YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Azərbaycanda qeyri-neft sektorunun inkişaf dinamikası məmnunluq doğurur

Müsahibimiz Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev

- Tahir müəllim, məlumdur ki, Azərbaycanın hərtərəfli inkişafında Ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası müstəsna əhəmiyyət kəsb edir. Neft strategiyasının tərkib hissəsi olaraq sentyabrın 14-də Bakı şəhərində “Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə yeni Saziş imzalandı. Sizcə, bu Saziş Azərbaycan dövləti üçün hansı perspektivlər vəd edir?

- Yeni Saziş nəinki Azərbaycanın, bütövlükdə regionun iqtisadi-siyasi həyatında çox mühüm və tarixi hadisə oldu. Ümumiyyətlə, 1994-cü ildə imzalanmış «Əsrin müqaviləsi» çərçivəsində ötən illər ərzində həyata keçirilən tədbirlər və əldə olunan nailiyyətlər xarici neft və qaz şirkətlərinin marağını ölkəmizə daha da artırdı. Bu da iqtisadiyyatımız, eləcə də neft sənayesinin inkişafı üçün geniş imkanlar açıb. Təməli Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan «Əsrin müqaviləsi» ötən illərdə uğurla həyata keçirilib və sosial-iqtisadi yüksəlişimizin demək olar ki, bünövrəsi olub.

Əlbəttə ki, bu müqavilənin imzalanması Ulu öndər Heydər Əliyevin dediyi kimi Azərbaycanın suveren hüquqlarının bərqərar olmasını, ölkəmizin özünün təbii  sərvətlərinin sahibinə çevrilməsinin bir daha göstəricisi oldu. Sözsüz ki,  bu müqavilə çox əhəmiyyətlidir. Yeni  saziş də «Əsrin müqaviləsi» qədər əhəmiyyətlidir. Bu saziş imzalandıqdan sonra xarici investorlar tərəfindən 3,6 milyard dollar bonus ödəniləcək. Sazişdə SOCAR-ın payı 25 faizə qaldırılır. Eləcə də, Azərbaycan üçün mənfəət nefti 75 faiz təşkil edəcək. Yəni imzalanan yeni saziş ölkəmizin gələcəyi üçün çox əhəmiyyətlidir.

«Əsrin müqaviləsi»nin imzalanmasından  23 il ötür. Buna baxmayaraq, həmin neft yataqlarında yüz milyonlarla ton neft ehtiyatlarının olması proqnozlaşdırılır. Bu neftin hasil olunması nəzərdə tutulur ki, bu da Azərbaycan üçün böyük gəlir deməkdir. Təbii ki, Ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurla həyata keçirilməsi bilavasitə Prezident İlham Əliyevin adı ilə bağlıdır. «Azəri», «Çıraq» və «Günəşli» yataqları üzrə yeni sazişin imzalanması da Prezident İlham Əliyevin həyaat keçirdiyi uğurlu siyasətlə birbaşa əlaqədardır.

Bilirsiniz ki, dünyada neftin qiymətinin aşağı düşməsi neft gəlirlərini müəyyən qədər  azaldıb. Amma bu o demək deyil ki, Azərbaycanın neft sənayesinin  inkişafı da  zəifləyəcək. Neft bizim milli sərvətimizdir, ondan gələcəkdə də  istifadə edəcəyik. Müqavilənin 2050-ci  ilədək uzadılması da onu göstərir ki, neft ölkəmizin iqtisadiyyatının inkişafında bundan sonra da mühüm rol oynayacaq.

- Neft gəlirləri ölkəmizin sosial-iqtisadi inkişafında mühüm rol oynayır. Bu baxımdan, regionların inkişafında nə kimi nailiyyətlər əldə olunub?

- Ümumiyyətlə, neft gəlirləri dinamik olaraq ölkəmizin sosial-iqtisadi həyatının yüksəlməsinə sərf olunub . Bu da çox təbii və düzgün yoldur. «Əsrin müqaviləsi»nin imzalandığı 1994-cü ildən keçən dövr ərzində Azərbaycan tamamilə dəyişib. Ölkəmizin beynəlxalq aləmdə nüfuzu artıb, Azərbaycan dünyada söz sahib olan dövlətdir. Eyni zamanda, iqtisadiyyatımız dəfələrlə yüksəlib. Təbii ki, bu inkişafın əldə olunmasında neft gəlirlərinin düzgün xərclənməsi də mühüm rol oynayır. Bəzi müxaliflər iddia edirdilər ki, neft gəlirləri düzgün istifadə olunmur. Amma onların iddialarında heç bir məntiq yoxdur. Çünki, ötən dövr ərzində yalnız və yalnız inkişaf etmişik.

 2004-cü ildən Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları həyata keçirilir. Artıq üçüncü dövlət proqramı icra olunmaqdadır. Bu proqramlar çərçivəsində nəinki böyük şəhərlər inkişaf edib, eləcə də,  ən ucqar kəndlər də bu inkişafdan bəhrələnir. Məhz uğurlu siyasətin nəticəsidir ki, bu gün bölgələrdə insanlar qaz, su, işıq, yol məsələsində çətinlik çəkmirlər. Yəni bölgələrimiz sürətlə inkişaf edir, bunun nəticəsind də insanlar regionlarda rahat, firəvan  yaşayırlar.

Bir çox bölgələrdə sənaye müəssisələri fəaliyyət göstərir. Əgər işıq, qaz, yol infrstrukturu yoxdursa, biz kənddə hansı sənaye müəssisəsi yarada bilərdik? Ona görə də, neft gəlirləri bu sahələrin inkişafına yönəldildi ki, bu da çox düzgün siyasətdir.

Yeni mərhələdə qeyri-neft sektorunun inkişafı üçün mühüm addımlar atılır. Cənab Prezidentin bölgələrdə keçirdiyi müşavirələr qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının inkişafına xidmət edir. Əvvəllər bu sahələr inkişaf edə bilmirdi, çünki infrastruktur yox idi. Bu gün isə geniş imkanlar var. Sahibkarlara güzəştli kreditlər verilir ki, onlar da regionların sosial-iqtisadi inkişafında yaxından iştirak edirlər. Bütün bunların nəticəsində yüz minlərlə yeni iş yerləri açılıb ki, bu da  insanların rifahının yüksəlməsinə xidmət edir. Pambıq, fındıq, barama, çayçılıq, tütünçülüyün  inkişaf ilə bağlı xeyli iş yeri açılıb.  Bu məhsullar ölkəyə valyuta gətirir. Məqsəd odur ki, yerli məhsularımız xarici bazarlara çıxarılsın. Biz idxaldan asılılığı aradan qaldırmalıyıq. Bu məsələdə kənd təsərrüfatının böyük potensialı var.  Göründüyü kimi, ölkəmizdə  neft sektoru ilə yanaşı digər sahələr də inkişaf edir. Bu istiqamətdə görülən işlər qarşıdakı illərdə daha böyük  səmərə verəcək.

- Regionların sosial-iqtisadi inkişafı təmsil etdiyiniz Ağcabədi rayonunda özünü necə göstərir?

- Əgər son 13 ildə respublikada 3 mindən çox məktəb, 600-dən artıq xəstəxana tikilibsə, 11 min kilometr yol çəkilibsə, bunlar Ağcabədi rayonunun  timsalında da aydın görünür. Son 13 ildə rayonumuzda 45-dən çox  məktəb tikilib və ya əsaslı təmir olunaraq istifadəyə verilib. Rayonda müasir standartlara cavab verən 205 çarpayılıq xəstəxana tikilib. Artıq 44 kəndi, 1 qəsəbə və  1 şəhəri  əhatə edən yollar asfaltlaşdırılıb. 22 kənd yolu tam asfaltlaşdırılıb. Eləcə də, iri emal müəssisələri yaradılıb. «Atena» müəssisəsi buna nümunədir. Pilot taxılçılıq təsərrüfatı yaradılıb ki, hektara 50 sentner məhsul verir.

Bütövlükdə rayonda bu il hər hektardan 46 sentner taxıl, 17 ton barama götürülüb. Ağcabədi keçən il pambıq yığımı üzrə ölkədə birinci oldu, hər hektara 24 sentnerdən artıq pambıq yığıldı.  Bu il isə əkilən pambıq sahələri daha da artıb və hazırda yığım gedir. Sovetlər dövründə rayonumuz 100 min tona qədər pambıq istehsal edib. Yəni, bu baxımdan, rayonumuzun potensialı böyükdür.  Bütün bunlarla yanaşı, Ağcabədidə xidmət sahələri də artıb, digər sahələr də inkişaf edib, bütövlükdə sosial-iqtisadi məsələlər uğurla öz həllini tapır.

- Hazırda ölkəmizdə qeyri-neft sektorunun inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bu faktor respublikamızın ixrac potensialının artırılmasına necə təsir göstərəcək?

- Əlbəttə ki, bu sahənin potensialı yüksəkdir. Bu baxımdan, bölgələrin də ixtisaslaşdırılması lazımdır. Çünki ayrı-ayrı regionların spesifik xüsusiyyətləri var. Ona görə də, ixtisaslaşma mütləq getməlidir və gedir. Bu gün bölgələrdə aqroparklar, sənaye parkları və zonaları yaradılır. Ümumilikdə, ötən ilin əvvəlindən etibarən ölkəmizin mənzərəsi yeni iqtisadi şəraitin meydana çıxartdığı çağırışlara uyğun həyata keçirilən dərin iqtisadi islahatlarla səciyyələnir. Bu islahatlar iqtisadi sektora aid prioritet istiqamətləri əhatə etməklə ümumi inkişafa daha effektiv təsir göstərir. Ölkədə aparılan islahatlar sayəsində Azərbaycanın bir sıra spesifik cəhətləri ilə səciyyələnən yeni iqtisadi inkişaf modeli formalaşıb. O cümlədən burada daxili resurslara, regionlar üzrə tarixən formalaşan ənənələrə istinad edilməsini, yeni çağırışların, müasir inkişaf tendensiyalarının nəzərə alınmasını xüsusi qeyd etmək lazımdır. Azərbaycanın inkişaf modelinin ən səciyyəvi cəhəti isə respublikada qeyri-neft sektorunun üstün inkişafının təmin olunması və yerli istehsalın güclü şəkildə təşviq edilməsi ilə bağlıdır. Ölkəmizin qlobal iqtisadi şokların təsirinə yüksək dayanıqlıq nümayiş etdirməsi ilk növbədə onunla şərtlənir ki, son illərdə respublikamızda qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində məqsədyönlü siyasət aparılıb və neftdən asılılıq əhəmiyyətli dərəcədə aradan qaldırılıb. Məhz belə məqsədyönlü siyasət sayəsində son illərdə Azərbaycanda qeyri-neft sektorunun inkişafının neft sektorunun artım dinamikasını üstələməsi məmnunluq doğurur.

Bilirsiniz ki, regionlarda sənaye mərkəzlərinin yaradılması istiqamətində böyük işlər gedir. Məsələn, Mingəçevir sənaye parkında istehsal olunan məhsullar xarici ölkələrə ixrac olunacaq. Ən əsas məsələlərdən biri də budur ki, minlərlə yeni iş yeri yaradılır. Eləcə də, kənd təsərrüfatının ixrac potensialını artımaq üçün sistemli tədbirlər görülür. Dövlətimiz bunun üçün lazımi dəstək göstərir. 

Əvvəllər insanlar bölgələrdən Bakıya işləməyə gəlirdilər. Çünki bölgələrdə iş yeri yox idi. İnsanların paytaxta axını müəyyən çətinliklər, problemlər də yaradırdı. İndi isə mənzərə tamamilə dəyişib və şəhərlərdən bölgələlərə işləməyə gedirlər. Bütün bunlar uğurlu siyasətin nəticələridir.

- Tahir müəllim, bölgələrimizin sosial-iqtisadi inkişafında bələdiyyələr hansı səviyyədə iştirak edir?

- Təbii ki, bələdiyyələr öz fəaliyyətini ildən ilə təkmilləşdirirlər. Ötən dövr ərzində yerli özünüidarəetmə orqanları müəyyən inkişaf yolu keçib, bir sıra müsbət nəticələrə imza atıblar. Azərbaycanda bələdiyyələrin tarixinə nəzər salsaq deyə bilərik ki, onlar çox demokratik bir qaydada yaradıldılar. İlk vaxtlarda hər bir yaşayış məntəqəsində bələdiyyə yaradıldı. Amma zaman getdikcə, məlum oldu ki, kiçik yaşayış məntəqələrində bələdiyyələr demək olar ki, fəaliyyətsizdir. Ona görə də, bu sistemdə islahatların aparılması zərurətə çevrildi və 1000-dən artıq bələdiyyə birləşdirildi. Hesab edirəm ki, bu proses yenə də davam etməlidir. Çünki dünya ölkələrinin təcrübəsi də buna əsas verir.

Bu gün uğurla fəaliyyət göstərən bələdiyyələrimiz var. Amma bir çoxunun fəaliyyəti yenə qaneedici deyil. Çünki onlarda təşəbbüskarlıq yoxdur. Eləcə də, vətəndaş-bələdiyyə münasibətləri inkişaf etməlidir. İnsanlar vaxtlı vaxtında bələdiyyələrə vergi verməlidirlər ki, bələdiyyələrin büdcəsi formalaşsın. Bununla yanaşı bələdiyyələr təşəbbskar olmalı, özlərinin xidmət sahələrini, müəssisələrini, təsərrüfatlarını yaratmalıdırlar ki, gəlirləri artsın.

Bütövlükdə, bələdiyyələr müəyyən qədər bölgələrin sosial-iqtisadi inkişafında rol oynayırlar. Amma bu rolu artırmaq üçün daha böyük potensial var.