MÜSAHİBƏLƏR
Azərbaycanda həyata keçirilən uğurlu iqtisadi siyasət regionların inkişafına əhəmiyyətli şəkildə təsir göstərməkdədir
- Kamilə xanım, hazırda regionlarının sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət proqramı icra olunmaqdadır. Bu dövlət proqramının əhəmiyyətini haqqında fikirlərinizi bilmək istərdik...
- Azərbaycanda həyata keçirilən uğurlu iqtisadi siyasət ölkəmizin iqtisadi qüdrətini daha da yüksəltməklə yanaşı, regionların inkişafına da əhəmiyyətli şəkildə təsir göstərməkdədir. Həyata keçirilən inkişaf siyasətinin mühüm istiqamətlərindən birini də regionların sosial-iqtisadi inkişafı təşkil edir. Bu istiqamətdə reallaşdırılan tədbirlər, görülən işlər davamlı xarakter daşıyır. Başqa sözlə, ölkəmizdə bölgələrin sosial-iqtisadi inkişafı başlıca prioritetlərdən biri kimi müəyyənləşdirilib, qarşıya qoyulan hədəflərə uyğun olaraq bu istiqamətdə ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirilməsi davamlı xarakter daşıyır. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən Dövlət proqramları çərçivəsində respublikanın bütün bölgələrində yeni yollar çəkilib və ya yenidən qurulub, çoxlu sayda körpülər, yol qovşaqları tikilib, infrastruktur daha da yaxşılaşdırılıb.
Artıq uğurla icra edilən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları ölkəmizin inkişafında mühüm rola malik olmaqla yanaşı, vətəndaşlarımızın sosial rifahının yüksəlişində də əsaslı yer tutur. İstər yeni sosial iaşə obyektlərinin, istərsə də digər infrastrukturların tikilməsi və yenilənməsi vətəndaşlarımızın sosial rifahının yüksəlişinə xidmət göstərir.
Göründüyü kimi, ölkəmizdə sosial həyatın daha da yaxşılaşmasında, bölgələrin simasının əhəmiyyətli dərəcədə dəyişərək yeni proqressiv çalarlar almasında aparılan dövlət siyasətinin mühüm rolu var. İstehsal müəssisələrinin fəaliyyətinin bərpası və yeni sənaye obyektlərinin yaradılması, o cümlədən bölgələrin yerli və ənənəvi istehsal gücündən istifadə, regionların inkişafı üçün zəruri infrastrukturun yaradılması, sahibkarların fəaliyyətinin daha da stimullaşdırılması istiqamətində atılan addımlar, investorların regionlara cəlb olunması üçün əlverişli şəraitin yaradılması, yeni iş yerlərinin açılması və digər kompleks tədbirlərin görülməsi bu gün bölgələrin simasının birmənalı şəkildə dəyişməsinə yol açıb.
2014-2018-ci illəri əhatə edən üçüncü Dövlət Proqramının uğurlu icrası yeni infrastrukturun qurulmasına, eləcə də regionlarda abadlıq və quruculuq işlərinin sürətləndirilməsinə də zəmin yaradıb.
Bütövlükdə, Azərbaycanda regionların sosial-iqtisadi inkişafı davamlı xarakter daşıyır və bu ilin birinci yarısında əldə edilən nailiyyətlər bunu təsdiqləyir.
- Prezident İlham Əliyev avqustun əvvəlində Balakən və Zaqatala rayonua səfər etdi. Siz Milli Məclisdə 111 saylı Zaqatala-Balakən seçki dairəsini təmsil edirsiniz. Bu səfər hər iki bölgənin həyatında hansı əlamətdar hadisələrlə yadda qaldı?
- Qeyd edim ki, Prezident İlham Əliyevin Balakən və Zaqatalaya səfəri hər iki rayonun ictimaiyyəti tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb. Ümumiyyətlə, dövlət başçısı Balakənə 5-ci dəfədir ki, səfər edirdi. Bu faktı biz dövlət başçısının balakənlilərə böyük inamı, rayona böyük diqqət və qayğısı, balakənlilərin Prezidentə böyük məhəbbəti hesab edirik. Azərbaycan Prezidenti İlham Əliyevin avqustun 3-də rayona növbəti səfəri əvvəlki gəlişlərində olduğu kimi ictimaiyyət üçün çox uğurlu oldu. Səfər zamanı dövlət başçısı Balakən Su Elektrik Stansiyasının, Bayraq Muzeyinin, Balakən-Sarıbulaq-Qabaqçöl-Xalatala avtomobil yolunun və ABAD Mərkəzinin açılışında iştirak edib və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Prezident görülmüş işləri yüksək qiymətləndirib və qarşıda duran vəzifələrlə bağlı müvafiq tövsiyə və tapşırıqlarını verib.
Dövlət başçının açılışını etdiyi hər bir inftrastruktur rayonun həyatı üçün çox böyük əhəmiyyət daşıyır. Məsələn, Balakən-Sarıbulaq-Qabaqçöl-Xalatala avtomobil yolunun tikintisi 15 yaşayış məntəqəsinin 44 min nəfər əhalisinin gediş-gəlişini xeyli rahatlaşdıracaq. Bundan başqa, bu yol yük və sərnişin daşınmasının da yaxşılaşmasına imkan yaradacaq, turizm bölgələrimizdən olan Balakənə gələn turistlərin rahat və təhlükəsiz hərəkətini təmin edəcək.
Balakən Su Elektrik Stansiyasının istifadəyə verilməsi də böyük əhəmiyyət kəsb edir. Bilirsiniz ki, son illər ölkə iqtisadiyyatının bütün sahələri kimi elektroenergetika sistemi də ən müasir tələblər səviyyəsində yenidən qurulub, bu istiqamətdə köklü dəyişikliklər aparılıb. İcra edilən layihələr arasında yeni su elektrik stansiyalarının inşası, mövcudlarının isə əsaslı şəkildə yenidən qurulması xüsusi əhəmiyyət daşıyır. Balakəndə yeni inşa edilən Su Elektrik Stansiyası da bu baxımdan böyük rol oynayır. Bu cür layihələrin icrası bölgələrin enerji təminatının gücləndirilməsində mühüm rol oynayır, eyni zamanda, regionların inkişafına təkan verməklə, əlavə iş yerlərinin açılmasına səbəb olur.
Bu layihə də olduqca əhəmiyyətlidir. İldə 10 milyon kilovat-saat elektrik enerjisi istehsalı gücünə malik stansiya rayonun tələbatının 15 faizini, Balakən şəhərinin tələbatının isə 25-30 faizini ödəyəcək.
Prezident İlham Əliyevin Zaqatala rayonuna səfəri də bu bölgənin həyatı üçün çox əlamətdar hadisədir. Səfər çərçivəsində dövlət başçısı Zaqatalada tütün emalı zavodunun fəaliyyəti və «AzRose» MMC-nin tikintisi davam edən qızılgül yağı istehsalı müəssisəsi ilə tanış olub. Dövlət başçısı səfər zamanı Zaqatalada «Bəhmətli» elektrik yarımstansiyasının açılışını da edib.
Bütün bunlar bir daha təsdiqləiyr ki, ölkə başçısının uğurlu daxili siyasətinin bariz nümunəsi özünü respublikanın bütün regionlarının, o cümlədən, Balakən və Zaqatala rayonunun da hərtərəfli inkişafında göstərməkdədir. Hər iki rayonun ictimaiyyəti əmindir ki, ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsasını Azərbaycanın, o cümlədən onun bölgələrinin daha gözəl, daha qüdrətli, insanlarımızın isə daha xoşbəxt və firavan yaşamasına xidmət edir.
- Təmsil etdiyiniz bölgənin iqtisadi potensialı haqda nə deyə bilərsiniz? Bu bölgə yeni iqtisadi şəraitdə qeyri-neft sektorunu inkişafına nə kimi töhfələr verməkdədir?
- İqtisadiyyatın bütün sahələrində olduğu kimi ölkəmizin aqrar sahəsində də zamanın çağırışlarına uyğun olaraq iqtisadi inkişaf modellərindən istifadə olunur. Hazırda qeyri-neft sektorunun mühüm tərkib hissəsi olan aqrar sahənin daha da inkişafı üçün genişmiqyaslı tədbirlər həyata keçirilir. Təmsl etdiyim bölgədə barama, tütün və fındıqçılığın inkişafı üçün böyük potensial var. Qax rayonunda Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsinin keçirilməsi bu faktı bir daha təsdiqləyir.
Kənd təsərrüfatında dərin islahatların əsasını təşkil edən istiqamətlərdən biri də kənd təsərrüfatı istehsalının zonalar üzrə ixtisaslaşmasıdır. Bunu nəzərə alaraq Prezident İlham Əliyev kənd təsərrüfatının zonalar üzrə ixtisaslaşdırılmasına dair konkret tapşırıqlar verir. Qeyri-neft sektorunun prioritet istiqaməti olan aqrar sektorun, xüsusilə onun ölkəmizdə ənənəvi sahələri olan pambıqçılığın, üzümçülüyün, tütünçülüyün, baramaçılığın və fındıqçılığın inkişaf etdirilməsi, bu sahələrə dövlət dəstəyinin göstərilməsi barədə ölkə Prezidentinin xüsusi göstərişləri olub və müvafiq sənədlər imzalanıb. Qaxda keçirilən respublika müşavirəsi bir daha təsdiqlədi ki, dövlət başçısı bu sahədə görülən işləri xüsusi diqqət mərkəzində saxlayır. Müşavirədə qeyd olunduğu kimi son iki ildə tütünçülük, baramaçılıq və fındıqçılığın inkişafında müəyyən irəliləyişlər əldə olunub. Amma hazırda görülən işlər nəticəsində bu sahələrdə daha böyük nəticələr qazanılacaq. Müşavirədə qeyd edildiyi kimi, iki il ərzində 18 min hektarda yeni fındıq bağları salınıb ki, bir neçə ildən sonra onlar bar verəcək. Eləcə də, digər sahələrdə də ciddi tədbirlər görülür ki, tütünçülük və baramaçılıq daha da inkişaf edəcək və xarici ölkələrə ixracı daha da artacaq. Bu ilin altı ayında ixrac 36 faiz, qeyri-neft ixracı 27 faiz artıb. Kənd təsərrüfatı ixracı 40 faizdən çox artıb. Hazırda ölkədə qırxa yaxın aqropark yaradılır. Yaxın 1-2 il ərzində bu aqroparklarda istehsal olunacaq məhsul böyük bazarlara ixrac ediləcək, daxili ərzaq təhlükəsizliyi təmin ediləcək. Beləliklə, dövlət başçısının vurğuladığı kimi idxaldan asılılığı azaltmaq, daxili tələbatı daxili istehsal hesabına təmin etmək və ixrac imkanlarımızı genişləndirmək məsələləri Azərbaycanda uğurla təmin edilir. Azərbaycanda kənd təsərüfatının potensialı kifayət qədər böyükdür və görülən işlər bu sahənin iqtisadiyyatımızdakı yerini daha da artıracaq.
Bilirsiniz ki, Zaqatala-Balakən zonası həmçinin böyük turizm potensialına malikdir. Bu istiqamətdə də yeni layihələr həyata keçirilir ki, qeyri-neft sektorunun inkişafına müsbət təsir göstərəcək.