YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Ədalət anlayışı bəşəriyyət üçün prioritetdirsə, o zaman torpaqlarımız qeyd-şərtsiz qayıtmalıdır, Qarabağın işğalçı qüvvələrdən azad edilməsindən gözəl ədalət ola bilməz

Müsahibimiz Milli Məclisin deputatı Elşən Musayev

- Elşən müəllim, məlum olduğu kimi, yerləşdiyimiz regionda olduqca mürəkkəb proseslər baş verir, müəyyən təhdidlər ortaya çıxır. Belə olan şəraitdə Azərbaycan regionda sabitləşdirici dövlət kimi əməkdaşlıq məkanı olaraq çıxış edir. Bölgədə təhlükəsizlik və əməkdaşlıq kontekstində Azərbaycanın rolunu necə dəyərləndirirsiniz?

- Çox düzgün qeyd elədiniz ki, coğrafi mövqeyimiz hər zaman ətrafda gedən siyasi və iqtisadi təlatümlərə şahidlik məcburiyyəti yaradıb. Yəni, Liderimiz və xalqın iradəsi sayəsində bir çox təhlükələri adlasaq da, məlum prosesləri görməzdən keçə bilməmişik. Yəqin hər kəs razılaşar ki, bölgədə Azərbaycan adlı dövlət olmasaydı vəziyyət daha kritik rəng alardı. Ələlxüsus da vasitəçilik və təhlükəsizlik baxımından ölkəmizin oynadığı  rol danılmazdır. Məsələn, elə ən yaxın tarixə ekskurs edək: Rusiya ilə Türkiyə arasında ciddi diplomatik gənginlik yaşandığında Azərbaycan məsələyə əl qoymasaydı, durum hansı hala, hansı mərhələyə qədər irəliləyərdi, bunu təsəvvür etmək belə çətindir. Ya da olsun İran və Amerika, Rusiya – Gürcüstan, Rusiya- Avropa İttifaqı kritikası. Hamısının həllində və ya ən azından bu kritikaların yumşalmasında dövlətimizin rolu var. Məsələ burasındadır ki, Azərbaycan qonşu, sərhəd dövlətlərin marağını əsla və əsla güdaza verməyib. Əksinə, hər zaman o maraqları qoruyub. Bir tək Ermənistan istisnası ilə. Onun da səbəbi aydındır. Hətta beynəlxalq layihələrin (neft-qaz) məqsəd fabulasında belə iqtisadiyyatla bərabər siyasi stimullaşdırma mexanizmi qabarıq şəkildə görünür. O anlamda ki, dövlətlərin ümumi təhlükəsizlik marağı olsun və bölgədə sabitlik pozulmasın. Bu səbəbdən Azərbaycan regionun lideridir. Həmin liderliyə isə ölkəmiz düzgün yürüdülən siyasətlə yüksəlib.

- İndiki  dövrdə milli dövlətlərə qarşı çoxsaylı təhdidlər ortaya çıxıb. Azərbaycan müstəqil və uğurlu siyasəti ilə özünü bu cür təhdidlərdən qoruyur. Dövlətimizin öz təhlükəsizliyinin gücləndirilməsi çərçivəsində qanunvericilik bazasının gücləndirilməsi nə dərəcədə aktualdır?

- Bu kontekstdə Azərbaycanın qanunvericilik bazası yetərincə təkmildir. Son referendumda - ümumxalq səsverməsində təsdiq edilən müddəalardan tutmuş, digər cari qanunların qəbuluna  qədər bütün proses məhz həmin bazanın formalaşmasına yönəlib. Üstəlik, imzalanan birtərəfli və çoxtərəfli sazişlər, qoşulduğumuz ittifaqlar, ratifikasiya mərhələsini adlayan Konvensiyalar da deməyə əsas verir ki, Azərbaycan dövləti mümkün və lazım olan hər şeyi edir. Növbəti mərhələdə də zərurət yaranacaqsa zamanın tələblərinə uyğun formada yeni qanunlar qəbul ediləcək. Yəni dediyim odur ki, mövcud vəziyyətdə sırf təhlükəsizliklə bağlı kazus ( hüquqi qeyri-müəyyənlik) müşahidə olunmur. Hər şey nəzarətdədir.

- Azərbaycanın beynəlxalq təşkilatlarda təmsilçiliyinin əhəmiyyəti  haqqında da fikirlərinizi bilmək istərdik...

- Bilirsiniz, bu mövzu ətrafında zaman-zaman fikir haçalanmaları olub. Məsələn, bir qrup düşünür ki, beynəlxalq təşkilatların milli maraqlarımızla bağlı sükut sərgilədiyi məkanlarda qalmamağımız daha məsləhətdir. Ələlxüsus da təbii, Qarabağla bağlı. Digər qrupun isə fikri ondan ibarətdir ki, beynəlxalq arena bir tək həqiqətlərin, ədalətin təsdiq olunduğu yer deyil, həm də həmin həqiqətlərin bütün dünyaya bəyan edilməsi üçün ən ideal məkandır. Yəni tutaq ki, Avropa Şurasının plenar iclasında hansısa erməni vandalist durub öz yalanını izhar edərkən barı ona tutarlı cavab vermək üçün imkanımız, müdafiə sığortamız olsun. Bu baxımdan ikinci qrupun əsaslandırmasını daha məqbul hesab edirəm. Həqiqətən meydanı boş buraxmaq olmaz.

Bildiyiniz kimi, mən də Avropa Şurası nümayəndə heyətində Azərbaycanı təmsil edən millət vəkillərindən biriyəm və...inandırım sizi, orada erməni şərəfsizlərin dövlət olaraq üzərimizə atdığı elə çamurlara, söylədikləri elə absurd fikirlərə şahidlik etmişik ki, belə meydanlarda nümayəndəmiz, təmsilçimiz olmasa düşmən tərəf öz qırmızı yalanları ilə ortalıqda meydan sulayar. Üstəlik nəzərə alın ki, erməni lobbisinin sıza bildiyi, ələ aldığı Avropa Parlamentariləri də yetərincədir. Bəzən onları da susdurmaq məcburiyyəti ilə üzbəüz qalırıq. Əlqərəz, dediyim odur ki, həqiqətləri özümüzdən başqa kimsə deməz. Ya da deyə bilməz. Yəni beynəlxalq təşkilatlarda düşmənin və düşmən yanında qərarlaşanların cavabını yalnız özümüz verməliyik. Maksimum resursla. Düzdür, bir ara “Avronest”lə bağlı müəyyən problemimiz vardı, amma şükür, artıq o da həll olub. Bundan sonra tam təmsilçilik gücü ilə iş gedəcək və Azərbaycan həqiqətləri, əsl reallıqlar  bütün dünyaya ən gözəl və ən düzgün formada çatdırılacaq. 

- Hazırda regionumuz üçün ən böyük təhdid Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Bu münaqişənin həlli ilə əlaqədar beynəlxalq təşkilatların tutduğu mövqe ilə bağlı fikirlərinizi bilmək maraqlıdır...

- Qarabağ mövzusu dünyanı deyil, Azərbaycanı narahat edən mövzudur və çox təəssüf ki, demokratiyadan, insan haqlarından, beynəlxalq hüququn ana prinsiplərindən danışan beynəlxalq təşkilatlar bu problemin çözümündə bizlərə yetərincə dəstək olmurlar. Deyim ki, bu məsələdə heç maraqlı da deyillər. Niyə? Çünki, qlobal dünyada ikili standartlar mövcuddur və beş tirəli oyunlar gedir. O təşkilatların bəziləri isə hətta lobbi əsirləridir. Nə mövqelərində, nə də icraatlarında gözlənilən qətiyyət yoxdur. ATƏT-in Minsk Qrupunun fəaliyyəti də səmərəsizdir. BMT də öz qətnamələrinə sahib çıxa bilmir. Avropa Şurası da şablon ritorikadan o yana keçmir. Belə olduğunda isə məsələnin həlli uzanır. Hərgah, Azərbaycan tərəfi dünyaya bütün vasitələrlə əyani şəkildə sübut edib ki, haqlı olan tərəf bizik. İşğalçı, qəsbkar isə Ermənistan. Əgər ədalət anlayışı bəşəriyyət üçün hələ də keçərlidirsə, prioritetdirsə, o zaman torpaqlarımız qeyd-şərtsiz qayıtmalıdır. Yəni Qarabağın işğalçı qüvvələrdən azad edilməsindən gözəl ədalət ola bilməz. Yox əgər bu məntiqin tərsi olacaqsa, diplomatik həll variantları tükünəcəksə, o zaman hərbi yola əl atmaqdan başqa çarə qalmayacaq.

- ATƏT-in Minsk qrupunun həmsədlərinin sonuncu bəyanatı yenə də ənənəvi xarakter daşıdı və əvvəlki bəyanatın təkrarıdır. Həmsədrlərin bu yanaşmasını hansı amillərlə izah edərdiniz?

- Bayaq da söylədim: ATƏT-in Minsk Qrupunun fəaliyyəti fəaliyyətsizliyə bərabər bir şeydir. Çünki bu Qrupda təmsil olunan dövlətlərin özləri ortalığa yekdil mövqe qoya bilmirlər. Ortalıqda xristian faktorundan tutmuş, digər siyasi maraqlara qədər bir çox səbəb toplusu var. Əsl səbəb isə özlərini kiminsə yanında pis etməmək istəyidir. Ona görə də problemin həllini uzada bildikləri qədər uzadırlar. Sadəcə məsələ burasındadır ki, Azərbaycan tərəfinin aprel döyüşlərindəki uğurları ATƏT-in də diqqətindən yan keçməyib və sanki bütün beynəlxalq təşkilatlar kimi onlar da qəflət yuxusundan ayılıblar. Üstəlik,  mövzunun həlli ilə bağlı gecikdiklərinin fərqinə varıblar. Ona görə də təyinatı barışdırıcı və vasitəçi missiya həyata keçirmək olan Minsk qrupu aprel döyüşlərindən sonra nəzərə çarpacaq qədər aktivləşib. Amma yenə də şablon şəkildə. Çünki, real iş görmək əzmində olan təsisat separat – işğalçı hakimiyyətlə dialoqa, hansısa danışıqlara getməz. Ya da Ceyms Uorlik kimi protokol xarakterli bəyənatlar verməz. Mövzu sərt şəkildə qabardılmalı, Ermənistana qarşı ardıcıl sanksiyalar tətbiq olunmalıdır. Bütün bunlar edilmədiyi sürəcdə yekuna, sülhə varmaq çətin olacaq.