MÜSAHİBƏLƏR
Dövlət proqramlarının uğurlu icrası nəticəsində Azərbaycanın bölgələrinin siması bütünlüklə dəyişir
- Cavid müəllim, yaranmış yeni iqtisadi şəraitdə Azərbaycanda iqtisadi islahatların yeni mərhələsi başlanılıb. Bu islahatlar inkişaf baxımından ölkəmizə nə kimi perspektivlər vəd edir?
- Əlbəttə ki, Azərbaycan dünyanın bir hissəsidir və iqtisadiyatımız dünya iqtisadiyyatına inteqrasiya edir. Belə bir şəraitdə təbii ki, ölkəmiz qlobal mənfi təsirlərdən tam sığortalanmayıb. Yəni, respublikamızda yaşanan yeni iqtisadi şərait heç də sırf daxili və iqtisadi amillərlə bağlı deyil. Ötən illərdə respublikamız həm regional, həm də qlobal miqyasda sıx inteqrasiya proseslərinə qoşulub. Yəni biz dünyanın bir hissəsiyik. Bu mənada qlobal miqyasda gedən proseslərin Azərbaycana da hansısa bir formada təsir göstərməsi qanunauyğundur.
Hazırda əsas məsələ ölkə iqtisadiyyatının və bütövlükdə cəmiyyətimizin yeni iqtisadi şəraitə effektiv adaptasiya mexanizmlərini tapmaqdan, meydana çıxan qlobal çağırışlara qoşulmaqdan ibarətdir. Təbii ki, Azərbaycanın milli maraqlarını qətiyyətlə qoruyan Prezident İlham Əliyevin ölkənin uğurlu inkişafının davamlılığını təmin etmək məqsədilə qəbul etdiyi qərarlar konseptual xarakter daşımaqla respublikanın real imkanlarına əsaslanır və konkret hədəflərə hesablanıb. Prezident İlham Əliyevin yeni iqtisadi şəraitin özəllikləri nəzərə alınmaqla verdiyi tapşırıqlar və imzaladığı bir sıra mühüm sənədlər onu deməyə əsas verir ki, Azərbaycanda perspektiv üçün yeni inkişaf kursu və bu kursun başlıca istiqamətləri artıq müəyyənləşdirilib.
Yeni mərhələdə iqtisadi sektorda ardıcıl islahatların davam etdirilməsi müəyyən olunmuş hədəflərə çatmağa imkan verəcək. Əlbəttə, ötən dövr ərzində qeyri-neft sektorunun inkişaf etdirilməsi, paytaxtda və regionlarda sosial və iqtisadi infrastrukturun ən müasir standartlara uyğun yenidən qurulması qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsi üçün tam şərait yaradır. Bütövlükdə, yeni iqtisadi kursun fonunda sahibkarlığın inkişafına davamlı dəstək verilməsi, Azərbaycanın iş adamlarının, ilk növbədə, Azərbaycana sərmayə qoymalarının stimullaşdırılması və təmin olunması, bank sektorunun tənzimlənməsi prosesinin başa çatdırılması, qeyri-neft sektoruna xüsusi diqqət göstərilməsi, iqtisadi fəallığın artırılması, geniş özəlləşdirmə proqramının hazırlanması və həyata keçirilməsi, həm xarici, həm yerli investorların bu işə cəlb edilməsi və bu kimi qarşıda duran digər vəzifələri xüsusi qeyd etmək lazımdır.
- Hazırda həyata keçirilən iqtisadi kursun əsas hədəflərindən biri qeyri-neft sektorunun dinamik inkişafıdır. Bu barədə nə deyə bilərsiniz?
- Ümumiyyətlə, ölkəmizin iqtisadi inkişaf modelinin ən səciyyəvi cəhətlərindən biri respublikada qeyri-neft sektorunun üstün inkişafının təmin olunması və yerli istehsalın güclü şəkildə təşviq edilməsi ilə bağlıdır. Son illərdə respublikamızda qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində məqsədyönlü siyasət aparılıb və neftdən asılılıq əhəmiyyətli dərəcədə aradan qaldırılıb. Məhz belə məqsədyönlü siyasət sayəsində son illərdə Azərbaycanda qeyri-neft sektorunun inkişafının neft sektorunun artım dinamikasını üstələməsi məmnunluq doğurur. Bir vaxtlar ölkədə istehsal olunan ümumi daxili məhsulda neft sektorunun çəkisi 80 faiz civarında idi. Hazırda isə ÜDM-də qeyri-neft sektorunun payı 70 faizə çatıb.
Ölkəmizdə qeyri-neft sektorunun artım dinamikasında özəl sektorun dəstəklənməsi tədbirlərinin mühüm rolunu xüsusi qeyd etmək lazımdır. Respublikamızda qeyri-neft sektorunda xüsusi çəkiyə malik özəl bölmənin inkişafı məqsədyönlü şəkildə stimullaşdırılır və geniş təşviq olunur. Dövlət bu sahənin inkişafına həm siyasi, həm də maddi dəstək verir.
Ölkədə yaranmış hazırkı şəraitdə isə neftdənkənar iqtisadiyyatın, o cümlədən də özəl bölmənin inkişafının təşviq edilməsinə və stimullaşdırılmasına rəvac verən yeni nəsil islahatlar həyata keçirilir. Hazırda Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsi, rəqabətqabiliyyətliliyin artırılması və bu sahəyə investisiya qoyuluşunun sürətləndirilməsi sosial-iqtisadi inkişaf siyasətinin prioritet istiqamətlərindəndir.
- İqtisadi inkişafın fonunda ölkəmizdə sahibkarlığın inkişafına və sahibkarlara dövlət qayğısını necə dəyərləndirirsiniz?
- Əlbəttə ki, ölkəmizdə sahibkarlığın, kiçik və orta biznesin inkişafına xüsusi önəm verilir. Azərbaycanda biznes mühitinin təkmilləşdirilməsi və sahibkarlığın inkişafına dövlət dəstəyinin artırılması ümumilikdə ölkəmizin tərəqqisində və sosial sahənin dirçəlişində mühüm rol oynayıb. Sahibkarlıq bölməsinin inkişafı Azərbaycanda liberal iqtisadiyyatın yaranmasına və orta təbəqənin formalaşmasına təkan verib.
Orta təbəqənin formalaşması, ilk növbədə, kiçik və orta sahibkarlıq sektorunun inkişafı ilə bağlıdır. Son illər hökumətin ölkədə özəl bölmənin inkişafına diqqət və qayğısının gücləndirilməsi sahibkarlıq sektorunda çalışanların həyatına ciddi təsir göstərib. Sahibkarlığa dövlətin maliyyə dəstəyinin gücləndirilməsi, onların təklif etdiyi investisiya layihələrinin güzəştli qaydada maliyyələşdirilməsi əvvəlki illərdə olduğu kimi, bu il də davam etdirilməkdədir. Onların kredit resursları ilə təmin edilməsində Sahibkarlığa Kömək Milli Fondu başlıca maliyyə mənbələrindən birinə çevrilib. İş ondadır ki, hökumət əsasən bölgələrdə fəaliyyət göstərən sahibkarların təqdim etdiyi layihələri maliyyələşdirməyə üstünlük verir. Bunun nəticəsidir ki, indiyədək maliyyələşdirilən layihələrin 80 faizi məhz regionların payına düşür, əsasən kənd təsərrüfatına diqqət yönəlir. Bundan başqa, aparılan siyasətin başlıca hədəfi daha çox istehsal sahələrini nəzərdə tutan layihələri maliyyələşdirməkdən ibarətdir. Ötən dövr ərzində sahibkarlara verilən vəsaitin mütləq hissəsi istehsal və emalyönümlü olub. Bütün bunların nəticəsində də bölgələrdə xeyli sayda iş yerləri açılıb. Azərbaycanda güclü sahibkarlar ordusunun yaranması dövlət başçısının həmişə diqqət mərkəzində olub və Prezident sahibkarlara Öz dəstəyini bəyan edib. Son illər sahibkarlığın inkişafı istiqamətində dövlət başçısı tərəfindən müvafiq qərarlar qəbul olunub, eləcə də qanunvericilik bazası təkmilləşdirilib. Lisenziyaların sadələşdirilməsi, əsassız yoxlamaların qarşısının alınması yönündə atılan addımlar da bunu sübut edir.
- Cavid müəllim, Azərbaycanda ötən dövrdə regionların sosial-iqtisadi inkişafı sahəsində mühüm nailiyyətlər də xüsusi vurğulanmalıdır. Bölgələrin tarazlı və davamlı inkişafı istiqamətində görülən tədbirləri və qazanılmış uğurları necə səciyyələndirə bilərsiniz?
- Son 13 ildə Azərbaycanın bütün sahələrdə davamlı olaraq uğurlar qazanmasında 2004-cü ildən etibarən Prezident İlham Əliyevin müvafiq fərmanları ilə qəbul edilən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının mühüm rolu olub. İndiyədək respublikamızda regionların sosial-iqtisadi inkişafına dair 2004-2008 və 2009-2013-cü illəri əhatə edən iki Dövlət Proqramı uğurla reallaşdırılıb. Əvvəlki illərdə yaradılan möhkəm baza və qazanılan təcrübə 2014-2018-ci illəri əhatə edən sayca üçüncü Dövlət Proqramının qəbul edilməsi üçün möhkəm əsas olub. Hazırda yeni Dövlət Proqramı da böyük müvəffəqiyyətlə yerinə yetirilir. Regionların sosial-iqtisadi inkişafına dair ilk Dövlət Proqramının icrasına start veriləndən etibarən Azərbaycanın bölgələrində 70 mindən çox müəssisə fəaliyyətə başlayıb və regionlarda ümumi məhsul buraxılışı əhəmiyyətli dərəcədə artıb. Ən önəmli cəhətlərdən biri odur ki, Dövlət proqramlarının uğurla reallaşdırılması sayəsində bir çox göstəricilər üzrə bölgələrdə artım tempi ölkə üzrə müvafiq göstəriciləri üstələyib. Hazırda da bu yöndə işlər uğurla davam etdirilir.
- Regionların sosial-iqtisadi inkişafından söz düşmüşkən, təmsil etdiyiniz bölgənin sosial-iqtisadi inkişafı haqqında da fikirlərinizi bilmək istərdik.
- Dövlət başçımız cənab İlham Əliyevin diqqət və qayğısı Ağdaş rayonunda da sosial-iqtisadi inkişafın daha da sürətləndirilməsinə təkan verib, bu məqsədlə rayonda əlaqədar orqanların qarşısında duran vəzifələrin uğurla həyata keçirilməsi üçün ardıcıl və məqsədyönlü işlər aparılıb. Respublikanın digər rayonlarında geniş vüsət alan inkişaf Ağdaşdan da yan keçməyib. Son illər ərzində rayonumuzda müxtəlif obyekt və müəssisələr tikilərək istifadəyə verilib. Habil Əliyev adına musiqi məktəbi, Olimpiya İdman kompleksi, Mərkəzi Rayon Xəstəxanasının yeni binası, əzəmətli və müasir üslubda tikilərək istifadəyə verilən Heydər Əliyev Mərkəzi, Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı üçün yeni inzibati binalar, Qarışıq Yem Emalı fabriki, Meyvə Emalı zavodu, Ləki dəmir yolu vağzalının yeni binası, Ləki-Pirəzə-Xınaxlı avtomobil yolu, Bayraq Meydanı və digərləri görülmüş misilsiz işlərə nümunədir. Ən əlamətdar hal isə odur ki, ölkə Prezidenti cənab İlham Əliyev bu və digər obyektlərin açılışında şəxsən iştirak edib.
Rayonda yeni sənaye sahələrində - Ağdaş Meyvə Emalı zavodunda və Yem Emalı fabrikində istehsal prosesinə başlanılıb, Biyan istehsalı və emalı müəssisəsində tikinti quraşdırma işləri davam etditilməkdədir. Sahibkarlar tərəfindən rayonda 50-dən çox xidmət və istehsal sahəsi yaradılıb. Görülmüş tədbirlər nəticəsində 2016-cı ildə rayonda 829-u daimi olmaqla 4847 yeni iş yeri yaradılıb.
Kənd təsərrüfatının ən gəlirli sahələrindən olan pambıqçılığın dirçəldilməsi artıq zamanın tələbidir. Ölkə başçısının tapşırığına əsasən pambıqçılığın əhalinin məşğulluğunun təmin olunmasında vacib sahələrdən biri olduğunu qeyd etməsi və verilən tapşırıqlar əsasında pambığın alış qiymətinin artırılması bu sahənin yenidən inkişafı üçün zəmin yaradıb. Ağdaş fermerləri rayonda pambıqçılığın inkişaf etdirilməsində yüksək nəticələrin əldə olunması üçün zəngin təcrübə və imkanlardan səmərəli istifadə edirlər. Bu sahənin inkişaf etdirilməsi istiqamətində Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələr və göstərişlər artıq öz bəhrəsini verməkdədir. Ağdaşda 2016-cı ildən etibarən pambıq əkininin dəfələrlə artması bu gəlirli sahənin geniş perspektivlərindən xəbər verir. Belə ki, ötən il Ağdaş rayonunda 1134 hektar ərazidə çiyid səpini aparılıb və sahələrə yaxşı aqrotexniki qulluq edilərək bol məhsul əldə edilib. Bu 2015-ci ilə nisbətdən 38 dəfə çoxdur. Ağdaşlı fermerlər dövlətin yardımından bəhrələnərək bu il rayonda 3 min hektar sahədə pambıq əkini aparmağı planlaşdırırlar.
Həmçinin ötən il rayonda ənənəvi sahələrdən olan baramaçılığın inkişafı üçün kəndlərdə geniş izahat işləri aparılıb. İlk addım olaraq, ötən mövsümdə gözlənilən 1 ton barama əvəzinə, 2 ton məhsul tədarük olunaraq "Şəki İpək" ASC-yə təhvil verilib, ayrı-ayrı ailələr baramaçılıqdan 5-6 həftə ərzində 1000-1500 manat qazanc əldə etmişdilər. Bu nəticələr Ağdaş rayonunda 2017-ci ildə də baramaçılığı daha da inkişaf etdirmək üçün yüksək stimul yaradıb. Belə ki, baramaçılığın inkaf etdirilməsi üçün daxili imkanlar və dövlətin dəstəyi hesabına rayonda 65 min tut tingi əkilib.
“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində 11700 nəfər əhalisi olan 10 yaşayış məntəqəsini birləşdirən, 33 km uzunluğunda Qolqəti-Dəhnəxəlil-Qoşaqovaq-Ərəbocağı yolunun qurulması məqsədi ilə “Azəravtoyol” ASC tərəfindən konkret işlərə start verilib. Dövlət proqramına əsasən Ağdaş şəhərinin su və kanalizasiya sistemlərinin yeniləşməsi layihəsi çərçivəsində Türyançay su anbarı ərazisində hər birinin məhsuldarlığı saniyədə 25 litr olmaqla 4 ədəd yeni subartezian quyusu qazılıb istifadəyə verilib. Türyançay su anbarı ərazisində 5 min kub metrlik yeni su anbarının tikintisi də tamamlanıb.
Azərbaycan Respublikasının Birinci vitse prezidenti, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın təhsilə və mədəniyyətə qayğısı Ağdaş rayonunun timsalında da geniş nəzərə çarpır. Son illər ərzində Heydər Əliyev Fondu tərəfindən rayonun Pirkəkə kəndində 200 yerlik yeni məktəb binası və Habil Əliyev adına Musiqi məktəbi üçün yeni bina inşa olunub, Maqsud Şeyxzadə adına gimnaziyanın binası əsaslı təmir edilərək, ən müasir avadanlıqlarla təchiz edilib.
Son 13 il ərzində regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına uyğun olaraq dövlət büdcəsi və Heydər Əliyev Fondunun vəsaiti hesabına rayonda 17 yeni məktəb tikilib, 7 məktəbdə əlavə sinif otaqları inşa edilib, 7 ümumtəhsil məktəbi əsaslı təmir olunub, bütövlükdə isə 8 min nəfərdən artıq şagirdin təhsil şəraiti yaxşılaşdırılıb ki, bu göstərici hazırda rayonun təhsil müəssisələrində təhsil alan şagirdlərin 70 faizdən çoxunu təşkil edir.
Bütövlükdə, dövlət proqramlarının uğurlu icrası nəticəsində ölkənin bölgələrinin siması bütünlüklə dəyişir, yeni iş yerləri açılır, əhalinin rifah halı yüksəlir. Əminəm ki, hazırkı proqramın həyata keçirilməsi ilə bölgələrin bütün sosial-iqtisadi məsələləri öz həllini tapacaqdır.
- Cavid müəllim, siz həmçinin YAP Ağdaş rayon təşkilatının sədrisiniz. Təşkilatın fəaliyyəti haqqında da məlumat verməyinizi xahiş edirik...
- Yeni Azərbaycan Partiyasının sayca ən böyük yerli strukturlarından biri də Ağdaş rayon təşkilatıdır. Bu gün özünün yeddinci konfransına hazırlaşan Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı öz sıralarında 17 min 124 nəfəri birləşdirir. Qürur hissi ilə deyirəm ki, YAP Ağdaş rayon təşkilatı respublikanın kənd rayonları arasında üzvlərinin sayı baxımından ən böyük rayon təşkiatı olaraq Yeni Azərbaycan Partiyasının tarixinə düşmüşdür.
YAP Ağdaş rayon təşkilatının həyatında Qadınlar Şurası və Gənclər Birliyinin fəaliyyətləri də diqqətəlayiqdir. Bu gün YAP Ağdaş rayon təşkilatında 8899 nəfər qadın var ki, bu da təşkilatımızda birləşən partiya üzvlərinin 52 %-ni təşkil edir. Yeni Azərbaycan Partiyasının birinci Qurultayında Ümummilli liderimiz Heydər Əliyevin gənclərlə işi gücləndirmək, gənclərə geniş meydan vermək sahəsində tapşırığı partiyanın gəncləşməsində əsas rol oynayıb. Rayon təşkilatında biləşən üzvlərdən 7250 nəfərinin və ya partiya üzvlərinin 42,3%-nin gənclərdən ibarət olması isə onu göstərir ki, ağdaşlı gənclərin Heydər Əliyev dühasının nuru ilə formalaşmış Yeni Azərbaycan Partiyasına inamı daha böyükdür.
Prinsipləri, amalları milli mənafelərə əsaslanan, təməli sağlam olan, daim Azərbaycan xalqının maraqlarını müdafiə edən Yeni Azərbaycan Partiyası bundan sonrakı dövrlərdə də Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edəcək və ölkəmizin köklü problemlərinin həllində partiyanın öz dəsti-xətti hər zaman görünəcək.
Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının 17 mindən çox üzvü adından bəyan edirəm ki, bizə xas olan ənənələrə sadiq qalaraq dövlətə, dövlətçiliyə, Heydər Əliyev ideyalarına sədaqət, dəyişməz əqidə prinsipini əsas tutaraq bundan sonra da bizə göstərilən etimada ləyaqətlə cavab vermək üçün bütün səylərimizi sərf edəcək, üzərimizə düşən vəzifələrin yerinə yetirilməsinə çalışacağıq.