MÜSAHİBƏLƏR
Yeni Azərbaycan Partiyası Vətəni xilas etmək amalı ilə yarandı
- Sudeyf müəllim, Yeni Azərbaycan Partiyasının yaradılmasının 24 ili tamam olur. Partiyanın yaradılması ərəfəsində ölkəmizdə ictimai-siyasi prosesləri necə xatırlayırsınız?
- 1980-ci illərin sonunda keçmiş SSRİ-nin bir sıra respublikalarında olduğu kimi Azərbaycanda da ictimai-siyasi vəziyyət gərginləşirdi. Ermənistanın Azərbaycana qarşı torpaq iddiaları, soydaşlarımızın doğma yurdların deportasiyası və başqa problemlər xalqın səbrini daşırırdı. Problem onda idi ki, həm SSRİ rəhbərliyi, həm də yerli hakimiyyət belə bir vəziyyətin qarşısını almaq niyyətində deyildilər.
Bildiyiniz kimi SSRİ dağıldı, respublikalar öz müstəqilliyini elan etdilər. Amma buna baxmayaraq həmin problemlər daha da çətinləşirdi. 1990-cı illərin əvvəllərində respublikamızın vəziyyəti çox ağır idi və prosesləri analiz edə bilən insanlar bunu dərk edirdilər. Azərbaycan günbəgün sarsılmaqda idi, ictimai-siyasi proseslər idarəolunmaz forma alırdı. Hakimiyyətdə olan insanlar isə sanki xalqın maraqlarını unutmuşdular, onların nəyə xidmət etdiklərini anlamaq mümkün deyildi. Xalqın müqəddəratı, istəyi, vətənin təhlükəsizliyi onları maraqlandırmırdı. Həmin dövrdə xalq ağır vəziyyətə düşmüşdü və ən başlıcası mənəvi cəhətdən sarsılmışdı.
Beləliklə, hakimiyyətə qarşı ümumxalq narazılığı yaranmışdı və insanlar mitinqlər, etiraz aksiyaları keçirməklə hakimiyyətə etirazlarını bildirirdilər. Ümumxalq narazılığı fonunda 1992-ci ildə respublikada hakimiyyətə gələn AXC-Müsavat cütlüyü dağıdıcı proseslərin qarşısını nəinki almadı, əksinə hərc-mərclik daha da artdı, Ermənistanın hərbi təcavüzü daha sürətləndi. Çox qısa zamanda xalq gördü ki, AXC-Müsavat hakimiyyəti də idarəçiliyi bacarmır. Bu hakimiyyətin faciəsi onda idi ki, bacarıqlı, peşəkar insanları da vəzifədən kənarlaşdırırdı. Beləliklə, bu hakimiyyətin yarıtmaz siyasəti nəticəsində ölkəmiz uçuruma doğru sürüklənirdi, Azərbaycan məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı.
- O dövrdə Azərbaycan dövlətçiliyinin məhv olmaq təhlükəsi ilə üz-üzə qaldığını dərk edən insanların bir qrupu, o cümlədən 91 ziyalı vəziyyətdən çıxış yolu kimi Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıtmasında görürdü. Ona görə də, 91 ziyalı Ulu öndərimizə müraciət etdi. «91-lər hərəkatı»nın bu missiyasını necə dəyərləndirirsiniz?
- Azərbaycanda ümumi vəziyyətin nə qədər təhlükəli olduğunu cəmiyyətin sağlam qüvvələri, ziyalılar yaxşı dərk edirdilər. Bu insanlar anlayırdılar ki, Azərbaycanı belə bir ağır vəziyyətdən xalqımızın ləyaqətli oğlu Heydər Əliyev kimi böyük dövlət xadimi, bütün dünyada tanınmış bir şəxsiyyət xilas edə bilər. Amma o zamankı hakimiyyət Ümummilli lider Heydər Əliyevin təcrübəsindən nəinki bəhrələnmək istəmirdi, əksinə Ona qarşı əsassız mübarizə aparırdılar.
Bütün bunlara rəğmən tanınmış ziyalılar Heydər Əliyevin hakimiyyətə qayıdışını olduqca zəruri hesab edirdilər. Respublikanın bütün əhalisi Ulu öndərin hakimiyyətə gəlməsini istəyirdi. Amma hakimiyyət hər vəchlə buna mane olurdu. Yaş senzini ortaya atmışdılar ki, Heydər Əliyev seçkilərdə iştirak edə bilməsin.
Belə olan təqdirdə, cəmiyyətin öndə gedən bir qrup ziyalısı Ulu öndər Heydər Əliyevə müraciət etdilər. «91-lər hərəkatı» kimi tariximizə düşən bu hadisə çox önəmlidir. Çünki bu ziyalılar görürdü ki, ölkədə separatçılıq baş alıb gedir, qanunsuz silahlı dəstələr insanlar üçün böyük təhlükəyə çevrilib, əhalinin həyat səviyyəsi də sürətlə aşağı düşürdü. Yəni, sözün əsl mənasında vətən əldən gedirdi.
Belə bir şəraitdə 91 ziyalı Ulu öndər Heydər Əliyevə yeni bir partiyanın yaradılması və həmin partiyaya rəhbərlik etməsi ilə bağlı müraciət etdi. Partiyanın yaradılmasında məqsəd demokratik yolla hakimiyyətə gəlib vətəni xilas etmək idi. Bütün Azərbaycan xalqı görürdü ki, Heydər Əliyev Naxçıvanı məhv olmaqdan xilas etdi. Blokada şəraitində olan bir bölgədə insanlarla Heydər Əliyevin birliyi bütün çətinliklərə sinə gərdi. Bütövlükdə bütün xalqımız Heydər Əliyevi çox sevirdi. Çünki Ulu öndərimiz bütün həyatı boyu xalqına şərəflə xidmət etmişdi.
Beləliklə, o dövrdə «91-lər hərəkatı» çox mühüm missiyanı həyata keçirdi. Bu hərəkata qoşulmuş və sona qədər bu ideyaya sadiq qalan insanlara böyük hörmət bəsləyirəm. Çünki çox fədakarlıq göstərdilər.
- Siz Yeni Azərbaycan Partiyasının təsis konfransında iştirak etmisiniz. Necə xatırlayırsınız, partiya hansı şəraitdə yaradıldı?
- Bildiyiniz kimi Ulu öndər Heydər Əliyev 91-lərin müraciətinə müsbət cavab verdi və Yeni Azərbaycan Partiyasının yaradılması istiqamətində hazırlıq işləri başladı. Hakimiyyət isə Heydər Əliyevin rəhbərliyi ilə partiyanın yaranmasının qarşısını almağa çalışırdı. Onlar başa düşürdülər ki, xalqın Heydər Əliyevə böyük sevgisi var və belə bir partiya yaransa xalqın ən güclü siyasi təşkilatına çevriləcək. Ona görə də, partiya işi ilə məşğul olan şəxslərə qarşı hədə-qorxular edirdilər, fiziki təzyiqlərə məruz qoyurdular. Amma bütün bunlar bu insanların iradəsini sındıra bilmədi. 1992-ci ilin oktyabr ayında isə Naxçıvanda Ulu öndər Heydər Əliyevi hakimiyyətdən devirməyə cəhd göstərdilər. Amma Naxçıvan əhalisi Heydər Əliyevi dəstəklədi və çevriliş cəhdi edənlərə tutarlı cavab verdi.
Beləliklə, bütün çətinliklərə rəğmən 21 noyabr 1992-ci ildə Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Ulu öndər Heydər Əliyev partiyanın Sədri seçildi, eləcə də YAP-ın Proqram və Nizamnaməsi qəbul olundu, İdarə Heyəti, Siyasi Şurası formalaşdı. Bundan sonra isə respublikada təşkilatlanma prosesi başlandı. Təbii ki, o zamankı hakimiyyət bunun da qarşısını almağa çalışırdı. Amma insanlar Heydər Əliyevin yaratdığı partiyaya böyük həvəslə qoşulurdular. Ulu öndərimizin partiya yaratması insanlarda ruh düşkünlüyünü aradan qaldırdı və gələcəyə inam yaratdı. Qısa müddət ərzində YAP-ın təşkilatlanma prosesi bütün respublikada həyata keçirildi.
- Hər hansı siyasi partiyanın yarandığı vaxtdan qısa müddət ərzində hakimiyyətə gəlməsinə tarixdə çox nadir hallarda rast gəlinir. YAP da yarandıqdan cəmi altı ay sonra hakimiyyətə gəldi. Bu faktı hansı amillələrlə izah edərdiniz?
- Əlbəttə, o dövrdə respublikada vəziyyət o qədər ağır idi ki, həqiqətən də dövlətçiliyimiz məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Bir tərəfdən Ermənistanın hərbi təcavüzü davam edirdi, digər tərəfdən ölkə daxilində iqtisadi, ictimai-siyasi böhran dərinləşirdi. 1993-cü ilin iyun ayında baş verən Gəncə hadisələri isə vəziyyəti daha da gərginləşdirdi, Azərbaycanda vətəndaş müharibəsi başladı.
Belə bir vəziyyətdə xalqımızda yekdil bir fikir formalaşdı ki, Azərbaycanı bu təhlükələrdən yalnız Ulu öndər Heydər Əliyev xilas edə bilər. Ona görə də, cəmiyyətimizin ən müxtəlif təbəqələri Heydər Əliyevə müraciətlər edirdilər. İş o yerə çatdı ki, AXC-Müsavat hakimiyyəti də bu reallığı dərk etməyə başladı. Hakimiyyətdəkilər özlərinin həyatının da təhlükədə olduğunu gördülər, hansısa bir üsyançı ilə bacara bilmədilər. Ona görə də, iqtidarda olanlar da Ulu öndər Heydər Əliyevi hakimiyyətə dəvət etməyə məcbur oldu.
Beləliklə, Ulu öndərimiz xalqın təkidli tələbi ilə 1993-cü ilin iyun ayında Bakıya gəldi və 15 iyunda Azərbaycan parlamentinin sədri seçildi. Bu hadisə tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Azərbaycan xalqı öz gələcəyini Heydər Əliyevlə bağlı görürdü. Onun siyasi hakimiyyətə qayıdışı ictimai-siyasi mühiti tamamilə dəyişdirdi və insanlarda gələcəyə ümidləri artırdı.
Qısa müddətdə Ulu öndərimiz respublikada ictimai-siyasi sabitliyi bərpa etdi, separatçılığın qarşısı alındı, qanunsuz silahlı dəstələr ləğv olundu. Təbii ki, Azərbaycanın inkişafını istəməyən xarici qüvvələr və onların yerli əlaltıları hər cür təxribata əl atırdılar, dövlət çevrilişinə cəhd göstərirdilər. 1994-cü ili ilin oktyabr və 1995-ci ilin mart hadisələri buna sübutdur. Amma hər iki hadisə zamanı xalq öz Liderini dəstəklədi və Onunla həmrəy olduğunu bəyan etdi. Fakt kimi onu xatırladım ki, 1994-cü ilin oktyabr hadisələri zamanı Ulu öndər Heydər Əliyevin bir çağırışı ilə yüz minlərlə insanın Prezident Sarayının qarşısına toplaşması bütün dünyaya bir mesaj oldu. Yəni xalqla Heydər Əliyevin birliyinin sarsılmaz olduğu bütün dünyaya nümayiş olundu.
Ölkəmizdə sabitlik tam təmin edildikdən sonra Azərbaycan inkişaf yoluna çıxdı. «Əsrin müqaviləsi»nin imzalanması Azərbaycanın gələcək inkişafının əsasını təşkil etdi. Ulu öndərimiz Azərbaycanın inkişaf strategiyasını müəyyənləşdirdi, dövlətin ilk milli Konstitusiyası qəbul olundu, hüquqi-demokratik dövlət quruculuğu istiqamətində lazımi addımlar atıldı, sosial-iqtisadi islahatlar həyata keçirildi.
Bir sözlə, Ulu öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyinin dönməzliyini təmin etdi. Zaman bir daha sübut edir ki, o dövrdə Yeni Azərbaycan Partiyası Vətəni xilas etmək amalı ilə yarandı və missiyanın öhdəsindən layiqincə gəldi. Ona görə də, partiyamızın yaranmasının tariximizdə özünəməxsus xüsusi yeri var.
- Sudeyf müəllim, ötən 24 il ərzində YAP böyük inkişaf yolu keçib. YAP-ın veteran üzvlərindən biri olaraq partiyanın keçdiyi yol və hazırki fəaliyyəti ilə bağlı fikirlərinizi bilmək istərdik...
- Qeyd etdiyim kimi Yeni Azərbaycan Partiyasının yaranması prosesi vətəni xilas etmək düşüncəsinə bağlı olan ideya ətrafında formalaşmışdı. Yarandıqdan sonra güclü dövlət yaratmaq istiqamətində fəaliyyətini davam etdirdi. Ona görə də, partiyamızın fəaliyyəti əvəzolunmazdır. Bu günlər respublikamızın hər yerində YAP-ın yaranmasının 24 illiyi qeyd olunur. Ötən 24 il ərzində partiyamız böyük inkişaf yolu keçib. YAP öz ətrafında Heydər Əliyev ideyalarına bağlı olan yüzminlərlə insanı birləşdirib. YAP-ın veteran üzvü olaraq qürur duyuram ki, bu gün partiyamız sıralarında 700 min nəfərə yaxın insanı birləşdirir. Partiyamızda intellektual gənclərin axını artır, cəmiyyətin həyatında fəal iştirak edən qadınlar da YAP-ın sıralarına qoşulurlar.
Bir sözlə, partiyamız bu gün mütəşəkkil siyasi qüvvədir. Eləcə də, YAP Cənubi Qafqaz regionunun ən güclü siyasi təşkilatıdır. Partiyanın İcra Katibliyi uğurlu fəaliyyət göstərir, həmçinin yerli strukturlar da fədakarlıqla çalışırlar. Bu gün partiyamızın fəalları Azərbaycanın inkişafı prosesində yaxından iştirak edirlər. Xüsusilə qeyd etmək istəyirəm ki, partiyamız Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurlarını cəmiyyətdə geniş təbliğ edir.
Onu da qeyd edim ki, hazırda da partiyamıza güclü insan axını var. İnsanlar Ulu öndər Heydər Əliyevin qurucusu olduğu və bu gün Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının üzvü olmaqdan qürur duyurlar. İnanıram ki, partiyamız gələcəkdə də üzərinə düşən missiyanı uğurla yerinə yetirəcək və böyük nailiyyətlər qazanacaq.
- Artıq Azərbaycan 25 ildir ki, müstəqil dövlətdir. Müstəqillik illərində Azərbaycanın qazandığı uğurlar haqqında nə deyə bilərsiniz?
- 2003-cü ildən etibarən Azərbaycanda Heydər Əliyev siyasəti uğurla davam edir. 2003-cü ildə prezident seçkiləri kampaniyası dövründə Ulu öndərimiz Azərbaycan xalqına müraciət etdi və xalqı cənab İlham Əliyevi dəstəkləməyə səslədi. Xalq bu müraciətə müsbət cavab verdi və cənab İlham Əliyevi özünün Lideri seçdi. Prezident İlham Əliyev Heydər Əliyev yoluna sadiqliyini göstərərək Azərbaycanı uğurla inkişaf etdirir.
Bu gün Azərbaycanı 1990-cı illərin əvvəli ilə müqayisə etmək mümkün deyil. Həmin illərdə insanlar ən kiçik sosial ehtiyaclarını ödəyə bilmirdilər. Bölgələrdə işıq, qaz, yol yox idi. Ona görə də, əhali böyük şəhərlərə üz tuturdu. Amma hazırda vəziyyət müqayisəolunmaz səviyyəyə gəlib çatıb.
Bu gün hər bir sahədə uğurlar qazanılıb. Bu gün Azərbaycan güclü dövlətdir, dünyada nüfuzlu ölkə kimi tanınır, regionun isə lideridir. Bu regionda Azərbaycanın razılığı olmadan hər hansı bir layihəni həyata keçirmək mümkün deyil. Eləcə də, Azərbaycanın regionları uğurla inkişaf edir. Hər yer abaddır, inkişaf edir. Təkcə şəhərlərimiz yox, kəndlərimiz də inkişaf edir. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl olaraq tədbirlər görülür, yeni iş yerləri yaradılır, yollar, körpülər, məktəblər, tibb ocaqları tiklib istifadəyə verilir. Bütün bunlar isə Heydər Əliyev siyasətinin bəhrələridir.
Bu gün güclü dövlətik, gələcəyimiz də çox uğurlu görünür. Bir çox beynəlxalq təşkilatların böyük tədbirləri Azərbaycanda keçirilir, çünki ölkəmizə etibar edirlər. Həmçinin, xaricdən gələn qonaqlar ölkəmizdəki mühitə, inkişafa heyran qalırlar. Ona görə də, biz öz dövlətimizlə fəxr edirik və fəxr etməyimiz üçün ciddi əsaslarımız var.