MÜSAHİBƏLƏR
Azərbaycan iqtisadiyyatının bütün sahələrində inkişaf templəri daha da artacaq
- Kamran müəllim, 2017-ci ilin birinci rübünün yekunları cəmiyyətimizdə geniş müzakirə olunmaqdadır. Bu nəticələri haqqında nə deyə bilərsiniz?
Azərbaycanda 2015-2016-cı illərdə bütün sahələrdə başlayan dərin islahatlar dünyada baş verən böhran xarakterli proseslərə cavab idi. Artıq qısa müddətdə bu islahatların nə qədər səmərəli olduğunun şahidi olduq. Bu baxımdan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün yekunlarına həsr olunmuş iclasında qeyd olunan iqtisadiyyat sahəsində cari nəticələr və bu sahədə gələcək prioritetlərə nəzər yetirmək çox vacibdir.
Sənaye istehsalının və kənd təsərrüfatının inkişafı prioritet təşkil edən məsələlərdir və bu sahələrdə artıq müsbət nəticələr mövcuddur. İqtisadiyyatın qeyri-neft sektoru 2,4 faiz, qeyri-neft sənaye sektoru 2 faiz, kənd təsərrüfatı 3,5 faiz artıbdır. Kənd təsərrüfatının inkişafı bir sıra səbəblərdən çox vacibdir. Bu sahəyə sərmayələrin yönəlməsi, sahibkarlara vergi imtiyazlarının verilməsi, istifadəsiz əkin torpaqlarının səmərəli istifadəsi, kənd sakinlərinin kütləvi şəkildə əmək fəaliyyətinə cəlb olunması, işsizliyin aradan qaldırılması, ölkənin ərzaq təhlükəsizliyinin gücləndirilməsi kimi məqsədləri təmin edir. Və bu prosesin müsbət nəticələrini biz artıq müşahidə edirik. Sənaye potensialı da güclənir, artıq bir necə sənaye parkı fəaliyyət göstərir və bu parkların nəzdində bir çox yeni və müasir istehsal tələblərinə cavab verən zavod və istehsalat sahələri açılıb. Bu yeni iş yerlərinin açılması ilə bərabər, xarici idxalı əvəzləşdirmək, Azərbaycanda istehsal olunan məhsullardan istifadə edərək digər hazır məhsulların istehsalını yaratmaq və rəqabətli mallarla Azərbaycanın ixrac potensialının genişləndirməklə xarici valyutanın ölkəyə axınını təmin etmək deməkdir.
- İnşaat sektorunun inkişafı da gündəmdə olan əsas məsələlərdən biridir. Sizcə, bu yöndə nə kimi addımlar atılır?
- Əlbəttə ki, mühüm və inkişafa ehtiyacı olan sahələrdən biri inşaat sektorudur. Çünki məhz bu sahə əmək resurslarını iri həcmdə fəaliyyətə cəlb edir, öz inkişafı ilə bərabər bir çox yanaşı sahələrinin artımına səbəb olur. Keçən il inşaat sektoruna yönələn sərmayələr əvvəlki illərə nisbətdə 20-30 % aşağı düşmüşdür və bu sahədə də operativ şəkildə atılan addımlar öz bəhrəsini verdi. Bu addımlardan ilk öncə Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılmasını qeyd etmək lazımdır. 2016-cı ilin axırında təsdiq edilən Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsində ölkə vətəndaşlarının yaşayış sahəsinə olan ehtiyacının ödənilməsi, aztəminatlı təbəqələrin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və tikinti sektorunda inkişaf dinamikasının sürətləndirilməsi bu Agentliyinin əsas hədəfləri kimi göstərilmişdir. Və tam əminliklə demək olar ki, bu hədəflər artıq realizə olunur, iki irimiqyaslı layihə Agentlik tərəfindən icra olunur, tikinti işləri başlayıb. Digər bir addım qəzalı vəziyyətdə olan binaların söküntüsü və bu evlərin yerində gözəl memarlıq üslubunda layihələndirilən hündürmərtəbəli evlərin inşaası proqramıdır. Bu proqram çərçivəsində artıq inşaat sektoruna əlavə sərmayə axını müşahidə olunur, 75 yeni binanın layihəsi hazırlanıb və tikinti işlərinə start verilib. Bu proqrama qatılan sahibkarlar gəlir əldə etmək imkanına nail olacaqlar ki, bu da gələcəkdə ümumi daxili sərmayələrin həcmini artıracaq. Ölkə başçısı qeyd edib ki nəticədə bu layihənin icrası Bakı şəhərinin simasını gözəlləşdirəcək, yararsız və qəzalı halda olan binaların sakinləri yeni təmir olunmuş evlərlə təmin olunacaqlar, yeni iş yerləri açılır. Bu addımlar ümumilikdə inşaat sektorunun dirçəlməsinə və gələcək inkişafına səbəb olacaq.
- Hazırda ölkəmizdə turizmin inkişafı istiqamətində də mühüm tədbirlər həyata keçirilir. Görülən işlər perspektiv üçün nə vəd edir?
- Turizm sahəsindədə biz artıq keçən il atılan yeniliklərin bəhrəsinin şahidiyik. Bu sahənin inkişafı üçün Azərbaycanda hər bir şərait var idi. Yəni, yol, nəqliyyat, mehmanxana və digər infrastruktur imkanlar mövcud idi, yalnız turistlərin Azərbaycana axını istənilən səviyyədə deyildi. Ölkə başcısı bu sahəni şəxsi nəzarətinə götürməsindən sonra irəlləyiş baş verdi. Belə ki, “ASAN viza” sisteminin yaradılması ilə viza prosedurları sadələşdi, elektron viza sistemi tətbiq olundu. Nəticədə ölkəyə gələn xarici turistlərin sayı artıb və artmaqda davam edir. Bu həm bu sahədə fəaliyyət göstərən müəssisələrin gəlirlərinin, həm də ölkə büdcəsinə əlavə daxilolmaların artmasına gətirdi.
- Kamran müəllim, Azərbaycanın gələcək inkişafı üçün dövlət tərəfindən zəruri islahatlar həyata keçirilir. Bu islahatlar sosial-iqtisadi nailiyyətlərin davamlı olmasını nə dərəcədə şərtləndirir?
- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqindəiqtisadiyyatın bir sıra başqa sahələrindədə əldə olunmuş nailiyyətlər qeyd olundu: ixrac potensialının artması və valyuta ehtiyatlarının qorunması, vergi və gömrük sisteminində tətbiq olunan sistemli dəyişiklilər nəticəsində sahibkarlıq aktivliyinin artması, nəqliyyat sektorunda icra olunan yeni layihələr. Bu inkişafın davamlı və dayanıqlı olmasının vacibliyi ölkə başçısı tərəfindən xüsusilə vurğulandı.
Mən əminəm ki, ötən illərdə aparılan islahatların və iqtisadiyyatın restrukturizasiyası nəticəsində Azərbaycanın iqtisadiyyatının bütün sahələrində inkişaf templəri bundan sonra daha da artacaq. Bu da dövlətimizin ənənəvi olaraq sosialyönümlü siyasətini gücləndirərək, insanların rifahının artmasına gətirəcək.