərbaycan dövləti təhsilin dünya təhsil sisteminə inteqrasiyasını diqqət mərkəzində saxlayır və bu istiqamətdə davamlı tədbirlər, islahatlar həyata keçirilir. Ümumiyyətlə, ölkəmizdə təhsil sahəsində reallaşdırılan islahatlar beynəlxalq miqyasda da yüksək qiymətləndirilir və nüfuzlu reytinq agentliklərinin hesabatlarında öz əksini tapır. Bəllidir ki, 2018-ci il üçün "Qlobal Rəqabətlilik Hesabatı"nda 140 ölkə arasında 69-cu yerdə qərarlaşan Azərbaycanın mövqeyi 12 indikatordan 9-u üzrə yaxşılaşıb. Təhsil indikatorları üzrə ciddi irəliləyişə nail olunması, Azərbaycanın göstəricilərinin dünyanın bir sıra inkişaf etmiş ölkələrinin göstəricilərindən də yüksək olması xüsusi əhəmiyyətə malikdir. Bəhs olunan qurultayda təhsil naziri Ceyhun Bayramovun da qeyd etdiyi kimi, təhsilin kəmiyyət və keyfiyyət parametrlərinə əsaslanan bacarıqlar indeksi üzrə ölkəmiz ümumilikdə 54-cü yerə, bu kateqoriyanın tərkib hissəsi olan rəqəmsal bacarıqlar üzrə 15-ci, tədrisdə tənqidi düşüncə üzrə 27-ci, bacarıqlı işçilər tapmaq asanlığı üzrə 31-ci, məzunların bacarıqları üzrə 32-ci, ibtidai təhsildə müəllim-şagird nisbəti üzrə 48-ci yerə yüksəlib
Digər tərəfdən, “2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” müvəffəqiyyətlə icra olunması, bu günlərdə isə yeni “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın qəbul edilməsi Azərbaycan təhsilinin dünya təhsil sisteminə inteqreasiyasını sürətləndirən çox mühüm amillərdir. Prezident İlham Əliyevin qurultay iştirakçılarına təbrik məktubunda “Bilik iqtisadiyyatı”na keçid və ölkənin modernləşməsi üçün həlledici amil kimi insan kapitalının inkişafını təmin edəcək “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın icrasına başlanılmasından beş il keçir. Bu müddətdə ölkəmizdə müasir təhsil quruculuğu istiqamətində uğurlu addımlar atılmış və Azərbaycan təhsilinin dünya təhsil sisteminə inteqrasiyası sürətlənmişdir”,-deyə vurğulanıb.
Bunlarla yanaşı, təhsil sahəsində müxtəlif proqramların icra olunması dünya təhsil sisteminə inteqrasiyanın çevik və səmərəli xarakter daşımasında mühüm rola malikdir. Bundan əvvəl Erasmus proqramı Avropa ölkələri ilə müəllim-tələbə mübadiləsi həyata keçirilib və bu, ölkədə ali təhsilin inkişafına öz təsirini göstərən mühüm amillərdən biri olub. Hazırda isə Erasmus+ proqramı çərçivəsində Şərq Tərəfdaşlığı ölkəsi olan Azərbaycan ali təhsil müəssisələri birgə magistratura proqramları, Kredit mobilliyi (keçmiş “Erasmus Mundus”), Potensialın gücləndirilməsi layihələri (keçmiş “Tempus”), Jan Mone Proqramı, Bilik Alyansları, Strateji Tərəfdaşlıq və Sektor Bacarıqları (müəyyən şərtlər ilə) kimi imkanlardan istifadə edəcək.
Bütövlükdə, ölkəmizdə təhsilin inkişafı ilə bağlı müxtəlif proqramların uğurla həyata keçirilməsi və ardıcıl islahatların aparılması çox mühüm nəticələrin, nailiyyətlərin əldə edilməsinə səbəb olub. Bütün bunlar isə Azərbaycan təhsilinin dünya təhsil sisteminə inteqrasiyasını təmin edən və sürətləndirən mühüm amillərdir.