YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Azərbaycan və Türkiyə sarsılmaz dostluq və qardaşlıq formatı yaradıblar

Müsahibimiz Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Aydın Hüseynov

- Aydın müəllim, Azərbaycan və Türkiyə arasında iqtisadi – siyasi əlaqələr son günlər daha intensivləşib. Bu, region üçün hansı mühüm dəyişikliklər vəd edir?

- Dost və qardaş ölkələr olan Türkiyə və Azərbaycanı iqtisadi-siyasi, hərbi, ticari, elmi-mədəni, ümumiyyətlə, bütün sahələrdə tarixi yaxınlıq və eyni milli dəyərlər birləşdirir. Bütün tarixi dövrlərdə davamlı və uzunmüddətli əlaqələr quran Türkiyə və Azərbaycanın ictimai-siyasi, iqtisadi-sosial və mədəni həyatında dinamizm meyilləri müşahidə olunub. Həmişə bir-birinin köməyini, çətin sınaqlarda dəstəyini hiss edən Azərbaycanla Türkiyənin münasibətlərində hansısa maraqlara söykənən tərəfdaşlıq meyilləri olmayıb. Bu ölkələri bir-birinin problemlərinə diqqət və qayğı, səmimiyyət, qardaşlığın, milli birliyin genetik kodları birləşdirir. Bu gün ən nəhəng qaz və neft kəmərləri Azərbaycan-Türkiyə tranzit məkanı vasitəsilə dünyaya uzanmaqdadır, bunun hansı siyasi güc olması bütün dünya dövlətlərinə yaxşı məlumdur. Məhz bu amillər hər iki ölkənin dünya iqtisadiyyatına inteqrasiyasında mühüm rol oynayır və qarşılıqlı əməkdaşlığı nəzərdə tutan yeni-yeni layihələr dünya birliyində Azərbaycanın və Türkiyənin nüfuzunun, mövqeyinin güclənməsinə təkan verir. Bu gün hər iki ölkənin iqtisadiyyatı istər dövlət şirkətləri, istərsə də biznes qurumları üçün açıqdır.

Son illərdə ölkələr arasında dinamizmin möhkəmlənərək keyfiyyətcə yeni mərəhələyə qədəm qoyması qarşılıqlı əməkdaşlıq tellərinin genişlənməsinə impuls verib. Azərbaycanın dövlət başçısı cənab İlham Əliyev iki qardaş ölkənin həmişə uğurla əməkdaşlıq etdiyini və qarşıda duran bütün çağırışlara, bütün vəzifələrə birgə münasibət göstərdiklərini bəyan edib.
Türkiyə Azərbaycanın bir nömrəli ticarət tərəfdaşı olması üçün səylərini də gücləndirmək niyyətindədir.

Hazırda Azərbaycanda 2500-ə yaxın türk şirkəti kənd təsərrüfatı, xidmət, sənaye, ticarət, tikinti, nəqliyyat və s. sahələrdə fəaliyyət göstərir. Azərbaycandakı xarici şirkətlərin 36%-dən çoxunu türk şirkətləri təşkil edir. Türkiyədə isə 1100-ə yaxın Azərbaycan şirkəti uğurla fəaliyyət göstərir. Türk iş adamları ölkəmizdə sənaye parklarının, regionlarda sənaye məhəllələrinin, eləcə də aqroparkların, logistik mərkəzlərin və emal müəssisələrinin yaradılmasında iştirak edirlər.

Ölkələr arasında ticarət dövriyyəsi 3 milyard dollardan artıqdır və Türkiyə bu rəqəmi ən azı 10 milyard dollara çatdırmaq istəyir. Türkiyə Azərbaycanın neft, qaz, energetika, yüngül və yeyinti sənayesi, maşınqayırma, kənd təsərrüfatı, lizinq, sığorta, xidmət, emal, turizm və digər bölmələrində ən iri sərmayəçiləri ilə seçilir. Türk şirkətləri respublikamızda yeni iş yerlərinin yaradılması və yoxsulluğun azaldılması ilə bağlı strategiyanın reallaşmasında da ən aktiv iştirak edən investorlar sayıla bilər. Ümumiyyətlə, Azərbaycanın iqtisadiyyatı Türkiyə üçün geniş əhatə dairəsinə görə necə açıqdırsa, qardaş ölkənin sərmayə bazarında və iqtisadi strukturlarında respublikamızın investorlarına bir o qədər “yaşıl işıq” yandırılıb. Türkiyənin sərmayə bazarında indi ən iri sərmayəçilərdən biri məhz Azərbaycandar. Azərbaycan son bir ildə qardaş ölkəyə yönəltdiyi investisiyaların həcminə görə bir sıra ölkələri qabaqlamaqdadır. Qardaş ölkələr arasında TANAP üzrə sazişin imzalanması isə dünya siyasi və iqtisadi tarixinə ən mühüm hadisə kimi möhür vurub. Bu sazişi imzalamaqla Azərbaycanla Türkiyə regionda əməkdaşlıq və təhlükəsizlik dəhlizinin möhkəmlənməsi üçün yeni təməllər yaradıb. Saziş «Cənub dəhlizi» enerji şəbəkəsinin ən mühüm komponentlərindən biri olmaqla yeni-yeni dəhlizlərin yaradılmasına geniş üfüqlər açır.

Bu gün Türkiyə-Azərbaycan dostluğunun sarsılmaz bir formada inkişafı qarşıdakı illərdə regionda iki qardaş ölkənin timsalında güc mərkəzinin yaranacağını ehtiva edir.

- Azərbaycan və Türkiyənin regionda güclənməsi bəzi beynəlxalq gücləri narahat edir. Bu ölkələri zəiflətmək üçün terror və münaqişələrin davam etməsinə rəvac verilir. Bu faktor hansı dərəcədə real hesab oluna bilər?

- Məlum olduğu kimi Azərbaycan 25 ildən artıqdır ki, erməni terrorizmindən əziyyət çəkir. Ermənilər doğma torpaqlarımızı işğal edib, dinc sakinlərə qarşı terror hadisələrini bu gün də davam etdirirlər. Dünya birliyi isə buna qarşı sakit davranır, ikili standartlar nümayiş etdirilir. Bu, qardaş ölkə olan Türkiyənin timsalında da açıq-aşkar görünür. Son bir ilə ard-arda baş verən terrorlar, İstanbulun mərkəzində, ölkənin ən iri şəhərinin hava limanında törədilən qanlı terrora da dünya ictimaiyyəti Belçika, Fransadakı kimi sərt müqavimət göstərmədi. Bu olanlar Azərbaycan xalqını da sarsıdır. Qardaşlığın və milli birliyin simvoluna çevrilən Azərbaycanla Türkiyənin kədəri, qəmi, sevinci, hüzuru bir olduğundan bəşəriyyətin qınadığı bu qanlı saldırı da Azərbaycan xalqının kədəri sayılır. Türkiyədə baş verən hadisələr, Azərbaycanın işğal olunmuş torpaqlarında erməni terrorizminin davam edən cinayətləri Azərbaycan və Türkiyənin, türk dünyasının gücündən qorxan bir sıra siyasi-hərbi qütblərin eksterimizmə verdiyi dəstəyin nəticəsi sayıla bilər. Bu gün qloballaşan dünya düzənində türk dövlətləri geosiyasi-iqtisadi nüfuz mərkəzi kimi dünya xəritəsində strateji yer tutur. Azərbaycan və Türkiyənin genişqmiqyaslı layihələrin gerçəkləşrdirməsi, türk dövlətlərinin iqtisadi-siyasi, hərbi, ticari, elmi-mədəni, ümumiyyətlə, bütün sahələrdə birgə əlaqələrinin artması, yeni-yeni layihələrə imza atması onların nüfuzunu və mövqeyini gücləndirir. Türkiyə-Azərbaycanın birliyi, qüdrəti bir sıra siyasi qüvvələri, güc mərkəzlərini, iqtisadi və hərbi bürokratları narahat edir, onların bu və digər vasitələrlə siyasiləşmiş terror dəstələrinə dəstəyi artır. Bu siyasi və hərbi riyakarlığın, silahlanmanın ağır fəsadlarını isə hər iki qardaş ölkə yaşayır. Amma türk dünyasını, Azərbaycan və Türkiyənin bu cür təhdidlər, terrorçulara qarşı ikili standartlar nümayiş etdirməklə dünyada möhkəmlənən iqtisadi-siyasi-hərbi qüdrətini azaltmaq hec cür mümkün deyil. 

Türkiyə-Azərbaycan regionda sarsılmaz dostluq və qardaşlıq formatı yaradıblar. Dünyada  terrorçulara qarşı ikili standartlar nümayiş etdirilsə də, iki qardaş ölkənin iqtisadi-siyasi-hərbi qüdrətini azaltmaq hec cür mümkün deyil. Cənab Prezident İlham Əliyevin bəyan etdiyi kimi   hər zaman olduğu gün də Azərbaycan Türkiyənin yanındadır, Azərbaycan xalqı türk xalqının yanındadır. Biz yaxşı günlərdə də, pis günlərdə də daim bir yerdəyik. Çünki birliyimiz həm bugünkü əlaqələrimizi gücləndirir, həm də tarixi əsaslara söykənir.

- Bu münasibətlər konteksində Azərbaycanın ən yaxın qonşularından biri olan Rusiya ilə ölkəmiz arasında olan əlaqələri necə qiymətləndirmək olar?

- Rusiya ilə Azərbaycan arasında iqtisadi-siyasi münasibətlər çox dərindir. Hər iki ölkə regionda ən yaxşı strateji tərəfdaşlardandır. Bu iki ölkəni bir-birinə çox güclü fundamental siyasi-humanitar tellər bağlayır. Mehriban qonşuluq və dostluq prinsipləri bu ölkələrin simvoludur. Rusiya-Azərbaycan münasibətləri o qədər yüksək səviyyədə dinamik, ardıcıl, səmərəli şəkildə inkişaf edir ki, bir çox ölkələr buna həsəd aparır. Prezident İlham Əliyevin bəyan etdiyi kimi güclü siyasi dialoq və qəbul edilən qərarlar real səmərə verir. “Biz, hər iki tərəf, haqlı olaraq münasibətlərimizi strateji tərəfdaşların münasibətləri kimi səciyyələndiririk. Biz qonşuyuq. Biz həmişə mehriban qonşuluq və dostluq prinsipləri üzrə yaşamışıq. Biz əsrlər boyu birlikdə, yanaşı yaşamışıq və çox vacibdir ki, Azərbaycanın müstəqil dövlət kimi təşəkkül tapdığı dövrdə bu müsbət meyillər qorunub saxlanmış və artırılmışdır”.

Azərbaycan və Rusiya istər iqtisadi, istərsə də siyasi münasibətləri günü-gündən möhkəmləndirir. Ölkələr arasında mövcud olan əlaqələri bir sıra dövlətlər üçün gözəl örnək hesab etmək olar. İki dövlətin rəhbərlərinin görüşləri və danışıqları zamanı müəyyən edilən məqsədlər və əməkdaşlıq istiqamətləri müvafiq hökumətlərin, o cümlədən, iqtisadi idarəetmə orqanlarının fəaliyyətinin məzmununu təyin edir. Hər iki ölkənin dövlət başçılarının davamlı xarakter alan  qarşılıqlı səfərləri Azərbaycan-Rusiya münasibətlərinin inkişafına yeni təkan verib. Qarşılıqlı əlaqələri möhkəmləndirən digər bir detal isə tərəflərin bütün istiqamətlər üzrə müsbət dialoq içərisində olmasıdır. Demək, Rusiya ilə Azərbaycanı həm də oxşar maraqlar və ideyalar bir araya gətirir.

Son illər ölkələr arasında humanitar forumların keçirilməsi münasibətlərin olduqca çoxşaxəliliyinə geniş baza yaradıb. Artıq ənənə halını alan “Rusiya-Azərbaycan humanitar forum”ları hər iki ölkənin münasibətlərinin dinamikliyinin, yüksək inkişaf zirvəsinə çatmasının təzahürüdür. Tərəflər arasında siyasi və iqtisadi xarakterli ən mühüm strateji sənədlərin imzalanması gələcək münasibətlərin möhkəmlənməsinə və bütün istiqamətlərdə inkişafına xidmət edir. Ümumiyyətlə, bugünkü reallıqlar onu deməyə əsas verir ki, Rusiya ilə Azərbaycan arasında mövcud olan sıx əməkdaşlıq gələcəkdə də inkişaf edən dinamika ilə davam etdiriləcək. Ən azından ona görə ki, tərəflər özləri bunda maraqlıdırlar. Bu da bir sıra problemlərin həlli və qarşılıqlı münasibətlərin inkişafı baxımından olduqca əhəmiyyətlidir.

- Rusiya Azərbaycanın regionlarına investisiya yatırmaq niyyətini də bəyan edib. Bu təşəbbüsü necə dəyərləndirmək olar?

- Rusiya hökumətinin Azərbaycanla iqtisadi əməkdaşlığının coğrafiyası həddindən artıq geniş və perspektivlidir. Azərbaycanda aqrar-sənaye komlekslərinin və aqroparkların yaradılması rus investorları üçün böyük maraq kəsb edir. Bir müddət əvvəl Bakıda keçirilən Azərbaycan-Rusiya regionlararası forumunda RF Regionların İnkişafı Nazirliyi və Azərbaycanın İqtisadiyyat Nazirliyi arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb və sənədə əsasən, aqrar sahədə yeni perspektivlər və qarşılqlı investisiyaların cəlb edilməsi əsas pioritetlər kimi müəyyən edilib. Avropa Birliyinin sanksiyaları səbəbindən kənd təsərrüfatı və yeyinti sənayesi məhsullarının ticarətində yaranmış problemlər rus bisnes dairələrini yeni bazarların axtarışına məcbur edir. Rus iş adamları Azərbaycanı əsas ticarət tərəfdaşları kimi görür və ölkəmizdə yaradılması planlaşdırılan yeni aqrar layihələrdə təmsil olunmağı düşünürlər. Birgə layihələrin icrası sayəsində kənd təsərrüfatı məhsullarının istehsalını artırmaq və Rusiya bazarlarında istehlaka yönəltmək mümkün hesab edilir.

Hazırda Azərbaycanda Rusiya kapitalı əsasında 550-dən artıq şirkət fəaliyyət göstərir və onların ölkəmizin iqtisadiyyatına yönəltdiyi investisiyaların həcmi 1,8 milyard dolları ötüb. Qarşıdakı 5 ildə bu rəqəmin 2 dəfə artırılması proqnozlaşdırılır. Hazırda rus sərmayəsinin regionlara yatırılmasını artırmaq üçün müxtəlif stimullaşdırıcı addımların atılması üzərində təkliflər nəzərdən keçirilir. Əsas təkliflərdən biri Azərbaycan-Rusiya birgə investisiya fondunun yaradılmasıdır. Fond iri layihələrin həyata keçirilməsinə yardım etmək məqsədi daşıyır. Rusiya bu cür fondları Qətər, Küveyt, Cənubi Koreya, Çin və digər ölkələrdə yaradıb.

- Həm Türkiyə, həm də Rusiya Azərbaycanın yaxın tərəfdaşıdır. Bu ölkələr arasında münasibətlərin perspektivlərini necə proqnozlaşdırmaq olar?

- Rusiya ilə Türkiyə arasında iqtisadi və siyasi əlaqələr tarixin müxtəlif dövrlərində isti və soyuq olmasından asılı olmayaraq bu ölkələr həmişə dərin münasibətlər qurub, iri layihələr həyata keçiriblər. Xüsusilə də iqtisadi əlaqələrin intensiv inkişafı dövlətlərarası münasibətlərin dinamikasını daha da artırıb. Hər iki ölkə geniş və regionda müqyisə olunmayacaq dərəcədə enerji, nəqliyyat və kommunikasiya layihələrinə imza atıblar. “Mavi axın” layihəsi enerji marşrutları sırasında mühüm tranzit dəhlizi kimi çox mühüm yer tutur. İki ölkə arasında nüvə enerjisi sahəsində əməkdaşlıq haqqında saziş mövcuddur. Moskva Türkiyə ərazisindən öz təbii enerji daşıyıcılarının nəql edilməsinə xüsusi əhəmiyyət verir. "Cənub axını" adlanan beynəlxalq layihə reallaşıb. Eləcə də, tikinti, sənaye sahələrində Türkiyə ilə Rusiyanın çox böyük layihələri mövcuddur. Turizm və otelçilik sahəsində çalışan şirkətlərin sıx əməkdaşlığı regoinda ən yaxşı iqtisadi layihələrdən sayıla bilərdi. Həmçinin, türk şirkətləri meyvə-tərəvəz məhsullarının Rusiya bazarlarına tədarük olunmasında lider idilər. 2014-cü ildə Türkiyənin Rusiyaya ixracı 5,9 milyard dollara çatıb. Türkiyənin ixrac etdiyi qida məhsullarının 20, yüngül sənaye mallarının 15 faizi məhz Rusiyaya göndərilib. Rusiyadan Türkiyəyə ixrac 25 milyard dollar olub. Rusiyadan ildə 28 milyard kubmetr mavi qaz idxalı Türkiyənin bu enerji növünə olan tələbinin 57 faizi deməkdir. Türkiyə Almaniyadan sonra Rusiyadan ən çox mavi qaz idxal edən ölkədir. Ölkənin istehlak etdiyi neftin isə 30 faizi Rusiyadan gəlir. Türkiyə Misirlə birlikdə Rusiyadan ən çox taxıl məhsulları idxal edən ölkələr sırasındadır. Hər il Rusiya iş adamları Türkiyə bazarında 4,1 milyon ton taxıl satırlar. Eyni zamanda Türkiyə Rusiya istehsallı polad məhsullarının əsas alıcılarındandır.

İki ölkə arasında investisiya layihələrinə aparıcı dövlət və özəl şirkətlər cəlb ediliblər. Türkiyə “Rosatom”la nüvə reaktorunun quraşdırılması haqda 20 milyard dollarlıq müqavilə imzalayıb. Avropa İttifaqı “Cənub axını” layihəsinə yox deyəndən sonra Moskva hələ də “Turk axını” ideyasına alternativ qaz nəqli layihəsi kimi baxır. Bu onu göstərir ki, əlaqələrin bərpa olunması labüddür.

Ümumiyyətlə, son illərdə bu ölkələrin iqtisadi və ticari əlaqələri ən yüksək səviyyəyə çatmışdı. Çox təəssüf ki, ötən ilin sonlarında münasibətlərin soyuqlaşması bir sıra iqtisadi layihələrin donmasına, ticarət dövriyyəsinin azalmasına səbəb olub.
Hesab edirəm ki, baş vermiş siyasi problemlərə baxmayaraq hər iki ölkə regionda indəkiyədək yaratdıqları güclü əməkdaşlıq formatını bərpa etməyə qadirdirlər. Tarixin müxtəlif dövrlərində qlobal siyasi-ictimai hadisələrin təsiri nəticəsində Rusiya-Türkiyə münasibətlərində gərginliklər olub. Amma bu, çox uzun sürməyib və əlaqələr bərpa olunub, inkişaf edib. Rusiya hökumətinin üzvləri də açıq şəkildə bunu etiraf edirlər. Hətta Avropa Birliyinin Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etdiyi vaxt rəsmi Ankara buna qoşulmadı və Rusiya ilə iqtisadi əməkdaşlığı daha da artırdı, ölkəyə  mal ixracının həcmini çoxaltdı. Enerji şirkətlərinin Rusiyanın regiondakı tranzit dəhlizlərində iştirakını məhdudlaşdırmağa çalışmasına qarşı Türkiyə siyasi iradə nümayiş etdirərək həmin regionl enerji marşrutlarının genişlənməsinə səbəb olub.

İndiki şəraitdə də Rusiya Türkiyə əməkdaşlığının normallaşmasına imkan yaradan addımların atılmasında maraqlıdırlar. Çünki dövlətlər arasında enerji, nəqliyyat, logistika, tranzit layihələrinin dayandırılması və yaxud intensivliyin azaldılması hər iki tərəfə zərər vurur. Dünyanın 12-ci, Avropanın isə 7-ci böyük iqtisadiyyatına sahib olan Türkiyə ilə birgə əməkdaşlıq Rusiyanın özü üçün də böyük hədəflərə çatmağa imkan verir. Onu da qeyd edim ki, Rusiyanın Türkiyə ilə əlaqələrinin bərpasını və inkişafını regiondakı vəziyyət, gecoğrafi tendensiyalar, Azərbaycanla hər iki ölkənin sıx münasibətləri fonunda real iqtisadi mühit də labüd edir. Hər üç ölkə regionda birgə geniş iqtisadi proqramlar, layihələr həyata keçirə bilərlər. Hələ 3 il əvvəl Azərbaycan, Türkiyə və Rusiyanı  iş adamları siyasi, iqtisadi, sosial, və mədəni sahələrdə geniş əlaqələrə malik olan Azərbaycanda birgə layihə həyata keçirə biləcəyini düşünərək Türkiyə-Azərbaycan- Rusiya əlaqələri (TAR) haqqında Konsepsiyasını irəli sürüb. Konsepsiya Türkiyə, Azərbaycan və Rusiya arasında hərtərəfli əlaqələrin inkişaf etdirilməsinə xidmət edir. Bu, həmçinin, Türkiyə və Rusiyadan informasiya texnologiyalarının transferi yolu ilə Azərbaycanda iqtisadi dəyəri olan böyük layihələrin həyata keçirilməsini nəzərdə tutur. Ona görə də, düşünürəm ki, yaxın perspektivdə Rusiya ilə Türkiyə arasında münasibətlər normallaşacaq və Azərbaycanın da iştirak etdiyi regionda yeni iqtisadi təşəbbüslər reallaşacaq.