MÜSAHİBƏLƏR
Müstəqil Azərbaycan Ümummilli lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir
- Tahir müəllim, Azərbaycanın dövlətçilik tarixində Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri var. Təsadüfi deyi ki, Ulu öndər Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin qurucusu kimi dəyərləndirilir. Bütövlükdə, Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının və dövlətinin ali mənafeyinə xidmət edən fəaliyyətini necə xarakterizə edərdiniz?
- Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin və onun üzvlərinin mənafeyinə xidmət etmiş, Azərbaycan dövlətinin və xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışmış, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün misilsiz xidmətlər göstərmişdir. Bu gün daha çox Ulu öndər Heydər Əliyevin müstəqillik dövründə Azərbaycan rəhbərliyi zamanı gördüyü işlərdən geniş bəhs edilir. Ancaq unutmaq lazım deyil ki, dövlətçilik tariximizin özünəməxsus bir həlqəsi olan Sovet dövründə də böyük dövlət xadimi, Ümummilli lider Heydər Əliyev milli inkişafımız baxımından əvəzolunmaz nailiyyətlərə imza atmışdır.
Ulu öndər Heydər Əliyevin gərgin fəaliyyətinin nəticəsidir ki, 1970-1980-ci illər Azərbaycanın quruculuq səlnaməsində ictimai və iqtisadi sahədəki dərin islahatların səviyyəsinə, xalqın sosial rifah halının keyfiyyətcə yeni mərhələyə keçməsinə görə ən parlaq səhifələr təşkil etmişdir.
1969-cu ildən başlayan böyük inkişaf yolu Azərbaycanın gələcək tərəqqisinin əsası oldu. Ulu öndər Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısındakı misilsiz xidmətlərini təsvir etmək üçün mütləq mənada Onun hakimiyyətinin birinci dövrünə nəzər yetirmək lazımdır.
Məlum olduğu kimi, 1969-cu ilədək Azərbaycan SSRİ-nin tərkibində bütün sahə və istiqamətlər üzrə ən geridə qalmış ölkələrin başında gəlirdi. Respublikamızın inkişafı üçün əhəmiyyətli resurs və potensial mövcud olsa da, onlardan səmərəli surətdə istifadə edilməməsi tənəzzül meyillərinin əsasında dayanan başlıca faktor idi. Amma Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il 14 iyul plenumunda Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olması ölkəmizin Sovet dövrü tarixində dönüş nöqtəsi oldu. Məhz bu tarixdən sonra bütün sahələrdə həyata keçirilən islahatlar, görülən tədbirlər respublikamızın inkişafını təmin edən strateji əsas oldu.
Məlum olduğu kimi, həmin dövrə qədər Azərbaycan SSRİ miqyasında xammal mənbəyi qismində çıxış edən aqrar respublika kimi tanınırdı. Odur ki, ölkəmizin yalnız xammal mənbəyi kimi çıxış etməsi ənənəsini aradan qaldırmaq və davamlı, sürətli inkişafı təmin etmək üçün kompleks səciyyəli strateji islahatlar aparmaq, genişmiqyaslı tədbirlər görmək zəruri idi. Bunun üçünsə ilk növbədə sosial-iqtisadi islahatlar həyata keçirməklə, milli inkişafın maddi bazasını formalaşdırmaq lazım idi. Ulu öndər Heydər Əliyev də məhz bu istiqamətdə fundamental strateji tədbirlər görməklə, davamlı və nizamlı inkişafı təmin etməyi bacardı. Sürətli sənayeləşmə kursu seçildi və qısa zaman kəsiyində sənaye sahəsinin inkişafında mühüm irəliləyişlər qeydə alındı. Ardıcıl surətdə sənaye müəssisələri tikilib istifadəyə verildi ki, bu da davamlı inkişaf konsepsiyasının həyata keçirilməsini təmin edən əsaslardan biri oldu. Qısa müddətdə Azərbaycan İttifaq səviyyəsində sənaye istehsalının artım sürətinə görə ilk yerdə qərarlaşdı. Bununla yanaşı, kənd təsərrüfatı sənaye təməli üzərində inkişaf etdirildi və istehsal olunan məhsulların orta illik həcmi mütəmadi surətdə artırıldı. Artıq 1982-ci ildə kənd təsərrüfatı məhsullarının istehsal həcmi ilk dövrlərlə müqayisədə 6 dəfə artırılmışdı ki, bu da aqrar sektorun inkişafı yönündə həyata keçirilən siyasətin səmərəliliyindən xəbər verirdi. Eyni zamanda, Ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə neft sənayesində də tənəzzül meyilləri aradan qaldırıldı və bəhs edilən sahədə ehtiyatlardan səmərəli istifadə etməklə davamlı və nizamlı inkişafın əsası qoyuldu. Nəticə etibarilə, neft hasilatı xeyli artırıldı.
- Ümummilli lider Heydər Əliyevin 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövr həm də milli ruhun yüksəlişinin təmin edilməsi baxımından əlamətdar tarixə çevrildi...
- Ümummilli lider Heydər Əliyevin 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrdə görülən işlər nəticəsində milli ruhun yüksəlişi təmin edilmiş, milli dövlətçilik ideyasının gələcəkdə böyük hərəkətverici qüvvəyə çevrilməsi üçün mühüm zəmin yaranmışdır. Bu baxımdan ümummilli liderin ölkə rəhbərliyinə gəlişindən sonrakı dövr milli özünüdərkin, milli özünəqayıdışın başlanğıcı kimi qəbul edilir.
Görülən tədbirlərin fonunda tənəzzül meyillərinə son qoyuldu və respublikamızın sosial-iqtisadi inkişafına, dirçəlişinə start verildi. Sosial-iqtisadi inkişafın təmin edilməsi mədəniyyət, təhsil, səhiyyə və digər sahələrdə də görülən fundamental strateji tədbirlərin uğurluluğunu şərtləndirdi ki, bu da Azərbaycanın keçmiş SSRİ səviyyəsində ən yüksək inkişaf tempinə malik olan respublikaya çevrilməsinin təminatçısı qismində çıxış etdi.
Strateji sahə olan təhsil sektorunda da ardıcıl və davamlı islahatlar həyata keçirildi ki, bu da kadr potensialının formalaşdırılması və təkmilləşdirilməsi işinə fundamental töhfələr bəxş etmiş oldu. Əvvəla, təhsil sektorunun maddi-texniki bazası yaxşılaşdırıldı. Xüsusi intellektual təbəqənin formalaşdırılması istiqamətində normativ baza yaradıldı və buna müvafiq olaraq praktik müstəvidə əhəmiyyətli tədbirlər görüldü. Ulu öndər Heydər Əliyevin xüsusi diqqət və qayğısının fonunda kadr potensialının formalaşdırılması və təkmilləşdirilməsi istiqamətində azərbaycanlı gənclər SSRİ miqyasında fəaliyyət göstərən ali təhsil müəssisələrinə göndərildilər. Belə ki, azərbaycanlı tələbələr Moskva, Leninqrad, Xarkov, Kiyev, Minsk, Voronej və s. şəhərlərdə fəaliyyət göstərən nüfuzlu ali təhsil müəssisələrində öz təhsillərini başa vuraraq ölkəmizə qayıdır və kadr potensialı kimi müxtəlif sahələrdə çalışırdılar. Ümumilikdə, Ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə SSRİ-nin ən nüfuzlu ali təhsil müəssisələrində 18 minədək yüksəkixtisaslı mütəxəssis hazırlandı. Bu isə milli inkişafın intellektual əsaslarının möhkəmlənməsinə fundamental töhfə idi.
Bununla yanaşı, azərbaycanlı gənclərin SSRİ miqyasında fəaliyyət göstərən nüfuzlu ali təhsil məktəblərinə göndərilməsi milli mədəniyyətimizin təbliği və möhkəmləndirilməsi, milli diaspor quruculuğunun formalaşdırılması işinə mühüm strateji töhfələr bəxş etdi.
Bunlardan başqa, milli-mənəvi dəyərlərin qorunması və dirçəldilməsi istiqamətində əhəmiyyətli tədbirlər görüldü. Musiqi, teatr, kino, təsviri incəsənət və digər sahələrdə xüsusi dəyişikliklər və inkişaf meyilləri qeydə alındı. Mədəniyyət evləri inşa edildi, abidələr ucaldıldı, incəsənət xadimlərinə fəxri adlar, ordenlər, təqaüdlər ayrıldı. Bütün bunlar isə cəmiyyətin intellektual təbəqəsinin fəaliyyət mexanizminin səmərəlilik səviyyəsini daha da artırdı.
Beləliklə, Ulu öndər Heydər Əliyevin 1969-1982-ci illər ərzində ölkəyə rəhbərlik etdiyi dövrdə həyata keçirilən islahatlar və görülən strateji tədbirlərin fonunda respublikamız sürətlə inkişaf edərək SSRİ miqyasında xüsusi çəkiyə malik olan respublikaya çevrildi. Əgər o zamanadək Azərbaycan SSRİ miqyasında yalnız xammal mənbəyi kimi çıxış edərək inkişaf tempinə görə ən geridə qalmış respublika kimi səciyyələndirilirdisə, Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən işlərin fonunda ölkəmiz sürətli inkişaf tempinə malik oldu və 1970-ci illərin sonu 80-ci illərin əvvəlində bütün sahələrdə mütəmadi inkişaf meyilləri qeydə alındı.
Bununla yanaşı, siyasi-ideoloji müstəvidə görülən işlər də milli inkişaf və həmrəyliyimizin təminatçısı qismində çıxış etdi. Milli ideoloji siyasətin tərkib hissəsi kimi, 1978-ci ildə Heydər Əliyevin cəhdləri və təşəbbüsü sayəsində Azərbaycan SSR-in Konstitusiyasına “Azərbaycan dili Azərbaycan SSR-in rəsmi dövlət dilidir” maddəsi daxil edildi. Bu, milli ideologiyamızın funksional vahidi olan milli dilimizin mühafizəsi və təbliği baxımından mühüm tarixi strateji addım oldu. Bunun ardınca “Müasir Azərbaycan dili” və “Azərbaycan dili” dərslikləri hazırlandı ki, bu da bəhs edilən siyasətin milli-ideoloji əsası səciyyəsi daşıdı.
- Tahir müəllim, Ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı da Azərbaycanın düşdüyü ağır vəziyyətdən xilas edilməsi ilə bağlıdır. Tarixə diqqət yetirdikdə Ümummilli liderin fəaliyyətinin əsas istiqaməti olan xilaskarlıq missiyası daha çox önə çəkilir. Bu missiyanı şərtləndirən amillər hansılardır?
- Ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri, şübhəsiz ki, Azərbaycan dövlətçiliyinin xilası və bunun sayəsində ölkənin siyasi tarixində yeni bir mərhələnin açılmasıdır. Bu kontekstdə bir sıra kompleks məsələlərə nəzər yetirmək vacibdir.
15 iyun 1993-cü ilin Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olması nəinki Ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasının, eyni zamanda, ölkəmizin bugünkü reallıqlarının başlanğıcının təsdiqidir. Azərbaycan xalqı daim azadlıq, müstəqillik uğrunda mübarizə aparmış, bu istəyinə nail olmaq üçün böyük qurbanlar vermişdir. 1991-ci ilin 18 oktyabrında Azərbaycanın Dövlət Müstəqilliyi Aktının qəbul olunmasına baxmayaraq, ilk illərdə ölkəyə idarəçilik qabiliyyəti olmayan, öz şəxsi maraqlarını dövlətin mənafeyindən üstün tutan şəxslərin rəhbərlik etməsi Azərbaycanı böyük uçurum qarşısında qoymuşdur. Belə bir ağır durumda Ulu öndər Heydər Əliyev xalqın köməyinə gəldi.
Tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü il iyunun 15-də Ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikası Milli Məclisinə Sədr seçilməsi ölkəmizin siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu. Azərbaycanın mürəkkəb kataklizmlərlə müşayiət edilən daxili siyasi böhrandan qurtulması məhz bundan sonra mümkün oldu. Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrildi.
Bir sözlə, Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının xilaskarı olmasını ölkəmizin müstəqilliyini qoruyub saxlamaqla və yeni inkişaf üfüqləri açmaqla sübut etdi. Bütün bunların qanunauyğun nəticəsi kimi, 1993-cü il oktyabr ayının 3-də keçirilən prezident seçkilərinin nəticələrinə müvafiq olaraq xalqın dərin etimadı ilə Azərbaycan Prezidenti seçilən Ümummilli lider Heydər Əliyev qısa bir zamanda Özünün ümummilli maraqlara xidmət edən və ali prinsiplərə söykənən fəaliyyəti ilə ölkədə milli həmrəyliyi, bütövlüyü və inkişafı təmin etdi.
Həmin dövrün hadisələri yaddaşlarda olsa da onların daim təkrarlanmasına, gələcək nəsillərə çatdırılmasına böyük ehtiyac var. Bu da səbəbsiz deyil. Ulu öndər Heydər Əliyev daim çıxışlarında bildirirdi ki, indiki nəsil Azərbaycanın müstəqillik yolunun nə qədər ağır dövrdən keçməsindən xəbərsizdir. Onlara həmin dövrün reallıqlarını çatdırmaq, bugünkü inkişafa nail olmaq üçün hansı çətinliklərdən keçildiyini aşılamaq lazımdır.
Qazanılan uğurların təməlində Ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyası, ondan sonrakı dövrlərdə həyata keçirdiyi düşünülmüş və məqsədyönlü siyasət dayanır. Cənab Prezident İlham Əliyev Ulu öndər Heydər Əliyevin möhkəm təməl üzərində qurduğu həmin xətti uğurla davam etdirməklə Azərbaycanı ən yüksək zirvələrə yüksəldir. Uğurlarımızın bir-birini əvəzləməsinə baxmayaraq, dövlət başçısı bildirir ki, biz daim irəliyə baxmalıyıq. Azərbaycanın artan iqtisad imkanları, siyasi mövqeyi, beynəlxalq aləmdə nüfuzu daha mühüm uğurlara yol açır.
- Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf konsepsiyasında azərbaycançılıq ideyasına bağlılıq, bütün soydaşlarımızın bir amal ətrafında birliyi daha vacib şərt kimi irəli sürülmüşdür. Bu gün müstəqil Azərbaycanımızın uğurlarında bu amilin rolunu necə görürsünüz?
- Bildiyiniz kimi, bu yaxınlarda Bakıda Dünya azərbaycanlılarının IV qurultayı keçirildi. Qurultayda çıxışı zamanı dövlət başçısı İlham Əliyev diaspor quruculuğu sahəsində görülən işləri önə çəkməklə yanaşı, mövcud problemləri və onların həlli yollarını da diqqətə çatdırdı. Diaspor təşkilatlarının birliyinin artırılması daha vacib amil kimi vurğulandı. Qeyd edək ki, Dünya azərbaycanlılarının vahid mərkəzdən idarə olunmasının vacibliyi məsələsi Ulu öndər Heydər Əliyev tərəfindən irəli sürülmüşdür. Bu addım nə zaman atıldı?
Ulu öndər Heydər Əliyev bildirirdi ki, dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımızın həmrəyliyinə nail olmaq üçün öncə ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlıların birliyi gərəkdir. Həmin dövrdə müxtəlif ölkələrdə Azərbaycan mərkəzləri, cəmiyyətləri yaradıldı. Sonra onların vahid mərkəzdən idarə olunması təşəbbüsü irəli sürüldu. Ulu öndər Heydər Əliyevin 23 may 2001-ci il tarixli Sərəncamı ilə həmin il noyabrın 9-10-da Dünya azərbaycanlılarının I qurultayı keçirildi. Bu qurultay diaspor quruculuğu prosesinin inkişafında yeni bir mərhələnin başlanğıcı oldu. 2002-ci ildə Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradıldı. Hazırda bu komitə Diasporla İş üzrə Dövlət Komitəsi adı altında fəaliyyətini davam etdirir. Komitənin müxtəlif ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatları ilə birgə əlaqələrinin qurulması sözsüz ki, birliyimizə, həmrəyliyimizə öz müsbət təsirini göstərir.
Ulu öndər Heydər Əliyev bu birliyin zəruriliyini bu səbəbdən bildirirdi ki, hər bir dövlətin özünü dünyada təsdiqləməsində xarici siyasətinin düzgün qurulması vacib şərtdir. Diaspor quruculuğu da xarici siyasətin əsas tərkib hissələrindəndir. Digər tərəfdən bir faktı da unutmayaq ki, dünyada azərbaycanlılara və türklərə qarşı əsassız təbliğat aparan erməni diasporu fəaliyyət göstərir. Bu gün onların Azərbaycan diasporunun güclənməsi nəticəsində dünyada cərəyan edən proseslərə təsir imkanları zəif olsa da vaxtilə bu imkanların mövcudluğu erməni yalanlarının ayaq tutub yeriməsinə, ölkəmizə qarşı ədalətsiz qərarların qəbuluna səbəb olmuşdur.
Müharibə şəraitində yaşayan ölkəyik. Həqiqətlərimizin dünya ictimaiyyətinə çatdırılmasında dünya azərbaycanlılarının da üzərinə böyük məsuliyyət düşür. Dövlət başçısı İlham Əliyev IV qurultayda çıxışı zamanı bu məsələni önə çəkərək diaspor təşkilatları ilə həmin ölkələrdə fəaliyyət göstərən səfirliklərimizin birgə fəaliyyətinin vacibliyini qeyd etdi. Bu birlik nə qədər güclü olarsa, həqiqətlərimizi beynəlxalq ictimaiyyətə daha dolğun şəkildə çatdırmaq olar. Bir sözlə, Ulu öndər Heydər Əliyevin “Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, vətənə, torpağa, millətə sədaqət, Vətən yolunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir” tezisi harda yaşamasından, hansı vəzifədə çalışmasından asılı olmayaraq hər bir Azərbaycan vətəndaşının fəaliyyətinin əsas prinsipinə çevrilməlidir. Möhtərəm Prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi, gündən-günə güclənən Azərbaycan qürur mənbəyimizdir.
- Tahir müəllim, bu günün əsas çağırışlarından biri iqtisadi inkişafın gələcək istiqamətlərinin müəyyənləşdirilməsinin güclü elmi əsaslara söykənməsidir. Bununla bağlı fikirlərinizi bilmək istərdik...
- Ölkəmizin iqtisadi sahədə əməkdaşlığına geniş imkan yaradan amillərdən biri də elmi, intellektual potensialıdır. Ölkəmiz bu gün bütün sahələrdə mühüm uğurlara imza atıb. Bu uğurların davamlılığını təmin etmək üçün dövlət başçısı İlham Əliyev kadr hazırlığını iqtisadi inkişafın səviyyəsinə uyğunlaşdırmağı qarşıya ən mühüm vəzifə kimi qoyur. Hər bir dövrün öz çağırışları, tələbləri var.
Bu il müstəqilliyimizin bərpa olunmasının 25 ili tamam olur. Azərbaycanın ötən bu dövr ərzində qazandığı uğurlar göz qabağındadır. Bütün inkişafın təməli kimi dəyərləndirilən sabitliyin ölkəmizdə yüksək səviyyədə qorunması uğurların bir-birini əvəzləməsinə geniş imkanlar açır. Bu gün Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin sayı sürətlə artır. Ölkəmizin malik olduğu təbii resurslardan səmərəli istifadəsi beynəlxalq əhəmiyyətli layihələrin icrasına, eyni zamanda, maliyyə imkanlarının artmasına yol açır. Müstəqil siyasət aparmaq, iqtisadi, o cümlədən, enerji sahəsində müstəqil təşəbbüsləri irəli sürmək maliyyə, iqtisadi və siyasi cəhətdən böyük imkanlar tələb edir. Bu gün Azərbaycanın iştirakı olmadan regionda enerji, həmçinin, nəqliyyat və iqtisadiyyat sahəsində heç bir təşəbbüs irəli sürülə bilməz. Azərbaycan enerji resurslarından əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi, milli maraqlarımızın təmin edilməsi və ölkəmizin qüdrətlənməsi naminə istifadə edir.
Prezidentimiz İlham Əliyev ölkəmizin uğurlarına diqqəti yönəldərək bildirib ki, bütün sahələr üzrə proqramların mövcudluğu, onların xalq tərəfindən dəstəklənməsi və uğurlu icrası nəticəsində Azərbaycan sürətlə inkişaf edir və yaxın zamanlarda dünyanın inkişaf etmiş ölkələri sırasına daxil ediləcəkdir. Bununla da ölkəmizin uzunmüddətli və dayanıqlı inkişafına nail olacağıq.
Beləliklə, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli siyasət sayəsində Azərbaycan Respublikasının inkişafı davam edir, dövlət quruculuğu istiqamətində əhəmiyyətli nailiyyətlər əldə edilir. Müstəqil Azərbaycan Ümummilli lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu strateji əhəmiyyətli milli siyasəti müasir dövrün tələblərinə və qanunauyğunluqlarına müvafiq qaydada davam etdirən Prezident İlham Əliyevin siyasi-strateji kursu xalq-iqtidar birliyini daha da möhkəmləndirir.