YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Görülən işlər ölkə əhalisinin sosial rifahının daha da yüksəlməsinə səbəb olacaq

Müsahibimiz Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, YAP Siyasi Şurasının üzvü Musa Quliyev

- Musa müəllim, bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib. İlin birinci yarısında ölkəmizin sosial-iqtisadi mənzərəsini necə xarakterizə edərdiniz?

- Nazirlər Kabinetinin iclasında bu ilin ötən dövrünə dair bütün məlumatlar geniş şəkildə ölkə ictimaiyyətinə çatdırıldı. Prezident İlham Əliyev iclasda geniş nitq söyləyərək ilin birinci yarısının sosial-iqtisadi inkişafı haqqında və qarşıda duran vəzifələr barədə fikirlərini bildirdi. Dövlət başçısı çıxışında həm hökumətə, həm ictimaiyyətə, həm də beynəlxalq ictimaiyyətə öz mesajlarını verdi. Cənab Prezidentin çıxışında vuurğulandığı kimi dünyada davam edən maliyyə-iqtisadi  böhranın davam etməsinə, neftin qiymətinin kəskin şəkildə aşağı  düşməsinə, ətraf regionlarda gərgin hərbi-siyasi vəziyyətin davam etməsinə baxmayaraq, Azərbaycan iqtisadiyyatı öz dayanıqlığını bir daha nümayiş etdirdi. Ötən ilin sonu, bu ilin əvvəlində baş verən manatın devalvasiyası ilə əlaqədar olan sıxıntılar demək olar ki, tamamilə aradan qalxıb. Artıq manat öz gücünü bərpa etməkdədir.

Eyni zamanda, Azərbaycanın daxili iqtisadiyyatı yüksəlməkdədir. Regionların sosial-iqtisadi inkişafı proqramları və qeyri-neft sektorunun inkişafına dair layihələr öz bəhrəsini verməkdədir. Cənab Prezidentin söylədiyi kimi bu gün artıq Azərbaycanda əsas məsələlərdən biri xarici ölkələrdə Azərbaycan malları üçün uyğun bazarlar tapmaqdır. Yəni biz artıq idxaldan asılı dövlət deyilik, özümüzü lazım olan ərzaq və qeyri-ərzaq məhsulları ilə kifayət qədər təmin edə bilirik. Artıq istehsal etdiyimiz Azərbaycan brendli məhsulları xarici ölkələrə çıxarılmasına maraqlıyıq və bu sahədə uğurlarımız var.

Qeyri-neft sektorunun inkişafı Azərbaycan iqtisadiyyatının dayanıqlığından xəbər verir. Eyni zamanda, cənab Prezidentin söylədiyi kimi Azərbaycana beynəlxalq investorların marağı yenə də qalmaqdadır. Azərbaycan beynəlxalq investorlar üçün cəlbedici ölkələrdən biridir. Bu da onu göstərir ki, ölkəmizdə möhkəm ictimai-siyasi sabitlik var, iqtisadi dayanıqlılıq var və ölkənin hüquq sistemi, aparılan siyasət beynəlxalq biznesin Azərbaycanda genişlənməsinə uyğun şəraiti yaradır. Qeyri-neft sektoru,  xüsusən kənd təsərrüfatı, turizm, İKT sahəsində əldə edilən nailiyyətlər növbəti illərdə də davam edəcək və ölkə əhalisinin sosial rifahının yüksəlməsinə səbəb olacaq. Qeyri-neft sektorunda kənd təsərrüfatının inkişafı ilə əlaqədar dövlət başçısı fikirlərini bildirib və qeyd edib ki, pambıqçılığa, tütünçülüyə, baramaçılığa diqqət daha da artırılmalıdır. Cənab Prezidentin vurğuladığı kimi ilin birinci yarısında kənd təsərrüfatında 3,1 faiz artım olub, amma bu sahənin potensialı daha böyükdür. Hazırda aqrar sektorun inkişafı  ilə əlaqədar böyük işlər görülür və biz qarşıdakı dövrdə bunun uğurlu nəticələrini görəcəyik.

Baxmayaraq ki, dünyanın bir çox ölkələrində, o cümlədən inkişaf etmiş Avropa ölkələrində sosial böhran var, iş yerləri bağlanır, qeyri-məşğul əhalinin sayı artır, pensiya və müavinətlərin məbləği aşağı düşür, amma  Azərbaycanda bu problemlərin heç birini ciddi şəkildə müşahidə etmirik. Cənab Prezidentin söylədiyi kimi 6 ay ərzində ölkədə 78 min daimi iş yeri açılıb və ilin sonuna qədər bu qədər iş yerinin açılması gözlənilir. Bu da ölkə iqtisadiyyatının dayanıqlı və sabit inkişafından xəbər verir. Əmək haqları, pensiyalar vaxtında verilir, artımlar müşahidlə olunur. Artıq gələn ilin dövlət büdcəsi hazırlanır, yəqin ki,  gələn ilin büdcəsində də həm yaşayış minimumunun yüksəlməsi, həm də əməkhaqları və pensiyaların məbləğinin artırılması nəzərdə tutulacaq.

- Dövlət başçısı iclasda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar danışıqlar prosesinin hazırkı mərhələsi haqqında fikirlərini bildirdi. Danışıqlar prosesində intesivliyin artması münaqişənin həllinə nə dərəcədə təsir göstərə bilər?    

- Nazirlər Kabinetinin iclasında cənab Prezidentin ən vacib mesajlarından biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı oldu. Dövlətimizin başçısı qeyd etdi ki, status-kvo belə qala bilməz, mütləq dəyişdirilməlidir. Status-kvonun dəyişməsi isə torpaqlarımızın işğaldan azad olunması deməkdir. Prezident İlham Əliyev bir daha beynəlxalq ictimaiyyətə, o cümlədən Ermənistan ictimaiyyətinə mesaj verdi ki, Azərbaycan dövləti öz torpaqlarının işğalı ilə heç vaxt barışmayacaq. Aprelin əvvəllərində ermənilərin təxribatının qarşısının alınması zamanı ordumuzun göstərdiyi şücaət bir daha sübut edir ki, Azərbaycan Silahlı Qüvvələri istənilən an öz torpaqlarını işğaldan azad etməyə qadirdir.

Cənab Prezidentin söylədiyi kimi apreldə baş verən qısa müddətli döyüşlərdən sonra beynəlxalq aləmdə Azərbaycanı dəstəkləyən qüvvələrin sayı artır. Münaqişənin həlli ilə bağlı fikirlər onu göstərir ki, Azərbaycanın mövqeyi beynəlxalq aləmdə dəstəklənir. Danışıqlar prosesində dinamiklik artıb və prosesdə irəliləyişlərin olacağına ümidlər var.

Ümumiyyətlə, Azərbaycan Dağlıq Qarabağın əhalisini də öz vətəndaşı hesab edir. Digər vətəndaşlar kimi onların da hüquqlarını  tanıyır. Amma bu şərtlə ki, bu bölgədə olan işğalçı qüvvələr çıxarılsın, mülki vətəndaşlar isə Azərbaycan dövlətinin qanunlarını qəbul etsinlər. Azərbaycan dünyada tanınan ən yüksək muxtariyyəti Dağlıq Qarabağa verməyə hazırdır. Bir şərtlə ki, münaqişə Azərbaycanı ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.

- 2016-cı ilin birinci yarısında həyata keçirilmiş sosial siyasətin nəticələri  haqqında da fikirlərinizi bilmək istərdik...

- Ümumiyyətlə, cənab Prezidentin sədrliyi ilə keçirilən iclas göstərdi ki, Azərbaycanda sosial-iqtisadi inkişaf davam etməkdədir. Qeyri-neft sektoru inkişaf edir, regionların inkişafı öz bəhrəsini verir. Əhalinin məşğulluğu, sosial təminatı və digər vacib təminatları dövlətin nəzarətindədir. Bu ilin birinci yarısının göstəriciləri deməyə əsas verir ki, ilin ikinci yarısında da Azərbaycan iqtisadiyyatı daha da yüksələcək.

Dünya iqtisadi böhranı şəratində Azərbaycanda yeni iş yerlərinin açılması, mövcud əməkhaqqı, pensiya sistemində islahatların aparılması, yaşayış minimumunun artırılması və sahibkarlara ciddi dövlət dəstəyinin verilməsi, ümumilikdə sosial sferada aparılan müsbət işlər bir daha dövlətin öz daxili siyasətində sosial siyasətin prioritet olmasından xəbər verir. Uğurlu sosial siyasətin bariz göstəricilərindən biri Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılması və bu qurum vasitəsilə sosial evlərin tikilməsidir. Cənab Prezident Nazirlər Kabinetinin iclasında vurğuladı ki, Mənzil İnşaatı Dövlət Agentliyinin əsas vəzifəsi aztəminatlı ailələrə çox əlverişli şərtlərlə mənzillərin verilməsidir. Eyni zamanda, bu proses kütləvi xarakter alandan sonra bunun inşaat və tikinti materialları istehsalı sektorlarına və beləliklə, sənaye potensialımıza çox müsbət təsiri olacaq.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında «ASAN Xidmət»in fəaliyyətini xüsusi vurğuladı və söylədi ki, bu xidmətdən 10 milyona qədər insan istifadə edib. Nəzərə alsaq ki, Azərbaycan əhalisinin sayı təxminən bu qədərdir, onda bu xidmətin nə dərəcədə önəmli olduğu əyani şəkildə özünü göstərir. «ASAN Xidmət» sosial xidmət sahəsində Azərbaycanın brendi kimi dünyanın bir çox dövlətləri tərəfindən maraqla qarşılanır, öyrənilir və tətbiq olunur. Bütün bunların hamısı Azərbaycan dövlətinin sosial siyasətində, o cümlədən, dövlət başçısının daxili siyasətində Azərbaycan vətəndaşına qayğının ifadəsidir.     

- Musa müəllim, gündəmdə olan digər bir məsələ isə ölkəmizdə dərman istehsal edən müəssisələrin yaradılmasıdır. Sizcə, bu baxımdan ölkəmizin potensialı hansı səviyyədədir?

- Bəli, Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkəmizdə dərman preparatlarının istehsalı üçün ciddi proqram hazırlandığını bildirib. “İndi vaxt gəlib çatıb ki, Azərbaycanda dərman preparatlarının istehsalına başlansın. Müvafiq göstərişlər verilibdir, bir neçə xarici şirkətlə danışıqlar aparılır, böyük maraq var. Çünki Azərbaycan bazarı kifayət qədər böyük bazardır. Azərbaycan əhalisinin sayı 10 milyona yaxınlaşır və dinamika da müsbətdir. Ona görə xarici firmalar böyük maraq göstərirlər. Biz bundan istifadə etməliyik”, - deyən dövlətimizin başçısı vurğulayıb ki, dərman preparatlarının istehsalı üçün indi ciddi proqram hazırlanır və bir klastr yaradılmalıdır. Beləliklə, həm bu sahədə də sənaye potensialı inkişaf edəcək, idxaldan asılılıq azalacaq və həm də vətəndaşlarımızı daha keyfiyyətli dərmanlarla təmin edə bilərik. Ölkə Prezidenti  bildirib ki, bu il artıq biz dərman fabriklərinin tikintisinə başlamalıyıq.

Ümumiyyətlə, dərman təminatının davamlı, keyfiyyətli, əlçatan olması vacib şərtdir. Ona görə də bir çox ölkələr öz əhalisi üçün dərman istehsal edirlər və hətta xarici bazarlara çıxarırlar. Ölkəmizə xaricdən dərman idxal olunur və buna çox böyük vəsait xərclənir. Bu vəsaitin ölkədən çıxmasının qarşısını almaq, ölkəyə valyuta gətirmək üçün dərman istehsalı çox vacib məsələlərdən biridir. Əgər ölkəmizdə dərman istehsal olunsa, külli miqdarda vəsaitin xaricə axmasının qarşısı alınar. Həm də, ölkədə keyfiyyətli, ucuz, təminatlı dərmanlar istehsal olunacaq və onu xarici bazarlara ixrac etmək mümkündür. Dərman istehsalı həmçinin yeni iş yerlərinin açılması deməkdir. Eyni zamanda, bu sahədə mütəxəssislərin hazırlanmasına və onların işlə təmin olunmasına şərait yaradacaq.

Digər bir özəllik ondan ibarətdir ki, Azərbaycan dərman bitkiləri ilə zəngin regiondur. Dərman bitkiləri faktiki istifadəsizdir və biz bu potensialdan istifadə etmirik. Nəzərə alsaq ki, dünyada ən qiymətli dərmanlar bitki tərkibli dərmanlar hesab olunur, bu potensialdan səmərəli istifadə etməliyik. Kimyəvi dərmanlar onlardan həm keyfiyyətinə görə geri qalır, həm də kimyəvi dərmanların əlavə təsirləri olur. İnsan orqanizminə bioloji cəhətdən yaxın olmasına görə bitki dərmanlardan istifadə olunması daha məsləhətlidir. Əgər Azərbaycanda dərman istehsalı həyata keçirilərsə, bir çox iqtisadi, sosial, siyasi səmərəsi ola bilər. Həmçinin ölkəmizin bitki potensialından istifadə olunacaq. Yaxşı dərmanlar istehsal edən müəssisələr qura bilsək, xaricə də dərman ixrac edə bilərik, bu da ölkəyə əlavə valyuta gətirəcək. Artıq bu istiqamətdə işlər görülür, danışıqlar aparılır. Yəqin ki, ilkin olaraq tanınmış xarici şirkətlərlə iş qurulacaq. Hesab edirəm ki, biz bu hədəfimizə də nail olacağıq.