MÜSAHİBƏLƏR
Zərifə xanım Əliyevanın zəngin həyat yolu bugünkü və gələcək nəsillər üçün örnək və yaşam etalonudur
-Aprelin 28-də görkəmli oftalmoloq alim, Əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın anadan olmasının 94-cü ildönümü tamam olur. Oftalmologiya elminə verdiyi töhfələri bu gün də aktuallığını saxlayan, biliyi ilə yanaşı, insanpərvərliyi ilə də seçilən Zərifə xanım Əliyevanın həyatı və fəaliyyəti hər zaman dərin hörmətlə yad edilir. Bu barədə düşüncələrinizi bilmək istərdik...
Aprelin 28-də görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümü tamam olur. Bu ərəfədə respublikada Zərifə xanım Əliyevanın həyat və fəaliyyətinə, zəngin elmi yaradıcılığına həsr olunan tədbirlər, humanitar aksiyalar keçirilir. Hər zaman olduğu kimi, bu il də Zərifə xanım Əliyevanın doğum günü təkcə görkəmli alimimizi yad etmək deyil, həm də insanları elmə, biliyə yiyələnməyə, humanist addımlar atmağa, nümunəvi vətəndaş olmağa çağırış mahiyyəti daşıyır. Azərbaycan xalqı özünün istedadlı şəxsiyyətləri, elm və mədəniyyət adamları, siyasi xadimləri ilə qürur duyur, onların xatirəsini əziz saxlayır. Bu baxımdan, görkəmli alim Zərifə xanım Əliyevanın zəngin həyat yolu hər bir azərbaycanlıya örnəkdir.
Ümumiyyətlə, 1923-cü ilin ilıq bir bahar günü dünyaya gələn, ürəyində və əməllərində işıqlı amalları, nəcib duyğuları yaşadan, ləyaqətli bir ömür yaşayan Zərifə xanım Əliyevanın olduqca mənalı və zəngin həyat yolu, ailəsi, övladları, xalqı, dövlətinin xoşbəxtliyi uğrunda fədakarlığı nəinki bugünkü, həm də gələcək nəsillər üçün bir örnək və yaşam etalonudur. Zərifə xanım Əliyevanı yaxından tanıyanların, sağlığında onunla birlikdə işləmək, ictimai-mədəni tədbirlərdə birgə iştirak etmək səadətinə nail olanların hamısı bu zərif və nəzakətli, alicənab və ziyalı Azərbaycan xanımını, hər şeydən əvvəl, məhz sadə bir insan, olduqca səmimi, böyük mədəniyyət sahibi kimi səciyyələndirirlər.
O, həm də fədakar və nümunəvi bir ana obrazı yaradıb...
Bəli, Zərifə xanım Əliyevanın parlaq səhifələrlə dolu zəngin ömür kitabında insanı özünə ən çox cəlb edən, ilk növbədə, onun analıq fenomenidir. Mən analığı təbiətin ən böyük möcüzəsi sayıram. Çünki Allahdan sonra yeganə yaradıcı varlıq məhz anadır. Zərif xanımın, əsl ananın necə böyük qüdrət daşıması məgər möcüzə deyilmi? Dünyaya kamil insanlar bəxş etməyə, xalqların taleyində misilsiz iz qoymağa məgər analardan başqa kimsə qadirdirmi? Analar həm də böyük tale və xoşbəxtlik bəxş edə bilmək qüdrətinə malikdirlər. Zərifə xanım Əliyeva da bu baxımdan nadir, unikal bir qadın idi.
O, qeyri-adi ana idi. Onun övladlarına münasibəti də xüsusi idi və başqalarından seçilirdi. Belə münasibətin bənzərini tapmaq çətindir. O, uşaqları ulu Tanrı tərəfindən bəxş olunmuş bir nur payı kimi qəbul edirdi. Analıq borcunu yerinə yetirməkdə özünə rəhm etmirdi. Elmi və ictimai işlər onun həddən artıq vaxtını aparsa da, övladlarının tərbiyəsi, təhsili ilə bağlı hər şeyə özü diqqət yetirmiş, hər kiçik məsələdə, hadisədə şəxsən özü iştirak edirmiş. Bu baxımdan, onu öz ailəsinin xeyirxah dahisi adlandırmaq olardı.
Sonralar həyat sübut etdi ki, Zərifə xanım vaxtında bu çətin və mürəkkəb işin, vəzifənin öhdəsindən necə bacarıqla gəlib. Zaman onu da göstərdi ki, bu müdrik ana övladlarına zəhməti, təhsili sevməyi çox mükəmməl öyrətmiş, onlarda ali dəyərlərinin əsasını təşkil edən sadəlik, səmimiyyət, təvəzökarlıq, xeyirxahlıq tərbiyə edə bilmişdir.
Onu da qeyd edim ki, ana məhəbbəti heç vaxt azalmır. O, daim güclüdür. öz gücü ilə də xarüqələr yaradır. Bu gün Zərifə Əliyevanın övladları ilə, xüsusən də əziz oglu, Prezident İlham Əliyevlə bütün ölkə fəxr edir. Bu fəxarət hisslərində həm də Onu dünyaya gətirib boya-başa çatdırmış, soy-kökə layiqli övlad olaraq tərbiyə etmiş Zərifə Anaya dərin bir minnətdarlıq duyğuları var. Bu günlər o böyük insanın 94 illiyinin əziz xatirəsini sonsuz hörmətlə qeyd edirik. Onunla bağlı hadisələr yaddaşların dərin qatlarından üzə çıxdıqca bu bənzərsiz insanın işıqlı obrazı sönməz günəş kimi gözlərimiz önündə bərq vurur və mənəviyyat tariximizin örnəyinə çevrilir.
1985-ci ildə Zərifə Əliyeva dünyasını dəyişdi. Bu, ağır, bir itki idi. Onun sevimli İlhamının hələ 24 yaşı var idi. Həyatda o, ən çox övladları ilə fəxr etmək istəyirdi. Gözünün nuru olan əziz İlhamının uzun illər təhsilinə, tərbiyəsinə, insan və şəxsiyyət kimi yetişməsinə ana kimi özünü həsr edən Zərifə xanıma Onun Prezident andiçmə mərasimini görmək qismət olmadı. Bu gün isə bu fərəhi bütün Azərbaycan yaşayır. Bu, Zərifə xanımın tərbiyəsinin təntənəsidir.
-Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafında böyük xidmətləri var. Onun elmi və peşə fəaliyyəti barədə nə deyə bilərsiniz?
-Hər şeydən öncə, Zərifə xanım Əliyevanın zəngin elmi irsi dünya oftalmologiyasına mühüm töhfələr verib. Onun elmi fəaliyyətinin əsas istiqamətini görmə orqanının peşə patologiyası müəyyənləşdirirdi. Bu sahə olduqca ağır idi. Onun araşdırılması təkcə dərin oftalmoloji savad yox, həm də fundamental təcrübi biliklər tələb edirdi. Bu keyfiyyətlər isə Zərifə Əliyevada var idi. Peşə oftalmologiyasının pioneri sayılan Zərifə xanım Əliyeva dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaratmışdı.
Azərbaycan oftalmologiyasını dünya səviyyəsində tanıdan Zərifə Əliyeva təbabətdə öz dəsti xətti olan novator alim idi. Bu istedadlı alimin gözün oftomoloji, histomikroskopik və histokimyəvi tədqiqi, klinik diaqnostika və s. istiqamətlərdə də dərin elmi araşdırmalar aparırdı. Bütün bu axtarışlarının nəticəsi olaraq o 1976-cı ildə vaxtilə ordinator olduğu Helmholts adına Mərkəzi Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda müvəffəqiyyətlə doktorluq disertasiyasını müdafiə etdi. Oftalmologiyada hadisəyə çevrilən bu müdafiədən bir müddət sonra o, kafedra müdiri seçildi.
Ümumiyyətlə, təbabət elmində məhsuldar alim kimi tanınan Zərifə xanım göz xəstəliklərinə dair 140 elmi məqalə, bir neçə monoqrafiya və kitab yazıb, çap etdirdi. Çoxillik elmi axtarışlardan belə qənaətə gəlmişdi ki, xəstə gözlərin müalicəsi çətin və ağrılı prosesdir. Ona görə də o göz xəstəlikləri sahəsində profilaktika metodlarına daha çox əhəmiyyət verməyə başladı. Bu, həmin dövr üçün olduqca uzaqgörən və müasir bir məsələ idi. Zərifə xanım bu zəmində sonralar ona böyük şöhrət gətirmiş göz xəstəliklərinin profilaktikası üçün öz metodikasını hazırladı.
O, artıq elmin zirvəsində idi. 1983-cü ildə Zərifə Əliyevanın Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilməsi bunun təsdiqi oldu. O həm də keçmiş SSRİ-də ilk qadın həkim olaraq Tibb Elmləri Akademiyasının akademik Aberbax mükafatına layiq görüldü. Bunlar həm də onun apardığı çoxillik elmi-tədqiqatların yüksək səviyyəsinə, sosial əhəmiyyətinə, ictimai fəallığına, pedaqoji istedadına verilən yüksək qiymət idi. Onun alim şöhrəti artıq dünyanı dolaşmaqda idi.
Zərifə Əliyeva müxtəlif xəstəliklərin diaqnostikası və müalicəsi problemləri ilə yanaşı, həkim etikası və tibbi deontologiya məsələləri ilə də maraqlanıb. O, gənc həkimlərin tərbiyəsinə, onların peşə fəaliyyəti ilə bağlı problemlərinin öyrənilməsinə və həlli məsələlərinə böyük diqqət göstərib. Onun “Yüksək etimad” kitabı cəmiyyətdə həkimin şəxsiyyət kimi formalaşması prosesinə dəyərli töhfədir. Zərifə Əliyeva səhiyyədə kadr hazırlığına və həkimlərin ixtisasının təkmilləşdirilməsinə gərgin əmək sərf edib. Onun birbaşa rəhbərliyi altında cavan alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli formalaşıb. Diqqətəlayiq xidmətlərinə, çoxillik elmi-tədqiqat işlərinə görə professor Zərifə Əliyeva 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilib. Tibb sahəsində çoxşaxəli fəaliyyəti ilə bərabər, akademik Zərifə Əliyeva ictimai işlərdə də fəallıq göstərib, keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, “Bilik” Cəmiyyəti İdarə Heyətinin və keçmiş İttifaqın Oftalmoloqları Elmi Cəmiyyəti İdarə Heyətinin üzvü olub. Zərifə xanım həm də “Oftalmologiya xəbərləri” jurnalının redaksiya heyətinin üzvü idi.
İnsanlarla mehribanlığı, dərin humanizmi Zərifə xanımın peşəsinə münasibətində də özünü aydın göstərirdi. O, haqlı olaraq hesab edirdi ki, həkimin peşə mövqeyi onun xəstəyə münasibətini müəyyənləşdirən başlıca amildir: “Yalnız o şəxs əsl həkimdir ki, xəstənin ağrılarını məhz özünün ağrıları hesab edir. Belə bir həkim üçün hər dəfə xəstəni qəbul etmək, hər dəfə xəstəliyə düçar olmuş insanla söhbət etmək həm xəstə qarşısında, həm də cəmiyyət qarşısında, ən başlıcası isə öz vicdanı qarşısında əxlaqi məsuliyyət deməkdir”.
-Bütün bunları ümumiləşdirərək müsahibəni belə bir sualla yekunlaşdırmaq istərdik: Sizin üçün Zərifə xanım Əliyeva kimdir?
-Azərbaycanın görkəmli dövlət xadimi Əziz Əliyevin ailəsində dünyaya göz açmış, mili dəyərləri övladlarına böyük məhəbbətlə təlqin etmiş ləyaqətli bir ananın - Leyla xanımın tərbiyəsi ilə böyümüş, Azərbaycanın milli dövlətçilik tarixinin hünərvər müəllifi Heydər Əliyevin ömür-gün yoldaşı, Vətənimizin, xalqımızın əziz, dəyərli övladı və rəhbəri, dövlətimizi uğurla dünya birliyinə çıxardan möhtərəm Prezidentimizin əziz anası, gözlərə nur paylayan, nurdan yoğrulmuş bir ana, alim, şəxsiyyət! Eyni zamanda, Azərbaycan qadınlığının adına, ünvanına şərəf, qürur gətirmiş, qadınlıq, zəriflik, möhtəşəmlik mücəssəməsi... Bütün həyatı, ailəsi, fəaliyyəti örnək, nümunə olan bir şəxsiyyət!
Qeyd etdiyim kimi, elmi, ictimai fəaliyyətə paralel olaraq, Zərifə xanım həm də qayğıkeş ana, layiqli ömür-gün yoldaşı olub. Bu keyfiyyətləri o, öz ailəsində gördüyü yüksək mənəvi mühitdən qazanıb. Zərifə xanım və onun həyat yoldaşı, Ümummilli lider Heydər Əliyev sahib olduqları nəcib keyfiyyətləri, ali mənəvi dəyərləri layiqli vətəndaş kimi yetişdirdikləri övladlarına ötürüblər. Həm Zərifə xanım Əliyeva, həm də Ulu öndər həyatlarının sonunadək gərgin fəaliyyətləri ilə ömürlərini Azərbaycana həsr ediblər. Zərifə xanım vəfalı həyat yoldaşı olmaqla bərabər, həm də Ulu öndərə mənəvi dayaq olub.
Özümüzdən də xəbərsiz yaradılışımızdan bizimlə birgə ali bir duyğu doğulub köksümüzün altında göyərib boy göstərir. Həyatın əlavələrinə həmahəng olan, gen keçdikcə daha da əlvanlaşan, daha da müqəddəsləşən hiss və düşüncələrimizə hakim kəsilən o duyğu ən dar məqamlarda da ən yaxın köməkçimizə çevrilir. Həyatdan əlimizi üzəndə o duyğu əlimizdən tutur, inamımızı, istinadgahımızı itirəndə o duyğu bizim üçün inama, istinadgaha çevrilir. Və nə vaxtsa o duyğunu sevgi adlandırırıq. Mental yaddaşımız Leyli və Məcnun, Əsli və Kərəm, Yusif və Züleyxa, Tahir və Zöhrə, İlham və Fərizə misalında ilahi sevginin mükəmməl nümunələrini xatırlayır. Heydər Əliyev öz ömür-gün yoldaşı, mərhum akademik Zərifə xanıma olan sonsuz sevgisi və bu sevginin etirafı ilə mənəviyyat tariximizdə bütöv nəsillərə örnək ola biləcək bir sevgi rəvayəti də yaratmışdır. Bu rəvayətin qəhrəmanları Azərbaycanımıza qürur, iftixar gətirən ən əziz, möhtərəm insanlar olduqları üçün, Azərbaycan ailəsinin şərəfli simasını özündə ehtiva etdiyi üçün bəxtiyarıq.