MÜSAHİBƏLƏR
Seçkilərin qalibi uğurlu inkişaf strategiyasının müəllifi olan cənab İlham Əliyev olacaq
-Tahir müəllim, aprelin 11-də ölkəmizdə prezident seçkiləri keçiriləcək. Hazırda seçki kampaniyasının təbliğat-təşviqat mərhələsidir. Seçicilərlə görüşlərdə ötən dövr ərzində bütün sahələrdə görülən işlərin hesabatı verilir. Bu baxımdan, ölkəmizin iqtisadi inkişafı istiqamətində görülən işlərlə bağlı nə deyə bilərsiniz?
- Azərbaycanın cənab İlham Əliyevin rəhbərliyi ilə keçdiyi inkişaf yolunun ən mühüm keyfiyyətlərindən biri sabitlik və tərəqqinin paralel olmasıdır. İnkişafın təməli kimi dəyərləndirilən sabitliyin ölkəmizdə yüksək səviyyədə qorunması uğurların bir-birini əvəzləməsinə geniş imkanlar açır. Bu gün Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin sayı sürətlə artır. Ölkəmizin malik olduğu təbii resurslardan səmərəli istifadəsi beynəlxalq əhəmiyyətli layihələrin icrasına, eyni zamanda, maliyyə imkanlarının artmasına yol açır. Müstəqil siyasət aparmaq, iqtisadi, o cümlədən enerji sahəsində müstəqil təşəbbüsləri irəli sürmək maliyyə, iqtisadi və siyasi cəhətdən böyük imkanlar tələb edir. Bu gün Azərbaycanın iştirakı olmadan regionda enerji, həmçinin nəqliyyat və iqtisadiyyat sahəsində heç bir təşəbbüs irəli sürülə bilməz. Azərbaycan enerji resurslarından əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi, milli maraqlarımızın təmin edilməsi və ölkəmizin qüdrətlənməsi naminə istifadə edir. Bütün bunlar Azərbaycanı güclü, qüdrətli, müasir və sürətli inkişafa malik ölkəyə çevirib. Şübhəsiz ki, seçicilər bunu görür və yüksək dəyərləndirirlər. Azərbaycan vətəndaşları cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasəti dəstəkləyirlər.
-Ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi strategiyasının əsas istiqamətlərindən birini aqrar sahənin inkişafı təşkil edir. Bu sahədə əldə olunan nəticələri necə dəyərləndirirsiniz?
-Cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 2003-2018-ci illər ərzində dayanıqlı və dinamik inkişafa malik olan sahələrdən biri məhz aqrar sektor olmuşdur. Kənd təsərrüfatının inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilmiş, əldə edilən nailiyyətlər iqtisadiyyatın inkişafına təkan vermişdir. Kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi, yeni çağırışlara uyğun strateji hədəflərin və institusional dəyişikliklərin müəyyən edilməsi bu sahənin inkişafının keyfiyyətcə yeni mərhələyə keçməsinin təməlini qoymuşdur. Ərzaq təhlükəsizliyinin təmin edilməsi, aqrar sahədə ixrac potensialının artırılması məqsədilə ölkədə müasir aqroparklar və iri fermer təsərrüfatları təşkil edilir. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində bölgələrdə müasir infrastruktur qurulmuş, kəndlərarası avtomobil yollarının şəbəkəsi genişləndirilmişdir. Bir əsas məqamı da qeyd edək ki, idarəetmədə səmərəliliyin və şəffaflığın artırılması üçün elektron kənd təsərrüfatı sistemi tətbiq edilməkdədir. Bundan başqa, “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə ölkənin kənd təsərrüfatı sahəsinin inkişafı ilə bağlı 2020-ci ilədək strateji baxış, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxış əks olunub. Bu, kənd təsərrüfatı sahəsində həm orta, həm də uzunmüddətli dövr üzrə strateji inkişaf hədəflərinə çatmaq üçün dövlətin ardıcıl mərhələlərlə icra ediləcək aydın yol xəritəsinə malik olmasını ifadə edir. Strateji Yol Xəritəsinin 2016-2020-ci illər ərzində həyata keçirilməsi rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sektorunun formalaşdırılmasına nail olmaq baxımından əlverişli mühitin yaradılması üçün 9 strateji hədəfin reallaşdırılması nəzərdə tutulur. Bu strateji hədəflər ərzaq təhlükəsizliyinin dayanıqlılığının gücləndirilməsi, kənd təsərrüfatı məhsullarının istehsal potensialının dəyər zəncirinin həlqələri üzrə artırılması, kənd təsərrüfatı sahəsi üzrə istehsal vasitələri bazarının inkişafı və müvafiq resurslara, o cümlədən maliyyəyə çıxışın asanlaşdırılması, kənd təsərrüfatı sahəsində elmi təminatın və təhsilin keyfiyyətinin yüksəldilməsi və məsləhət-informasiya xidmətləri sisteminin inkişaf etdirilməsi, bazar infrastrukturunun inkişafı və istehsalçıların bazara çıxışının asanlaşdırılması, təbii resurslardan dayanıqlı istifadə mexanizmlərinin formalaşdırılması, aqrar sahə üzrə biznes mühitinin təkmilləşdirilməsi və kənd yerlərində rifahın yüksəldilməsi məsələlərini əhatə edir. Hər bir strateji hədəfin reallaşdırılması üçün 2016-2020-ci illər üzrə prioritet istiqamətlər müəyyən olunub. Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sektorunda həyata keçiriləcək prioritetlərin 2020-ci ildə real ÜDM-i birbaşa 575 milyon manat, dolayı şəkildə isə 660 milyon manat olmaqla ümumilikdə 1235 milyon manat artıracağı və təxminən 20 min yeni iş yerinin yaradılacağı proqnozlaşdırılır.
Aqrar sektorun inkişafı, ərzaq təhlükəsizliyinin təmin edilməsi «Azərbaycan 2020: Gələcəyə Baxış» İnkişaf Konsepsiyasında da əsas istiqamətlərdən biri kimi nəzərdə tutulub. Milli Məclisin aqrar siyasət komitəsi məhz İnkişaf Konsepsiyasından irəli gələn vəzifələrin icrasına xidmət edən qanunların hazırlanmasına və qəbuluna səy göstərir. Yeni hədəflər inkişaf üçün əsasdır. Bu baxımdan deyə bilərəm ki, qarşıda görüləcək işlərimiz çoxdur və birgə səylər əsasında onların icrasına nail olacağıq.
-Regionların sosial-iqtisadi inkişafı istiqamətində əldə edilən nailiyyətlər ölkəmizin hərtərəfli inkişafını daha da sürətləndirib. Bu sahədə görülmüş işlərin nəticələrini necə qiymətləndirmək olar?
-Azərbaycanın inkişafının mühüm xüsusiyyətlərindən biri islahatların və tərəqqiyə xidmət edən tədbirlərin paralel şəkildə və mütəmadi olaraq həyata keçirilməsidir. Bu baxımdan, regionların sosial-iqtisadi inkişafı istiqamətində reallaşdırılan islahat xarakterli tədbirlər müstəsna əhəmiyyətə malikdir. Regionların malik olduğu potensialdan səmərəli istifadə ölkənin hərtərəfli inkişafını sürətləndirib. Bu gün bölgələrdə aparılan quruculuq, abadlıq işlərinə diqqət yetirsək, tərəddüdsüz deyə bilərik ki, ötən hər gün mühüm yeniliklə yadda qalır. Regional inkişaf proqramları çərçivəsində görülən işlər hərtərəfli inkişafı daha da sürətləndirir, ən əsası, inkişaf, tərəqqi, quruculuq, abadlıq baxımından bölgələr arasında hansısa fərq görmək mümkün deyil. Bütövlükdə, cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən regionların sosial-iqtisadi inkişaf kursu nəticəsində bölgələrin siması əhəmiyyətli dərəcədə dəyişib, müsbət meyillər və inkişaf göstəricilər başlıca reallıqları təşkil edir.
-Tahir müəllim, seçki kampaniyası ilə əlaqədar təmsil etdiyiniz bölgədə seçicilərlə görüşlərdə iştirak edirsiniz. İnsanların seçki əhval-ruhiyyəsi necədir?
Aprelin 11-də ölkəmizdə keçiriləcək prezident seçkilərinə olduqca böyük diqqət və maraq göstərilir. Seçicilərlə görüşlərdə ötən müddət ərzində cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlər – görülən işlər diqqətə çatdırılır, Azərbaycanın dayanıqlı inkişafının davamlı olacağına dair əminlik ifadə olunur. Seçicilərdə böyük ruh yüksəkliyi müşahidə edilir, onlar cənab İlham Əliyevin rəhbərliyi ilə görülşüm işləri təqdir edir, bu siyasətə dəstək nümayiş etdirirlər. Birmənalı şəkildə qeyd edilir ki, seçkilərin qalibi məhz uğurlu inkişaf strategiyasının müəllifi olan cənab İlham Əliyev olacaq. Bir sözlə, Azərbaycan seçicisi öz səsini Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə verəcəyini qətiyyətlə ifadə edir!