YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

2017-ci il mühüm iqtisadi hadisələrlə yadda qaldı

Müsahibimiz YAP Siyasi Şurasının üzvü, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov

- Aydın müəllim, başa çatmaqda olan 2017-ci ili ölkəmizin sosial-iqtisadi həyatı baxımından necə qiymətləndirərdiniz?

- Azərbaycanın iqtisadi-siyasi uğurlarını əsaslandıran əsas amillər möhkəm siyasi sabitliyin olması, iqtisadiyyatın şaxələndirilməsi ilə əhatəli islahatların həyata keçirilməsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu iqtisadi inkişaf modeli ölkəmizin dayanıqlı iqtisadi yüksəlişini təmin etməkdədir. Qlobal böhranın hələ də davam etdiyi şəraitdə Azərbaycan özünün stabil inkişafını qoruyub saxlayıb, neft gəlirlərindəki azalmalara baxmayaraq şaxələndirilmiş iqtisadiyyatın digər istehsal sahələrində artım hesabına milli gəlirin həcminin artımını təmin edib.

2017-ci ilin ötən 11 ayında ölkəmizin sosial-iqtisadi inkişafı davam edib, iqtisadi siyasətin prioritet istiqamətləri olan makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, regionların tarazlı inkişafı, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması və digər sahələrdə əhəmiyyətli irəliləyişlərə nail olunub, əhalinin rifah halının daha da yüksəldilməsi təmin edilib. Cari ilin yanvar-noyabr aylarında ölkədə 63071,3 milyon manat və ya əhalinin hər nəfərinə 6481,8 manat məbləğində ümumi daxili məhsul istehsal olunub. İqtisadiyyatın qeyri-neft bölməsində istehsal olunmuş əlavə dəyər əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,4 faiz artıb. Həmçinin, bu dövrdə ölkədə 35,7 milyard manatlıq sənaye məhsulu istehsal edilib. Məhsul istehsalı sənayenin qeyri-neft sektorunda 3,5 faiz artıb.

Ötən 11 ay ərzində ölkəmizə yatırılan sərmayələrin də artımı təmin edilib. İqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş sərmayələrin həcmi 13 milyard 688,4 milyon manat təşkil edib. Həmin vəsaitin 6051,7 milyon manatı və ya 44,2 faizi qeyri-neft sektoruna yönəldilib. Qeyri –neft bölmələrinə yönəlmiş investisiyaların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 8,5 faiz artıb. İxrac məhsullarının həm çeşidi, həm də coğrafiyasının şaxələndirilməsi öz mühüm təsirini göstərib. Ölkəmizin xarici ticarət dövrriyyəsi artıb, əmttə dövriyyəsində müsbət saldo yaranıb. 2017-ci ilin 11 ayı ərzində qeyri-neft sektoru üzrə ixrac 1 milyard 387 milyon dollar həcmində olub. Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması məqsədilə və “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi genişlənib.  

Maliyyə sabitliyinin güclənməsi, səmərəli valyuta siyasətinin həyata keçirilməsi nəticəsində valyuta bazarının sabitləşməsi və manatın öz dəyərini möhkəmləndirməsidir. bu siyasətin mühüm uğuru olaraq ölkəmizin strateji valyuta ehtiyatları 1 milyard dollardan artıq çoxalıb. Bu, çox mühüm haldır və 2015-ci ildən sonra stratreji maliyyə rezervlərinin azalmasının tam dayandırılması və valyuta ehtiyatlarının artımının təmin olunmasıdır. Bu tendensiaya ölkəmizin güclü iqtisadi təhlükəsizlik yastığının olmasını göstərir və qlobal böhran şəraitində ən sabit və dayanıqlı maliyyə siyasəti yürütdüyünü təsdiqləyir.

- Regionların inkişafı ilə bağlı yürüdülən siyasəti necə dəyərləndirərdiniz?

- “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın uğurlu icrası ölkə iqtisadiyyatın şaxələndirilməsi siyasətinin güclənməsinə, qeyri-neft sektorunun və regionların inkişafının davamlılığının təmin edilməsinə, infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılmasına, ümumilikdə bölgələrin hərtərəfli inkişafı sahəsində əhəmiyyətli dəyişikliklərə səbəb olub. İqtisadi inkişafının dayanaqlığının təmin olunması, tarazlı və hərtərəfli inkişafını təmin edən strateji proqramlar öz uğurlu nəticələrini göstərməkdədir. Sosial infrastruktur yeniləşir, bu amillər Azərbaycanın iqtisadiyyatın tarazlı inkişafında, əhalinin həyat səviyyəsinin yaxşılaşmasına öz mühüm töhfəsini verməkdədir.
2017-ci ilin ötən 11 ayı ərzində hərtərəfli regional inkişaf təmin edilib, 85 min yeni iş yerinin yaradılıb. Sosial infrastruktur yeniləşir, bu amillər Azərbaycanın iqtisadiyyatın tarazlı inkişafında, əhalinin həyat səviyyəsinin yaxşılaşmasına öz mühüm töhfəsini verməkdədir. Eyni zamanda, Azərbaycanın beynəlxalq mövqeyi əhəmiyyətli dərəcədə möhkəmlənib. Həyata keçirilən iqtisadi və sosial layihələr respublikamızın beynəlxalq iqtisadi mövqeyinin güclənməsinə səbəb olub. Ölkəmizdə 250 mindən artıq yeni iş yeri yaradılıb.
Ötən dövrdə sənaye və texnologiyalar parklarının, sənaye məhəllələrinin yaradılması istiqamətində ciddi addımlar atılıb, kimya, təkrar emal, gəmiqayırma, yüksək texnologiyalar, yüngül sənaye, əczaçılıq sahələrində ixtisaslaşmış sənaye və texnologiyalar parklarınən yaradılması davam etdirilir. Regionlarda kiçik və orta sahibkarlığın genişləndirilməsi, yerli ehtiyatlardan səmərəli istifadə etməklə sənaye sahələrinin inkişaf etdirilməsi, sahibkarlar arasında kooperasiya əlaqələrinin gücləndirilməsi, məşğulluqda sənayenin xüsusi çəkisinin artırılması baxımından sənaye məhəllələrinin yaradılması xüsusi önəm kəsb edir. İlk sənaye məhəlləsi olan Neftçala Sənaye Məhəlləsi cənab Prezidentin iştirakı ilə bu ilin sentyabrın 24-də istifadəyə verilib. Masallı Sənaye Məhəlləsində hazırda tikinti işləri aparılır. Eləcə də, bölgələrdə Aqroparkların yaradılması işləri davam etdirilir.

- 2017-ci il Azərbaycanın enerji sahəsində yürüdülən siyasəti necə dəyərləndirmək olar?

- Yola saldığımız il enerji sahəsində mühüm uğurların əldə olunması baxımından da faydalı hesab edilə bilər. Bu gün Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan ən mühüm layihələrdən olan, Azərbaycanın təşəbbüsü və liderliyi ilə həyata keçirilən, Prezident İlham Əliyevin "XXI əsrin layihəsi" adlandırdığı "Cənub qaz dəhlizi" layihəsi ölkəmizi Avropanın böyük təbii qaz təchizatçılarından birinə çevirməkdədir. Artıq "Cənub qaz dəhlizi" layihəsi çərçivəsində "Şahdəniz-2" qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə işlərin 96 faizi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi üzrə işlərin 98 faizi, TANAP layihəsi üzrə işlərin 82 faizi, TAP-ın inşası üzrə isə 53 faizi icra edilmişdir. Hazırda inşaat işləri davam etdirilir. Cari ilin sentyabrında cənab İlham Əliyevin müəllifi olduğu Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının dərinliklərində yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş sazişin imzalanması Azərbaycanın gələcək inkişafı, maliyyə imkanlarının genişləndirilməsi üçün mühüm əhəmiyyət kəsb edir.

- Azərbaycanın tranzit potensialının artırılması istiqamətində hansı addımlar atılmaqdadır?

- Əlverişli coğrafi mövqeyi olan Azərbaycanın tranzit potensialının reallaşdırılması Prezident İlham Əliyevin iqtisadi diversifikasiya siyasətində mühüm yer tutur. Dövlət başçısının Azərbaycanın nəqliyyat infrastrukturunun müasir dünya standartlarına uyğunlaşdırılması, tranzit potensialının daha da artırılması ilə bağlı həyata keçirdiyi dövlət siyasəti və qlobal miqyaslı təşəbbüsləri ölkəmizin sosial-iqtisadi inkişafına əsaslı töhfə verməklə, Azərbaycanı mühüm nəqliyyat qovşağına və dəhlizlərin keçdiyi məkana çevirməkdədir. Ötən dövrdəAzərbaycanın tranzit imkanlarının reallaşması üçün iri layihələr reallaşdırılmaqdadır. Bu istiqamətdə Beynəlxalq Dəniz Limanının və Gəmiqayırma Zavodunun tikintisi, TRASECA, Şimal-Cənub, Şərq-Qərb dəhlizləri çərçivəsində görülən işlər, digər nəqliyyat layihələrinin icrası ötən dövrdə uğurla davam etdirilib.

2017-ci ildə regiona üçün ən əlamətdar hadisələrdən biri - Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılışını xüsusilə qeyd etmək olar. Cari il oktyabrın 30-da Azərbaycan, Gürcüstan və Türkiyə Avrasiya məkanı üçün yeni yüksəliş və uzunömürlü rifah layihəsi olan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttini istifadəyə verdi. Qədim İpək Yolunun polad magistrallar üzərində bərpası olan dünya əhəmiyyətli bu layihənin gerçəkləşməsi ilə regionda ən nəhəng kommunikasiya dəhlizlərindən biri geosiyasi tarixə vəsiqə aldı. Layihənin müəlliflərindən biri olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin vurğuladığı kimi strateji əhəmiyyət daşıyan Bakı-Tbilisi-Qars dəmir yolu Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilməkdədir. BTQ geosiyasi, geoiqtisadi və tarixi baxımdan dünyanın yenidən cızılan çoğrafiyasında özünə mühüm yer tutmaqla trans-kommunikasiya qovşaqlarının ən rentabelli və dayanıqlı həlqəsini təşkil edəcək.

- İslahatları Azərbaycanın beynəlxalq reytinqinə təsiri baxımından necə şərh etmək olar? 

- Aparılan islahatlar Azərbaycanın beynəlxalq reytinqinin güclənməsinə səbəb olmaqdadır. Dünya Bankı 190 ölkənin biznes mühitini qiymətləndirən "Doing Business 2018" hesabatını açıqlayıb. Hesabata əsasən, Azərbaycan 8 pillə irəliləyərək 57-ci mövqeyə yüksəlib. Azərbaycanın mövqeyinin dünyanın ən mötəbər reytinqlərdə irəliləməsi aparılan kompleks iqtisadi islahatlar siyasətinə beynəlxalq ictimaiyyət tərəfindən verilən yüksək qiymətdir. “zərbaycanın mövqeyinin ötən illə nisbətdə daha da yaxşılaşmasına bir sıra mühüm amillər, o cümlədən  2016-cı və 2017-ci illərdə aparılan islahatlar öz müsbət təsirini göstərib. Biznes sektorunda sənədləşmə işlərinin sadələşdirilməsi və şəffaflığın təmin olunması, sahibkarların mənafeyinə xidmət edən yeni qaydaların qüvvəyə minməsi, xarici ticarətlə bağlı prosedurların asanlaşdırılması, idxal-ixrac əməliyyatlarının sadələşdirilıməsi, vergi sistemində kiçik və orta sahibkarlığın inkişafını stimullaşdıran mühüm addımların atılması, vergi ödəyicilərinin hüquqlarının qorunması, xidmət səviyyəsinin yaxşılaşdırılması və həyata keçirilən digər tədbirlərin nəticəsi hesab oluna bilər.

- Azərbaycan 2018-ci ildə hansı makrossenariləri həyata keçirməyi hədəfləyib və cari ildə siyasi-iqtisadi vəziyyəti necə proqnozlaşdırmaq olar?

- Prezident İlham Əliyev Azərbaycanın 2018-ci il üçün iqtisadi prioritetləri barədə danışarkən qeyd edib ki, hazırda iqtisadi siyasətin prioritetləri iqtisadiyyatın daha da şaxələndirilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsidir. Dövlət başçısı biznes mühitinin yaxşılaşdırılması istiqamətində çox ciddi addımlar atılması, 2018-ci ildə bu istiqamətdə mühüm işlər görülməsi, dövlət investisiya layihələrinin icra olunması, inflyasiyanın birrəqəmli həddə saxlanılması və süni qiymət artımına yol verilməməsi üçün ciddi tədbirlərin görülməsini də müvafiq qurumlar qarşısında mühüm vəzifə kimi qoyub. Bank sektorunda islahatların aparılması, konsolidasiya siyasətinin davam etdirilməsi barədə konkret vəzifələr müəyyən edilib. Eyni zamanda, ölkəmizin sənaye potensialının artırılması, bölgələrdə sənaye zonalarının, fermer təsərrüfatlarının yaradılması prosesinin aparılması, aqrar sahəyə dövlət dəstəyinin artırılması istiqamətində digər layihələrin həyata keçirilməsinin zəruriliyi qarşıya məqsəd qoyulub.

Azərbaycanın inkişafını təmin edən digər fundamental bir faktor ali maliyyə  sənədi olan dövlət büdcəsidir. 2018-ci ilin büdcəsi təmkinli, praqmatik ssenarilərə əsaslanır və əsas məzmunu iqtisadi inkişafın dayanıqlılığını təmin etmək, güclü sosial islahatların əhatəsini genişləndirmək, bununla da, insanların rifahinin ən yüksək səviyyəyə çatdırmaqdır. Bu sahədə möhkəm bünövrə qoyulub və insanların etibarlı və layiqli həyatının təmin edilməsi üçün dövlət büdcəsində sosial məsələlər ön planda dayanır. Büdcə eyni zamanda, daxili investisiyalar, sahibkarlıq, qeyri-neft sektorunun inkişafında əsas rol oynayan sənaye, kənd təsərrüfatı, İKT, turizmin inkişafı üçün əsas maliyyə mənbəyidir. Eyni zamanda, dövlətin bu sahəyə yönəltdiyi vəsaitlər mühüm iqtisadi və sosial layihələrin icrası üçün xüsusi rol oynayır. Həmin layihələrin icrası isə minlərlə insanın işlə təmin olunması deməkdir.