MÜSAHİBƏLƏR
Azərbaycan qadınları müstəqil dövlətimizin inkişafına böyük töhfələr verirlər
- Hicran xanım, 8 mart tarixi bütün dünyadaBeynəlxalq Qadınlar Günü qeyd olunur. Azərbaycanda da bu bayram böyük təntənə ilə keçirilir. Azərbaycan qadınlarının tarixən keçdiyi yol barədə nə deyə bilərsiniz?
- Böyük mədəni irsə malik olan Azərbaycan xalqı qadının ailədə və cəmiyyətdəki roluna daim böyük ehtiramla yanaşmışdır. Yaşadığı tarixi dövrdən, onun sosial-iqtisadi vəziyyətindən, coğrafi məkandan, irqindən, dilindən, dinindən asılı olmayaraq qadın bəşəriyyətin inkişafının bütün mərhələlərində özünəməxsus aparıcı qüvvə olmuşdur. Azərbaycan qadını çətin, keşməkeşli inkişaf yolu keçmişdir. Tarixə nəzər salsaq, görərik ki, cəmiyyətin inkişafının bütün mərhələlərində qadınlar kişilərlə bərabər dövlət quruculuğunda, siyasi qərarların verilməsində fəal iştirak etmişlər.
Tarixi palitra kifayət qədər zəngindir: massagetlərin məğrur çariçası, Əhəmənilər sülaləsinin əsasını qoymuş əfsanəvi Kirə qalib gəlmiş Tomris, qəhrəman qadın hökmdarlar Nüşabə, Şirvana hücum edən Krım xanını və osmanlı qoşunlarını məğlub edən Heyran Nisə Bəyim, mərkəzləşdirilmiş Azərbaycan dövlətinin yaradıcısı Fətəli xanın həyat yoldaşı Tuti Bikə, Sara xatun, Dəspinə xatun və Mehinbanu Sultanım xanım özlərini diplomatiya sahəsində göstərmişlər. Mədəni fonda məşhur şairələr pleyadası parlamışdır: orta əsrlər dövründə qadının sevgili seçimində azadlıq hüququnu tərənnüm etmiş Məhsəti Gəncəvi, Şuşada ilk ədəbiyyat məclisi yaratmış Xurşudbanu Natəvan, Heyran xanım, Fatma xanım Kəminə, Şahnigar xanım, Aşıq Pəri. Lakin «kişi» tarixinə yol açmış qadın hökmdarlar, döyüşçülər, diplomatlar, şairələr və rəssamlar nadir şəxsiyyətlər idi. Zaman keçdikcə, nə qədər istedadlı və ağıllı, əzəmətli və cəsarətli qadının adı tarixə yazıldı. XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının çox gözəl nümunələri mövcuddur. O vaxtın qabaqcıl qadınları kifayət qədər düşünülmüş formada belə demək mümkünsə yeni gender münasibətlərinin kontekstini yaradırdılar. Və məhz onlar, adi xeyriyyəçilik tədbirləri keçirməklə ilk qadın məktəblərinin, qadın yığıncaqlarının və klublarının yaradılması vasitəsilə digər sosial fəal qadın qruplarının formalaşmasına dəstək oldular. Və bu prosesdə həmin xanımların həyat yoldaşları da onlara böyük yardım edir, birgə fəaliyyət göstəriblər.
- Məlum olduğu kimi bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyidir. Bu baxımdan, Xalq Cümhuriyyəti dövründə Azərbaycan qadınlarına olan münasibət, qadınların ictimai həyatda iştirakı haqqında fikirlərinizi bilmək istərdik...
- Qeyd etmək lazımdır ki, müsəlman Şərqində və türk dünyasında ilk Demokratik Respublikanı yaratmaqla xalqımız sahib olduğu dövlətçilik ənənələrini bir daha təsdiq etdi. İnsan hüquq və azadlıqlarının bərqərar olması, etnik və dini mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi, nizami milli ordunun, təhlükəsizlik strukturlarının qurulması Xalq Cümhuriyyətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir. Demokratik Respublikanın Parlamenti tərəfindən keçirilən iclas və hazırlanan qanunlar xüsusi ilə də 16 yaşaınadək uşaqların işləməsinin qadağan olunması, qadınların səhhətinə və fiziki imkanlarına uyğun olmayan işlərə qəbul edilməməsi, hamilə qadınlara güzəştlər edilməsi, müəssisələrdə işləyən qadınların südəmər uşaqları üçün xüsusi yerlərin ayrılması, uşaq bağçalarının açılması, məktəblərin sayının artırılması və digər məsələlərlə bağlı aparılan müzakirələr həmin dövrdə qadınlar üçün yaradılan imkanların parlaq nümunəsidir.
1919-cu ilin əvvəllərində qadın xeyriyyə cəmiyyətinin nəzdindəki qadın peşə məktəbinin fəaliyyətinin bərpa edilməsi haqqında məsələ qaldırmışdı. 1919-cu il aprelin 25-də hökumət hələ 1917-ci ildə qadın müsəlman xeyriyyə cəmiyyətinin nəzdində açılmış və 1918-ci ilin mart hadisələrindən sonra öz fəaliyyətini dayandırmış qadın məktəbində məşğələlərin bərpa edilməsindən ötrü vəsaitin ayrılması haqqında sərəncam verdi. Tezliklə Bakı qadın müsəlman xeyriyyə cəmiyyətinin nəzdindəki qadın peşə məktəbi yenidən açıldı. Bu məktəb yoxsul, yəni cəmiyyətin nəinki ali, hətta orta təhsil almağa imkanı çatmayan təbəqələrindən olan qadınlara real imkanlar yaradır və onlar üçün perspektivlər açırdı. Məryəm xanım Bayraməlibəyova Lənkəranda 50 uşağın təhsil aldığı ilk müsəlman qız məktəbində dərs deməklə yanaşı, 1921-ci ilədək bu məktəbə rəhbərlik etmiş, dram və xor dərnəkləri təşkil etmişdi. Məryəm xanım 1919-1920-ci illərdə Lənkəran qızlar gimnaziyasının inspektoru olmuş, 1919-cu ildə Lənkəranda ilk qadın Xeyriyyə cəmiyyəti yaratmışdır. M.Bayraməlibəyovanın təsis etdiyi “Ünas” məktəbində 1920-ci ildə fəaliyyətə başlayan dram dərnəyi də işə başlamışdı. Burada hazırlanmış tamaşaların iştirakçıları yalnız qızlar idi.
Qadınlar sosial təminat nazirliyi sistemində işləyirdilər. Şamaxı dairə müfəttişliyində Xanım Orucəliyeva tərbiyəçi, Məsmə Məmmədova isə müəllimə işləyirdi. Qarabağ dairə müfəttişliyində Atabəyova soyadlı xanım işləyirdi, Şuşa müsəlman kimsəsizlər sığınacağının müdiri İşrət Əlibəyova, tərbiyəçisi isə Mənzər Novruzova idi. Zəngəzurdakı Zəngilan sığınacağının müdiri isə Dilarə xanım Cavanşir idi.
Azərbaycanın ilk qadın pedaqoqlarından biri olan Mədinə xanım Qiyasbəyli 1918-ci ilin iyun ayında Qazax qəzası xalq məktəbləri inspektoru təyin edilmişdi. Mədinə xanım qəzada maarif işinin genişləndirilməsi yolunda yerli ziyalılarla birlikdə var-qüvvəsini əsirgəmədən çalışırdı. Qadınlar uşaq bağçaları və körpələr evlərinin yaradılmasında iştirak edirdilər. Lakin həmin təşkilatlarda işləyəcək kadrlar çatışmırdı. Bu məsələ mətbuat səhifələrində də müzakirə edilirdi. Görkəmli azərbaycanlı publisist Fərhad Ağazadə “İlk kooperativ uşaq bağçası” məqaləsində qeyd edirdi ki, uşaq bağçaları üçün tərbiyəçilər xüsusi kurslarda hazırlanmalıdır.
1918-ci ilin noyabrında imperiyaları parçalamış, geosiyasi sərhədləri dəyişən, insanlara iztirab, ölüm və aclıq gətirən I Dünya Müharibəsi başa çatdı. Müharibə illərində xeyli uşaq valideynini itirmişdi. Bu proseslər Azərbaycana da təsirsiz ötüşməmişdi. Maliyyə çətinliyinə baxmayaraq, AXC hökuməti qadınlara və uşaqlara qayğı göstərməyə çalışırdı. Dilənçilik və sahibsiz uşaqların ağır həyat tərzi ilə mübarizə üçün şəhər duması “Uşaq evi” cəmiyyətinə maddi vəsait ayırdı. Azərbaycan uşaqları üçün çox işlər görmüş doktor Yevsey Yakovleviç Gindesin başçılıq etdiyi “Uşaqları Mühafizə Liqası” bu istiqamətdə böyük işlər görürdü. Cəmiyyət sədrinin müavini Nəsib bəy Yusifbəylinin həyat yoldaşı Eynülhəyat Yusifbəyli idi. Bu cəmiyyət Bakıda 17 yaşınadək uşaqların həyat şəraitinin öyrənilməsi və onlara kömək göstərilməsi ilə məşğul olurdu. Eynül-Həyat xanımın təşəbbüsü ilə 1919-cu ildə Uşaqları Mühafizə Liqası ədliyyə nazirliyi qarşısında uşaq məhkəməsinin təsis edilməsi haqqında vəsatət qaldırdı. Məqsəd məhkəmənin köməyilə valideyn və qohumlarını itirmiş uşaqları cinayət mühitindən təcrid etmək və onları etibarlı əllərə tapşırmaq idi. E.Usubbəyova 1918-1920-ci illərdə Bakı məktəblərində müəllimə işləmişdi.
1918-ci ilin sentyabrında doktor Y.Y.Gindesin sədrliyi ilə uşaqlara yardım Bürosu yaradıldı. Onun müavini isə xanım Mahmurova idi. 28 noyabr 1918-ci il tarixində Uşaqlara yardım bürosunun ilk iclası keçirildi. Müsəlman qadın xeyriyyə cəmiyyətini Liza Muxtarova, müsəlman sığınacağını isə Vasilyevskaya təmsil edirdi . Uşaqlara yardım bürosunun Mərkəzi evin nəzdində qida məntəqələri şöbəsi naharların verilməsini həyata keçirirdi. Musa bəy Rəfiyevin rəhbərlik etdiyi sosial müdafiə nazirliyi ərzaq şöbəsini maliyyələşdirirdi. Nazirin müavini Rüstəm xan Xoyski Bakının dağlıq hissəsinə, Suraxanı, Sabunçi və Ramanada yaşayan müsəlman əhaliyə, xüsusilə də qida məntəqələrinə gələ bilməyən qadınlara quru ərzaqlar daşıyan paylama məntəqələrinin açılmasında kömək edirdi. Nahar əsasən pulsuz, ya da bir-iki qəpiyə verilirdi. Bakı əhalisinin mütləq əksəriyyəti azərbaycanlılardan ibarət olsa da, onlar pulsuz nahardan istifadə etməməyə çalışırdılar.
Tanınmış ictimai xadim, Cəlil Məmmədquluzadənin həyat yoldaşı Həmidə Cavanşir 1918-1920-ci illərdə əvvəlcə Şuşada, sonra da doğma Kəhrizli kəndində toxuculuq emalatxanası açmışdı. Bu sahibkarlıq ona böyük zəhmət bahasına başa gəlmişdi. O, yoxsul ailələrdən olan, özünə iş və yemək tapa bilməyən qadınları işə cəlb etmişdi. O, azərbaycanlı əhaliyə qarşı erməni təcavüzü zamanı öz doğma evlərini tərk etməyə məcbur olmuş qadınlara xüsusilə böyük kömək göstərirdi. Sonralar həmin qadınlar Həmidə xanımın bu fəaliyyətini minnətdarlıqla qeyd edirdilər. Azərbaycanın bütün müəssisələrində qadınlar, özü də müxtəlif millətlərdən olan qadınlar eyni şərtlərlə çalışırdılar. Üstəlik, 1918-1920-ci illər ərzində işləyən qadınların sayı artmış, 1920-ci ilin aprelində işçi qadınların sayı kişilərinki ilə demək olar ki, bərabərləşmişdi.
Hökumət yaşlı əhalinin savadlanmağa cəlb edilməsi üçün tədbirlər görürdü. Azərbaycanlı qadınların savad almasına xüsusi əhəmiyyət verilirdi. 24 oktyabr 1919-cu il tarixində Xalq Maarifi Nazirliyi Azərbaycan milli gimnaziyasının nəzdində yetkin türk qadınları üçün kursların təntənəli açılışı oldu. Kurslara Eynülhəyat xanım Yusifbəyli rəhbərlik edirdi.Tədris müəssisələrinin milliləşdirilməsinin səmərəli həyata keçirilməsi məqsədilə orta və ibtidai məktəblərin milli sinif müəllimlərinin hazırlanması üçün Nazirlik 17 iyul 1919-cu il tarixində qəbul edilmiş qanuna əsasən qısamüddətli pedaqoji kurslar təşkil etmişdi. Bakıda və Gəncədə ikiaylıq qadın pedaqoji kurslar açılmışdı. 1919-cu ilin sentyabrında Bakıda, Gəncə və Şəkidə ikiillik qadın pedaqoji kurslarının açılması haqqında qanun layihəsi hazırlanmışdı.
Bütün bu faktlar Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və milli dövlət quruculuğunun bərqərar edilməsi xalqımızın suverenliyinin təmin olunmasında, tarixi yaddaşının formalaşmasında müstəsna əhəmiyyət kəsb edir. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu, bu gün uğurla davam etdirilən və daha da gücləndirilən mütərəqqi siyasət nəticəsində hazırda ölkəmiz Azərbaycan Xalq Cümhuriyyətinin layiqli varisi kimi demokratik dövlət quruculuğu proseslərini sürətlə həyata keçirir və inkişaf etdirir. Bunun bariz nümünəsi olaraq, Möhtərəm Prezidentimizin 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi Fərmanını göstərmək olar.
- Azərbaycanda dövlət qadın siyasətinin əhəmiyyəti nədən ibarətdir?
- Ölkəmizdə dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsi və dövlət səviyyəsinə qaldırılması məhz Ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. O, istər sovet hakimiyyəti, isərsə də müstəqillik dövründə milli qadın hərakatının formalaşması, genişlənərək institutlaşması üçün böyük işlər görmüşdür. Ulu öndər qadınların rəhbər vəzifələrdə irəli çəkilməsinə xüsusi diqqət verirdi. Qadınlarla bağlı heç bir yığıncağ, iclas, qurultay nəzərindən kənarda qalmırdı. Müsqəilliyimizin ən ağır zamanında belə “Azərbaycan qadınlarının Milli Komitəsinin yaradılması haqqında” Fərman imzaladı. 1998-ci ildə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Xüsusilə, qeyd etmək lazımdır ki, MDB ölkələri içərisində yeganə bizim ölkəmizdə belə bir dövlət qurumu var. Zaman keçdikcə, ölkədə ailə, qadın və uşaq məsələləri kompleks yanaşma tələb etməyə başladı. Və bu zərurət yeni Komitənin yaranmasına səbəb oldu. Möhtərəm Prezident İlham Əliyevin Sərəncamı ilə 2006-cı ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradıldı.
Hazırda cəmiyyətin ictimai-siyasi həyatında və idarəetmə sistemində fəal mövqe tutan qadınlar, müstəqil Azərbaycanın daha da inkişafı, dövlətçilik ənənələrinin möhkəmlənməsi naminə əzmlə çalışırlar. Bu fəallıq Azərbaycan qadınının malik olduğu tarixi ənənələrlə yanaşı, ölkəmizdə həyata keçirilən gender siyasətinin mahiyyətindən - qadınlara cəmiyyətin tamhüquqlu üzvü kimi bütün imkanlardan bərabər istifadə üçün zəruri şəraitin yaradılmasından irəli gəlir.
Bu gün müstəqil Azərbaycan qadınları parlamentdə, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, bələdiyyələrdə, təhsildə, səhiyyədə, ölkə iqtisadiyyatının inkişafında sahibkar kimi biznes strukturlarında, kənd təsərrüfatında, orduda, idmanda, milli təhlükəsizlik və hüquq-mühafizə orqanlarında, İKT sahəsində kişilərlə bərabər rəhbər vəzifələrdə təmsil olunurlar.
Dünyanın bütün məşhur şəxsləri “Hər bir uğur qazanmış kişinin arxasında bir qadın dayanır” fikrini təsdiq edir. Fikrimcə, hər bir uğur qazanmış qadının arxasında ona hərtərəfli dəstək olan kişi dayanır. Və təkcə kişi deyil, bütövlükdə ailə, mənəvi dəyərlərə bağlılıq dayanır. Biz qadınlarımızı hansı obrazda görmək istəyirik? Özünə inamlı, güclü, professional, eyni zamanda, öz ocağının qoruyucusu kimi. Belə bir balans və harmoniya mümkündür. Bu gün bizim qadınlarımız arasında belə nümunələr var. Mehriban xanım Əliyevanın Birinci vitse-prezident təyin edilməsi də cəmiyyətdə qadın iştirakçılığına, bütövlükdə qadına verdiyi önəmin bariz göstəricisidir. Respublikanın Birinci vitse-prezidentiti Mehriban xanım, ailəsinə göstərdiyi qayğı, eyni zamanda, ictimai-siyasi fəaliyyəti, həm də elmi yaradıcılığı ilə Azərbaycan qadınlarına həmişə örnəkdir. Biz çox fəxr edirik ki, ilk Avropa və IV İslam Həmrəyliyi Oyunlarına bizim Birinci xanımımız başçılıq etdi, bu da bir daha dünyaya azərbaycan qadınının yüksək intellektini və peşəkarlığını göstəmiş oldu. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli və səmərəli fəaliyyəti nəticəsində Azərbaycan qadınlarının ölkənin ictimai-siyasi həyatında aktiv iştiraka marağı artmışdır. Adı cəmiyyətimizdə xeyirxahlıq, insanlara kömək, nəciblik məzmunu ilə assosiasiya olunan Mehriban xanım Əliyeva sosial ədalət və humanizm prinsiplərinə sadiqliyinə görə çoxsaylı beynəlxalq mükafatlara layiq görülərək, dünya səviyyəsində Azərbaycan qadınının müsbət obrazının formalaşmasında əvəzsiz rol oynayır. Mehriban xanım ölkəmizdə elmin, təhsilin, mədəniyyətin inkişafı, sosial problemlərin həlli naminə gördüyü fəal işlərlə yanaşı, gender problemlərinin, qadınlara qarşı bütün zorakılıqların, ənənəvi Azərbaycan ailəsinə zidd olan stereotiplərin aradan qaldırılmasına xüsusi diqqət yetirir. Bütün bunlar Mehriban xanım Əliyevanın yüksək siyasi potensiala malik olduğunu təsdiqləyir. Və eyni zamanda, Azərbaycan qadınının modern tələblərə uyğun obrazını nümayiş etdirir. Bu gün müasir qadın hərəkatının yeni prioritetinin müəyyən edilməsi Mehriban xanımın çağırışında öz əksini tapıb: “ Biz bu gün bərabər hüquqlardan bərabər imkanlara keçid siyasətini gerçəkləşdiririk. Mən bu yolda bütün Azərbaycan qadınlarını daha fəal olmağa, öz potensialını genişləndirməyə, cəmiyyətdə öz sözünü deməyə çağırıram”. Bu, Mehriban xanımın qadın hüquqlarının qorunması istiqamətində irəli sürdüyü yeni tendensiyanın əsasıdır.
- Hicran xanım, 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına arzularınız nədir?
- Xanımlarımızı 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə ürəkdən təbrik edirəm. Qoy hər bir gününüz sizə sevinc, şadlıq gətirsin. Ailənizə səadət, fəaliyyət göstərdiyiniz sahədə isə nailiyyətlər arzulayıram. Çünki sizin uğurunuz Azərbaycanın daha da güclənməsi və firavanlığı yolunda bir addımdır. İnanıram ki, qadınlarımız hər zaman istər dövlətimizin inkişafında, xalqımıza məxsus dəyərlər sisteminin yaşadılmasında, istərsə də torpaqlarımızın müdafiəsində əhəmiyyətli töhfələrini verəcəkdir.