YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Azərbaycan möhkəm təməl üzərində inamla irəliləməklə uğur səhifələrini daha da zənginləşdirir

Müsahibimiz «Azəravtoyol» Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov

- Saleh müəllim, hər bir inkişafın təməlində iqtisadi tərəqqi dayanır. Azərbaycanın bugünkü iqtisadi inkişafına nəzəri baxış keçirməyinizi istərdik…

- Azərbaycan müstəqillik tarixinin 25 ilini artıq arxada qoyub. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından ötən dövr ərzində keçilən yola nəzər saldıqda, yalnız inkişafın, tərəqqinin şahidi olarıq. Ölkəmizin malik olduğu təbii resurslardan səmərəli istifadə bugünkü uğurlarımıza geniş yol açdı. İqtisadiyyatın inkişafında neft amilinə böyük önəm verən ümumilli lider Heydər Əliyev dünya təcrübəsinə istinadən bildirmişdir ki,  heç bir ölkə beynəlxalq əməkdaşlıq, təcrübə mübadiləsi olmadan, səylər və ehtiyatlar birləşdirilmədən təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz. Məhz 1994-cü il sentyabrın 20-də dahi şəxsiyyət Heydər Əliyevin səyləri sayəsində tarixə «Əsrin müqaviləsi» kimi daxil olan neft sazişinin imzalanması  Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasında, iqtisadi imkanlarının genişlənməsində əhəmiyyətli rol oynadı. Bu gün böyük inamla qeyd edirik ki, müstəqil Azərbaycan  ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlarını yaşayır. «Neft Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur» söyləyən ümummilli liderin uzaqgörən  siyasətinin nəticəsidir ki, 1999-cu ildə Dövlət Neft Fondu yaradıldı. Neft gəlirlərinin idarə olunmasında şəffaflıq, ədalət prinsipini yüksək səviyyədə qoruyan Fondun vəsaitləri hesabına mühüm sosial-iqtisadi layihələr həyata keçirilir ki, bunlar da öz növbəsində  ölkənin hərtərəfli inkişafına stimul verir.

Son 13 ildə ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev  iqtisadi inkişafın qeyri-neft sektorunun hesabına olmasını qarşıya prioritet məsələ kimi qoyub. Bakı və Bakıətrafı qəsəbələrin, həmçinin regionların sosial iqtisadi inkişafına dair Dövlət Proqramlarının uğurlu icrası qarşıya qoyulan bu məqsədə yüksək səviyyədə nail olmağa əsas yaradır. Bu baxımdan ki, Dövlət Proqramlarında konkret olaraq hər bir bölgənin, qəsəbənin, kəndin sosial-iqtisadi inkişafına dair tədbirlər öz əksini tapıb. Bu da inkaredilməzdir ki, kompleks tədbirlər ölkənin hərtərəfli inkişafını daha da sürətləndirir.

Nazirlər Kabinetinin hər bir iclası keçilən yolun təhlili, yeni prioritetlərin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli rol oynayır. Dövlət başçısı İlham Əliyev proqram xarakterli çıxışlarında  ayrı-ayrı sahələr üzrə əldə olunan uğurları diqqətə çatdırmaqla yanaşı, hədəflərə çatmaq üçün  aidiyyəti qurumlara öz tapşırıqlarını da  verir. Nazirlər Kabinetinin 2016-cı ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında da səsləndirilən rəqəmlər, eyni zamanda müəyyənləşdirilən prioritetlər bir daha ölkəmizin iqtisadi inkişafının hansı səviyyədə olduğuna işıq salmışdır. «Neftin qiyməti düşdü və bunun nəticəsində dövlət investisiyaları azaldı, tikinti sektoruna az sərmayə qoyuldu və bu, müəyyən qədər iqtisadi tənəzzülə gətirib çıxardı» söyləyən möhtərəm Prezidentimiz İlham Əliyev eyni zamanda bildirmişdir ki, ancaq sevindirici hal ondan ibarətdir ki, bizim sənayemiz artır: «Sənaye potensialımız baxmayaraq ki, az artır - 0,2 faiz, amma artır. İqtisadiyyatımızın, sənayemizin qeyri-neft sektoru artır, orada artım 3,6 faizdir, bu, yaxşıdır. Kənd təsərrüfatı 2,4 faiz artıbdır və əminəm ki, daha da artacaq. Çünki kənd təsərrüfatı sahəsində apardığımız işlər yaxın gələcəkdə daha da böyük həcmdə nəticə verəcəkdir. Sosial layihələr icra edilib. İyirmi doqquz məktəb tikilib, 485 məktəbdə təmir işləri aparılıb, 33 səhiyyə obyekti inşa olunub, təmir edilib. Böyük yol layihələri, kənd yolları layihələri icra edilib. Bir neçə şəhərimizdə içməli su layihələri başa çatıb. İnfrastruktur layihələri icra edilir, 154 min iş yeri yaradılıbdır, onlardan 121 mini daimi iş yeridir. Doqquz ayda 36 min iş yeri bağlanıbdır. Əlbəttə, biz bağlanan iş yerləri ilə əlaqədar daim təhlil aparırıq – 121 min daimi iş yeri yaradılıb, 36 min iş yeri bağlanıb. Bu, çox gözəl göstəricidir. Hesab edirəm ki, böhranlı il üçün bu, xüsusi bir göstəricidir. Digər istiqamətlərdə də bütün işlər plan üzrə gedir. “Cənub Qaz Dəhlizi” layihəsi uğurla icra edilir, Azərbaycan çox önəmli nəqliyyat mərkəzinə çevrilir. Artıq uzaq məsafədən göndərilən yük konteynerləri Azərbaycan ərazisindən keçir. Yəni, biz çox güclü nəqliyyat infrastrukturu yaratmaqla ölkəmizin uzunmüddətli siyasi, iqtisadi maraqlarını təmin edəcəyik… Mən hesab edirəm ki, 2016-cı ildə nəticələr bütövlükdə yaxşıdır, biz yaxşı işləmişik. Son illər ərzində 2016-cı il ölkə iqtisadiyyatı üçün ən çətin, ağır ildir. Ancaq qeyd etdiyim kimi, biz yenə də inkişaf yolu ilə gedirik və gedəcəyik.» Dövlət başçısı İlham Əliyevin cari ilin 9 ayının yekunları ilə bağlı səsləndirdiyi bu fikirlər qarşıya qoyulan hədəflərə çatmaq üçün möhkəm bazanın mövcudluğunun təsdiqidir. Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək istəyiriksə, təbii ki, səylərimizi daha da birləşdirməli, üzərimizə düşən missiyanı lazımi səviyyədə yerinə yetirməliyik.

Prezident İlham Əliyev: Azərbaycan çox önəmli nəqliyyat mərkəzinə çevrilir

Bazar iqtisadiyyatının aparıcı qüvvəsi olan sahibkarlığın inkişafı prioritet məsələlərdəndir. Ölkəmizdə biznes mühitinin yaxşılaşdırılması istiqamətində  çox ciddi addımlar atılır. Özəl sektorun inkişafında mühüm rol oynayan amillərdən biri təbii ki, nəqliyyat-yol infrastrukturunun təkmilləşdirilməsi, yeniləşdirilməsidir. Sosial infrastruktur layihələri hər zaman diqqət mərkəzindədir. Möhtərəm Prezidentimiz İlham Əliyevin çıxışlarında  əsas diqqət göstərilən məsələlərdən biri məhz yol infrastrukturudur. İnkaredilməz reallıq budur ki,  hər bir dövlətin iqtisadi potensialı, gücü və qüdrəti onun malik olduğu nəqliyyat-yol infrastrukturunun  inkişaf səviyyəsi ilə ölçülür.

- Rəhbərlik etdiyiniz  «Azəravtoyol» Açıq Səhmdar Cəmiyyəti fəaliyyət istiqamətinə uyğun olaraq, ümumiləşdirilmiş şəkildə qeyd etsək,  balansına verilmiş avtomobil yollarının, habelə körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsi, istismarı, bərpası, təmiri, yenidən qurulması və tikilməsini, avtomobil yollarının və yol qurğularının qorunub saxlanılmasını və onların vəziyyətinə nəzarəti, yol infrastrukturunun inkişafı ilə bağlı digər işləri kompleks şəkildə həyata keçirir. Qeyd olunan istiqamətlərdə işlər hansı səviyyədədir?

- Vətəndaşların rahat və maneəsiz şəkildə gediş-gəlişini təmin etmək, sərnişin və yük daşınmasını asanlaşdırmaq, insanların həyat şəraitinin yaxşılaşmasına birbaşa təsir edən turizm və kənd təsərrüfatının inkişafına nail  olmaq məqsədilə ölkə  Prezidenti İlham Əliyev tərəfindən son bir ildə 46 kənd və qəsəbələrarası avtomobil yollarının tikintisi ilə bağlı sərəncam imzalanıb. Bu sərəncamlarda əksini tapan tədbirlər   respublikanın 34 rayon və şəhər ərazisində uzunluğu 823,5 km  olan 31 avtomobil yolunun və 1 körpünün tikintisi, 1 körpünün bərpası, Bakı şəhərində və onun qəsəbələrində isə uzunluğu 83,5 km olan 12 rayondaxili, qəsəbədaxili və qəsəbələrarası avtomobil yollarının tikintisi və yenidən qurulmasını nəzərdə tutur. Ümumilikdə bu sənədlər  301 kəndin, 23 qəsəbənin, həmçinin 5 rayon və şəhər tipli yaşayış məntəqələrinin 1.5 mln yaxın əhalisinin gediş-gəlişinin rahatlaşmasına gətirib çıxaracaq. Sözügedən 46 sərəncama uyğun olaraq 20 kənd və qəsəbələrarası avtomobil yollarının tikintisi artıq başa çatdırılıb. 370 km təşkil edən bu avtomobil yolları 350 mindən artıq əhalinin yaşadığı 147 yaşayış məntəqəsini birləşdirir. 120 km uzunluğunda və 610 min nəfər əhalinin yaşadığı 47 yaşayış məntəqəsini birləşdirən 6 kənd və qəsəbələrarası yolun tikintisi və 1 avtomobil körpüsünün bərpası isə yekunlaşmaq üzrədir. Digər avtomobil yollarında tikinti və yenidənqurma işləri uğurla davam etdirilir. Ümumilikdə isə, yalnız 2016-ci ildə dövlət başçısı  İlham Əliyevin sözügedən sərəncamlarına əsasən, həmçinin «Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı» və «2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»”ına uyğun olaraq yol infrastrukturunun yenilənməsi istiqamətində mühüm layihələr reallaşdırılmaqla, «Azəravtoyol» ASC ümumilikdə 200 km-ə yaxın magistral avtomobil yollarını 1-ci texniki dərəcəyə uyğun yenidən qurub, 600 km-dən artıq 30 kənd, qəsəbə və rayonlararası yolları təmir və bərpa edilməklə 220 kənd və qəsəbədə, həmçinin 13 rayon mərkəzində yaşayan 1 milyona yaxın vətəndaşın rahat və təhlükəsiz hərəkətini təmin edib. Yolların yenidən qurulması sərnişin və yük daşımasının artımına, ən əsası isə həmin ərazilərdə kənd təsərrüfatının və turizmin inkişafına gətirib çıxarıb.

- Saleh müəllim, «Azəravtoyol» Açıq Səhmdar Cəmiyyəti artıq tarixə çevrilməkdə olan 2016-cı ili hansı uğurlarla başa vurur?

- Bu dövr ərzində ölkə Prezidenti İlham Əliyev  tərəfindən təsdiq edilmiş «Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın və «2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»nın icrasının nəticəsi olaraq  Muğanlı-Yevlax-115 km, Qaraməryəm-İsmayıllı-29 km, Qobustan rayonunda Təklə-Sündü-Xilmilli-17 km, Yardımlı rayonunda Yardımlı-Deman-Arvana-46 km, Qəbələ rayonunda Nohurqışlaq-Tüntül-Yengicə-12,2 km, Biləsuvar rayonunda Əsgərabad-Muğan-Çaylı-6 km, Qusar rayonu Qusar-İmamqulukənd-Quxuroba-24,7 km, Xaçmaz rayonunda Xudat-Yalama-Zuxuloba – 24,8 km, Qazax rayonunda  Qazax-Kosalar-8 km, Ələt-Astara-İran İslam Respublikası dövlət sərhədi avtomobil yolunun 23,4 km hissəsi, Salyanın Babazanan yaşayış massivini şəhər mərkəzi ilə birləşdirən, Kür çayı üzərində uzunluğu 201 metr, eni 14,5 metr olan yeni körpü, Bakı-Ələt-Qazax-Gürcüstan ilə  dövlət sərhədi avtomobil yolunun Kürdəmir-Ucar-Yevlax hissəsi-87,8 km,  Bakı şəhərində Maştağa-Bilgəh-9,0 km, Nardaran qəsəbəsi daxilində Abşeron və Nəsrulla Əsgərov küçələri-3,4 km, Nizami rayonunda Qara Qarayev prospekti-4,0 km tikilmiş və yenidən qurulmuşdur. Respublikamızın ümumi istifadədə olan avtomobil yollarında 12 yeni avtomobil körpüsü tikilmiş, 5 ədədi təmir edilmişdir. Bakı-Şamaxı yolunun Cəngi qəsəbəsindən keçən hissəsində 1 ədəd piyada keçidi tikilmiş, Bakı şəhərində isə 1 ədəd piyada keçidi təmir edilmişdir. Paytaxtda  ümumi uzunluğu 63,2 kilometr   30-dan çox avtomobil yolu, prospekt və küçə yenidən qurulmuş və  təmir olunmuşdur. Bundan əlavə, Bakı şəhərinin bütün inzibati rayonları ərazisində 247,2 min kv.m  sahədə cari təmir işləri yerinə yetirilmişdir.

Nəqliyyat-yol infrastrukturunun təkmilləşdirilməsi  inkişaf strategiyasının əsas hədəflərindəndir

2016-cı ilin 9 ayı ərzində möhtərəm  Prezidentimiz  İlham Əliyev 14  avtomobil yolu və yol qurğularının açılış, təməlqoyma və tanışlıq mərasimlərində iştirak etmiş,  tapşırıqlarını vermişdir. Dövlətimizin başçısınin birbaşa göstərişi ilə 2013, 2014 və 2015-ci illərdə tikintisinə başlanılmış kəndlərarası avtomobil yollarının başa çatdırılması, habelə Bakı şəhəri və qəsəbələrində avtomobil yollarının tikintisi və yenidən qurulmasının davam etdirilməsi  2016-cı ildən başlayaraq «Azəravtoyol» ASC-yə həvalə edilmişdir. Cari ilin 9 ayı ərzində möhtərəm Prezidentimizin imzaladığı 43 sərəncama əsasən  26 rayon və şəhər ərazisində uzunluğu 708,8 km olan 29 avtomobil yolunun tikintisi və  2 körpünün bərpası, Bakı şəhərində və onun qəsəbələrində isə uzunluğu 87,3 km olan 12 qəsəbələrarası avtomobil yollarının tikintisi və yenidən qurulması işləri müvəffəqiyyətlə davam etdirilir. Ötən dövrdə  uzunluğu 274,6 km olan 13 kəndlərarası avtomobil yolunun və Bakı şəhərinin uzunluğu 16,4 km olan  3 qəsəbələrarası avtomobil yolunun tikintisi və yenidən qurulması başa çatdırılmışdır. Ümumilikdə isə respublikamızın bütün şəhər və rayonları ərazisində  84 kəndlərarası avtomobil yolu  layihəsinin tikintisinin həyata keçirilməsi planlaşdırılır. Tikiləcək və yenidən qurulacaq  kəndlərarası  avtomobil  yollarının ümumi uzunluğu 2101,2 km təşkil edir. Onlardan 1149,7 km yeni kəndlərarası avtomobil yollarıdır.  Bu layihələrin həyata keçirilməsi 1,6 milyon əhalinin yaşadığı 859 yaşayış məntəqəsini əhatə edəcək, onların rahat avtomobil yollarından istifadə edərək tədarük etdikləri kənd təsərrüfatı məhsullarını və meyvə-tərəvəzi sürətlə və qısa vaxt ərzində istədikləri ünvanlara çatdırmağa imkan verəcək.

- Saleh müəllim, daxili və xarici  investisiyalar hesabına həyata keçirilən layihələr barədə fikirlərinizi bilmək istərdik…

- Nazirlər Kabinetinin  19 may 2016-cı il tarixli sərəncamına əsasən, müxtəlif yol layihələrinin maliyyələşdirilməsi məqsədilə  dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu  üçün nəzərdə tutulan vəsaitdən Bakı şəhəri və qəsəbələrdə yerləşən Qala-Pirallahı, Zığ-Hövsan, «Ağ şəhər”» 4-cü Qapı, Pirallahı qəsəbəsini sahillə birləşdirən avtomobil körpüsünün tikintisi, Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel yeni yolun tikintisi, Xocasən - Lökbatan avtomobil yolunun 11-19 km hissəsinin yenidən qurulması və s, həmçinin regionlardakı avtomobil yolları və yol qurğularının tikintisinin davam etdirilməsinə yönəldilmişdir. Bu gün respublikanın yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi istiqamətində dövlət büdcəsindən əsaslı vəsait qoyuluşları ilə yanaşı beynəlxalq maliyyə institutlarından və digər kreditor qurumlardan cəlb olunan kreditlər hesabına irimiqyaslı layihələr də  həyata keçirilir ki, onların miqyası genişdir, bir sualda əhatə etmək qeyri-mümkündür.

- Nəqliyyatın hərəkət  təhlükəsizliyini təmin etmək istiqamətində hansı addımlar  gerçəkləşdirilib? 

- «Azəravtoyol» ASC-nin əsas öhdəliklərindən biri də hərəkət iştirakçılarının fasiləsiz və təhlükəsiz hərəkətini təmin etməkdir. Bakı şəhərindən ölkəmizin şimal və şimal-qərb hissəsinə çıxış və girişini təmin edən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi və Bakı-Şamaxı-Yevlax  avtomobil yollarının müxtəlif hissələrində nəqliyyatın hərəkətini çətinləşdirən və süni tıxac yaranmasına səbəb olan yerlər mütəxəssislərimiz tərəfindən aşkar edilmiş və öz gücümüzlə bu maneələr aradan qaldırılmışdır.  Bakı şəhərinə girişdə 20 yanvar tunelinin yan yoluna “Şamaxinka” adlanan əraziyə avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə daxil olmasını təmin etmək məqsədilə Bakı Dairəvi-1 avtomobil yolunun giriş hissəsində yerləşən torpaq təpəciyinin bir hissəsinin sökülməsi və tunelin sonunda çıxış yolunun genişləndirilməsi işləri aparılmışdır. Nəticədə yolun hərəkət hissəsi sözügedən hissədə 6-7 m enində genişləndirilmişdir. Artıq avtonəqliyyat vasitələri manevr etmədən “Şamaxinka” deyilən əraziyə birbaşa daxil ola bilirlər. Bu isə həmin hissədə nəqliyyat vasitələrinin sıxlığının azalmasına müsbət təsir etmişdir.

Prezident İlham Əliyevin imzaladığı  «Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında»  Fərmanından irəli gələn vəzifələr, tapşırıqlar həqiqətən də  uğurlu gələcəyin yol xəritəsidir

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 9-cu km-də, yolun kənarında 150 metr uzunluğunda, 15 m enində olan süni təpəciyin sökülməsi və yolun genişləndirilməsi işləri də başa çatdırılmışdır. Nəticədə magistralın bu hissəsində yol daha 3 hərəkət zolağı enində genişləndirilmişdir. Eyni zamanda Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 9-cu kilometrliyində yerləşən  mövcud yerüstü piyada keçidinin dayaqları sökülərək keçidin  7 m uzadılması işləri başa çatdırılmışdır. Bunun nəticəsində həmin hissədə yol 7 metr genişlənmış, yolun hərəkət hissəsi isə əlavə 2 hərəkət zolağı enində genişləndirilərək 5 hərəkət zolağına çatdırılmışdır. Magistralın 6-cı km-dən Xırdalan tunelinədək  yolun ayırıcı  zolağında olan metal təhlükəsizlik sədləri daha təhlükəsiz və alt hissəsində “təkərqaytaran” maili elementi və hündürlüyü 87 sm olan 3,6 km uzunluğunda dəmir-beton sədlərlə əvəz edilmişdir. Paytaxtın şimal girişində, Moskva prospektində kompleks halda atılmış addımların məntiqi davamı olaraq prospektdən şəhərə giriş hissədə “20 Yanvar dairəsi”nə doğru genişləndirilmişdir. Məqsəd Sumqayıt şəhərindən və Bakının şimal istiqamətindən şəhərə daxil olan avtonəqliyyat vasitələrinin rahatlıqla “20 Yanvar” dairəsinə çıxışını təmin etməkdir. Bundan öncə Moskva prospektindəki tunelin sonunda şəhər istiqamətinə gələrək körpüyə çıxmadan sağa - “20 Yanvar dairəsi"nə tərəf hərəkət etmək üçün bir zolaqdan ibarət şaxələnmə yeri mövcud idi. Aparılan işlər nəticəsində həmin şaxələnmə yeri genişləndirilərək iki hərəkət zolaqlı edilmiş, nəticədə tuneldən çıxaraq “20 Yanvar” dairəsinə tərəf hərəkət etmək istəyən sürücülərin həmin şaxələnmə yeri qarşısında yaratdığı tıxac  əhəmiyyətli dərəcədə aradan qaldırılmışdır. Əhalinin çoxsaylı müraciətlərini nəzərə alaraq, Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 17 və 115-ci kilometrlərində avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz şəkildə geri dönməsini təmin etmək məqsədilə “Azəravtoyol” ASC tərəfindən uyğun olaraq 250 metr uzunluğunda, 12,5 metr enində və 440 metr uzunluğunda, 14 metr enində yeni geriyədönmə yol qovşaqları tikilmişdir. 2016-cı ilin 9 ayı ərzində 2985 ədəd yol nişanı və məlumatverici lövhə, 11 115 ədəd siqnal dirəyi,  3860 ədəd siqnal bayraqları,  25137 p.m   əyrixətli tirlər quraşdırılmış və bərpa edilmişdir.

- Bu günümüz qarşıdakı dövr üçün stimuldur. Perspektivi necə dəyərləndirirsiniz?

- Qeyd etdiklərimiz təbii ki, görülən işlərin, əldə olunan uğurların müəyyən hissəsidir. Bir müsahibə çərçivəsində bir ilin hesabatını vermək sözsüz ki, mümkünsüzdür. Əsas olan budur ki, qarşıya məqsəd qoyub, ona  çatmaq üçün səylər göstərəsən. Bu gün müstəqil Azərbaycanımızın inkişafın ən yüksək mərhələsində olduğu göz önündədir. Təkmilləşməni, yeniləşməni həyata keçirdiyi siyasətin önündə saxlayan dövlətimizin atdığı biri-birindən önəmli addımlar gələcəyin aydın mənzərəsini yaradır. Məhz təkmil sosial-iqtisadi islahatların nəticəsidir ki, Azərbaycan dünyanı bürüyən maliyyə və iqtisadi böhrandan uğurla çıxır. İqtisadiyyatın düzgün əsaslar üzərində qurulması, şaxələndirilmə siyasətinin uğurlu nəticələri beynəlxalq səviyyədə də təqdir olunur. Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı gündən neft-qaz amilindən asılılığın minimuma endirilməsini qarşıya mühüm vəzifə kimi qoydu. Əvvəldə də qeyd etdiyim kimi, regionların, Bakı və Bakıətrafı qəsəbələrin malik olduğu potensialdan səmərəli istifadə etmək məqsədilə Dövlət Proqramları icra olunur. Uğurlarımaza söykənərək «Azərbaycan 2020: Gələcəyə baxış» İnkişaf Konsepsiyası həyata keçirilir. Bu sənəddə qarşıdakı dövr üçün əsas hədəflər öz əksini tapıb. Azərbaycan  düşünülmüş və məqsədyönlü siyasətin nəticəsi olaraq beynəlxalq aləmdə ən islahatçı, xoşbəxt ölkə kimi tanınır və nüfuz qazanır. Hər sahə üzrə konkret Dövlət Proqramlarının qəbulu və uğurlu icrası hədəflərə yol açan əsas amillərdəndir.

Bir sözlə,  Azərbaycan möhkəm təməl üzərində inamla irəliləməklə uğur səhifələrini daha da zənginləşdirir. Dövlət başçısı İlham Əliyevin ölkənin perspektiv inkişaf hədəflərini və istiqamətlərini müəyyənləşdirmək, onların gerçəkləşdirilməsini təmin etmək məqsədilə imzaladığı  «Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında»  Fərmanından irəli gələn vəzifələr, tapşırıqlar həqiqətən də  uğurlu gələcəyin yol xəritəsidir. Sənəddə də qeyd edildiyi kimi, dünyada cərəyan edən proseslərin yaratdığı yeni çağırışlara uyğunlaşmaq və mövcud qlobal iqtisadi böhranın ölkəmizə təsirini minimuma endirmək məqsədilə iqtisadi islahatların əsas strateji hədəflərinə uyğun olaraq sistem xarakterli bir sıra tədbirlərin həyata keçirilməsi, sosial-iqtisadi inkişafın cari, orta və uzunmüddətli dövrləri arasında üzvi bağlılıq və qarşılıqlı uzlaşma yaratmaqla, iqtisadi inkişafın keyfiyyətcə yeni modelinin formalaşdırılması qarşıda duran əsas prioritet vəzifələrdəndir.

Azərbaycan dövrün çağırışlarını təkmil islahatları  ilə gerçəkləşdirir.