MÜSAHİBƏLƏR
Azərbaycan təhsili güclü maddi-texniki bazaya və kadr potensialına malikdir
- Pərvin xanım, artıq ölkəmizdə yeni tədris ili başlamaq üzrədir. Hər il 15 sentyabr Bilik Günü respublikamızda böyük təntənə ilə qeyd olunur. Bu baxımdan, qarşıdan gələn yeni tədris ili və bu ilə hazırlığın səviyyəsi ilə bağlı fikirlərinizi bildirməyi xahiş edirik...
-“Bilik Günü”nün böyük bayram kimi qeyd olunması Azərbaycanda bir ənənəyə çevrilib. Hər bir xalqın, ölkənin gələcəyi həmin ölkədə təhsilin səviyyəsi ilə ölçülür. Buna görə də ölkəmizdə təhsilin müasir dünya standartları səviyyəsinə qaldırılması məqsədi ilə aparılan islahatlar uğurla davam etdirilir, təhsilin inkişafı və xalqımızın gələcəyi üçün sağlam vətəndaşların yetişdirilməsi ümummilli məsələyə çevrilib. Bu, ilk növbədə dövlətin müəyyənləşdirdiyi təhsil strategiyasının tələbidir. Hansı sahədə fəaliyyət göstərməyimizdən asılı olmayaraq hər birimiz bu ali məqsədin reallaşmasında yaxından iştirak etməliyik. Çünki xalqımızın gələcəyi və sivilizasiyalı dünyaya inteqrasiyasının yeganə yolu məhz təhsilin inkişafından keçir.
Sevindirici haldır ki, Azərbaycanda dinamik iqtisadi inkişafın sürətləndirilməsinə, cəmiyyət həyatının bütün sahələrində, xüsusi ilə də Azərbaycanın parlaq gələcəyinə hesablanan elm və təhsil sahəsində mütərəqqi islahatların aparılmasına böyük önəm verilir.
- Bildiyimiz kimi təhsil sahəsinin inkişafı Azərbaycan dövləti üçün prioritet istiqamətlərdən biridir. Dövlətin təhsil sahəsində həyata keçirdiyi islahatları necə qiymətləndirirsiniz?
- Təhsil hər bir ölkə üçün strateji bir sahədir. Dahi rəhbər Heydər Əliyevin dediyi kimi təhsil hər bir xalqın gələcəyidir. Təhsilsiz inkişaf ola bilməz. Bu mənada elm, təhsil hər bir ölkənin inkişafının əsasını təşkil edir. İnkişaf etmiş dövlətin qurulması üçün birinci amil yüksək təhsil səviyyəsinin olmasını hesab edən ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən də Azərbaycan təhsilində sistemli islahatlar aparılaraq Ulu öndərin təhsil siyasəti uğurla davam etdirilir. Ölkədə təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Təhsilin bütün pillələrində - uşaq bağçalarında, məktəbdənkənar müəssisələrdə, orta məktəblərdə, kolleclərdə, peşə təhsilində, ali təhsil sahəsində, ali təhsildən sonrakı təhsil, əlavə təhsil sahəsində yeni layihələrin reallaşdırılması istiqamətində mühüm addımlar atılıb. Prezidentimiz cənab İlham Əliyevin təhsil sahəsində həyata keçirdiyi islahatlar - təhsildə infrastrukturun yenilənməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi, ümumtəhsil məktəblərinin kadr potensialının və tədrisin keyfiyyətinin yüksəldilməsi ölkədə təhsillə bağlı nəticələrə də müsbət təsir göstərib.
- Məlumdur ki, təhsilin inkişafı ilə bağlı müxtəlif proqramlar həyata keçirilir. Bu proqramların və islahatların təhsilimizin dünya təhsil sisteminə inteqrasiyası baxımından əhəmiyyəti nədən ibarətdir?
- Bu gün təhsil sistemində aparılan islahatlar artıq öz nəticələrini verməyə başlayıb. Azərbaycan təhsili güclü maddi-texniki bazaya, kadr potensialına malikdir. Bu sahələrdə əldə olunmuş nailiyyətlər dünyanın sivil ölkələri ilə müqayisə olunmağa layiqdir. Artıq ölkəmiz getdikcə öz milli-mənəvi dəyərlərini, tarixi ənənələrini qoruyaraq Avropa təhsilinə daha sürətlə inteqrasiya olunur. Bu gün Azərbaycan təhsili, mədəniyyəti dünya sivilizasiyasına tam cavab verən səviyyədədir. Boloniya sistemi təhsilimizin Avropaya inteqrasiyası baxımından faydalı addımdır.
Azərbaycanda gənclər bu yolla gedib dünyanın müxtəlif ölkələrində bir il, bir semestr təhsil alıb, dünya təhsil prosesini görürlər. Həmçinin, Erasmus proqramı Avropa ölkələri ilə müəllim-tələbə mübadiləsi həyata keçirilirdi ki, bu da ölkədə ali təhsilin inkişafına öz təsirini göstərdi. Hazırda isə Erasmus+ proqramı çərçivəsində Şərq Tərəfdaşlığı ölkəsi olan Azərbaycan ali təhsil müəssisələri birgə magistratura proqramları, Kredit mobilliyi (keçmiş “Erasmus Mundus” ), Potensialın gücləndirilməsi layihələri (keçmiş “Tempus”), Jan Mone Proqramı, Bilik Alyansları, Strateji Tərəfdaşlıq və Sektor Bacarıqları (müəyyən şərtlər ilə) kimi imkanlardan istifadə edəcək.
- Milli Məclisin ötən sessiyasında «Təhsil haqqında» qanuna bir sıra önəmli dəyişikliklər edildi. Qarşıdan gələn payız sessiyasında da təhsil qanunvericiliyində hansısa yenilkilərin edilməsi gözlənilirmi?
- “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 21 maddəsinə 60-dan çox dəyişiklik edilib və 2 yeni maddə əlavə olunub. Dəyişikliklər yalnız ümumi təhsili deyil, təhsilin bütün pillə və səviyyələrini əhatə edib. Belə ki,“Təhsil haqqında” Qanunda təhsil müəssisələrində psixoloji xidmətin təşkili, ali təhsil müəssisələrində orta ixtisas təhsilinin təşkili, fənn olimpiadalarının qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu, pedaqoji fəaliyyətlə məşğul olma, dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması və digər məsələlərdə ciddi dəyişikliklər edilib. Ən böyük dəyişiklik 6 yaşı tamam olan uşaqların məktəbə qəbulu qaydalarında edilib. Həmin dəyişikliyə əsasən, 15 sentyabr - 31 dekabr tarixlərində 6 yaşı tamam olan uşaqlar ümumtəhsil məktəblərinin 1-ci sinfinə qəbul ediliblər. Ciddi müzakirələrə, fikir ayrılıqlarına, hətta narahatlıqlara səbəb olan dəyişikliklərdən biri də beynəlxalq fənn olimpiadalarının, respublika fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qaliblərinin müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunması ilə bağlıdır.
Qanunda peşə təhsili ilə bağlı da dəyişiklik var. Belə ki, bu gün xidmət və digər sahələrdə çalışan insanlar var ki, onların nə dərəcədə peşəkar səviyyədə olması bilinmir. Peşələri xüsusi adamların yanında çalışmaqla öyrənənlərin bununla bağlı hər hansı bir sənədi olmur. Yeni qaydaya görə, həmin şəxslər müraciət əsasında öz bilik və bacarıqlarını təsdiq etmək üçün müəyyən bir prosedurdan keçib sertifikat və bununla da əmək bazarına daxil olmaq üçün əlverişli imkan əldə edəcəklər. Bu da ölkədə peşə təhsili sisteminin daha da təkmilləşdirilməsinə, məşğulluq imkanlarının artırılmasına ciddi şəkildə müsbət təsirini göstərəcək. Qeyd edim ki, Milli Məclisin yaz sessiyasında “Peşə təhsili haqqında” qanun layihəsi qəbul olundu ki, bu da peşə təhsili sahəsi üztə ən işlək sənədlərdən biri olacaq və peşə təhsilinin inkişafında mühüm rol oynayacaq və ölkədə peşə təhsilinin inkişafına stimul verəcək. Digər yenilik ali təhsilli şəxslərin ikinci dəfə təhsil alması ilə bağlıdır. Belə ki, ali təhsilli şəxs kolleclərə müsabiqədən kənar qəbul oluna biləcək. bundan başqa ölkə olimpiadalarının qaliblərinə də ali məktəbə qəbul zamanı güzəştlər veriləcək.
Bundan başqa, artıq xarici ölkələrdə təhsil almaq hüququ verən proqramlarda təhsil almış abituriyentlərin də Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrinə qəbul olmaq imkanı var. “Ümumi təhsil haqqında” yeni qanun layihəsinin ilkin variantı oktyabr ayının ikinci yarısından sonra Milli Məclisin iclasında müzakirəyə təqdim olunacaq. Yeni qanun layihəsində orta məktəblərin hüquqi imkanları və idarə olunması, orta ümumi təhsil müəssisələrində özəl sektorun işinin tənzimlənməsi ilə ilə bağlı müddəalar qeyd edilib. Qanun layihəsinə “müasir məktəb” anlayışı da əlavə ediləcək.
- Pərvin xanım, təmsil etdiyiniz Gəncə şəhərində təhsilin keyfiyyətinin daha da gücləndirilməsi və müasir təhsil infrastrukturu quruculuğu istiqamətində nə kimi işlər görülüb?
- Təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində atılan addımlar paytaxtla yanaşı ən ucqar bölgələrdə də həyata keçirilir. Təsadüfi deyil ki, son 15 ildə respublika ərazisində heç bir dövrdə müşahidə olunmadığı qədər məktəb binası tikilib, bir çox məktəb binaları üçün yeni korpuslar inşa olunub, köhnə tədris müəəssisələri bərpa və əsaslı təmir edilib.
Gəncə şəhərində də təhsil quruculuğu sahəsində görülən işlər təhsilin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına şərait yaradıb. Bunun nəticəsidir ki, hər il Gəncə şəhərində fəaliyyət göstərən təhsil müəssisələrindən ali məktəblərə qəbul olunan məzunların sayı artır. 2017-2018-ci tədris ilində Gəncə şəhəri üzrə ümumtəhsil məktəblərinin məzunlarından 1824 nəfəri qəbul imtahanlarında iştirak ediblər. Onlardan 1105 nəfəri ali təhsil müəssisələrinə qəbul olublar. Qəbul imtahanlarında 358 məzun 200-300, 461 məzun 300-500, 174 məzun 500-600, 90 məzun 600-700 intervalda, 1 məzun isə maximum nəticə- 700 bal toplayıb.