MÜSAHİBƏLƏR
Azərbaycan Ordusu müstəqilliyimizin və dövlətçiliyimizin qarantıdır
- Zahid müəllim, hər il 26 İyun – Azərbaycan Silahlı Qüvvələri Günü ölkəmizdə böyük təntənə ilə qeyd olunur. İstərdik ki, ordumuzun ötən dövrdə keçdiyi yol haqqında fikirlərinizi bildirəsiniz.
- Azərbaycan Silahlı Qüvvələri ötən dövr ərzində şərəfli yol keçib. Doğrudur, müstəqilliyimizin ilk illərində hakimiyyətdə olan qüvvələr ordunu öz maraqlarına uyğun formalaşdırırdılar və bir növ ayrı-ayrı adamlara tabe olan silahlı dəstələr yaradılırdı. Təbii ki, bunun da çox böyük fəsadları oldu. Belə ki, həmin dəstələrdən siyasi mübarizədə istifadə olunurdu ki, bu da ölkədə anarxiyaya gətirib çıxarmışdı, ictimai-siyasi sabitlik yox idi. Bütün bunların acı nəticələri də torpaqlarımızın işğalında özünü göstərirdi. İşğalçı Ermənistan bu vəziyyətdən istifadə edərək torpaqlarımızı zəbt edirdilər. Əlbəttə, öz sinəsini düşmənə sipər edən oğullarımız torpaqlarımız uğrunda canlarından keçirdilər, amma nizami ordunun yaradılmaması, eləcə də daxili siyasi böhran erməni işğalının qarşısını ala bilmədi.
Belə vəziyyət Ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələnə qədər davam etdi. Heydər Əliyev böyük sərkərdə idi. O, qısa müddətdə ölkədə ictimai-siyasi sabitliyi təmin etdi, Azərbaycanı təhlükələrdən xilas etdi. 1993-cü ilin noyabr ayında Ulu öndər Heydər Əliyevin müraciəti ilə minlərlə oğullarımız könüllü olaraq silaha sarılaraq torpaqlarımızın müdafiəsinə qalxdılar. Cəbhədə genişmiqyaslı tədbirlər keçirildi. Bu, son dərəcə ağır bir missiya olsa da, Heydər Əliyev bu missiyanın öhdəsindən şərəflə gəldi.
Ulu öndər Heydər Əliyev həmin dövrdən ordu quruculuğuna başladı və cəbhədə bir sıra uğurlu əməliyatlar keçirildi. 1994-cü ilin yanvar ayında Horadiz əməliyyatı da buna sübutdur. Həmin ilin may ayında atəşkəsin imzalanması ilə nizami ordu yaradılmağa başlandı. Vahid komandanlığa tabe olan ordu yaradılması prosesi uğurla reallaşdı.
Eyni zamanda, o dövrdən ilk hərbi beynəlxalq əlaqələr yaradılmağa başlandı. Belə ki, Azərbaycan 1994-cü ildə NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramına qoşuldu. Bu imkan verdi ki, biz dünyada hərbi-siyasi gücü ilə seçilən NATO-nun imkanlarından, təcrübəsindən öyrənək. Bu, həm də, o dövr üçün bölgədə pozulmuş tarazlığı və işğal reallığını gələcəkdə aradan qaldırmaq yollarından biri idi.
Artıq Azərbaycandakı sabitlik imkan verdi ki, ordunu normal çağırışlar əsasında və beynəlxalq praktikanı nəzərə almaqla qurmaq mümkün olsun. Çətinliklər olsa da, bu, yeni mahiyyət kəsb etməkdə də idi. Çünki dünyada texnologiyalar sürətlə yeniləşməkdə idi. Ona görə də, Azərbaycan dövləti bütün yeni texnologiyaları tətbiq etməklə ordumuzu formalaşdırıb. Yəni Azərbaycan Ordusu ən müasir texnika, texnologiyalar əsasında yaradılıb və güclü bir sisemə malikdir. Beləliklə, ötən dövrdə orudumuz şərəfli bir yol keçib.
Hazırda ordumuzun yeni rəhbərliyi fəal iş aparır və bu işlər təqdirəlayiqdir. Dövlət büdcəsindən hər il müdafiə xərclərinə əhəmiyyətli dərəcədə vəsait ayrılır ki, bu da silahlı qüvvələrimizin daha da güclənməsinə xidmət edir.
- Azərbaycan Silahlı Qüvvələrinin daha da güclənməsində beynəlxalq əməkdaşlıq, NATO ilə əlaqələr nə dərəcədə rol oynayır?
- Ötən dövr ərzində NATO ilə 1000-dən artıq proqramlarda iştirak etmişik. Bu əməkdaşlıq təkcə, Kosova, İraq və Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak etməklə məhdudlaşmayıb. Əslində, bunların özü də mühüm amildir. Çünki hərbçilərimizin sülhməramlı missiyalarda beynəlxalq səviyyədə iştirakı özlüyündə vacib şərtdir, çünki dünyada sülh prosesinə hərbçilərimiz də öz töhfəsini verirlər. Bilirsiniz ki, silahlanma müasir dövrün hərbi sistemlərinin yaratdığı nano-texnologiyalar, elektron sistemlər hesabına getdiyindən onu da hərbçilər öyrənməlidir, bu sahədə peşəkar olmalıdırlar. Bu yöndə də müsbət nəticələr əldə olunub. Ona görə də, ilk növbədə, NATO-nun bölgədəki proqramlarının bəzilərində ölkəmiz yaxından iştirak etdi və bu istiqamətdə böyük yol keçdi.
Azərbaycan NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramından sonra Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planına qoşuldu. Bu, əlbəttə ki, üzvlük üçün olan proqram deyil. Çünki bu açıq əməkdaşlığın fərqli mərhələsidir. Bu tipli əməkdaşlıq ordumuzun modernləşmişməsi baxımından əhəmiyətlidir. Bu proqramları keçməklə təcrübə qazanan 10 minlərlə hərbçilərimiz var. Hazırda da hərbçilərimiz bir sıra beynəlxalq layihələrdə iştirak edirlər. Hərbi təhsil və digər istiqamətlərdə müxtəlif dövlətlərlə fəal əməkdaşlıq edirik.
- Azərbaycan Ordusu müharibə şəraitində formalaşıb. Sizcə, bu amilin yüksək hərbi vətənpərvərlik baxımından əhəmiyyəti nədən ibarətdir?
- Azərbaycan Ordusu düşmən ölkənin resursları ilə müqayisədə xeyli güclüdür. Ölkəmizdə müdafəi xərclərinə ayrılan vəsait bütövlükdə işğalçı Ermənistanın dövlət büdcəsindən çoxdur. Prezident İlham Əliyevin rəhbərliyi ilə ordumuz dövlətin gücünü özündə ifadə edən yeni bir qüvvəyə çevrilib. Açıq demək lazımdır ki, nə qədər iqtisadi əlaqələr malik olursan ol, uğurlu diplomatiya aparırsan apar, İsveçrə kimi neytrallıq siyasətinə söykənə bilməzsən. Çünki torpaqlarımız işğal altındadır, regionda marağı olan qüvvələr var ki, hər zaman təhlükəli proseslər baş verə bilər. Bölgə üçün qurulan geopolitika iqtisadi-siyasi reallıqları nəzərə almaqla bərabər güc amilinə də söykənməlidir. Bu, Xəzər hövzəsində hərbi donanmanın olmasını, sərhədlərin keşiyində silahlı qüvvələrin dayanmasını özündə ehtiva edir.
Əlbəttə, sərhədlə səngər eyni deyil. Azərbaycan Ordusu ötən illər ərzində həm də səngərdə formalaşmağa məcbur olub. Çünki silahlı qüvvələrimizin böyük bir hissəsi gecə-gündüz düşmənlə təmas xəttində təkmilləşiblər, müasir silahlardan istifadəni mənimsəyiblər.
Ümumiyyətlə, bir suala hər kəsin dəqiq cavabı var: Kimlərinsə «Azərbaycan xalqının ordu formalaşdırmağa gücü yoxdur» fikri iflasa uğradı. Prezident İlham Əliyev sübut etdi ki, Onun Ali Baş Komandanlığı nəticəsində bu gün yüzminlərlə Azərbaycan oğlu ayağa qalxa və düşmən üzərinə gedə bilər. Bu amil istənilən məsələdə mühüm gücü özündə ehtiva edir. İndi beynəlxalq neytral ekspertlər də hərbi cəhətdən region dövlətləri arasında Azərbaycanı ön yerdə qeyd edirlər. Bu hansısa müasir texnikanı almaqla bağlı deyil. Məsələ ondadır ki, həmin müasir texnikaları yüksək səviyyədə idarə etməyi bacaran peşəkar hərbçilərimiz var. Yəni ordu quruculuğunda əsas vəzifələrdən biri hərbçilərizi mənəvi və fiziki cəhətdən yüksək ruhda yetişdirməklə yanaşı, onların peşəkar kimi formalaşdırmaq lazımdır. Buna da nail olunub.
- Hazırda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesində aktivlik müşahidə olunur. Bu aktivliyin baş verməsində aprel döyüşləri necə təsir göstərib?
- 4 günlük aprel döyüşləri Azərbaycanın ordu quruculuğunun məntiqi nəticəsini də özündə ehtiva etdi. Bəzən bu döyüşləri İkinci Dünya müharibəsinin Staliqrad döyüşünə bənzər dönüş nöqtəsi də hesab edirlər. İndiyə qədər kimlərsə Azərbaycan Ordusunu məğlub ordu kimi qəbul edirdisə, həmin döyüşlərdən sonra yanaşma tamamilə dəyişdi. 4 günlük aprel döyüşləri ordumuzu siyasi danışıqlarda mühüm qüvvəyə çevirdi, diplomatları yerindən tərpətdi, Dağlıq Qarabağ məsələsində on illər ərzində ticarət quran, bu məsələdən istifadə edərək regionu təsir altında saxlamağa çalışan qüvvələrə mesaj verdi.
Aprel ayından sonra münaqişənin həlli ilə əlaqədar danışıqlar prosesində intensivlik artıb. İndi Ermənistan özünü «sülh göyərçini» kimi aparmağa başlayıb, ermənilərin qələbə mifi dağılıb. Həmin döyüşlərdən sonra Ermənistanda 5 general vəzifəsi ilə vidalaşdı, digər yüksək rütbəli zabitlər də cəzalandırıldı. Hazırda işğalçı dövlətin hərbi sistemində xaos hökm sürür. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan Ordusu bu gün siyasi, iqtisadi, beynəlxaq həyatımızın mühüm bir qüvvəsidir.
Bir çoxları düşünə bilər ki, regionda hərbisizləşdirmə daha məqsədəuyğun olardı. Hərbiyə xərclənən vəsait başqa sahələrə xərclənə bilərdi. Amma bu yanaşma doğru deyil. Əgər ölkəmizdə belə vəziyyət olsa, dövlətin varlığı təhlükə altında qalar. Çünki qafqazlarda qorunmaq üçün yalnız intellekt kifayət etmir. Çünki bu bölgədə geosiyasi maraqlar var. Azərbaycan zəngin təbii sərvətlərə sahibdir və bu sərvətləri qorumaq lazımdır. Eyni zamanda, torpaqlarımızın işğal altında qaldığı bir şəraitdə hərbisizləşdirmə siyasəti real deyil. Bu gün Azərbaycan Ordusu müstəqilliyimizin və dövlətçiliyimizin qarantıdır, torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Ordumuz real milli gücümüz deməkdir.
Biz istəyirik ki, ordumuz tariximizə qalibiyyət tarixini də yazsın. Aprel döyüşləri qələbəmizin simvolu kimi torpaqlarmızın bütövlüyünə yol açır. İnanırıq ki, ordumuz Qarabağı bu xalqın nəzarətinə, onun mənəviyyatına və suverenliyi altına qaytaracaq.
- Zahid müəllim, bəs hərbi sahədə qanunvericiliyi necə qiymətləndirmək olar? Üzvü olduğunuz komitənin bu baxımdan gündəmində olan qanun layihələri varmı?
- Ötən dövr ərzində parlamentin hərbi qanunvericiliyin yeniləşdirilməsi istiqamətində işləri yetərincə çox olub. Vaxtilə Təhlükəsizlik Konsepsiyası, Hərbi Doktrina qəbul olunub, eləcə də hərbi sahəyə aid bir sıra vacib sənədlər qəbul edilib. Bununla belə, hərbi qanunvericilik işi daim yeniləşməlidir. Bu yöndə də mütəmadi olaraq işlər davam edir, zərurət yarandıqca müvafiq qanunlara dəyişikliklər edilir. Bu gün də xeyli tədbirlər var ki, parlamentin müvafiq şöbələri Müdafiə Nazirliyi ilə işləyir. Əksər qanunvericilik aktları təftiş edilib, beynəlxalq təcrübə öyrənilib. Eləcə də, Hərbi Məcəllənin hazırlanması və müxtəlif yeni qanun layihələri ilə bağlı tədbirlər var. Bu istiqamətdə işlər gələcəkdə də davam etdiriləcək.
Artıq Azərbaycan Ordusunda müqavilə əsasənda xidmət etmək istəyən insanların da sayı artır. Bu amil ordumuzun tam peşəkarlardan formalaşdırılması və modernləşdirilməsi baxımından əhəmiyyətlidir. Bu proses bütün qoşun növləri üzrə gedir. 4 günlük aprel döyüşlərindən sonra dövlətin çağırışları əsasında on minlərlə insan müqaviləli xidmətlə bağlı müraciət ediblər. Bu çox yaxşı haldır və gələcəkdə də öz müsbət nəticələrini daha aydın şəkildə göstərəcək.