MÜSAHİBƏLƏR
Azərbaycanda sahibkarlığın inkişafı keyfiyyətcə yeni mərhələyə qədəm qoyur
- Məmməd müəllim, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən iqtisadi siyasət yeni dövrün tələbinə uyğun daha innovativ inkişaf kursu götürərək Azərbaycana böyük uğurlar qazandırır. Bu strategiyanı xarakterizə edən prinsipləri necə şərh edərdiniz?
- Azərbaycanın müstəqillik tarixində təməli xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş və son 15 ildə Prezident İlham Əliyevin uğurla davam etdirdiyi məqsədyönlü siyasət sayəsində ölkənin iqtisadi müstəqilliyinin təmin olunması yolunda inamlı addımlar atılıb. İqtisadi müstəqillik Azərbaycanın çox mühüm perspektivlərə malik ölkə kimi dinamik inkişafını təmin edib.
Bu islahatların əsas məqsədi ölkə iqtisadiyyatının şaxələnməsinin təmin olunması, yeni iş yerlərini yaradılması, ölkəmizin iqtisadi qüdrətinin gücləndirilməsi və nəticə etibarı ilə əhalinin rifah vəziyyətinin yaxşılaşdırılmasıdır.
Bu gün Azərbaycan dünyada nümunəvi inkişaf modelinə malik olan bir ölkə kimi fərqlənir. Davamlı inkişaf sayəsində respublikamız Cənubi Qafqaz regionunun lider dövləti səviyyəsinə yüksəlib. Bunun da nəticəsidir ki, bölgədə Azərbaycanın təşəbbüsü və fəal iştirakı olmadan hər hansı layihəni reallaşdırmaq mümkün deyil. Ölkəmiz, eyni zamanda, müntəzəm olaraq qlobal miqyasda yeni-yeni əməkdaşlıq platformaları ilə çıxış edir ki, bunun da sayəsində respublikamızın beynəlxalq nüfuzu və təsir imkanları əhəmiyyətli dərəcədə artıb. Müstəqil Azərbaycanın nüfuzlu regional və qlobal faktora çevrilməsinin isə obyektiv əsasları var.
Bu gün Azərbaycanda xalq-iqtidar birliyi islahatların, daxili və xarici siyasət kursunun səmərəliliyini təmin edən əhəmiyyətli strateji faktor kimi çıxış edir. Eyni zamanda, mütəmadi surətdə həyata keçirilən islahatlar mövcud inkişafı sürətləndirməklə yanaşı, yeni inkişaf perspektivlərinin müəyyənləşdirilməsini şərtləndirir.
Kiçik və orta sahibkarlıq subyektlərinin inkişaf etdiyi ölkələr iqtisadi cəhətdən daha dayanıqlıdır. Ölkə Prezidentinin fərmanı ilə İqtisadiyyat nazirliyinin tərkibində müstəqil şəkildə “Sahibkarlığın İnkişafı Agentliyi” yaradıldı. Agentlik Kiçik və orta sahibkarlıq strategiyasının hazırlanması, maliyyə rezurslarına çıxış imkanlarını artırmaq sahəsində böyük işlər görəcək. Əsas məqsəd kimi kiçik və orta sahibkarlığın biznesdə, ümümdaxili məhsulda payını artırmaq qarşıda durur.
Ölkə iqtisadiyyatının inkişafı üçün mütəmadi surətdə reallaşdırılan praqmatik islahatlar modeli formalaşdırılıb ki, bu da, bütövlükdə milli inkişafa təkan verən əhəmiyyətli amil səciyyəsi daşıyır.
- Azərbaycan Sahibkarlar Konfederasiyası özəl sektorla dövlət arasında bir körpü funksiyası daşıyır. Bu gün sahibkarları narahat edən əsas problemlər hansılardır?
- Bildiyiniz kimi, Azərbaycanda sahibkarlığın inkişafı məqsədilə onların təşkilatlanması üçün mühüm işlər görülür.
Konfedersiya sahibkarlarla əlaqələrində dövlətin tərəf müqabilidir və biz bunu Baş Kollektiv sazişlə rəsmiləşdiririk. Azərbaycan Höküməti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Sahibkarlar Konfedersiyası bu sənədə imza ataraq müəyyən dövr üçün üzərilərinə öhdəliklər götürür və onların yerinə yetirilməsi üçün tədbirlər həyata keçirirlər. İqtisadiyyat nazirliyi ilə mütamadi əməkdaşlıq edirik. Əmək və əhalinin sosial müdafiəsi nazirliyi ilə sıx əməkdaşlıq çərçivəsində çalışırıq. Sahibkarları narahat edən əsas məsələlərdən biri vergi məsələsidir. Vergilər nazirliyi ilə görüşlərimiz olur. Təsadüfü deyil ki, yeni təyin olunan vergilər naziri cənab Mikayıl Cabbarovun ilk görüşlərindən biri sahibkarlarla oldu. Hazırda qarşıda duran məsələləri həll etmək üçün sistemli bir iş qurmağa çalışırıq, xüsusən də vergi sistemi ilə bağlı sahibkarları narahat edən məsəllər müzakirə platformasına çıxarılır. Bu səbəbdən də Vergilər nazirliyi ilə Konfederasiya arasında Əməkdaşlıq Şuarası yaradılmış və fəaliyyət göstərir. Rübdə bir dəfə bu qurumun iclası keçirilr və sahibkarları narahat edən məsələlər gündəmə gətirilir. Danılmaz faktdır ki, sahibkarların arasında neqativ hallara və qanunu pozanlara da hələ də rast gəlirik.
2018-ci ilin iyulun 08-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı İlham Əliyev demişdir: “Sahibkarlar tam aydın bilməlidirlər ki, işləmə qaydaları nədən ibarətdir. O da çox sadədir: qanunlara riayət etmək, vergiləri tam ödəmək, qaçaqmalçılıqla məşğul olmamaq və ölkə iqtisadiyyatına ziyan vurmamaq. Əsas şərtlər bundan ibarətdir”.
Bununla yanaşı unutmayaq ki, sahibkar həm də dövlətin vergi ödəyicisidir. Elə etməliyik ki, sahibkar da öz məsuliyyətini dərk etsin. Artıq Gömrük komitəsi, Miqrasiya xidməti ilə sıx əməkdaşlığa başlamışıq. Sahibkarların üzləşdikləri problemləri mütamadi olaraq aidiyyatı dövlət orqanları qarşısında qaldırırıq.
Vergilər nazirliyi və eləcə də Əmək və əhalinin sosial müdafiəsi nazirliyi 2019-cu ilə böyük islahatların proqnozlarını veriblər. Hesab edirəm ki, vahid bir verginin tətbiq edilməsi həm vergi daxilolmalarını artıracaq, həm də vergi bazasının genişlənməsinə imkan verəcək. Sahibkarları vergi və gömrük sistemi ilə bağlı narahat edən çoxlu məsələlər var vətopladığımız çoxsaylı təkliflər nazirliyə təqdim edilib. Hesab edirəm ki, vergi sistemində aparılacaq islahatlar effektiv olacaq və təkmil vergi ödəmə sistemi yaradılacaq. İlk növbədə vergi yükünün sahibkarlar arasında ədalətli şəkildə bölünməsi mühüm amildir.
İnanırıq ki, təklif formasında təqdim etdiyimiz məsələlərlə bərabər bu dəyişikliklərin qəbul olunması sahibkarlığın inkişafına dəstək olacaqdır.
- Azərbaycanda fəaliyyət göstərən sahibkarların böyük bir hissəsi Konfederasiyanın üzvüdür. Ümumiyyətlə, Azərbacanda iş adamlarının təşkilatlanmasının səviyyəsi Sizi qane edirmi?
- Əminliklə deyə bilərəm ki, sahibkarlar atıq bir sinif kimi formalaşıblar, onların inkişafı üçün dövlət mühüm islahatlar aparır. Sahibkarlığın ilkin pilləsi onun qeydiyyatından başlayır. Bizdə qeydiyyatməsələsi bəzən aylarla uzana bilirdi. Ölkə rəhbərliyinin apardığı uğurlu siyasətin nəticəsidir ki, bir pəncərə prinsipinin tətbiqindən sonra hüquqi şəxsin qeydiyyat müddəti 3 günədək qısaldılmış, hazırda isə elektron şəkildə qeydiyyatdan keçmək mümkündür və hansısa instansiyalara gedib vaxr itirmək lazım gəlmir.
Özündə minlərlə sahibkarlıq subyektini, o cümlədən 70-ə qədər assosiasiya və birlikləri birləşdirən Azərbaycan Sahibkarlar Konfederasiyası bu tədbirlərin uğurla həyata keçirilməsi istiqamətində öz qüvvə və imkanlarını səfərbər etmişdir.
Son illərdə orta və kiçik sahibkarlıq inkişaf etməyə başlayıb, regionlara sərmayə qoyuluşları artıb və hesab edirəm ki, hazırda aparılan böyük dəyişikliklər öz müsbət nəticəsini verəcək. Cənab prezient də bütün çıxışlarında sahibkarlığa xüsusi önəm verir. Azərbaycanın ixrac potensialının artmasında və emal sənayesinin inkişafında, eləcə də digər sahələrdə artım davam edir. Sahibkarların təşkilatlanması da sürətlənib, hər gün bir yeni asossasiyanın yarandığını eşidirik. Asossiasiyalar həm sahələr, həm də regionlar üzrə qurulur. Sahibkalardan ibarət ölkələrarası palatalar yaradılır.
Beynəlxalq Əmək Təşkilatının baş katibi Qay Rayderin iştirakı ilə bu yaxınlarda Azərbaycanda keçirilən konfransa qatılan iştirakçı ölkələrin marağını və göstərilən diqqəti nəzərə alaraq deyə bilərəm ki, azərbaycanlı sahibkarlar artıq nüfuzlu və inkişafda olan bir sinifdir. Azərbaycan Sahibkarlar Konfederasiası da öz növbəsində bu təşkilatlanmaya dəstək verir və inanıram ki, qarşıdakı illər sahibkarlarımız üçün daha uğurlu olacaqdır.
- Məmməd müəllim, sahibkarlara dövlət tərəfindən güclü dəstək verildiyini qeyd etdiniz. Bu dəstək əsasən nədən ibarətdir?
- Biznes və investisiya mühitinin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən sistemli tədbirlər bu gün xüsusilə böyük əhəmiyyət kəsb edir. Son illərdə sahibkarlığın inkişafı ilə bağlı ölkə Prezidentinin imzaladığı mühüm dövlət sənədləri biznes mühitinin yaxşılaşdırılması istiqamətində keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoymuşdur.
Belə ki, sahibkarlıq subyektlərində yoxlamalar 2021-ci ilədək dayandırılmış, lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 37-yə endirilmiş, lisenziyalar müddətsiz müəyyən edilmiş, dövlət rüsumunun məbləği Bakıda 2 dəfə, regionlarda isə 4 dəfə azaldılıb, lisenziyaların İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzlərində verilməsinə və “Elektron lisenziya” portalının yaradılmasına başlanılmışdır.
İnvestisiyaların təşviqi və qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı aparılan işlər nəticəsində sözsüz ki, sahibkarlığın daha da inkişafına və xarici investisiyaların cəlb edilməsinə, qeyri-neft ixracının artırılmasına səbəb olacaq və bununla da həm regionların, həm də ümumilikdə qeyri-neft sektorunun inkişafına güclü təkan verəcək.
Dövlət Statistika Komitəsi 2018-ci ilin yanvar-avqust ayları üzrə ölkənin sosial-iqtisadi inkişafını əks etdirən hesabatını açıqlayıb. Hesabatda bildirilir ki, qeyd edilən müddətdə ölkə üzrə 50,5 milyard manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da ötən ilin eyni dövründəkinə nisbətən 0,7 faiz çoxdur. 8 ay ərzində Ümumi Daxili Məhsul istehsalı iqtisadiyyatın qeyri-neft sektorunda 0,9, neft sektorunda 0,4 faiz artmış, sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 10,8 faiz artmışdır.
2018-ci ildə ölkənin xarici ticarət dövriyyəsinin həcmi 17 milyard 774,7 milyon dollar olmuşdur. Ticarət dövriyyəsinin 66,9 faizini ixrac, 33,1 faizini idxal məhsulları təşkil etmişdir ki, bu da 5,9 milyard dollarlıqdan çox müsbət saldo deməkdir. Qeyri-neft məhsullarının ixracında da artım kifayət qədər yüksək olmuşdur. Faktiki qiymətlərlə 13,5, real ifadədə 3,8 faiz artan bu cür məhsulların ixracının ümumi dəyəri 968 milyon dolları üstələmişdir.
Son 15 il ərzində isə ölkə Ümumi Daxili Məhsul istehsalı 3,2 dəfə artıb. Minimal əməkhaqqı 5,2 dəfə, orta əməkhaqqı isə 6,6 dəfə artıb. Ölkədə yoxsulluğun səviyyəsi 49 faizdən 5 faizədək azalıb. Bundan başqa, işsizliyin səviyyəsi 5 faizədək azalıb. Göstərilən dövrdə Azərbaycana 230 milyard dollardan çox investisiya yatırılmışdır ki, bunun da təqribən yarısı xarici sərmayələrin payına düşür. Nəticədə bir sıra vacib layihələr, nəhəng infrastruktur obyektləri tikilib istifadəyə verilmiş, bölgələrdə çoxsaylı yeni sənaye müəssisələri açılmış, iş yerləri yaradılmışdır.
Son illərdə “Pambıqçılığın inkişafı haqqında”, “Tütüncülüyün inkişafı haqqında”, “İpəkçiliyin inkişafı haqqında” və digər Dövlət Proqramlarının qəbul edilməsi Azərbaycanda kənd təsərrüfatı sahəsində calışan sahibkarların işlərinin təkmilləşdirilməsinə, məhsul istehsalına marağın artırılmasına yönəlmişdir.
İqtisadiyyat Nazirliyi tərəfindən Dövlət Proqramının icrası olaraq, qarşıdakı illər üçün hər bir regionun iqtisadi potensialı və əhalinin məşğulluq səviyyəsi nəzərə alınmaqla ilkin dəyəri 1,5 milyard manat olan 150-dən çox investisiya layihəsi hazırlanıb. Bu layihələrin icrasına Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri, yerli və xarici investisiyalar cəlb olunacağı gözlənilir.
Qarşıya qoyulan məqsədə çatmaq üçün dövlət tərəfindən iqtisadiyyatın kapitallaşması və kreditləşməsi siyasəti həyata keçirilir.
Son 15 ildə sahibkarlara 2,2 milyard manat güzəştli kredit verilmişdir ki, həmin kreditlərin dəyərləndirilməsi nəticəsində sahibkarlar tərəfindən 163 min yeni iş yeri açılmışdır. Cari ildə dövlət tərəfindən sahibkarlara 170 milyon manat güzəştli kreditlər verilməsi nəzərdə tutulub.
Eyni zamanda, sahibkarların maliyyə resurslarına əlverişli şərtlərlə çıxışının təmin edilməsi üçün layihələrinin ümumi dəyəri 468 milyon manat olan 611 sahibkara geri qaytarılan vəsaitlər hesabına 100 milyon manat güzəştli kredit verilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,6 dəfə çoxdur. Həmin kreditlər hesabına ötən illə müqayisədə 3 dəfə çox olmaqla 7 mindən artıq yeni iş yerinin açılması imkanı yaranmışdır.
Son illərdə dövlətin güzəştli kreditləri hesabına 43 müasir quşçuluq və 25 heyvandarlıq kompleksinin, 39 intensiv bağçılıq təsərrüfatının, 53 logistik mərkəzin 22 taxıl anbarının, 16 meyvə-tərəvəz emalı, 9 süd emalı, 8 ət emalı müəssisəsinin, 28 çörək zavodunun, 46 istixana kompleksinin, 6 yem zavodunun və digər müasir müəssisələrin yaradılması aqrar sektorda dönüşün əldə olunmasına, ixrac potensialının artmasına, idxaldan asılılığın azalmasına, ümumilikdə ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə səbəb olacaq. Ötən il əsas ərzaq məhsulları üzrə özünütəminat səviyyəsi artmaqda davam etmiş, aqrar sahədə 5100 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 213 milyon manata yaxın güzəştli kredit verilib.
Sahibkarlığın inkişafı sahəsində həyata keçirilən sistemli tədbirlər nəticəsində “Doing Business 2017" hesabatında Azərbaycan 3 və daha çox islahat aparan 29 ölkədən biri olması, eyni zamanda 138 ölkəni əhatə edən “Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan ötən illə müqayisədə mövqeyini 5 pillə yaxşılaşdıraraq 40-cı pillədən 35-ci pilləyə yüksəlməsi, Müstəqil Dövlərlər Birliyi məkanında isə əvvəlki illərdə olduğu kimi liderliyini qoruyub saxlaması ölkədə aparılan iqtisadi islahatların bariz nümunəsidir.
Bu gün Azərbaycan iqtisadiyyatının böyük hissəsi - 80 faizdən çoxu özəl sektorda formalaşır. Regional inkişaf proqramları ilə yanaşı, "Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı", "Sahibkarlığa dövlət maliyyə dəstəyinin göstərilməsi sahəsində əlavə tədbirlər haqqında", "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitinin istifadəsi qaydalarının təkmilləşdirilməsi haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Azərbaycan Respublikasında azad iqtisadi zonaların yaradılması haqqında", "Azərbaycan Respublikasında sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında", "Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında", "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə" və digər Fərman və sərəncamların, qanunların, dövlət proqramlarının icrası sahibkarlığın inkişafına təkan vermiş, qeyri-neft sektorunun inkişafını stimullaşdırmışdır.
- Azərbaycan Sahibkarlar Konfederasiyasının beynəlxalq təşkilatlarla əlaqələri barədə məlumat verməyinizi istərdik.
- Azərbaycan Sahibkarlar (işəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının sahibkarlarla,dövlət orqanları ilə,yerli qurumlarla birgə işi ilə yanaşı, beynəlxalq qurumlarla o cümlədən Beynəlxalq işəgötürənlər Təşkilatında, Sənayeçilərin və Sahibkarların Beynəlxalq Konqresində üzvlüyü davam etdirməklə, respublikada fəaliyyət göstərən bir çox dövlətlərin və Azərbaycanın xaricdəki səfirlikləri ilə, beynəlxalq təşkilatlarla əməkdaşlığı daha da genişləndirilmişdir.
Beynəlxalq əlaqələrimiz zəngin və çoxşaxəlidir. Azərbaycandakı xarici ölkə səfirlikləri və Azərbaycanın xaricdəki səfirlikləri ilə iş, beynəlxalq təşkilatlar və beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq, beynəlxalq və ölkələr arası ikitərəfli biznes forum və sərgilərdə iştirak etmək, Azərbaycan Sahibkarlarını beynəlxalq aləmdə keçirilən tədbirlərdə təmsil etmək, Konfederasiya üzvlərinin beynəlxalq sərgi və forumlarda iştirakına yaxından kömək etmək və sair məsələlər beynəlxalq əlaqələrimizin əsas ana xəttini təşkil edir.
Kecən müddət ətzində konkret olaraq Konfederasiyanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Biznes Şurasının, Türkdilli Dövlətlər Şurasının tədbirlərinə qatılmış, konfederasiyanın xarici ölkələrdəki yeni nümayəndəliklərinin yaradılması, mövcud olanlarla əməkdaşlığın inkişaf etdirilməsi, bir sıra beynəlxalq təşkilatlar, diplomatik nümayəndəliklər, qeyri-hökumət təşkilatları, biznes qurumların nümayəndələri ilə işgüzar əlaqələr inkişaf etdirilmiş, Konfederasiya “Biznes Konsaltinq” Məhdud Məsuliyyətli Cəmiyyətinin bir sıra xarici biznes qurumlarla əməkdaşlıq əlaqələrinin qurulması və birgə biznes görüşlərin təşkili həyata keçirilmiş, müxtəlif dövlət qurumlarının təşkil etdiyi iclaslarda Konfederasiya təmsil olunmuşdur.
Azərbaycan Sahibkarlar Konfederasiyası ölkəmizin biznes mühiti barədə beynəlxalq aləmə geniş məlumatların verilməsi, ölkələrarası biznes əlaqələrinin genişləndirilməsi sahəsində ardıcıl fəaliyyət göstərməkdədir. Bu istiqamətdə Konfederasiyanın xarici dövlətlərdə açılmış rəsmi nümayəndəliklərinin fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Konfederasiyanın artıq 14 xarici ölkədə - Türkiyə, Gürcüstan, Ukrayna, Almaniya, İtaliya, İspaniya, ABŞ, Böyük Britaniya, Bolqarıstan, Moldova, Macarıstan, Çexiya, Polşa, Rusiyanın Kalinqrad vilayətində nümayəndəliyi fəaliyyət göstərməkdədir. Yaxın perspektivdə Niderland. Belçika və İran İslam Respublikalarında da analoji nümayəndəliklərin açılması gözlənilir.
Son illərdə Konfederasiya rəhbərliyi Azərbaycanda fəaliyyət göstərən ölkələrin səfirləri ilə görüşmüş, ölkələr arasında mövcud iqtisadi əməkdaşlıq imkanlarını müzakirə edilmişdir.
Ümumiyyətlə Konfederasiya beynəlxalq təşkilatlarla, o cümlədən Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Avropa Birliyinin Komissiyaları və təşkilatları ilə, Qara Dəniz iqtisadi Əməkdaşlıq Təşkilatının Biznes Şurası ilə əməkdaşlığı daha da genişləndirmişdir.
Qeyd edək ki, son illərdə Konfederasiya daha 3 nüfuzlu təşkilatın – İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatası, “Dünya Kişik və orta sahibkarlıq Forumu” “İpək yolu” Beynəlxalq təşkilatlarına üzv olmuş və Konfederasiyanın prezidenti kimi “İpək yolu” Beynəlxalq Təşkilatının İdarə Heyəti sədrinin müavini seçilmişəm.
Bunda başqa, Azərbaycan Sahibkarlar Konfederasiyası 2001-ci ildən etibarən Sənayeçilərin və Sahibkarların Beynəlxalq Konqresində təmsil olunur. Bu günlərdə Konqresin şura üzvləri arasında qiyabi səsvermə keçirilmiş, Sesvermə nəticəsində Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti kimi məni dördüncü dəfə Sənayeçilər və Sahibkarların Beynəlxalq Konqresi Şurası sədrinin müavini vəzifəsinə seçmişlər. Bu fakt beynəlxalq təşkilatlar tərəfindən bizim təşkilata göstərilən böyük etimadın təzahürüdür.
Qeyd edim ki, son illər Konfederasiya ölkəmizdə və dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən təşkilatlarla, o cümlədən İşəgötürənlər Təşkilatları və Assosasiyaları ilə 80-dən çox Əməkdaşlıq Müqaviləsi imzalamışdır. Bu müqavilələr ölkələrimiz arasında biznes əlaqələrinin genişlənməsi və daha səmərəli nəticə verməsi istiqamətində mühüm rol oynayır.
Cari il ərzində Azərbaycan sahibkarlarının xarici ölkələrə investisiya yatırması istiqamətində Konfederasiya əməkdaşları tərəfindən araşdırmalar aparılmış, bu günədək imzalanan əməkdaşlıq müqavilələri sayəsində faydalı əməkdaşlıq imkanları yaranmışdır.
Beynəlxalq əlaqələrimizin bundan sonra daha da genişləndirilməsini planlaşdırırıq. Hesab edirik ki, bu yolla azərbaycan sahibkarlarının istehsal etdiyi məhsulların dünya bazarına cıxarılmasını, ölkəyə yeni texnologiyaların gətirilməsini, investisiya yatırımının stimullaşdırılmasına nail olmaq olar.
- Məmməd müəllim, rəhbərlik etdiyiniz təşkilat azərbaycan sahibkarlarının potensialını səfərbər etmək üçün hansı addamları atır?
- Hesab edirik ki, qarşıdakı illərdə qeyri-neft sektorunun inkişafında, bu sahədə istehsal və ixrac potensialının artırılmasında qeyri-neft sənayesi əhəmiyyətli rol oynayacaq. Növbəti illərdə sənayenin inkişafına dövlət dəstəyi tədbirləri daha da gücləndiriləcək, yeni istehsal sahələrinin yaranması və rəqabətqabiliyyətli məhsul istehsalının artırılması diqqət mərkəzində saxlanılacaq.
Qeyri-neft sektorunun son 15 ildə orta illik artım tempi 8,1 faiz olmuş, 2017-ci ildə qeyri-neft sektorunda 2,7 faizlik iqtisadi artım müşahidə edilmişdir. 2003-cü ildə Ümumi Daxili Məhsulda özəl sektorun payı 74 faiz olmuşdursa, 2018-ci ildə bu rəqəm 83 faizi ötüb. Məşğulluqda qeyri-neft sektorunun payı 2003-cü ildə 68 faiz idisə, 2018-ci ildə 73 faizə çatıb. Bu müddətdə Azərbaycanda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin sayı 4,2 dəfə, hüquqi şəxslərin sayı 1,9 dəfə, kiçik müəssisələrin sayı 2 dəfə, fərdi sahibkarların sayı isə 5 dəfə artıb.
Dövlət statistika komitəsinin məlumatına əsasən 2018-ci il avqustun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz artaraq 1,5 milyonnəfər olmuşdur ki,onlarınəsas hissəsi qeyri-dövlət sektorunda fəaliyyət göstərir.
Göründüyü kimi, son illərdə ölkəmizdə makroiqtisadi sabitlik, davamlı və dayanıqlı iqtisadi inkişaf təmin olunmuş, əlverişli biznes və investisiya mühiti yaradılmışdır. Məhz bunun nəticəsidir ki, hazırda Azərbaycan Respublikası sosial-iqtisadi inkişaf tempinə görə dünyada öncül yerlərdədir.
Azərbaycanın dünya bazarına ixrac olunan məhsullarına böyük maraq heç kəsə sirr deyil. Ona görə də ölkədə istehsal edilən məhsulların rəqabət qabiliyyətinin artırılması və dünya miqyasında brendə çevrilməsi üçün iri investisiyaların ayrılmasına ciddi ehtiyac duyulur və bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir.
Statistik məlumatlara əsasən 2018-ci ilin yanvar-iyul aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 170 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 101 ölkəyə məhsul ixrac olunmuş, 162 ölkədən idxal olunmuşdur.
Azərbaycan Sahibkarlar Konfederasiyası da ölkə sahibkarlarını təmsil edən bir təşkilat olaraq həm əldə etdiyimiz uğurları dəyərləndirir, həm də müasir çağırışları dərindən təhlil edir.
Konfederasiya sahibkarların problemlərini həll edilməsində, onların maariflənməsində daima maraqlıdır. Eyni zamanda regionlarda sahibkarlığın inkişafının sürətləndirilməsi üçün onların təşkilatlanmasına çalışır.
Konfederasiya öz fəaliyyətini daha da canlandırmalı, müasir dövrün tələbləri ilə uyğunlaşan iş ahənginə malik olmalıdır.
Azərbaycan Sahibkarlar Konfederasiyası bununla bağlı silsilə və ardıcıl tədbirlər həyata keçirir. Bu, istər qanunvericilik aktlarının təkmilləşdirilməsi, istər sahibkarlıq subyektlərinin problemlərinin öyrənilib əlaqədar təşkilatlar tərəfindən onların həllinə nail olunması, istərsə də sahibkarların maarifləndirilməsi işinin daha da dərinləşdirilməsi ilə bağlıdır.
Biz sahibkarlar Konfederasiyası olaraq Azərbaycanın tərəqqisi, xalqımızın firavan gələcəyi naminə, ölkə Prezidenti tərəfindən müəyyənləşdirmiş vəzifələrin icrasında fəal iştirak edəcək, Azərbaycan dövlətinin qarşımızda qoyduğu hədəflərə catmaq ücün bundan sonra da əzmlə çalışacağıq.