MÜSAHİBƏLƏR
20 Yanvar xalqımızın şərəf, ləyaqət və eyni zamanda faciə tarixidir
- Fəzail müəllim, xalqımız bu günlər 20 Yanvar faciəsinin 26-cı ildönümünü, şəhidlərimizin əziz xatirəsini böyük ehtiramla yad edir. Sizcə, 20 Yanvar hadisəsinin Azərbaycan tarixində yeri və rolu nədən ibarətdir?
- 20 Yanvar hadisəsi xalqımızın şərəf, ləyaqət və eyni zamanda faciə tarixidir. Əslində, bu hadisənin dərin kökləri var. 20 Yanvar faciəsi Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra sovet hökumətinin 1920-ci ildən 1990-cı ilə qədər apardığı antiazərbaycan, antimilli siyasətinin sonuncu akkordu idi. Sovet hökuməti qurulduqdan sonra Azərbaycanın dilinə, dininə, əxlaqına, mədəniyyətinə zidd olan yeni sosial-siyasi proseslər başladı.
Bəzən tarixçilər mart soyqırımı ilə bağlı danışan zaman bunun əhatə dairəsini ətraflı verir. Amma onu da bilmək lazımdır ki, sovet hökuməti qurulandan sonra Azərbaycanda 1920-ci ilin aprelindən 1921-ci ilin avqusuna qədər 48 min adam güllələnib. Yəni mart soyqırımı yeni formada davam edib. 1 il ərzində 48 min insanın güllələnməsi də soyqırım idi. Həmin o prosesin davamı idi ki, mart soyqırımını törədən daşnaklar sovet hökuməti qurulanda libasını dəyişib bolşevik oldular. Repressiya illərində, kollektivləşmə illərində, müharibə illərində nə qədər azərbaycanlılar öldürüldü. İkinci dünya müharibəsindən sonra isə azərbaycanlılara qarşı deportasiya baş verdi, soydaşlarımız öz dədə-baba yurdlarından zorla köçürüldülər.
Bunların hamısı bir zəncirin həlqələri idi. 20 Yanvar faciəsi isə zəncirin son həlqəsi idi. Yəni başlanğıcda 48 min insanı öldürən bir hökumət ölümqabağı son akkordlarını vurdu. 20 Yanvar keçmiş SSRİ-nin ölümqabağı dövrünün bir nümunəsi idi. 70 il ərzində millətlərin üzərində kommunizm, sosializm idelogiyası bir eksperiment kimi aparıldı. Hər bir ideya müəyyən şəraitə uyğun formaşalaraq inkişaf edir. Sosializm ideyası da 16-cı ildə İngiltərədə irəli sürüldü. 18-ci əsrdə Fransada utopik sosialisitlər yarandı. 19-cu əsrin ortalarında alman yəhudiləri Marks və Engelsin düşüncəsinin məhsulu olaraq Kommunist Partiyasının manifesti yarandı. Bu ideyadan yapışan Lenin və onun silahdaşları sosializm qurmaq istədilər. Əslində, bu ideyalar alman psixologiyası üçün düşünülmüşdü. Çünki manifestdə əsas ideya o idi ki, bütün ölkələrdə sosializm eyni zamanda qurulmalıdır. Lenin isə bu ideyanı darmadağın etdi, 1916-ci ildə proletar inqilabının hərbi proqramı əsərini yazdı və sosializmi ilk olaraq Rusiyada qurmağa çalışdı. Onun Almaniyanın casusu olduğu sübuta yetiriib. Onu hakimiyyətə gətirməklə Rusiyanı Birinci dünya müharibəsindən çıxardılar. Məqsəd o idi ki, müharibədə alman tərəfi daha güclü olsun. Trotski də Amerikanın casusu idi. Bax, bu casuslar belə bir dövlət, hakimiyyət yaratdılar. Sonradan Stalin onların hamısının axırına çıxdı və bir Qafqaz düşüncəsində stalinzm adı altında hökumət yaradaraq onu möhkəmləndirdi. Burada marksismdən, leninizmdən əsər-əlamət yox idi. Stalınin ölümündən sonra Xruşşov, sonra Brejnev bu hökuməti sökdü. Nəhayət, Amerikanın casusu Mixail Qarbaçov hakimiyyətə gəldi və SSRİ-ni dağıtmaq üçün əlindən gələni etdi. SSRİ-ni dağıtmaq üçün nə lazım idi? İlk növbədə, milli münaqişələri qızışdırmaq. Zəif nöqtələr isə Pribalitika və Azərbaycanın Dağlıq Qarabağ bölgəsi idi. Yanvar hadisələri də məhz Qarabağ məsələsi üzərində yarandı. SSRİ rəhbərliyi Azərbaycan xalqını susdurmaq, milli azadlıq mübarizəsini qırmaq üçün fürsət gözləyirdi. Bəzi hadisələrin baş verməsinə Kremlin özü şərait yaratdı ki, Bakıya qoşun yeritsin.
Beləliklə, 1990-cı il yanvarnı 19-da Azərbaycana, Bakıya hücum edildi. Hücumu kriminal adamlardan, narkomanlardan formalaşdırılan dəstələr həyata keçirdi. Kreml xalqımızdan qisas aldı. Amma bu hadisə xalqımızın azadlıq mübarizəsini qıra bilmədi. Yanvar hadisələri tariximizdə qanlı hadisə kimi yazıldı. Tariximizdə qanlı hadisələr 20 Yanvar faciəsi ilə bitmir. İlin 12 ayının 11-də qanlı hadisələr baş verib. Fevralda Xocalı soyqırımı, 1918-ci il mart soyqırımı, apreldə Xalq Cümhuriyyətinin süqutu və Kəlbəcərin işğalı, mayda Şuşa və Laçının işğalı və s. Bütün xalq bilməlidir ki, bütün bu qanlı hadisələrdə 200 ildən artıq müddətdə xristan ağuşuna sığanan ermənilərin rolu böyük olub. Bu da tariximizdə zədə yaradıb.
Amma bütün bunların qarşısında xalqımız mübariz dayanıb, nə 4-7-ci əsrlərdə sasani işğalına boyun əymədi, nə 3-7-ci əsrlərdə ərəb işğalına boyun əymədi, öz dövlətini yaratdı. Ataların belə bir məsəli var ki, «Hər yanlışda bir naxış var». Diqqətin edin, 1918-ci ilin mart soyqırımı baş verəndən sonra Azərbaycan Xalq Cümhuriyyəti yarandı. 20 Yanvar faciəsi baş verəndən sonra isə Azərbaycan öz müstəqilliyini bərpa etdi. Ona görə də, hesab edirəm ki, 20 Yanvar şərəf və ləyaqət tarixidir. Bir təsəllimiz var ki, bu gün müstəqil Azərbaycan dövləti mövcuddur. Hər bir vətəndaş bu gün qürurla deyə bilər ki, mən müstəqil Azərbaycanın vətəndaşıyam.
- O zamanki respublika rəhbərliyinin səriştəsizliyi və qətiyyətsizliyi bu faciənin baş verməsinə nə dərəcədə təsir göstərdi?
- Həmin dövrdə Azərbaycanı Kommunist Partiyasının rəhbərləri idarə edirdilər. Təbii ki, Moskvadan gələn göstərişləri yerinə yetirirdilər. Moskva elə adamları rəhbər təyin etmişdi ki, hər bir əmrə tabe olsunlar. Şübhəsiz, 20 Yanvar facəsinin baş verməsində Azərbaycan hakimiyyətinin qətiyyətsizliyi də müəyyən rol oynadı. Əgər hakimiyyətdə vətənpərvər insanlar olsaydı, bəlkə də bu faciə baş verməzdi. Xatirinizdədirsə, Gürcüstanda da qanlı hadisələr törədəndə bu respublikanın rəhbəri etiraz əlaməti olaraq istefa verdi.
Yəni o dövrlərdə Azərbaycan rəhbərliyinin zəifliyi, söz sahibi olmaması da bu faciəyə rəvac verdi. Əgər respublikanın başçısı keçmiş SSRİ rəhbəri Mixail Qarbaçovla ciddi şəkildə danışıqlar aparsaydı, bəlkə də qırğının qarşısı alına bilərdi. Burada bir haşiyəyə çıxım. İkinci dünya müharibə dövründə Bakının köçürülməsi haqqında qərar qəbul edildi. Bu qərarın verilməsində Stalinin ətrafında olan ermənilərin əli var idi. Amma Azərbaycanın rəhbəri Mircəfər Bağırov Stalinlə görüşüb məsələni həll edir və Bakının köçürülməsinin qarşısını alır. Əgər o zaman Bakı köçürülsəydi, onun sonrakı varlığı sual altında olardı.
Bu mənada hesab edirəm ki, əgər vətənpərvər, xalqın maraqlarını qoruyan insanlar hakimiyyətdə olsaydı 20 Yanvar faciəsinin qarşısı alınardı. Təbii ki, Ümummilli liderimiz Heydər Əliyev respublikanın rəhbəri olsaydı, bu faciə də baş verməzdi.
- 20 Yanvar faciəsi ərəfəsində Azərbaycan informasiya blokadasına alınmışdı. Amma o zaman Moskvada yaşayan Ulu öndər Heydər Əliyev 20 Yanvar faciəsi ilə bağlı çıxış edərək Sovet rejiminin xalqımıza qarşı törətdiyi cinayəti bütün dünyaya bəyan etdi. Bu bəyanatın tarixi əhəmiyyəti haqqında nə deyə bilərsiniz?
- 20 Yanvar faciəsi törədilən zaman Azərbaycan xalqı iflic vəziyyətinə - informasiya blokadasına salınmış, radio, televiziya susdurulmuş, mətbuatın nəşrinə qadağa qoyulmuşdu. O günlərdə Azərbaycan xalqı sanki başsız qalmışdı. Belə ağır vəziyyətdə xalqına həyan çıxan o vaxt siyasi səhnədən kənarda olan Ümummilli lider Heydər Əliyev oldu. O, böyük cəsarət nümayiş etdirərək yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyində mətbuat konfransı keçirdi, 20 Yanvar faciəsinin mahiyyətini açıqladı. İmperiya rəhbərliyini qatil adlandıran Heydər Əliyev faciənin törədilmə səbəblərini və təşkilatçılarının adlarını açıqladı. 20 Yanvar faciəsini törədənlərin cinayət məsuliyyətinə cəlb edilməsini qətiyyətlə tələb edən Heydər Əliyev baş vermiş faciə ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verdi. Ulu öndərin Moskva nümayəndəliyindəki tarixi çıxışının mətni bütün maneələrə baxmayaraq, dünyaya yayıldı. Bu çıxış məhz o zaman informasiya blokadasında olan Azərbaycanda baş verən 20 Yanvar faciəsinə əsl siyasi qiymət idi.
- Fəzail müəllim, bu gün şəhid ailələrinə göstərilən diqqət və qayğını necə qiymətləndirirsiniz?
- Təbii ki, bütün şəhidlərimiz xatirəsi daim anılmalı, onların alilələri diqqət mərkəzində olmalıdır. Çünki şəhidlər milli iftixarımızdır. Qeyd edim ki, 1993-cü ildə Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonra Ulu öndər Heydər Əliyev bu məsələni diqqət mərkəzində saxladı. Məhz Onun təşəbbüsü ilə ölkə parlamenti 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verdi. Həmçinin, 20 Yanvar şəhidlərinin adları əbədiləşdirildi, onların ailələri qayğı ilə əhatə olundu. Bu gün Prezident İlham Əliyev tərəfindən bu kurs davam etdirilir və 20 Yanvar şəhidlərinin ailələrinin sosial müdafiəsi daim diqqət mərkəzində saxlanılır.
Bilirsiniz ki, bugünlərdə Prezident İlham Əliyev tərəfindən şəhid ailələrinə və 20 Yanvar faciəsi zamanı əlil olmuş şəxslərə verilən Prezident təqaüdünün artırılması iləbağlı qərar verdi. Bu qərarlar bütün cəmiyyətimiz tərəfindən yüksək qarşılanır. Çünki şəhidlərin xatirəsinin daim uca tutulması cəmiyyətimizdə vətənpərvərlik ruhunun daim yüksəlməsi üçün mühüm rol oynayır.