MÜSAHİBƏLƏR
Azərbaycanın dinamik inkişafı davamlı xarakter daşıyır
Bahar xanım, bildiyimiz kimi, martın 14-də Milli Məclisin növbəti iclasında Konstitusiyaya uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü ildə fəaliyyətinə dair illik hesabatı dinlənildi. Həm hesabat, həm də müzakirələrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasətin fonunda əldə edilən inkişaf göstəriciləri dolğun surətdə əks olundu. Ümumilikdə, əldə edilən inkişaf göstəricilərini və onun perspektiv tərəqqiyə təsirini necə dəyərləndirirsiniz?
- Azərbaycan son illər ərzində nümayiş etdirdiyi yüksək inkişaf tempi ilə həm yerləşdiyi regionda lider dövlətə çevrilib, həm də beynəlxalq qurumların və dövlətlərin diqqətini özünə cəlb edə bilib. Bu inkişaf göstəriciləri ayrı-ayrı sahələrin paralel tərəqqisi fonunda ötən il də müşahidə olundu. Xüsusu vurğulamaq istəyirəm ki, dünya miqyasında iqtisadi kataklizmlərin, ictimai-siyasi problemlərin mövcud olduğu bir şəraitdə Azərbaycanın öz inkişaf tempini qoruyub saxlaması unikal hadisə kimi qiymətləndirilməlidir. Bu müddət ərzində, həmçinin möhkəm əsaslara söykənən ictimai-siyasi sabitlik qorunub saxlandı, eyni zamanda, idarəetmənin səmərəliliyinin artırılması məqsədilə yeni mexanizmlər tətbiq edildi. Milli Məclisin son sessiyasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü ildə fəaliyyətinə dair illik hesabatı çərçivəsində aparılan müzakirələr zamanı da həyata keçirilən tədbirlər, əldə olunmuş nəticələr olduqca yüksək qiymətləndirildi. Qeyd edim ki, müzakirələrdə gələcək inkişafla bağlı inam ifadə olundu, eyni zamanda, bir sıra təkliflər səsləndirildi. Bir məqama toxunmaq istəyirəm ki, hökumət hesabat zamanı səsləndirilən təkliflərə diqqətlə yanaşır və bu təkliflərin icrası nəticəsində əhəmiyyətli nəticələr əldə edilir. Elə hesabatın bir hissəsi də təkliflərin icrası və əldə edilən nəticələrə həsr olunur ki, bu da parlamentlə hökumətin faydalı işbirliyinə malik olduğunun göstəricisidir.
Hesabat zamanı səsləndirilən fikirlər həm də onu göstərdi ki, ötən müddət ərzində idarəetmənin səmərəliliyinin artırılması məqsədilə də mühüm işlər görülüb. Artıq ayrı-ayrı dövlət qurumlarına, millət vəkillərinə vətəndaşlar tərəfindən edilən müraciətlər kifayət qədər azalıb. Bu, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin, vətəndaşların sosial-məişət problemlərinin aradan qaldırılması istiqamətində görülən işlərin, həyata keçirilən Dövlət proqramlarının və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsinin səmərəli nəticələr verdiyini göstərir. Bütün bunlar, eyni zamanda, vətəndaş-məmur münasibətlərinə müsbət təsir göstərir, mövcud problemlərin bürokratik əngəllərə məruz qalmadan həll edilməsini təmin edir.
Müzakirələr çərçivəsində bütün bu məqamlar vurğulandı və əldə edilmiş inkişaf göstəricilərindən məmnunluq ifadə edildi. Hətta müəyyən tənqidi fikirlər səsləndirənlər də hökumətin səmərəli fəaliyyəti nəticəsində əldə olunmuş müsbət göstəriciləri yüksək qiymətləndirdilər. Ümumi qənaət ondan ibarətdir ki, pozitiv göstəricilər gələcək inkişaf üçün müəyyən olunmuş hədəflərə daha tez çatmağa imkan verir. Bir sözlə, Azərbaycan inkişaf yolunda uğurla irəliləyir, beynəlxalq miqyasda öz mövqeyini davamlı olaraq möhkəmləndirir. Bu gün Azərbaycan beynəlxalq arenada dinamik inkişaf tempinə malik olan, ictimai-siyasi sabitliyin təşəkkül tapdığı ölkə və etibarlı tərəfdaş kimi tanınır. Milli dövlətlər, beynəlxalq təşkilatlar Azərbaycanla əməkdaşlığa xüsusi önəm verirlər. Məhz bu əməkdaşlıqdan bəhs edərkən ötən il əldə edilmiş mühüm bir göstəriciyə nəzər salmaq istəyirəm. Bəlli olduğu kimi, ötən il XXI əsrin layihəsi olan – "Şahdəniz-2" üzrə yekun investisiya qərarı imzalandı və bu, uzunmüddəti tərəfdaşlığın təməlinin atılması idi. Əgər "Əsrin müqaviləsi" iqtisadi dirçəlişin əsasını qoymağa və digər ölkələrlə bərabərhüquqlu tərəfdaşlıq münasibətlərinin formalaşmasına xidmət edirdisə, əminliklə söyləyə bilərəm ki, bu proyekt Azərbaycanın davamlı inkişafına mühüm töhfələr verəcək, ölkəmizin səmərəli beynəlxalq əlaqələrinə müsbət təsir göstərəcək layihədir. Bu layihə, eyni zamanda, gələcək üçün strateji stimul kimi qiymətləndirilə bilər.
Beləliklə, ötən ilin inkişaf göstəriciləri, qarşıya qoyulmuş hədəflər cari ildə də ölkəmizin sürətli tərəqqisinin davam edəcəyini deməyə əsas verir. Bir sözlə, Azərbaycanın dinamik inkişafı davamlı xarakter daşıyır.
- Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasında 2014-cü ilin "Sənaye ili" elan edilməsi ilə bağlı Tədbirlər Planı təsdiq edildi. "Sənaye ili" çərçivəsində görüləcək strateji xarakterli tədbirlərin ümumi inkişafa verəcəyi töhfələr barədə nə deyə bilərsiniz?
- Məlumdur ki, ölkəmizdə həm aqrar sektorun, həm də sənayenin inkişafı üçün kifayət qədər potensial var. Biz həm insan resurslarımızı, həm təbii sərvətlərimizi, həm də ayrı-ayrı sahələrdəki potensialı səfərbər etməklə sənayenin davamlı inkişafını təmin edə bilmişik. Cənab Prezident İlham Əliyevin "Sənaye ili" çərçivəsində bu sektorun inkişafına dair strateji əhəmiyyətli vəzifələri qarşıya qoyması təsadüfi xarakter daşımır, bu, əldə edilən inkişafa, zəngin potensiala, inkişaf naminə həyata keçirilən tədbirlərə söykənir. Məlum olduğu kimi, ötən il bir sıra sənaye müəssisələri istifadəyə verildi, sənayenin inkişafı üçün əsaslı tədbirlər görüldü. Bu il isə sənayenin inkişafı istiqamətində konkret layihələrin həyata keçirilməsi nəzərdə tutulub ki, bu da Azərbaycanın sənaye ölkəsi kimi əhəmiyyətli inkişaf göstəriciləri əldə etməsinə təkan verəcək. Xüsusilə də kosmik sənayenin inkişaf etdirilməsi, yüksək texnologiyaların tətbiq edilməsi yönündə əhəmiyyətli nəticələrin əldə edilməsi gözlənilir. Təsadüfi deyil ki, bu sahənin müəyyən müddətdən sonra neft-qaz ehtiyatlarına bərabər gəlirlər gətirəcəyi proqnozlaşdırılır.
Ümumilikdə isə, Tədbirlər Planı qısa müddətdə səmərəli nəticələrin əldə edilməsini hədəf kimi müəyyənləşdirmiş inkişaf konsepsiyası olaraq qiymətləndirilə bilər.
- İdarəetmənin səmərəliliyindən bəhs etmişkən, sirr deyil ki, ölkəmizdə bu istiqamətdə sistemli tədbirlər görülür, eyni zamanda, korrupsiya, rüşvətxorluq, məmur özbaşınalığı kimi neqativ hallara qarşı prinsipial mübarizə aparılır. Bu barədə düşüncələrinizi bilmək istərdik...
- Qeyd etdik ki, Azərbaycan ictimai-siyasi sabitliyin təmin olunduğu, sürətli inkişafa malik olan ölkələr sırasında yer alır. Bütün bunlarla yanaşı, müxtəlif sahələrdəki problemlər də ən yüksək səviyyədə davamlı olaraq gündəmə gətirilir və onların həlli dövlətin qarşısında duran başlıca vəzifələrdəndir. Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında, həmçinin Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunmuş konfransdakı çıxışları zamanı Prezident İlham Əliyev ümumi inkişafa mane ola biləcək neqativ hallara xüsusi olaraq toxundu və bu cür halların aradan qaldırılmasının zəruriliyini bildirdi. Məhz bu vəzifəyə müvafiq olaraq əhəmiyyətli tədbirlər həyata keçirilir və neqativ hallara qarşı ciddi mübarizə mexanizmi formalaşdırılıb.
Ümumiyyətlə, demək olar ki, bütün cəmiyyətlərdə rüşvətxorluq, korrupsiya, məmurların öz vəzifə səlahiyyətlərindən sui-istifadə etmələri kimi neqativ hallar mövcuddur. Əsas olan məqam bu cür mənfi hallarla hansı ciddiliklə və necə mübarizə aparılmasıdır. Ölkəmizdə də sadaladığımız neqativ hallarla ciddi və qətiyyətli mübarizə aparılır, bu istiqamətdə üstün siyasi iradə nümayiş etdirilir. Bu, bütövlükdə, vətəndaşların dövlətə inamını daha da artırır və mövcud problemlərin çevik, səmərəli həllini mümkün edir. Bu, eyni zamanda, onu göstərir ki, dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır.
Eyni zamanda, ölkə rəhbəri qəti siyasi iradə nümayiş etdirməklə yanaşı, həm də bu cür hallarla birlikdə mübarizə aparmaq üçün cəmiyyət üzvlərinə açıq çağırışlar edir. Bu, bir tərəfdən, ictimai nəzarət mexanizminin gücləndirilməsinə, digər tərəfdən, ümumi inkişafa xidmət göstərir.
- Son zamanlar ölkəmizdə dinin siyasiləşdirilməsi, yaxud dindən siyasi vasitə kimi istifadə olunması hallarına rast gəlinir. Ümumiyyətlə, Azərbaycanda dini vəziyyəti və bu cür hallara qarşı aparılan mübarizəni necə dəyərləndirirsiniz?
- Sirr deyil ki, Azərbaycan dünyaya tolerantlıq modeli bəxş edib. Ölkəmizdə hər zaman insanların bir-birilərinə qarşı dini və milli mənsubiyyətlərindən asılı olmayaraq çox müsbət və tolerant münasibətləri mövcud olub. Bu ənənə hazırkı dövrdə də qorunub saxlanır. Eyni zamanda, hər bir vətəndaş öz etiqad azadlığından sərbəst şəkildə - qanunlara müvafiq olaraq istifadə edə bilir.
Lakin təəssüflər olsun ki, dini zəmində bəzən mənfi hallara rast gəlinir – ya dindən siyasi vasitə kimi istifadə olunur, ya da ayrı-ayrı dini qruplaşmalar, təriqətlər milli maraqlara və ictimai dəyərlərə zidd əməllərlə çıxış edirlər. Bu, əslində, bir çox cəmiyyətlərə xas haldır. Hətta ayrı-ayrı ölkələrdə dini zəmində qarşıdurma və ziddiyyət yaradılması cəhdlərinə rast gəlinir. Müəyyən dini təriqətlərə qoşulmuş şəxslər, xüsusilə də gənclər ayrı-ayrı ölkələrə gedərək silahlı mübarizələrə qoşulurlar. Şübhəsiz, dövlət bu istiqamətdə müvafiq tədbirlər görür. Həm cinayət məsuliyyətinin müəyyən olunması, həm də dini maarifləndirmə işinin ardıcıl olaraq aparılması təqdirəlayiq hal kimi qiymətləndirilə bilər.
Qeyd edim ki, mübarizə çərçivəsində dini siyasəti həyata keçirən müvafiq dövlət strukturları səmərəli tədbirlər görürlər – yerlərdə vətəndaşlarla, ayrı-ayrı dini icmaların nümayəndələri ilə görüşlər keçirilir, eyni zamanda, dini maarifləndirmə işi uğurla aparılır. Həmçinin dini icmaların fəaliyyətinə nəzər yetirilir, spesifik problemlər müəyyən olunur və müvafiq işlər görülür.
Onu da vurğulamaq istəyirəm ki, bu cür hallarla mübarizədə mətbuatın, xüsusilə də sosial medianın rolu və fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Şübhəsiz, mətbuat bu məsələyə xüsusi diqqət yetirməli, öz informasiya siyasətini milli maraqlara və ictimai dəyərlərə uyğun həyata keçirməlidir. Eyni zamanda, sosial şəbəkələrdə bu məsələlərlə bağlı maarifləndirici məlumatlar paylaşılmalı və ciddi müzakirə platformaları yaradılmalıdır. Beləliklə, bütün imkanlar dəyərləndirilməli və dövlət strukturları ilə ictimaiyyət nümayəndələri birgə, koordinasiya olunmuş formada işləməlidirlər.
- Siyasi palitranın autsayderinə çevrilmiş radikal müxalifət yenə də anti-milli çağırışlarla çıxış edir, hətta bir sıra ölkələrdə baş verən ictimai-siyasi kataklizmləri mətbuat üzərindən Azərbaycana transfer etməyə çalışır...
- Radikal müxalifətin özünün fəaliyyəti elə mətbuat üzərindədir. Çünki onlar nə normal – səmərəli fəaliyyətə, nə də sosial dəstəyə malikdirlər. Ümumiyyətlə, cəmiyyət radikalizmi qəbul etmir, ona görə də radikal müxalifət xalqdan heç bir dəstək ala bilmir.
Azərbaycan müstəqillik əldə etdikdən sonra mövcud mühitdən istifadə olunaraq bir sıra siyasi cərəyanlar yarandı. Təəssüflər olsun ki, bu sırada radikallar da özlərinə yer tutdu. O zamankı hakimiyyət boşluğunun nəticəsində radikal düşərgə nümayəndələri özləri iqtidar oldular. Amma onlar nəinki xalqın dəstəyini qazana bilmədilər, hətta qısa müddət sonra cəmiyyət tərəfindən qəbul edilmədilər. Hadisələr göstərdi ki, Azərbaycan cəmiyyəti radikalizmi tamamilə inkar edir. Amma radikal müxalifət başqa yol və vasitə bilmədiyindən, həmçinin normal fəaliyyət mexanizminə malik olmadığından dağıdıcılıqdan imtina etmədi. Odur ki, bu gün cəmiyyətdən dəstək ala bilməyənlər bu dəstəyi ölkə sərhədlərindən kənarda axtarır, bu və ya digər dairələrə üz tuturlar. Məsələn, bəzi ölkələrdə baş verən dağıdıcı hadisələrin, ictimai-siyasi katakizmlərin surətini qiyabi olaraq – mətbuat üzərindən Azərbaycana köçürməyə çalışır, antimilli çağırışlarla çıxış edirlər. Lakin anlamırlar ki, nə Ukraynada, nə də ərəb ölkələrində baş verən hadisələri süni şəkildə Azərbaycana köçürmək mümkün deyil. Çünki hər bir ölkənin özünəməxsus ictimai-siyasi reallıqları mövcuddur və proseslər, hadisələr bu reallıqlar əsasında baş verir. Azərbaycan dinamik inkişafa və möhkəm ictimai-siyasi sabitliyə malik olan ölkədir. Həmçinin xalqın mütləq əksəriyyəti ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasətini dəstəkləyir. Başqa sözlə, xalq-iqtidar birliyi milli inkişafımızın əsasını təşkil edir. Ona görə də ölkəmizdə bu cür cəhdlər heç bir nəticə verə bilməz.
Nəticə etibarilə, radikal müxalifət sosial dayağa və praqmatik fəaliyyətə malik olmadığından siyasi səhnədən çəkilməlidir. Biz bunu beynəlxalq təcrübədə - bir çox ölkələrin nümunəsində müşahidə etmişik. Bu, artıq mütləq zərurət kimi çıxış edir.