YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Yeni sənaye zonalarının yaradılması, ən müasir texnologiyaların bu zonalara cəlb olunması Azərbaycanın yeni və çevik sənaye siyasətinin tərkib hissəsdir

Müsahibimiz Milli Məclisin deputatı Tahir Mirkişili

- Tahir müəllim, istərdik ki, öncə qlobal təsirlər nəticəsində ölkəmizdə yaranan yeni iqtisadi şərait haqqında fikirlərinizi bildirəsiniz. Yaranmış vəziyyətdə ölkəmizdə iqtisadi aktivliyi artırmaq və bununla da respublikanın inkişafının ardıcıllığını təmin etmək məqsədilə nə kimi tədbirlər həyata keçirilir?

- Dünyada baş verən iqtisadi, siyası təlatümlər dünya iqtisadiyyatının bir hissəsi olan Azərbaycan iqtisadiyyatına da təsirini göstərməkdədir. Bu da təbiidir, çünki son 20 ildə ölkəmizdə açıq iqtisadiyyat modeli üzrə iqtisadi münasibətlər formalaşmış və bu münasibətlərin subyektləri həm yerli, həm də xarici fiziki və hüquqi şəxslərdir. Hər bir modeldə olduğu kimi, açıq-bazar iqtisadiyyatının da üstün cəhətləri ilə yanaşı çatışamayan cəhətləri də mövcuddur. Çatışmayan cəhətlərindən biri dünyada baş verən ümumi problemlərin milli iqtisadiyyatlara xüsusi təsiridir. Qloballaşma prosesinin sürətlə getdiyi bir şəraitdə hər bir milli iqtisadiyyat digər bir xarici iqtisadiyyatlarla sıx inteqrasiya şəraitində fəaliyyət göstərir. Digər milli iqtisadiyyatlarda baş verən proseslər isə ölkələrin daxili iqtisadi münasibətlərinə də təsir edir.  Bu təsirlərdən daha az zərərlə çıxmağın ən doğru yollarından biri isə şaxələndirilmiş iqtisadiyyatın qurulması, azad sahibkarlıq fəaliyyətinin gücləndirilməsidir. Son illər ərzində Azərbaycanda dövlət tərəfindən həyata keçirilən tədbirlər nəticəsində qeyri-neft sektorunun inkişaf tempi xeyli yüksəlmiş, xüsusi çəkisi ilə xeyli artmışdır.

Dünya bazarında neftin qiymətlərinin aşağı düşməsi, bununla bağlı ölkəyə valyuta daxilolmalarının azalması diqqətləri daha sürətlə qeyri-neft sektoruna yönəltmiş, bu sektorda daha effektiv idarəetməyə, gəlirlərin daha şəffaf əldə edilməsinə və gəlirlərin artırılmasına nail olmaq təxirəsalınmaz prioritet kimi önə çıxmışdır. Bu məqsədlə ölkə Prezidentinin fərman və sərəncamları, qəbul olunmuş qanunlar vasitəsilə iqtisadi fəaliyyətin artırılması yönümündə təxirəsalınmaz tədbirlər görulməkdədir.

Əslində qeyri-neft sektorunun inkişafı ilə bağlı tədbirlər hələ xeyli müddət əvvəldən başlanmışdır. Bu günkü atılan addımlar bu prosesləri daha da sürətləndirmək və müasir təhlükələri önləmək məqsədi daşıyır. Ölkənin aqrar sahədə müqayisəli üstünlüklərindən bəhrələnmək üçün əkinə yararlı torpaqların dövriyyəyə buraxılması, pambıqçılıq, tütünçülük, baramıçılıq sahəsində yeni dövlət təşviqləri və subsidiyaları sisteminin yaradılması, milli məhsul alışının təşviqi əhalidə bu sahəyə həvəsi və inamı artırmış və aqrar sahədə yüksək əlavə dəyərin yaradılmasına nail olunmuşdur. Yeni sənaye zonalarının yaradılması, ən müasir texnologiyaların bu zonalara cəlb olunması, xarici investorlar üçün əlavə vergi və gömrük güzəştlərinin tətbiq olunması Azərbaycanın yeni və çevik sənaye siyasətinin tərkib hissəsdir. İxrac siyasətinin işlənib hazırlanması, ixraca yönəlik sahələrə və sahibkarlara xüsusi dövlət dəstəyinin hazırlanması ilə bağlı ölkə Prezidentinin verdiyi tapşırıqlar bu sahədə də mühüm nəticələrə gətirib çıxaracaqdır.

- Yeni iqtisadi şəraitlə əlaqədar Milli Məclisdə bu ilin əvvəlindən başlayaraq bir sıra iqtisadi xarakterli mühüm qanunlar qəbul olunub. Bu qanunların əhəmiyyəti nədən ibarətdir?

- Hazırda Azərbaycan iqtisadiyyatı qarşısında bir çox müasir çağırışlar var. Ölkə Prezidentinin iqtisadi və sosial məsələlərin həlli ilə bağlı keçirdiyi müşavirədə bu çağırışlar, onların yaranma səbəbləri və yeni iqtisadi inkişaf istiqamətləri dəqiq göstərildi. Dövlət başçısının təşəbbüsü ilə Milli Məclisə məhz bu məqsədlərlə bir çox iqtisadi qanun layihələri daxil olub və qəbul olunub. Parlamentdə qəbul olunan qanun layihələri dünyada hökm sürən iqtisadi böhrana baxmayaraq, ölkəmizin davamlı inkişafını təmin edəcək. Milli Məclisin iclaslarında qəbul olunan qanun layihələrinə əsasən, əhalinin banklara qoyduğu əmanətlər 3 il ərzində limitsiz olaraq tam sığortalanıb. Bunun nəticəsi olaraq son aylar bağlanan banklarda olan əhalinin əmanətləri dövlət tərəfindən əhaliyə tam ödənilib. Fiziki şəxslərin banklara qoyduqları əmanətdən əldə etdikləri gəlirlər vergidən tam azad edilib. Yerli məhsul, iş və xidmət istehsalçıları dövlət satınalmaları tenderlərində eyni keyfiyyət və şərtlərlə xarici analoqlara qarşı qiymətdə 20% güzəştə malikdirlər. İnvestisiya fəaliyyəti həyata keçirən sahibkarlar 7 il müddətinə əmlak və torpaq vergisindən tam, mənfəət vergisindən 50% azad olunublar, idxal etdikləri texnika və texnologiyalar isə 50% gömrük rüsumundan azad edilib. Tik-İdarəet-Təhvil ver modeli ilə layihələr həyata keçirən bütün yerli və xarici sahiblarlara xüsusi vergi və gömrük güzəştləri nəzərdə tutulub.

«Lisenziyalar və icazələr haqqında» qanunla sahibkarlıq fəaliyyəti göstərmək üçün tələb olunan lisenziya və icazələrin sayı və dövlət rüsumu kəskin şəkildə azadılmış və “bir pəncərə” prinsipi tətbiq olunmuşdur. Əlavə olaraq bir çox qanunlara çoxsaylı dəyişikliklər olunmuşdur. Bütün bu yaradılan ekosistem isə tamamilə yeni iqtisadi formata uyğundur və iqtisadi fəallığı artırmağa və dayanlıqlı inkişafa yönəlib.

- Biznes mühitinin optimallaşdırılması istiqamətində həyata keçirilən tədbirləri necə qiymətləndirirsiniz?

- Həyata keçirilən tədbirlər, qəbul olunan qərarlar və qanunlar ölkədə biznes mühitini bir neçə istiqamətdə təkmilləşdirmişdir. İlk öncə bürokratik əngəlləri tam aradan götürməklə sahibkarlara daha sərbəst fəaliyyət göstərmək imkanı yaratmışdır. Dövlət rüsumlarına edilən dəyişiklilər sahibkarlıq fəaliyyətinin həm də xərclərini azaltmaqla bu fəaliyyəti daha əlçatan etmişdir. Xarici investorların cəlb edilməsi məqsədilə tətbiq edilən güzəştlər Azərbaycanın regional olaraq daha cəlbedici ölkə statusuna sahib olmağa imkan yaratmışdır. Ölkə Prezidentinin təşəbbüsü ilə yaradılan ölkələrarası üçtərəfli əməkdaşlıq formatı, beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması Azərbaycanın həm də dünya miqyasında qlobal iqtisadi mərkəzlər arasında kommunikasiya rolunu artırmışdır. Bütün bunlar ölkədə tamamilə yeni reallıqlara sahib olan bir biznes mühit formalaşdırmaqdadır.

- Hazırda bank-maliyyə sektorunda müəyyən problemlərin olduğu məlumdur. İqtisadçı olaraq bu problemlərin həllindən çıxış yollarını necə görürsünüz?

- Ulu öndər Heydər Əliyevin uğurlu neft strategiyası son 10 ildə Azərbaycana öz müqayisəli üstünlüklərindən yararlanmaq imkanı verdi və neft ixracından ölkəmiz iri miqyasda gəlir əldə etdi. Ölkəyə böyük miqdarda valyuta axını baş verdi. Cənab Prezidentin apardığı uğurlu iqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatı bir neçə dəfə sürətlə böyüdü. Böyük miqdarda xarici investisiyalar Azərbaycana yatırıldı. Ölkənin maliyyə institutları da bu şəraitə uyğun fəaliyyət göstərirdilər. Bu gün isə iqtisadiyyat başqa bir şəraitdə fəaliyyət göstərir.

İqtisadiyyat hər zaman enişlərdən və yoxuşlardan ibrətdir. Hər bir mərhələ iqtisadi subyektlərə müxtəlif cür təsir göstərir. Dünyada baş verən iqtisadi çətinliklər səbəbindən manatın kursunda devalvasiya baş verdi. İnsanların valyuta ilə banklara qoyduğu depozitlər var. Eyni zamanda bankların valyuta ilə verdiyi kreditlər var. Bu gün həm kreditlərin qaytarılmasında, həm də depozitlərin ödənilməsində müəyyən çətinliklərlə üzləşirik, ancaq iqtisadi çətinliklərin tarixi də göstərir ki, bu cür problemlər xarakterik olur və tezliklə həll oluna bilir.

Azərbaycanın maliyyə sektorunda müasir çağırışlarla ayaqlaşmaqla bağlı müəyyən problemləri var. Bütün dünyada banklar mövcud iqtisadi şəraitə uyğun olaraq dəyişə bilmədikdə, ya digərləri ilə konsolidasiya olunurlar ya da bağlanırlar. Dəyişdikdə isə fəaliyyətini davam etdirə bilirlər. Yəni, çeviklik əsas şərtlərdən biridir. Ölkədəki bəzi banklarda bu çeviklik təəssüf ki müşahidə olunmur.

Müasir banklar kredit verdiyi təşkilatların inkişafında maraqlı olmalıdır. Banklar özləri də dəyər yaratmalıdırlar. Sadəcə “pul alıb satmaq” funksiyasının dövrü çoxdan keçib. Azərbaycanın bəzi bankları bu funksiyalara yiyələnməyiblər. Onlar kredit verdikləri zaman sadəcə girov götürməklə işlərini bitmiş hesab ediblər. Amma dünyada bank sektoru belə fəaliyyət göstərmir. Dünyada sağlam banklar maraqlı olurlar ki, kredit almaq üçün təqdim olunan layihələr işlək olsun, bir çox hallarda banklar bu layihələrdə müştərək iştirak edirlər. Azərbaycan bankları içərisində də bu təcrübəyə malik banklar var. Ancaq bunu bütün banklara aid etmək olmaz.

Hesab edirəm ki, bankların dəyər yaradıcı funksiyaları olmalıdır. Ancaq bütün bunlarla yanaşı bankları bu qədər günahlandırmaq düzgün deyil. Çünki banklar iqtisadiyyatın çox önəmli hissəsidir. Bankları daim təzyiq altında saxlamaq iqtisadiyyatda əlavə problemlər yarada bilər. Əhalinin də banklara inamı və dəstəyi vacibdir. Ölkənin maliyyə sektorunda sürətli islahatlar aparılır, hesab edirəm ki, bu islahatların nəticəsində daha sağlam, daha yaradıcı maliyyə subyektlərinə sahib olacağıq.  

- Tahir müəllim, son zamanlar ölkəmizdə sənaye quruculuğuna xüsusi diqqət yetirilir. Respublikanın bölgələrində də sənaye zonalarının, məhəllələrinin yaradılması istiqamətində tədbirlər həyata keçirilir. Bütün bunların əhəmiyyəti haqqında da fikirlərinizi bilmək maraqlı olardı...

- Qeyri-neft sektorunun strukturunda sənayenin xüsusi çəkisi vardır. Sənayenin inkişafı bütövlükdə iqtisadiyyatın inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycanda hazırda 5 sənaye parkı və 1 sənaye məhəlləsi yaradılıb. Bunlar Sumqayıt Kimya Sənaye Parkı, Balaxanı, Qaradağ, Mingəçevir Pirallahı sənaye parkları və Neftçala Sənaye Məhəlləsidir. Azərbaycanın bir çox bölgələrində sənaye məhəllələri yaratmaq potensialı mövcuddur. Bir çox şəhərlərdə sənaye müəssisələri artıq mövcuddur. Məhəllələr yaradılarkən sənaye istehsalı, infrastruktur və bazar imkanları təhlil olunaraq qərar verilir. Bu məhəllələrin yaradılması həm də rayonların özlərinin də iqtisadiyyatlarının inkişafına geniş töhfə verəcəkdir. Bu, həm də dövlət siyasətidir. Sənaye park və məhəllələrində yaradılmış infrastruktur və güzəşt-dəstək sxemləri tamamilə dünya praktikasına uyğundur. Bundan əlavə, ölkə Prezidentinin təşəbbüsü ilə qəbul edilmiş qanun və qərarlar sənaye zonalarına investorların gəlməsi üçün əlavə stimullar yaratmışdır. Nümunə üçün Sumqayıt Kimya Texnologiyaları Parkını, bu parkda xarici investorların fəaliyyətini və bura cəlb olunmuş investisiyaları göstərmək olar. Bu nəticələr həm də bütövlükdə Sumqayıt şəhərinin sürətli inkişafına dəstək vermişdir. Azərbaycanın malik olduğu elmi potensial, təbii resurslar və nəqliyyat imkanları ölkədə sənayenin sürətli inkişafını təmin etməkdədir. Bu, həm də yüz minlərlə iş yeri, yüksək gəlir və əlavə dəyər imkanları deməkdir.