MÜSAHİBƏLƏR
2015-ci il Azərbaycanın sosial-iqtisadi, ictimai həyatında uğurlu il kimi yadda qalacaq
- Musa müəllim, artıq 2015-ci il başa çatmaq üzrədir. Bu il ərzində ölkəmizdə həyata keçirilən sosial siyasətin nəticələri haqqında fikirlərinizi bilmək istərdik...
- Ümumiyyətlə, 2015-ci il dünyada iqtisadi-siyasi böhran ili kimi tarixə qovuşur və bir çox ölkələrdə bu böhranla bağlı ciddi problemlər, xüsusilə sosial sahədə ciddi problemlər ortaya çıxıb. Belə ki, milli valyutaların infilyasiyası baş verdi, hətta inkişaf etmiş ölkələrdə, Avropa İttifaqına daxil olan ölkələrdə maaş və pensiyaların azaldılması baş verdi, iş yerləri ixtisar olundu. Eləcə də, işsizliyin və yoxsulluğun səviyyəsi artdı, gərginliklər yarandı.
Bir bir şəraitdə, neftin qiymətinin kəskin aşağı düşməsinə baxmayaraq, Azərbaycanın sosial-iqtisadi həyatına bu böhran çox ciddi təsir göstərmədi. Prezident İlham Əliyevin söylədiyi kimi Azərbaycan dövləti öz daxili siyasətində həmişə iqtisadiyyatın şaxələndirilməsinə önəm verdiyinə görə, qeyri-neft sektorunu inkişaf etdirdiyinə görə neftin qiymətinin kəskin aşağı düşməsi, büdcə gəlirlərinin azalmasına baxmayaraq sosial layihələrin həyata keçirilməsində heç bir problem yaranmadı. Əksinə, Azərbaycanda bu il ərzində müəyyən sahələrdə əməkhaqlarının, pensiya və müavinətlərin artımı baş verdi, yoxsulluq səviyyəsi ən minimum həddə düşüb və əhalinin məşğulluğu təmin olunur. Eyni zamanda, bu il 80 minə yaxın yeni iş yeri açılıb ki, onun da 60 mini daimidir.
Bütün bunların hamısı cənab Prezidentin rəhbərliyi altında Yeni Azərbaycan Partiyası iqtidarının apardığı uzaqgörən bir siyasətinin nəticəsidir. Baxmayaraq ki, bizim müxalifətdəki opponentlərimiz Azərbaycanda «holland sindromu»ndan çox «həvəslə» danışırdılar, neftin qiymətinin aşağı düşməsinə görə iqtisadiyyatın çökəcəyindən danışırdılar. Amma bunların heç biri baş vermədi, əksinə qeyri-neft sektorunda artım neft sektorunu üstələməkdədir. Bu gün Azərbaycan iqtisadiyyatının üçdə ikisi, ÜDM-nin üçdə ikisi qeyri-neft sektorunun payına düşür. Bu, onu göstərir ki, Azərbaycan iqtisadiyyatı sağlam əsaslarda qurulub və cənab Prezidentin söylədiyi kimi bir neçə ildən sonra bizim ümumiyyətlə neft faktoruna ehtiyacımız olmayacaq.
Bütövlükdə, yola saldığımız 2015-ci ili Azərbaycanın sosial-iqtisadi, ictimai həyatında uğurlu il kimi qiymətləndirirəm. İl ərzində Azərbaycanın beynəlxalq imicinin daha da yüksəlməsi ilə bağlı uğurlu addımlar atıldı. Bunun zirvəsi isə ölkəmizdə ilk Avropa Oyunlarının keçirilməsi oldu. Beləliklə də, Azərbaycan özünü dünyaya güclü, qüdrətli, sabit, inkişaf edən dövlət olduğunu nümayiş etdirdi.
- Sosial sahənin əsas istiqamətlərindən biri də səhiyyədir. Səhiyyənin inkişafı haqqında nə deyə bilərsiniz?
- Son illər Azərbaycanda bütün sahələr dinamik inkişaf edir. Bu mənada səhiyyə sektorunun inkişafı ilə bağlı islahatlar dövlətin həyata keçirdiyi sosial siyasətin başlıca istiqamətlərindən birini təşkil edir. Səhiyyə ilə bağlı mühüm Dövlət proqramlarının hazırlanaraq həyata keçirilməsi, əhalinin sağlamlığının daha etibarlı şəkildə qorunması, onların ən yüksək səviyyədə tibbi xidmətlərlə əhatə olunması sözügedən istiqamətdə gerçəkləşən siyasətin əsas prioritetlərini təşkil edir.
Ümumiyyətlə, beynəlxalq ekspertlər də qeyd edir ki, ölkəmizdə səhiyyənin güclü maddi-texniki bazası yaradılıb. Kifayət qədər səriştəli, savadlı kadr potensialı formalaşıb. Səhiyyə islahatlarının uğurla davam etdirilməsi birbaşa ölkə Prezidentinin diqqəti və nəzarəti altındadır.
Eyni zamanda, səhiyyənin həm dövlət, həm də özəl sektoru inkişaf edir. Ölkəmizin bütün regioanlarında müasir tibb ocaqları fəaliyyətdədir və tibb xidmət göstərmək üçün həm kadr potensialı, həm də maddi-texniki baza var. Bu il həmçinin, Azərbaycan Tibb Universtitetinin rezidentura mərhələsini bitirən tələbələrin artıq yüksək hazırlıqlı həkim kadrlar kimi cəmiyyətə xidmət etməsinin şahidi olacağıq. Bu, tibb sahəsində kadr hazırlığının yeni mərhələsinin həyata qədəm qoymasından xəbər verir. Şübhəsiz ki, səhiyyə inkişaf etdikcə, yeni texnologiyalar, yeni münasibətlər meydana çıxdıqca onun hüquqi bazasının da təkmilləşməsinə ehtiyac yaranır.
- Milli Məclisin Səhiyyə komitəsi yaradıldı. Bütövlükdə, səhiyyə qanunvericiliyini necə qiymətləndirirsiniz və yeni komitə bu sahədə hansı işləri görəcək?
- Öncə qeyd edim ki, parlamentin yeni komitələrinin, o cümlədən Səhiyyə komitəsinin yaradılması ölkəmizdə qanunçuluğun artıq sahə qanunçuluğu istiqamətində inkişaf etməsinin göstəricisidir. Mühüm məsələlər üzrə qanunvericilik orqanında yeni komitlələrin yaradılması istər əhalinin sağlamlığı, istər gənclər və idman siyasəti, istər ictimai fəaliyyət, ailə, qadın və uşaq problemlərinə dövlətimizin qayğısının bir ifadəsidir.
Səhiyyə komitəsinin yaradılması da səhiyyə qanunvericiliyinin daha da təkmilləşdirilməsi, səhiyyə ilə bağlı beynəlxalq hüquq və təcrübənin öyrənilərək ölkəmizdə daha uğurlu şəkildə tətbiq olunması, eyni zamanda səhiyyədəki vəziyyətin mütəmadi olaraq Milli Məclis səviyyəsində ictimailəşməsi və müzakirəyə çıxarılması, mövcud problemlərin həlli yollarının göstərilməsi, lazım gələrsə qanunvericilikdə onların həlli üçün hüquqi bazanın yaradılması məqsədi daşıyır.
Yəni zərurət yarandıqca səhiyyə ilə bağlı qanunlar təkmilləşdiriləcək, həmçinin, yeni qanunlar hazırlanaraq müzakirəyə çıxarılacaq. Komitənin ilk iclasında da bu barədə fikir mübadiləsi aparıldı. Parlamentin yaz sessiyasında bir neçə qanun layihələrini gündəliyə çıxaracağıq ki, onlar da ölkədə səhiyyə xidmətinin yüksəldilməsi, xidmətlərin həcminin genişləndirilməsi üçün hüquqi baza yaradacaq.
- Musa müəllim, dərman bazarında hazırki durumu necə qiymətləndirirsiniz? Dərman vasitələrinin qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi nə kimi nəticələr verməkdədir?
- Əlbəttə ki, bu, çox vacib məsələdir. Ölkə Prezidentinin tapşırığı ilə dərman bazarında çox ciddi islahatların aparılması, dərman vasitələrinin qiymətinin dövlət tərəfindən tənzimlənməsi vətəndaşların dərmanlara əlçatanlığını xeyli yüksəltdi. Dərmanların qiyməti orta hesabla 2,5 dəfə aşağı düşüb və bu da insanların dərmana xərclədiyi vəsaitə xeyli qənaət etdiyini göstərir.
Bilirsiniz ki, ölkəmizdə dərmanların dövriyyəsi, istehsalı və istehlakı məsələləri “Dərman vasitələri haqqında” qanunla tənzimlənir. Ölkə Prezidentinin təşəbbüsü ilə parlamentin ötən yaz sessiyasında bu qanuna əlavə və dəyişikliklər edildi. Dəyişikliklərə əsasən, dərmanların qiymətlərinin tənzimlənməsi dövlət tərəfindən həyata keçirilməlidir. O vaxta qədər isə qiymətlər bazar münasibətləri çərçivəsində tənzimlənirdi. Amma son illərin təcrübəsi göstərdi ki, bazar münasibətlərində süni surətdə qiymət artırılması halları baş verirdi, dərmanların satışında qeyri-qanuni yollardan istifadə olunurdu. Eyni zamanda, dərmanların bahalığı əhali üçün çətinliklər törədirdi. Ona görə də, bu məsələ hökumətin diqqətində idi. Cənab Prezidentin göstərişi ilə Tarif Şurasında bu məsələ ciddi müzakirə olundu, qonşu ölkələrin təcrübəsi də öyrənildi. Geniş araşdırmaların nəticəsi olaraq Tarif Şurası dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi haqqında qərarlr qəbul etdi.
Bu qərarlar vətəndaşların maraqlarına uyğundur. Dərmanların qiymətlərinin tənzimlənməsi ilə, ilk növbədə, bu sahədə möhtəkirliyin qarşısını alınır, ölkənin hər yerində eyni dərman eyni qiymətə satılılır. Ən əsası isə, dərmanların qiyməti daha da ucuzlaşıb.
- Səhiyyə sistemində icbari tibbi sığortanın tətbiqi nəzərdə tutulur. Bu amil bu sahədə nə kimi dəyişikliklər yaradacaq?
- Cənab Prezidentin sərəncamı ilə bu il İcbari Tibbi Sığorta Agentliyinin rəhbərliyi təyin olundu. Artıq agentlik fəaliyyətə başlayıb. Eyni zamanda, Baş nazirin müavini cənab Əli Əhmədovun rəhbərliyi ilə Nazirlər Kabinetində icbari tibbi sığorta ilə əlaqədar işçi qrup fəaliyyət göstərir. Bu sistemin də yaxın vaxtlarda tətbiq olunması ölkədə əhalinin səhiyyə xidmətlərindən daha geniş, səmərəli, eyni zamanda təminatlı şəkildə istifadə etməsinə şərait yaradacaq. Səhiyyə xidmətinin keyfiyyəti yüksələcək, səhiyyə müəssisələri arasında sağlam rəqabət yaranacaq və vətəndaş-tibb müəssisəsi arasında münasibətlərin sağlam hüquqi əsaslar üzərində qurulmasına gətirib çıxaracaq.
Qeyd edim ki, bu sistem gələn il öncə pilot şəklində həyata keçiriləcək. Bunun nəticəsində icbari tibbi sığortanın tətbiqində mənfi və müsbət məqamlar öyrəniləcək. 2017-ci ildən isə icbari tibbi sığortanın ölkə ərazisində daha geniş tətbiqi gözlənilir.