YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Prezident İlham Əliyevin rəhbərliyi ilə sosial məsələlərin həlli istiqamətində sürətli islahatlar davam etdirilir

Müsahibimiz Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev

- Elman müəllim, son 12 il ərzində ölkə həyatının digər sahələrində olduğu kimi sığorta-pensiya sistemi də dayanıqlı inkişaf etmişdir. Bu istiqamətdə əldə olunmuş nəticələri necə xarakterizə edərdiniz?      

- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bazar iqtisadiyyatının tələblərinə uyğun reallaşdırılan islahatlarla əhalinin rifahının əlaqələndirilməsi konsepsiyası uğurla icra edilmişdir. Ölkəmizdə son 12 il ərzində yaradılmış möhkəm təməlin ifadəsi kimi makroiqtisadi sabitliyin təmin edilməsi, qeyri-neft sektorunun inkişafı, xüsusilə regionlarda və kənd yerlərində əhalinin gəlir əldə etmək imkanlarının genişləndirilməsi üçün əlverişli şəraitin yaradılması Azərbaycanın milli iqtisadiyyatının sosial yönümlüyünü daha da artırmışdır. Belə ki, ötən dövrdə əhalinin real gəlirlərinin orta illik artım tempi iqtisadi artım tempini orta hesabla 8,3 faiz üstələmişdir. Eləcə də müasir prinsiplər əsasında fəaliyyət göstərən sosial müdafiə mexanizmlərinin ölkənin iqtisadi mühitinə inteqrasiyası prioritet kimi təyin olunmuş, ölkə iqtisadiyyatının inkişafına uyğun sosial sığortaya cəlb olunan gəlirlərin artımı pensiya sisteminin maliyyə dayanıqlığını əhəmiyyətli şəkildə yüksəltmişdir. İqtisadi inkişafa uyğun olaraq orta aylıq əməkhaqqının artımı, daimi yeni iş yerlərinin açılması və qeydiyyatın gücləndirilməsi hesabına 2003-2015-ci illər ərzində Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə daxil olmuş sosial sığorta haqlarının məbləği 9 dəfədən çox artmışdır. Bu artımların, eləcə də pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə ayrılan əlavə dövlət dəstəyi hesabına pensiya xərclərinin ölkənin ümumi daxili məhsula olan nisbəti əhəmiyyətli şəkildə yüksəlmiş, 2003-cü ildə 3,9 faiz təşkil etdiyi halda, 2015-ci ildə 5,1 faizə çatmışdır.

Azərbaycanda yoxsulluq probleminin əsaslı şəkildə həlli üçün kompleks tədbirlər uğurla reallaşdırılmışdır. Ölkədə yoxsulluq probleminin aradan qaldırılmasının mühüm vasitələrindən biri kimi pensiyaların davamlı artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin qəbul etdiyi ardıcıl qərarların nəticəsində pensiyaların orta aylıq məbləği hazırda pensiyaçılar üçün yoxsulluq həddini 1,7 dəfə üstələyir, halbuki 2003-cü ildə bu göstərici yoxsulluq həddindən 2 dəfə aşağı məbləğlə ifadə olunurdu. 2003-2015-ci illər ərzində əmək pensiyalarının orta aylıq məbləği 9,5 dəfə artaraq 18,4 manatdan 175 manata çatdırılmışdır və bu məbləğ yaşa görə pensiyalar üzrə 198 manat təşkil edir. Eyni dövrdə yaşa görə pensiyaçılar üzrə əvəzetmə əmsalı 29,3 faizdən 43,4 faizə çatdırılmışdır.

Bu gün ölkəmizin iqtisadi həyatı ilə pensiyaçıların sosial müdafiəsinin müasir prinsiplər əsasında əlaqələndirilməsini təmin edən sığorta-pensiya sistemi kifayət qədər maliyyə dayanıqlığına malikdir və bunu cari ilin ötən dövründəki fəaliyyət göstəriciləri bir daha təsdiq edir.  Cari ilin 9 ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 5 faiz artıb. Bu artım tendensiyası dövlət büdcəsindən ayrılan  transfertin ötən ilin müvafiq dövrü ilə müqayisədə 27,5 milyon manat azalmasına səbəb olub. Daxiolmaların səviyyəsi pensiya və müavinətlərin hər ay qrafikdən əvvəl maliyyələşdirilməsinə imkan vermişdir. Bütün bunlar milli iqtisadiyyatın dayanıqlığı şəraitində əhalinin sosial sığortaya cəlb olunan gəlirlərinin artımını ifadə etməklə yanaşı, sığorta-pensiya sistemi iştirakçılarının aktivliyinin yüksəldilməsinin nəticəsidir ki, ilin əvvəli ilə müqayisədə fərdi uçot sistemində qeydiyyata alınanların sayı 188 min nəfər artaraq 3 milyon 164  min nəfəri ötmüşdür.

- Məlumdur ki, yaranmış yeni sosial-iqtisadi şərait müasir çağırışları şərtləndirir və bu baxımdan növbəti ildə əhalinin pensiya təminatının gözlənilən nəticələri barədə məlumat verərdiniz.  Əldə olunmuş inkişafın yeni mərhələdə daha da genişləndirilməsi üçün hansı tədbirlərin reallaşdırılması zəruridir?

- Bu gün dünyanın nüfuzlu maliyyə və iqtisadi qurumlarının qlobal böhran şəraitində sosial-iqtisadi həyatın tənzimlənməsi istiqamətində  enerji daşıyıcıları ixrac edən ölkələr üzrə təqdim etdiyi həll yollarına diqqət  etsək bir daha aydın olur ki, iqtisadiyyatın diversifikasiyası, neft amilindən asılılığın azaldılması, biznes mühitinin və sahibkarlığın inkişafı Azərbaycan Respublikasının Prezidenti tərəfindən hələ enerji bazarındakı qeyri-sabitlikdən xeyli əvvəl əsas strateji kurs kimi elan edilmişdir. Aparılan şaxələndirmə siyasətinin nəticəsində qeyri-neft sektorunda yaradılan əlavə dəyər 2003-cü illə müqayisədə 8 dəfədən çox artmış, bu sahənin ümumi daxili məhsulda payı 70 faizə çatmışdır. Yaradılmış iqtisadi potensial çətin proqnozlaşdırılan qlobal iqtisadi şəraitdə də davamlı inkişafı təmin etməyə və bütün istiqamətlərdə sosial proqramları tam icra etməyə imkan verir. Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi iqtisadi və sosial məsələlərin bir paketdə həll olunması strategiyasının icrası iqtisadi inkişafın ölkə vətəndaşlarının sosial rifahının daha da yaxşılaşdırılmasına yönəldilməsini təmin etməkdədir. Qeyd olunan siyasətin prioritet istiqamətlərindən biri kimi növbəti ildə pensiyaçıların sosial müdafiəsinin daha da gücləndirilməsi və sığorta-pensiya sisteminin dayanıqlı inkişafının təmin edilməsi ölkə başçısının bu ay təsdiq etdiyi Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsinin əsas qayəsini təşkil edir.

Dövlət Sosial Müdafiə Fondunun növbəti il üzrə büdcəsinin gəlir və xərcləri 3 mlrd. 78,6 milyon manat səviyyəsində proqnozlaşdırılır ki, bu da cari ilin büdcəsinə nisbətən 22,3 milyon manat və ya 0,7 faiz çoxdur. Xərclərin artımı toplanan sosial sığorta haqları hesabına qarşılanacaqdır. Fondun 2016-cı il üçün gəlirlərinin 64,1 faizini sosial sığorta daxilolmaları və digər gəlirlər təşkil edəcək, dövlət büdcəsi transfertinin xüsusi çəkisi isə 35,9 faizə enəcəkdir. Qeyri-büdcə üzrə gəlirlərin artımı xüsusi hədəfə alınmaqla həmin sahədən daxilolmaların cari ilin proqnozu ilə müqayisədə 21 milyon manat artımı nəzərdə tutulub. Fondun 2016-cı ildə gözlənilən büdcə xərclərinin 97,8 faizi və ya 3 mlrd. 11,2 milyon  manatı əhaliyə ödənişlərə, 2,2 faizi və ya 67,4 milyon manatı isə digər xərclərə  yönəldiləcək, əhaliyə ödənişlərin 97,1 faizini və ya 2 mlrd. 923,6 milyon manatını pensiya xərcləri, 2,9 faizini və ya 87,6 milyon manatını isə müavinət xərcləri təşkil edəcəkdir. Növbəti ildə pensiya xərclərinin ölkənin ümumi daxili məhsula olan nisbəti 5,1 faiz nəzərdə tutulmuşdur. 60 yaşdan yuxarı şəxslərin əhalinin cəmi sayındakı xüsusi çəkisinin 8,7 faiz təşkil edəcəyi nəzərə alınarsa, bu kateqoriyanın əhalinin strukturundakı payının hər 1 faizinə ÜDM-in 0,58 faizi qədər pensiya xərci olmaqla, optimal hədd saxlanılacaqdır.

Qeyd etdiyimiz kimi, sığorta-pensiya sistemi ölkənin iqtisadi həyatı ilə pensiyaçıların sosial müdafiəsinin müasir prinsiplər əsasında əlaqələndirilməsini təmin edən sistemdir ki, bu da yeni mərhələdə Azərbaycanda pensiya sisteminin ölkənin perspektiv inkişaf hədəflərinə  uyğun təkmilləşdirilməsini zəruri edir.

Azərbaycan bazar iqtisadiyyatına keçidi müvəffəqiyyətlə başa vurmuş və iqtisadi inkişaf baxımından regionun lider dövlətinə çevrilmişdir.  Bu prosesdə əhalinin gəlirlərinin, o cümlədən pensiyaların artımı üçün zəruri olan bütün tədbirlər uğurla reallaşdırılmışdır. Hazırda ölkəmiz tamamilə yeni bir mərhələdə - tam bazar iqtisadiyyatı münasibətləri sistemindədir ki, bu müstəvidə əsas hədəf ilk növbədə inkişafı və gəlirlərin artımını şərtləndirən müasir alətlərin iqtisadi münasibətlər sistemində bərqərar olması, daha sonra isə bu alətlər vasitəsilə yüksək rəqabətqabiliyyətli iştirakçı statusuna yüksəlmədir. Göstərilən hədəflərə çatmaq üçün  strateji baxış və əsas prioritetlər Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Azərbaycan 2020:gələcəyə baxış” İnkişaf Konsepsiyası ilə müəyyən olunmuş, yüksək rəqabətqabiliyyətli iqtisadiyyata nail olmaq məqsədilə səmərəli dövlət tənzimlənməsinə və yetkin bazar münasibətlərinə əsaslanan iqtisadi modelin formalaşdırılması müəyyənləşdirilmişdir.

Qeyd olunanlar sosial müdafiə ilə bağlı normalara da inkişafın xüsusiyyətindən asılı olaraq yenidən baxılmasını şərtləndirir və bu müstəvidə ölkənin pensiya sistemi təkcə sosial öhdəliklərdən çıxış edən təsisat kimi deyil, bütövlükdə iqtisadiyyatın əsas həlledici həlqəsi kimi nəzərdən keçirilir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələrində pensiya fondlarının aktivlərinin bu təşkilata daxil olan ölkələrlə birgə ÜDM məbləğinin 74 faizinə bərabər olduğu diqqətə alınarsa, pensiya fondları aktivlərinin  təkcə sosial müdafiə məqsədləri üçün deyil, həm də ümumilikdə makroiqtisadi səviyyədə əhəmiyyəti bir daha təsdiqlənir.

Bazar iqtisadiyyatı şəraitində inkişafın başlıca şərtlərindən biri investisiya mühitinin təmin edilməsidir ki, bu da maliyyələşmələrin müasir mexanizmlərinin yaradılmasını qaçılmaz edir. Çünki son nəticədə emissiya təsiri göstərən dövlət investisiyaları deflyasiya şəraiti istisna olmaqla heç də bütün vaxtlarda inkişafın əsas mənbəyi rolunu oynaya bilmir. Belə bir şəraitdə investisiyanın əsas mənbəyi kimi daxili bazardan toplanaraq yenidən iqtisadiyyata qaytarılan əmanət tipli yığımlar ön plana çıxır ki, iqtisadiyyatda “uzun pullar” adı almış bu ehtiyatları təqdim edə biləcək subyektlərin siyahısı elə də geniş deyil. Beynəlxalq təcrübədə bu funksiyanı yerinə yetirə biləcək qurumlar sığorta və pensiya təsisatları hesab olunur. Göstərilən sistemdə pensiya fondları vəsaitlərin yığılması, vahid hesabda cəmlənməsi və investisiyalara yönəldilməsini həyata keçirən institusional investor qismində fəaliyyət göstərməklə, iqtisadiyyatın uzunmüddətli maliyyə vəsaitləri ilə  təmin edilməsi və uzunmüddətli borc öhdəlikləri və qiymətli kağızlar üçün bazarın yaradılaraq inkişaf etdirilməsi kimi mühüm makroiqtisadi təsir imkanlarına  malikdir.

Digər tərəfdən, pensiya sisteminin yeni əsasda fəaliyyəti əhalinin pensiya gəlirləri mənbələrinin diversifikasiyasında vacib rol oynayır. Məşğul əhalinin gəlir əldəetmə imkanlarının əsasən işəgötürən-işçi münasibətləri çərçivəsində formalaşdığı və muzdlu əməyin dəyəri ilə ölçüldüyü bazar iqtisadiyyatının ilkin mərhələsində sığorta-pensiya sistemi yalnız bu imkanı pensiya təminatına istiqamətləndirir ki, həmin proses də sosial sığortalanma vasitəsilə reallaşdırılır. Məşğul əhalinin gəlirlərinin təkcə muzdlu əməyin dəyəri ilə deyil, həmçinin müxtəlif bazar alətlərinin tətbiqi nəticələri ilə ölçüldüyü növbəti mərhələdə isə pensiya gəlirlərinin artımı üçün digər əsas mənbə həmin alətlərdən istifadə hesab olunur. Başqa sözlə, inkişaf etmiş bazar iqtisadiyyatı şəraitində əhalinin pul gəlirlərinin, o cümlədən pensiya gəlirlərinin mühüm hissəsi məhz maliyyə alətlərinin tətbiqi nəticəsində formalaşır.

Göstərilənlərlə əlaqədar Azərbaycanın milli pensiya sisteminin inkişafında beynəlxalq tendensiyaların nəzərə alınması və pensiya təminatının daim yenilənən müasir tələblərə uyğunlaşdırılmasını hədəfləyən “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası” sığorta-pensiya sistemini iqtisadiyyatın mühüm həlqəsi kimi nəzərdən keçirir, dövlət və özəl pensiya sistemləri ilə maliyyə bazarları arasında sıx qarşılıqlı əlaqənin təmin edilməsini növbəti mərhələdə əsas prioritet kimi müəyyənləşdirir.

- Belə aydın olur ki, növbəti mərhələdə pensiya islahatları bir tərəfdən mühüm maliyyə-iqtisadi vəzifələrin həllinə, digər tərəfdən isə bilavasitə pensiya təminatı problemlərinin tənzimlənməsinə xidmət edəcəkdir. Bu istiqamətlər üzrə tədbirlərin əlaqələndirilməsi üçün hansı konkret mexanizmlər nəzərdə tutulur?

- Azərbaycanın sığorta-pensiya sistemi vasitəsilə iqtisadiyyatdakı əməkhaqqı fondu, bundan formalaşan sosial sığorta haqları və həmin haqlara görə təyin olunan pensiyaların həlqəsi qurulmuşdur ki, bu şəraitdə ölkə iqtisadiyyatının inkişafına uyğun sosial sığortaya cəlb olunan əməkhaqlarının artımı pensiya artımlarını da şərtləndirir. Pensiyaların və sığortaolunanların fərdi hesablarında toplanmış pensiya kapitallarının inflyasiya nəzərə alınmaqla hər il indeksləşdirilməsi isə sistemin mənfi fiskal təsirlərdən səmərəli şəkildə qorunmasını təmin edir. Bu sistem qlobal çağırışlar fonunda sürətlə dəyişən kənar amillərə çevik adaptasiya imkanına malik olmalıdır. Bununla bağlı iki əsas strateji vəzifənin həlli hədəflənir ki, bunlardan birincisi sistemin uzunmüddətli maliyyə dayanıqlığının, digəri isə pensiyaçıların adekvat gəlir əldə edə bilməsinin təmin olunmasıdır.

Qeyd olunan hədəflərin reallaşdırılması baxımından zəruri islahat tədbirləri sırasında ilk növbədə pensiya təminatında sığorta prinsiplərinin gücləndirilməsi, pensiya öhdəlikləri ilə yığılan maliyyə vəsaitlərinin balanslaşdırılmış tarazlığının təmin edilməsi, sistem iştirakçılarına münasibətdə ödənilən sosial sığorta haqlarının təyin olunan pensiya məbləğinə mütənasib olmasının gözlənilməsi çıxış edir. Sığorta-pensiya sisteminin uzunmüddətli inkişaf dövrü üçün maliyyə dayanıqlığının daha da möhkəmləndirilməsi məqsədilə digər vacib istiqamət bölüşdürücü funksiya daşıyan şərti yığım sistemi çərçivəsində dövlətin öhdəlikləri ilə sığorta-pensiya sisteminin öhdəliklərinin fərqləndirilməsi məsələsidir.

Göstərilən vəzifələrin kompleks həlli üçün sığorta-pensiya sisteminin fəaliyyət düsturu kimi qəbul edilən pensiya formulunun inkişafın yeni mərhələsinə uyğun tələblər əsasında təkmilləşdirilməsi nəzərdə tutulur ki, bu həm ayrı-ayrı iştirakçıların təminatı, həm də ümumilikdə sistem üzrə mövcud problemlərin həlli baxımından xüsusi əhəmiyyət daşıyır. Yeni pensiya formulunun tətbiqi ilə birincisi,  sosial sığorta prinsiplərinin daha da dərinləşdirilməsi ilə sistemin yeni maliyyə modeli qurulacaq, ikincisi, qeyri-sığorta ödəmələrinin məcburi dövlət sosial sığorta haqları hesabına maliyyələşdirilməsi minimuma endiriləcək və dövlətin öhdəlikləri ilə sığorta-pensiya sisteminin öhdəlikləri fərqləndiriləcəkdir.

Real yığıma əsaslanan pensiya planlarının tətbiqi islahatın digər əsas istiqamətini təşkil edir. Qeyd edilən islahat tədbiri əmək pensiyalarının könüllü yığım komponentinin fəallaşdırılması və qeyri-dövlət pensiya institutlarının inkişaf etdirilməsini, bununla da vətəndaşlara əlavə pensiya təminatı imkanı verən mexanizmlərin formalaşdırılmasını nəzərdə tutur.

Konsepsiyanın icrası üzrə tədbirlər planına uyğun olaraq yuxarıda göstərilən köklü islahat tədbirlərinin reallaşdırılması məqsədilə müvafiq normativ hüquqi sənəd layihələrinin hazırlanması işi artıq yekunlaşdırılmışdır. 

Qeyd etdiyim kimi, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa nəzərdə tutulan dəyişikliklərlə şərti yığıma əsaslanan bölüşdürücü həmrəylik sistemində uzunmüddətli dövr üçün maliyyə dayanıqlığına və sosial sığorta prinsiplərinin tam təşəkkül tapmasına nail olunması hədəflənir. Bunun nəticəsində həmçinin dövlət sığorta-pensiya sisteminin ölkənin maliyyə-iqtisadi mühitinə daha üstün inteqrasiyası genişləndiriləcəkdir.

Eləcə də Dövlət Sosial Müdafiə Fondunda reallaşdırılan tvinninq layihəsi çərçivəsində beynəlxalq ekspertlərlə birgə ölkəmizdə könüllü sosial sığortalanmanın tətbiqi sahəsində hazırlanan dövlət sığorta-pensiya sistemində real yığım komponentinin tətbiqinə dair və qeyri-dövlət pensiya fondlarının fəaliyyətinin təşkilinə aid iki yeni qanun layihələrinin oktyabr ayında geniş ictimai müzakirəsi təşkil olunmuşdur. Həmin qanun layihələrində  könüllü sosial sığorta haqlarının toplanması mexanizmləri, vəsaitlərin dövriyyəsindən əldə edilən gəlirlərin fərdi uçotunun aparılması, idarəedici şirkətlərə olan tələblər, investisiya qaydaları, qeyri-dövlət pensiya fondlarının yaradılması və fəaliyyətinin təşkili, bu institutlarda öhdəliklərin yerinə yetirilməsi üçün adekvat və səmərəli təminat mexanizmlərinin formalaşdırılması və effektiv idarəetmə sisteminin tətbiqi, qeyri-dövlət pensiyalarının təyinatı, ödənilməsi, bu sahədə dövlət tənzimlənməsi və nəzarətinin əsas istiqamətləri və digər məsələlər öz əksini tapmışdır. Bundan əlavə, könüllü sığortalanmanın stimullaşdırılması üçün bir sıra əlavə mexanizmlərin tətbiqi də nəzərdə tutulmuşdur.

- Elman müəllim, gözlənilən islahatların mühüm istiqaməti kimi yığım pensiya planlarının tətbiqini qeyd etdiniz. Bu barədə bir qədər ətraflı məlumat verərdiniz...

- Yığım pensiya planı dövlətin tətbiq etmək istədiyi yeni bazar iqtisadiyyatı alətidir. Ümumiyyətlə, hər bir institusional inkişaf alətinin tətbiqi üçün beynəlxalq təcrübədə iki yanaşma mövcuddur. Birincisi, klassik yanaşmadır ki, bu ənənəvi bazar iqtisadiyyatı ölkələrinə xasdır. Bu halda dövlət yalnız artıq mövcud olan alətin daha da inkişafı üçün əlverişli mühiti təmin edir və tərəfdaşlarla dialoqda bu inkişafı daha aktiv dəstəkləyir. Bazar iqtisadiyyatına keçid ölkələri üçün isə bunun əksi olan ikinci yanaşma xarakterikdir ki, burada dövlət fəaliyyət planını özü verir, eyni zamanda bu planın aktiv iştirakçısı kimi çıxış edir. 

Ölkəmizdə iqtisadi münasibətlərdə yeni bazar iqtisadiyyatı aləti olan yığım pensiya planlarının təşəkkül tapması üçün  təbii ki, ikinci yanaşma həlledici mövqeyini qoruyur. Qeyri-dövlət pensiya fondları ilə yanaşı dövlətin real yığım komponenti ilə məşğul olması məsələsinə daha çox yer ayrılır. Bu səbəbdən ölkədə yığım sığortasının tətbiqi və qeyri-dövlət pensiya fondları barədə qanunlar təklif olunur. Yəni, məqsədləri  və alətin tətbiqi üçün zəruri olan fəaliyyət planını dövlət təyin edir və bu planın bütövlükdə iqtisadiyyatda reallaşması üçün lokomotiv iştirakçı olma funksiyasını da öz üzərinə götürür. Bu baxımdan Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilmiş istər “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair dövlət Proqramı”, istərsə də “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası” ilə müəyyənləşdirilən mexanizm təkcə keçid ölkələrində sığorta-pensiya sistemləri üçün deyil, ümumilikdə bütün yeni inkişaf alətlərinin tətbiqi üçün nümunədir.

Məsələ burasındadır ki, sistemin işləməsi üçün əsas məqsəd kompleks nəticəyə nail olmaqdır. Ayrı-ayrı iştirakçıların gözlədikləri nəticələr isə yalnız onların öz korporativ mövqeyini ifadə edir. Məsələn, real yığım planı ilə məşğul olacaq özəl fondlar və ya banklar ilk növbədə  “uzun pullar” və likvidlik barədə düşünürlər. Sığorta ödəyicilərini isə daha yüksək dividenti əks etdirən pensiya məbləğləri maraqlandırır. Dövlətin məqsədi isə bütün tərəflərin gözlədikləri nəticələri kompleks reallaşdıracaq şəraiti yaratmaqdır. Birincisi, maliyyə bazarı iştirakçılarına davamlı likvidliyi qorumağa imkan verən iqtisadi mühit formalaşdırılmalı, ikincisi, idarəetmədən gələn gəlirlərin pensiya şəklində vətəndaşa çatdırılmasını əks etdirən birbaşa nəticə olmalı, üçüncüsü, uzunmüddətli səmərə hesab olunan ölkənin pensiya sisteminin gələcək maliyyə dayanıqlığı və əvəzetmə əmsalının artımı əldə edilməlidir.

- Dövlət Sosial Müdafiə Fondu sığortaedən, sığortaolunan və pensiyaçılar kimi  geniş kontingentə xidmət edir. Sığorta-pensiya sistemi iştirakçılarına xidmətin səmərəliliyinin artırılması istiqamətində Fond tərəfindən hansı tədbirlər həyata keçirilir? 

- Dövlət Sosial Müdafiə Fondu tərəfindən sığortaedənlər, sığortaolunanlar və pensiyaçılara göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, bu xidmətlərin təqdimedilmə müddətinin azaldılması və bu sahədə şəffaflığın artırılması məqsədilə informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi nəticəsində bütün mövcud proseslərin avtomatlaşdırılması daha da inkişaf etdirilir. Hazırda Azərbaycanın sığorta-pensiya sistemi ölkə əhalisinin 45 faizindən çox hissəsini əhatə edir və Fondun məlumat bazasında 1 milyon 293 min pensiyaçı, 3 milyon 164 min sığortaolunan barədə müvafiq məlumatlar toplanıb.

Cari il ərzində Fond tərəfindən əhaliyə göstərilən elektron xidmətlərin keyfiyyətinin artırılması və əhatə dairəsinin genişləndirilməsi sahəsində ardıcıl tədbirlər davam etdirilmişdir. Fondun istifadəçilərə təqdim etdiyi elektron xidmətlərin siyahısı daha da genişləndirilmişdir. Kiçik ödəniş edən, mühasibatlığı avtomatlaşdırılmamış topraq pay mülkiyyətçiləri, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan  şəxslərin elektron xidmətlərə çıxış imkanlarını genişləndirmək məqsədilə Fondun bütün yerli orqanlarında yardım masaları fəaliyyət göstərir. Dövlət Sosial Müdafiə Fondu tərəfindən əhaliyə göstərilən xidmətlərin innovativ yeniliklər və müasir texnologiyalar əsasında səmərəli təşkili və təkmilləşdirilməsi işinin uğurla davam etdirilməsi nəticəsində “Elektron hökumət” portalının statistikasına əsasən Fondun göstərdiyi elektron xidmətlər ən çox istifadə olunan xidmətlər sırasında ilk yerləri tutur.

İl ərzində Dövlət Sosial Müdafiə Fondunun öz saytı, “Elektron hökumət” portalı və “Hökumət ödəniş” portalı vasitəsilə əhaliyə təqdim etdiyi elektron xidmətlərdən ümumilikdə 2,5 milyona yaxın istifadə sayı qeydə alınıb ki, bu da əvvəlki ilə nisbətən 2 dəfə çoxdur.

Vətəndaşlarla işin səmərəliliyinin daha da artırılması, fəaliyyətinin atvomatlaşdırılması və maarifləndirmə tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi nəticəsində Fondun Aparatına vətəndaşlardan daxil olan müraciətlərin sayı əvvəlki illə müqayisədə 27 faiz azalmışdır.

Vətəndaşların informasiya ilə təmin olunması və onların sığorta-pensiya sistemində fəal iştiraka cəlb edilməsi məqsədilə geniş təbliğat işləri aparılır, Fondun fəaliyyətinə səmərəli ictimai nəzarət imkanının yaradılması məqsədilə regionlarda müxtəlif mövzularda “Açıq qapı” günü vətəndaş forumlarının keçirilməsi, kütləvi informasiya vasitələrindən istifadə olunmaqla müsabiqələrin və Fond əməkdaşlarının iştirakı ilə müxtəlif televiziya, radio kanallarında dövri verilişlərin təşkili təmin olunur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin verdiyi tapşırıqların icrası olaraq sosial məsələlərin həlli istiqamətində sürətli islahatlar davam etdirilir, o cümlədən ölkəmizin sığorta-pensiya sisteminin müasir çağırışlara və yeni inkişaf hədəflərinə uyğun təkmilləşdirilməsi  həyata keçirilir.